Dünya Sizə
borclu qaldı...
Milli ədəbiyyatımızın
bizlərlə həməsr, həmsöhbət, həmdərd
klassiki, yaradıcılıq yürüşlərində sənət
dostlarından hardasa (xüsusilə ədəbi janr
seçimində) bir addım qabağa düşə
bilmiş unudulmaz ustad İlyas Əfəndiyevin bu vəfalı
(vəfasız!) dünyaya gəlişindən düz doxsan
beş il keçir.
Düz doxsan beş il əvvəl
Günəş dadlı, yaz ətirli, bulaq tamlı, yasəmən
qoxulu, alagözlü günlərin birində cənnət
Qarabağın barlı-bərəkətli ellərinin bir
obasında nəsilli-köklü, sanballı Əfəndilər
ailəsində bir oğlan uşağı dünyaya göz
açdı, adını İlyas qoydular. Kitablarda
"İlyas" adının mənasının
"Helios" (Günəş), "Eliyah"
(Tanrının gücü) və s. olduğu yazılıb. İlyas
peyğəmbərin adı din tariximizdə şərafətlə
qeyd olunub.
İlyas Əfəndiyev
bu həyata baharda gəldi - yaz yağışı kimi,
söyüd yarpağı kimi, bənövşə
çiçəyi kimi...
Belə bir
işıqlı, əsrarəngiz oyanış, dirçəliş
mühitində dünya işığına qovuşmuş
İlyas müəllimin şair, nasir, xanəndə, rəssam
olması qəti təəccüb doğurmazdı, məncə.
Mən 2009-cu ilin Günəşli,
gilavarlı bir may günündə Bakıdan bir az o tərəflərdə
- Şüvəlan bağlarının birində oturub Sizi
xatırlayır, sizi düşünürəm, İlyas
müəllim. Qədim filosofların belə bir fikrini nə
vaxtsa dəftərçəmə
köçürmüşəm: "Kim deyir ki, ölüm
qorxuludur? Niyə sən bilmədiyin bir şeydən qorxursan?
Niyə bu yad yerdən (bu dünyadan-R.M.) çıxıb
getmək səni qorxudur? Bu dünya sənin evin deyil
axı..."
Amma nədənsə mən
dəqiq bir fəhmlə, dəmir bir məntiqlə belə qənaətdəyəm
ki, Siz, bu möcüzəli dünyanıza, İlyas bəy, halalca
eviniz, doğmanız, mehribanınız, vəfalınız
kimi baxmısınız və bu dünyanın gərdişi,
heyranedici işləri, hadisələri, sizi həmişə
həyəcanlandırıb, ağladıb,
güldürüb...
Siz Yerin, Göyün,
torpağın, suyun, havanın sahibi kimi yaşadınız,
çoxlarının həsəd apara biləcəyi
(müdrik Epixarm deyib: "Həsəd aparılmayan adam
heç nəyə dəyməz") barlı-bəhərli,
sevimli-kədərli qaynar bir həyat keçdiniz. Uca
Allahın sizə bəxş etdiyi həyatı onun uca
adına layiq yaşadınız və təbii ki,
ömrün yaşama mənası, qayəsi heç də illərin
sayı ilə ölçüyə gəlməz...
Bu dünyanın əzəmətli
və əbədi dərdi, ötəri könül
rahatlığı, gecələrin qaranlığı, səhərlərin
işığı, buludların yağışı,
yamacların çiçəyi, dağların
ucalığı, dərələrin dərinliyi, düzənlərin
sonsuzluğu, bulaqların şirinliyi və ən nəhayət,
insanların sirli aləmi Sizin ruhunuzda, cisminizdə,
bütün varlığınızda təcəssümünü
tapa bildi. Günəşin qızıl şəfəqlərinin
bir ovuc suda bərq vurduğu kimi, bir gül qönçəsində
gümüşə dönüb cilvələnən şeh
damlası kimi...
Dərdli
Qarabağımızın qiymətli, nadir bir parçası
kimi bu küləkli, qumlu şəhərə necə öyrəşə
bilmisiniz, necə yaşamısınız, səhərləri
hansı duyğularla açmısınız, şər
qarışanda ovqatınız necə olub, gecələr (tək,
tənha gecələrdə) özünüzü tapa bilib,
özünüzlə görüşüb dərdləşməyinizdən,
giley-güzərınınızdan, sual-cavablarınızdan xəbər
tutan olubmu, görəsən...
Çətin! Yox. Bəlkə
də səhv eyləyirəm, İlyas müəllim! Siz əslində
heç vaxt, heç yerdə tək, tənha
olmamısınız. Təkliyə dözmək
mümkündür, hardasa. Allah heç kəsi tənha
qoymasın. Tənhalıq dərddir, faciədir, dözüləsi
hal deyil...
