Şair Nəsib
Nəbioğlunun Moskvada
yubileyi qeyd olunub
Moskvadakı Millətlər
Evində Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin
katibi, tanınmış şair Nəsib Nəbioğlunun 55
illik yubileyinə həsr olunmuş gecə keçirilib. AzərTAc-ın
məlumatına görə, gecənin aparıcısı,
"Ocaq" cəmiyyətinin sədri professor Tofiq Məlikli
yubilyarın vətənpərvərlik ruhunda köklənmiş
zəngin yaradıcılığından söhbət
açıb. Bildirib ki, şairin
yaradıcılığında incə lirika və vətənpərvərlik,
dərin fəlsəfi fikirlər və Vətənin
düşmənləri ilə mübarizəyə səsləyən
haray vəhdət təşkil edir. Şairin doğma
diyarı Kəlbəcər də bu Vətənin ayrılmaz
hissəsidir.
Gecədə elan olunub
ki, Nəsib Nəbioğlu Rəsul Rza Fondunun təsis etdiyi
mükafata layiq görülüb. Mükafatı yubilyara Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Moskvaya səfəri
zamanı təqdim edəcək.
Azərbaycanın
Rusiyadakı səfirliyinin humanitar məsələlər
üzrə müşaviri Nigar Axundova, Dünya Azərbaycanlıları
Konqresinin nümayəndəsi Mirəşrəf Fətiyev,
ÜAK-ın müşaviri Manaf Ağayev, "Azərros"un
rəhbəri Söyün Sadıqov, şairlər,
yazıçılar, ictimai xadimlər N.Nəbioğlunu
yubiley münasibətilə təbrik edib, ona
yaradıcılıq uğurları arzulayıblar.
Şair-tərcüməçi
Nikolay Qoroxov Rusiya Yazıçılar İttifaqı
adından Azərbaycan və rus ədəbiyyatlarının
inkişafında xidmətlərinə görə Nəsib Nəbioğluya
Mayakovski adına ordeni təqdim edib. Sonra isə Beynəlxalq
Yazıçılar İttifaqları Birliyi İcraiyyə
Komitəsinin sədri Sergey Mixalkovun təbrik məktubunu
oxuyub.
Tanınmış
tarixçi və yazıçı Rudolf İvanov,
Rusiyanın əməkdar həkimi Sabir Həbibov,
yazıçı Əbdül Hüseynov, Azərbaycanın
xalq artisti Tamilla Mahmudova, Azərbaycanın əməkdar incəsənət
xadimi, bəstəkar Asya Sultanova, Rusiya hökuməti
mükafatının laureatı Yusif Əmiraslanov, Rusiya
Jurnalistlər İttifaqının üzvü Cəfər Sadiq
və başqaları da yubilyarı təbrik ediblər.
Tədbirin bədii hissəsində
müğənni Tərlan Şahbazov bəstəkar Asya
Sultanovanın Nəsib Nəbioğlunun sözlərinə bəstələdiyi
"Azərbaycan oğulları" mahnısını səsləndirib.
Gənc müğənni Rasim Muradlının ifasında
dünya azərbaycanlılarının həmrəylik himni səslənib.
Muğam müsabiqəsinin qalibi Babək Kəlbəcərlinin,
müğənni Nazim Faytonçunun, "Simurq quşu"
Moskva teatrı aktyorlarının ifası və digər
çıxışlar yubilyar üçün əsl hədiyyə
olub.
Nəsib Nəbioğlu
ömrünün təxminən 40 ilini sevimli işinə həsr
edən, müasir Azərbaycan ədəbiyyatının
Moskvada layiqli təmsilçisi kimi tanınan qələm
sahibidir.
Yubilyar şair Azərbaycanın
Kəlbəcər rayonunda anadan olub, M.F.Axundov adına Azərbaycan
Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, 1985-ci
ildə isə SSRİ Yazıçılar İttifaqı
yanında M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Onun
şeirləri hələ tələbəlik illərində
rus dilinə tərcümə olunub və "İstoki",
"Poeziya" şeir almanaxlarında, Rusiya və Azərbaycan
dövri mətbuatında dərc edilib, müasir Azərbaycan
poeziyası antologiyalarında yer alıb. O, rus və Azərbaycan
dilində nəşr olunmuş "Vətən mənim
ürəyimdir", "Yalvaran bulaq", "Söz istəyirəm",
"Dağlar məni bağışlamaz" və "Nəğməkar
əsgər" kitablarının müəllifidir.
Nəsib Nəbioğlu
geniş ictimai fəaliyyətlə də məşğuldur.
O, ÜAK Mərkəzi Şurasının, "Ocaq" mədəniyyət
cəmiyyətinin idarə heyətinin üzvüdür, Azərbaycan
və Rusiya arasında mədəni əlaqələrin qorunub
saxlanmasına və inkişafına töhfələr verir. N.Nəbioğlunun
təşəbbüsü və rəhbərliyi ilə
Moskvada həm Azərbaycanın, həm də Rusiyanın ədəbiyyat
tarixində yer tutan yazıçı və şairlərin ad
günləri, yubileyləri keçirilir. O, Rusiya ilə Azərbaycan
arasında yaradıcılıq əlaqələrini genişləndirməyə
və möhkəmləndirməyə səy göstərir. Şairin
fəaliyyəti Azərbaycan mədəniyyətinin və ədəbiyyatının
təbliğinə, Azərbaycan və Rusiya xalqları
arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə,
mədəniyyətlərimizin qarşılıqlı surətdə
zənginləşdirilməsinə yönəldilib. N.Nəbioğlu
öz əsərləri ilə Azərbaycan həqiqətlərinin
Rusiya cəmiyyətinə çatdırılmasına
çalışır, torpaqlarımızın Ermənistan tərəfindən
işğal olunmasına qarşı etiraz səsini cəsarətlə
ucaldır.