Yazıçılar Birliyində Elmira Axundova ilə görüş olub

 

GÖRÜŞ İŞTİRAKÇILARI YAZIÇI-PUBLİSİSTİN "HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN" ADLI YENİ KİTABINI YÜKSƏK QİYMƏTLƏNDİRİBLƏR

 

Ötən gün Yazıçılar Birliyində (AYB) millət vəkili, tanınmış yazıçı-publisist Elmira Axundova ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev E.Axundovanın yazdığı kitabların həm mövzu dairəsinə görə, həm də bədii baxımdan önəmli olduğunu qeyd edib. Ç.Abdullayev E.Axundovanın son dövrdə qələmə aldığı "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı haqqında xüsusi söz açaraq, bu əsəri yüksək qiymətləndirib: "Heydər Əliyev hakimiyyətdə olanda onun haqqında yazmaq çox asan idi. Ancaq Elmira Axundova ümummili liderimiz hələ prezident olmayanda, məclislərdə ona söz verilməyəndə onun haqqında yazmağa başlayıb. Bu, əsl mərdlik və səmimi dostluqdan irəli gələn bir işdir. Elmira Axundova bütün vaxtlarda qəti bir mövqe sahibi olub. O, Heydər Əliyevin ilk bioqrafı olaraq onun həyat və fəaliyyətini bütün rakurslardan oxuculara çatdırıb. Böyük şəxsiyyətin məziyyətlərini bu qədər dəqiqiliklə gələcək nəsillərə çatdırdığı üçün həmin kitabın dəyəri ölçüyəgəlməzdir". E.Axundovanın çox cəsarətli jurnalist olduğunu diqqətə çatdıran Ç.Abdullayev onun "Literaturnaya qazeta"da işləyən zaman yazdığı məqalələrin böyük əks-səda doğurduğunu önə çəkib: "Elmira xanım "Literaturnaya qazeta" da işlədiyi vaxtlarda Zori Balayan həmin qəzetdə görünməməyə çalışırdı, bilirdi ki, Elmira xanım çox yüksək səviyyəli publisist və əsl vətənpərvərdir".

"Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının gələcəkdə daha yüksək qiymətləndiriləcəyinə əminliyini bildirən Ç.Abdullayev bu əsərin nə zamansa Heydər Əliyev Mükafatı alacağına inandığını da dilə gətirib.

Professor Həsən Quliyev E.Axundovanın təbiətən tədqiqata meylli publisist olduğunu deyərək, onun çox dəyərli araşdırmalar müəllifi kimi tanındığını vurğulayıb: "Elmira Axundova öz qiymətli araşdırmaları ilə ölkəmizin həqiqətlərini dünyaya çatdıran dəyərli jurnalistlərimizdəndir. Bu sahədə onun əməyi çox böyükdür".

Yazıçı Natiq Rəsulzadə isə E.Axundova barədə fikirlərini belə ifadə edib: "Onun kitablarını, əsərlərini, məqalələrini oxuyaraq bu qərara gəlmişəm ki, Elmira xanım bizim ölkənin bir nömrəli publisistidir. Məqalələrində kimdən və nədən bəhs etməsindən asılı olmayaraq, o, bütün yazılara ürəyini verən bir qələm sahibidir, tərifləyəndə də, tənqid edəndə də bunu şövqlə edir. Elmira Axundova yaxşı publisist, yazıçı olduğu kimi, məsuliyyətli bir millət vəkilidir. O, vaxtaşırı seçiciləri ilə görüşür, onların problemləri və qayğıları ilə maraqlanır, ölkənin qayğılarını bilir və onların aradan qaldırılmasına çalışır".

AYB sədrinin müavini Nazim İbrahimov E.Axundovanın hər hansı bir mövzu haqqında yazmağa başlamazdan əvvəl arxiv materiallarını, tarixi faktları dərindən öyrəndiyini, bunun həqiqəti dürüst əks etdirmək baxımından vacibliyini, hər bir publisist-jurnalist üçün zəruri keyfiyyət olduğunu qeyd edib. E.Axundovanın H.Əliyevə həsr etdiyi kitabın əhəmiyyətindən danışan N.İbrahimov sözügedən əsərdə ulu öndərin gerçək tarixi obrazının yaradıldığını diqqətə çatdırıb.

AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid E.Axundovanın dəyərli bir ziyalı kimi hər zaman aktual məsələləri önə çəkərək, onların həllinə nail olmaq əzmini üstün məziyyət kimi qeyd edib. R.Məcid E.Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının ümummilli lider haqqında qələmə alınan fundamental əsər olduğunu, gələcək araşdırmaçılar və bioqraflar üçün zəngin xəzinə rolu oynayacağını söyləyib.

Yazıçı-publisist Xeyrəddin Qoca, şair-tərcüməçi Səyavuş Məmmədzadə də E.Axundovanın şəxsiyyəti, yaradıcılığı və ictimai fəaliyyəti barədə müsbət fikirlərini bölüşüblər. Sonda çıxış edən E.Axundova ünvanına deyilən xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 26  may.- S.7.