"Bütün əsərlərim
ayrı-ayrılıqda
bir həyatdır"
BÖYÜK TÜRK ŞAİRİ FAZIL HÜSNÜ
DAĞLARCADAN YADİGAR BİR SÖHBƏT
Türkiyədə
keçirilən IV Beynəlxalq İstanbul Bəyoğlu
Şeir Festivalında Türkiyənin məşhur şairi
Fazıl Hüsnü Dağlarca (1914-2008) böyük ehtiramla
yad edilib. Zəngin bir ədəbi irs yaradaraq dünyadan
köçmüş bu böyük türk şairinin ədəbiyyatla
bağlı fikirləri, dünyagörüşünün
önəmli cəhətləri, hər zaman olduğu kimi, yenə
də maraq doğurmaqdadır. Bu marağı nəzərə
alaraq, dəyərli ədəbiyyat bilicisi və tərcüməçi
Yasemin Bayerlə tələbələrinin F.H.Dağlarcadan 24
aprel 1996-cı ildə "ECHO" jurnalı
üçün aldıqları müsahibədən bir hissəni
dərc etməyi lazımlı sayırıq.
...Dünya şöhrətli
şairimiz Fazıl Hüsnü Dağlarcadan uzun bir
axtarışdan sonra müsahibə almaq şansını əldə
etdik. Müsahibə zamanı sözlərlə ustalıqla
oynaması və dilin imkanlarına hakimliyi bizi çox təsirləndirdi.
Müsahibənin sonunda, bu günə qədər heç
yerdə yayınlanmamış bir şeirini bizə hədiyyə
etməsi, hamımızı qürurlandırdı.
Hədiyyə etdiyi
şeir "Çoban" adlanır:
Dolanır
dağı çoban,
Yaz
omuzunda.
Gökyüzüdür
türküsü,
Saz
omuzunda.
Yakar,
yandırır sevgi,
Köz
omuzunda.
Turnalar köyə varmış,
İz omuzunda.
Sunam der, dura kalır,
Söz omuzunda.
Düşleyin yürür çoban,
Kız omuzunda.
Y.Bayər: - Bəlkə ənənəvi bir sual olacaq, amma bilmək istərdik, şeir yazmağa necə başladınız?
F.H.Dağlarca: - Bu barədə mənə çox sual verirlər. Amma əsərlərimin birinə əlavə olaraq yayınladığım "İbrahim Kutluğun evindəki konusma" adlı uzun müsahibədə bu mövzu haqqında səhifələrlə danışmışam. Məndən müsahibə alanlar, çox təəssüf ki, həmişə hazırlaşmamış gəlirlər. Yenidən soruşurlar bunu. Sona qədər cavab verməyə çalışacağam, amma məndən sonra nə edəcəklər, bilmirəm. Özümü 2 yaşımda tanıdım. Anama xatırladığım günləri danışarkən "Ah! - deyərdi, - sən o zaman 2 yaşına çatmamışdın hələ". Uşaqlığım çox gözəl bir şəraitdə keçmişdi. Bir otaqda nənəm, onun adını özü kimi söyləsəm, Fatmatüzzehra Xanım Yunus Əmrənin şeirlərini ilahi kimi söylərdi. Onlar mənim mənbəm oldu. Digər otaqlarda isə bacılarım, qardaşım qalın kitablardan, üstündə çizgilər olan kağızlardan nə isə oxuyardılar. Səbəbini bilmirəm, amma kağızlardan oxuduqları şeylər bitərkən sonunda "Fikrət" deyirdilər. Kağızların məktub olduğunu öyrənmişdim, oxunan şeylərin isə bəlkə də Fikrət adlı bir qardaşım olduğunu və ondan gəldiyini düşünürdüm. Daha sonra öyrəndim ki, bu Fikrət - Tevfik Fikrət imiş. Tevfik Fikrətin şeirləriymiş. Bu iki məktəb məni elə öyrətmişdi ki, hər kəsin məktəbə şeir yazmaq və ya şeir yazmağı öyrənmək üçün getdiyini düşünürdüm. İlk yazılarımı müəllimlər: "Atanamı yazdırdın?" - deyə geri qaytarırdılar. Halbuki o zaman atalar sanki qorxunc bir xəyal idilər. Hətta əllərini də öpməyə qoymazdılar. Mənim bu işi bu şəkildə sevməyim evdə aldığım tərbiyənin nəticəsidir. Gənclər üçün bunu da əlavə edim, bütöv bir həyatın sərf olunmadığı işlər dəyərsizdir. Bu fikir bütün işlərə aiddir. Mən şeiri oxuma-yazma bilmədən yazar, əzbərlərdim. "Quş ayaq" adlı uşaq kitabımda o günlərdən qalma bir neçə misranı uşaq şeirlərimə daxil etdim. Xatirə qalsın deyə.
