"Hökmdarın
taleyi"nin ilk geniş premyerası olub
Heydər Əliyev Sarayında xalq yazıçısı Elçinin ssenarisi üzrə çəkilən "Hökmdarın taleyi" filminin geniş premyerası keçirilib. Filmin ssenarisi İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəvi dramı əsasında qələmə alınıb. Filmin nümayişindən əvvəl əsas rolların ifaçıları çıxış ediblər. Baş rolun - İbrahim xanın ifaçısı xalq artisti Fəxrəddin Manafov çəkiliş prosesindən söz açıb, filmin geniş ictimaiyyətə 28 May Respublika günü və İlyas Əfəndiyevin 95 illiyi ərəfəsində təqdim olunduğunu vurğulayıb: "Tarix millətin tərcümeyi-halıdır. Tariximizin dərdli, ağrılı səhifələri çox olub. Bu gün o səhifələrdən birini sizinlə birgə vərəqləyəcəyik". Əsasən 200-dək insanın çalışdığı filmdə, Müdafiə Nazirliyinin əsgər və zabit heyətilə birgə, ümumilikdə 1000 nəfər iştirak edib. F.Manafov filmdə Elçinin nəvəsinin - balaca İlyas Əfəndiyevin də çəkildiyini vurğulayıb.
"A.S.V.A Profi Studia XXI" Prodüser Mərkəzində istehsal olunan "Hökmdarın taleyi" filminin çəkilişləri iki il davam edib. Ekran əsərində Aysu Əfəndiyeva, Mehriban Zəki, Günəş Əliyeva, Sənubər İsgəndərli, Leyli Hüseynli, Yuri Balıyev, Məmməd Səfa, Kamran Yunus, Manaf Dadaşov, Muxtar İbadov, Aleksandr Şarovski, Əli Cəfərov, Vidadi Həsənov, Tacikistan aktyoru Saydo Kurbanov, rusiyalı aktyorlar Daniil Spivakovski, Aleksandr Qalibin, İlya Şakunov və başqaları da çəkiliblər. Filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 26 may.- S.7.