Onlarla, yüzlərlə
adamın əhatəsində tənha olmaq, darıxmaq
mümkün işdir. Bununla belə, Bakıdan uzaq, lap uzaq,
yolu-rizi kələkötür balaca bir dağ kəndinin ətəyində
çəhrayı kirəmidini yağışlar yumuş, ağaclarını
mamırlar bürümüş, yerdən üç daş
pilləkən yuxarı bir neçə şüşəsini
dolu sındırmış ikigözlü kərpic evin aynabəndində
palaz üstə mütəkkəyə dirsəklənib
bütün dünyayla dərdləşmək, Yerlə,
Göylə əlləşmək, danışmaq, təsəlliyə
yaxınlaşmaq, bənzərsiz bir ovqatla bəxtəvərliyə
sarı əl uzatmaq da mümkündür...
Sizi tək, tənha
yaşamağa qoymadılar. Səriyyə, Nuriyyə, Nərmin,
Nargilə, Fəridə həmişə Sizinlə oldular, Sizə
sirrlərini dedilər, ürək açdılar, bəxtdən-taledən
şikayətlənib, sizdən məsləhət, ümid
gözlədilər. Dumanlı, çiskinli, günəşli,
aylı, ulduzlu, küləkli, yağışlı...
Qadın dünyası qadınların özləri
üçün də naməlum bir aləmdir, möcüzədir,
cavabı tapılmayan suallar ümmanıdır. Açarını
dəryalarda toradüşməz balıqlar udmuş neçə-neçə
qıfıllar asılıb qadınların könül
dünyasından...
Belə qeyri-adi, həyəcanlı
günlərdə həmin dərdli, qüssəli adamlar Sizin
ağlınızın-kamalınızın
işığına sığınıb təsəlli
tapdılar, İlyas müəllim!
Xan qızı Natəvan
xanım özü də sizinlə həmdəm oldu, daha da
kamilləşdi, Qarabağın şirin bulaqların kimi
duruldu...
Möhtərəm
İlyas müəllim, Sizin kişi dostlarınız da uzun illər
Sizinlə yanaşı addımlayıb Qarabağa,
Şuşaya, Zaqulbaya, Şimali Qafqaz dağlarına... Sizinlə
birlikdə gedib-gəliblər, bir süfrədə
çörək kəsmisiniz, bəzi hallarda bir otaqda gecələməli
olmusunuz, birlikdə döyüşmüsünüz. Murad,
Adil, Valeh, Şahlar, İmaş, Xanmurad, Ərşad,
Qaçaq Süleyman...
Hamısı Sizdən məsləhət
alıb, Sizinlə mübahisə edib, hal-əhval tutublar. Sizin
roman və hekayələrinizdə, teatr
tamaşalarınızda "müsbət" və "mənfi"
obraz ifadələrinə bir başqa bucaqdan
baxmısınız. Axı necə demək olar ki, filankəs
"müsbət" obrazdır, bəhmənkəs isə
"mənfi" tipdir. Allah-təala onları belə
yaradıb, belə böyüdüb, ütülü,
sığallı, tapşırıqlı obrazlar Sizə həmişə
yad olub. Sizin qələminizin ucundan göyərib boy
atmış obrazların bir qismi elə sizin özünüzə
bənzəmirmi - ürəyiaçıq, xeyirxah,
ağırtaxtalı, möhkəm, səxavətli, cəsarətli,
işıqlı, vəfalı... Siz bu dünyaya öz
doğmanız kimi baxdınız, heç vaxt heç nəyə,
heç kimə xəyanət etmədiniz, dünya Sizdən
razı qaldı...
İki müqtədir
oğul bəxş etdiniz bu dünyaya - xalq
yazıçımız, dövlət xadimimiz Elçini və
istedadlı təhsil xadimimiz, professor Timuçini -
qırılmaz qoşa qanadları. Sizin dünyaya borcunuz
qalmadı, yoxdur, dünyanın Sizə borcu var - Qarabağ
borcu...
Qarabağ bəxtinin
açılacağı günlərdə (inşallah!) Ərgünəş
dağlarından bir ovuc Vətən torpağını pay
alasıyam, Sarıbaba yaylağının yamaclarından bir
qucaq may çiçəyi dərəsiyəm,
Qırxqızın ətəklərindəki bal bulaqlardan bir
bardaq su götürəsiyəm və bütün bu misilsiz
nemətləri sizin Bakıdakı nurlu məzarınızın
sinə daşına səpəsiyəm, İlyas Məhəmməd
oğlu...
15 may 2009, Şüvəlan
Ramiz MƏMMƏDZADƏ,
525-ci qəzet.- 2009.- 26 may.- S.7.