Y.Bayer: - Əvvəl
yazdığınız şeirlərlə sonralar və indi
yazdıqlarınız arasındakı fərqi necə dəyərləndirirsiniz?
F.H.Dağlarca: - Mən
şeir yazmağa başladığım zamanlarda
gördüm ki, bütün ozanlarımızın əsərləri
qarmaqarışıqdır. Biri anasının vəfatından
yazmış, o biri sevdiyi qızın gözlərindən,
biri Atatürkdən yazmış, o biri məhəllədəki
dostundan. Hamısı da bir əsərin içində. Bu əsərlərin
məndəki ilk təsiri müəlliflərin bir tək
mövzunu yaşaya bilməməkləri idi. Yaradıcılıqda
izlədiyim yol budur: Əsər təkcə bir mövzunu hərtərəfli
əhatə edəcək. Sözlər ideyaya uyğun olacaq. Əsərin
içindəki quruluş mövzunun əsasını əmələ
gətirəcək. O əsərə tərs gələn
heç bir düşüncəyə yer verilməyəcək.
Buna görə mənim bütün əsərlərim
hamısı ayrı-ayrılıqda bir həyatdır. Ya da
demək olar ki, sözlər kərpicə bənzəyirlər.
Bunları birləşəndə düşüncədə
böyük bir bina - əsər yaranır. Şeirə həsr
etdiyim bu ilk 2 yaşı çıxsam, ötən 80 ildən
doya bilmədim. Məhşur bir söz var: "Sənət
uzun, həyat qısa" - deyərlər, mən bu kəlamı
belə dəyişdirərdim: "Sənət upuzun, həyat
çox qısa".
Y.Bayer: - İlk şeirlərinizi yazdığınız dəftərlərinizin olduğunu və bir də bu şeirlərdə hər vəzni, hər ölçünü sınadığınızı eşitmişəm. Doğrudurmu?
F.H.Dağlarca: - Bunu
söyləmək o qədər yaxşı çıxmaz,
amma söyləmək məcburiyyətindəyəm: Mən
bütün Türk şeirini, yəni Xalq ədəbiyyatı,
Təkkə ədəbiyyatı, Divan ədəbiyyatı, Sərvət-i
Fünun, Fecr-i Ati və bu günədək kim nə
yazıbsa, hamısını ən incə təfərrüatına
qədər bilirəm. Bununla bağlı kiçik bir xatirə
danışım: 1932, ya da 33-cü il idi, həmin bu bəhs
etdiyiniz şeir dəftərlərimdən birini Peyami Sefa bəyə
vermək üçün "Cumhuriyet" qəzetinə
getmişdim. Gözətçi yolu göstərdi.
Böyük bir qapıdan içəri girdim. Hər iki
küncdə bir masa vardı. Biri boş idi. Digərində
oturan Yusif Ziya Ortaç imiş. Peyami bəyi soruşdum. "Buyurun,
mənə söyləyin, nə istəyirsiniz" - dedi. Onda
mən Kuleli hərbi litseyinin son sinifində oxuyan,
saçı ülgüçlə qırxılmış
bir tələbə idim. Oturdum, mənə çay
süzdü. Dəftərimi Peyami Sefa bəyə verməsini
xahiş etdim. Yusif Ziya bəy o zamanlar bir jurnal nəşr
etdirirdi. Mənə: "Baxın, Əhməd Haşimdən
bir şeir aldım, bu nömrədə dərc edəcəyəm"
- dedi və şeiri oxudu. "Bir acem bahçesi, bir
seccade" sözlərilə başlayan şeir bitincə
"Bu şeirin ölçüsü pozulub" - dedim. "Xeyr,
onun özündən bu gün aldım. Heç bir yerdə dərc
olunmayıb. Bunu daha əvvəl heç bir yerdə oxuya bilməzsiniz"
- dedi. Fikrimi izah etdim: "Əskikliyi burasındadır ki, siz
"Dalmış üstündə quşlar yadə" - deyə
oxudunuz. Bu misranın doğru halı belə olmalıdır:
"Dalmış üstündəki quşlar yadə". Belə
yazılarsa, vəzn doğru olar" - dedim. Heyrətləndi.
