"Geriyə baxmağa dəyər..."

 

XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN 95 İLLİK YUBİLEYİ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ ELMİ KONFRANSLA QEYD EDİLİB

 

Azərbaycan Dövlət mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib. "Geriyə baxmağa dəyər..." adlı elmi konfransı giriş sözü ilə ADMİU-nin elm və yaradıcılıq işləri üzrə prorektoru Maral Manafova açıb: "İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında şərəfli bir yer tutur. Onun əsərləri bir çox dillərə tərcümə edilib, pyesləri Azərbaycan və xarici ölkə səhnələrində dəfələrlə tamaşaya qoyulub, dərin maraq və rəğbətlə qarşılanıb".

Sənətşünaslıq doktoru Məryəm Əlizadə "İ.Əfəndiyev və zaman" mövzusunda məruzə edib: "Əminliklə deyə bilərəm ki, İlyas Əfəndiyev öz dövrünün estetik, mənəvi-psixoloji mənzərəsini yüksək səviyyədə təcəssüm etdirən bir sənətkardı".

Professorlar Nizaməddin Şəmsizadə, İsrafil İsrafilov, İnqlab, dosent Vəfa Əliyev İ.Əfəndiyev yaradıcılığının müxtəlif cəhətləri barədə fikirlərini bölüşüblər. Məruzəçilər xalq yazıçısını Azərbaycan dramaturgiyasına yeni nəfəs verən, nəsrimizdə fərqli bir dəsti-xəttə imza atan ustad qələm sahibi kimi dəyərləndiriblər. İ.Əfəndiyevin istər iri və yığcam nəsr əsərlərində, istərsə də dramatik yaradıcılığında Azərbaycan dilinin zənginliyini və şirinliyini uğurlu nümayiş etdirməsi çıxışlarda xüsusi vurğulanıb.

 

 

TÜRKAN

 

525-ci qəzet.- 2009.- 26 may.- S.7.