Bu hadisədən 5-10 gün sonra "Cumhuriyet" qəzetində
bir məqalə yazdı. Məqaləsində təxminən
belə yazırdı: "Türk şeiri bir daş gəlincik
kimi olub. Kuleli sıralarındaki Fazıl Hüsnü
adında bir şairlə bu daş gəlinciyin gözləri
və dili açılacaq".
Y.Bayer: - Həyatda tək
yaşayırsınız. Bu, şeirlərinizə necə təsir
edir?
F.H.Dağlarca: -
Çox faydalı olur mənim üçün. Evdə tək
deyiləm, çünki oxuduğum bütün kitablar,
yazdığım əsərlər, qarışqa yerişi
kimi yavaş olsa da, tapdığım yeni türk sözlərilə
bir yerdəyik. Onların uzaqdan-yaxından mənə
baxdığını hiss etmədiyim elə bir an yoxdur. İnanın
ki, insanların həyatının uzunluğu günlərin
arxa-arxaya gəlməsindən çox fərqlidir. Bir də
zamanın sıxlığı var. Bu sıxlıq bir
günün içində bir ili belə daşıya bilər.
Əsl uzun yaşamaq günlərimizin
sıxlığını nəfəsimizlə müəyyən
edə bilməkdir.
Y.Yıldırım: - Dərsliklərdəki
"Qızılırmaq" şeirinizi Behçet Kemal
Çağların bir şeirinə cavab olaraq
yazdığınız söylənilir...
F.H.Dağlarca: - Xeyr. Onu
Ahmet Kutsi Tecerə cavab olaraq yazdım. Sivasda olanda, bir gün
küçədə beş nəfərin qara çörəyin
içinə bir az ağ çörək qatıb yediklərini
görmüşdüm. Bu, ogünkü Anadolunun
yoxsulluğunu göstərirdi. Kutsinin anlatdığı
Anadolu ilə mənim gördüyüm Anadolu fərqli idi. Bəlkə
mənim uzun yaşamağımın səbəbi bunlara
qarşı çıxmağımdır.
"Qızılırmaq"da həm şeirin
dinamikasını göstərirəm, həm də "Bu
millət elə güclüdür ki, dağları belə
dalğalandıra bilər" - deyirəm. Misralarda dəyişikliklər
edərək, bu düşüncəni
sonsuzlaşdırıram. "Qızılırmaq"
şeiri Anodolunun bir şəklidir.
K.Özər: - Şeirlərinizə
görə üzləşdiyiniz tənqidlər sizə təsir
göstərirmi?
F.H.Dağlarca: -
İnşallah, məndən sonrakı gənclər daha
yaxşılarını yaradacaqlar. Tək güvəndiyim -
Türkcədir. Türkcəni sevəcəksən.
Yazdıqlarını sevəcəksən, onları qəlbinin
üstündə daşıyacaqsan. Ədirnədə gözəl
bir şeir var desələr, bu əsamla piyada gedərəm.
M.Bayər: - Bu qədər
sevimli olmanıza görə nəyə borclusunuz?
F.H.Dağlarca: - Uşaqlığımı lazımınca yaşamış olmağıma borcluyam. Küçədə gəzərkən anası ilə gedən bir uşaq da məni sevər. Anası uşağın qolundan tutub çəksə belə, uşaq yenə dönüb mənə baxar. Və o saniyə aramızda bir işıq yaranar. "Balina mandalin" kitabımı uşaqlar çox sevirlər. Bu kitabda bir bitki ilə bir heyvan sevgisindən bəhs etmişəm. Uşaq bu hekayəni başa düşür, amma anası anlamır.
Türkiyə türkcəsindən çevirən
Afət MAMAYEVA,
Atatürk Mərkəzinin elmi əməkdaşı
525-ci qəzet.- 2009.- 26 may.- S.6.