Növbədənkənar yazı
VƏ YA HƏR KİTAB SEVİNƏNİNİ TAPIR...
"Zaman atəşdir,
önünə çıxan hər şeyi
yaxıb-yandırar, əsil şeirdən başqa..."
"Şeir bir
düşüncənin ifadəsi deyil, o, qanayan bir yaradan və
ya gülümsəyən dodaqdan yüksələn bir şərqidir..."
(Əvvəli ötən sayımızda)
...Amma yox, bu dəfə
şansım o qədər də pis deyildi. Bu dəfə də
çəkidən yüngül, mənadan ağır bir
neçə kitab mənə yolyoldaşlığı edəcəkdi...
Aydın Qurbanoğlunun, Mətləb Misirin (Şeir -
yazıldığı məmləkətə bənzəyir
və bir az da onu yazan şairə. Mətləbin -
üz-gözünə qəmin çiləsi hopmuş bu dərdli
şairimizin "Çadır, çadır rəngləri"
kitabının təqdimat mərasimində, başımı
qatan qarğaşaya görə, iştirak etmədiyim
üçün üzgünəm), Qaramuradlı Məlahət
Yusif qızının kitabı və Ehtiramın son anda mənə
gətirdiyi kitablar... Vasif Süleymanın "Eşq ol, dərgahına
səcdəyə gəlim", Nadir Ayazoğlunun "Bilsəm
ki", Elbariz Məmmədlinin "Mən savaşa
çağırıram" kitabları... Bakıdan-onun
qarğaşalı atmosferindən
çıxar-çıxmaz hələ qoruyucu kəmərləri
boşaltmamış bu kitabları varaqlamağa
başlayıram... Və elə təyyarədəcə
"Növbədənkənar yazı"mın ilk sətirləri
beynimdə sıralanır. Gizləmirəm, görüləcək
o qədər işlərim var ki? Amma bu haymacalda bir hiss
növbədənkənar "məni yazacaqsan", - deyir. Bu,
bir kitabdan içimə axıb dolan, özünü diqtə
edən şair ruhudur. Ruh da ki bilirsiniz də nədir?
Ömrün göz qamaşdıran çağlarında hələ
önündə mücərrəd gələcək ümidi
var və onun təsəlli məstliyində xumarlana bilərsən.
Amma səndən əvvəl biriləri tərəfindən bəlirlənmiş
ömrün ölüm yaşına dirənəndə və
şüuraltı bunu dərk edəndə o mücərrəd
"gələcəyin" gedəcəkdə
qaldığını anlayıb nəfəsin
tıncıxanda, yorğun və tənbəl bədənində
ruhun parpılamağa başlayanda: "Məndən bu
dünyada nə qoyub gedirsən, ay əliboş,
üzüqara bədən, mən səni buna görəmi
seçmişdim, gəlib səndə görüntü
qazanmışdım, hə?" deyir.
Bir zərrə olub
qocaman bir bədəni arxasınca sürüyən
ölümsüz, gözəgörünməz varlıq, səni
bizim bədənimizə salana min şükür!.. Bədəni
oda atıb yandırsalar da, yanan, yox olan maddiyyətdən
yaranan bədən olur, lap atom bombası alovunda yansa da, ruha bir
şey olan deyil, o da naqildəki ölümsüz, əbədi
enerji, yaradanın özü kimi ölməz, itməz, yox
olmazdır. Bəlkə biz türklər, yer üzündə
ruhu gözgörünən, əyaniləşdirən ilk millətik:
"Ruhum bədəndən oynar, yadıma sən düşəndə".
Ruh əbədi, bədən köçəri. Bir ruh, kim
bilir, Tanrısına qovuşana qədər neçə bədən
dəyişir, neçə vücuda müsafir olur. Bədən
qocalır buna görə. 70 yaşlı bədəndə 30
yaşlı ruhun çırpındığını
uzağa getmək lazım deyil, öz təcrübəmdən
bilirəm. Özünü dərk edən insan hər zaman
ruhu yaşındadır, ruhun da ki, yaşı olmur. Mənə
növbədənkənar yazı yazdıran da elə bir
şair ruhudur....
"Şairlər vətəni"
bizim tərəflər" qabarma və çəkilmələrə
baxmayaraq, tarix boyu saza, sözə ev sahibliyi yapıb... Qazaxdan
çıxan söz sənətkarlarının, sadəcə
adlarını yazsam, uzun bir siyahı alınar. Ana yurdum Tovuz
yazılı ədəbiyyat təmsilçisi
baxımından o qədər də öyünəcək
durumda olmasa da hər zaman saza, sözə ayaq verib.
Tovuzun
qonşuluğunda, Şəmkirdə isə sazla söz bir
quşun iki qanadı kimi ilhamın uçuş
üfüqünü genişləndirib. Bəlkə Şəmkir
tarixin uzun gedişatında dəfələrlə şəhərdən
kəndə, kənddən şəhərə
çevrildiyindən tarixi yaddaşında bir bu qədər mədəniyyət,
kültür izləri daşıdığından burada istər
yazılı, istərsə də şifahi ədəbiyyat gəlişmə
çağlarını yaşayır. (Altmışıncı
illərin sonlarında televiziyada xalqımızın qəhrəmanlıq
tarixini gün işığına çıxaran və o zor
dönəmlərdə daşıdığı missiyaya
görə bir ilki gerçəkləşdirən "Odlar
diyarı" televiziya jurnalını hazırlayırdım. Bizə
xəbər gəldi ki, Şəmkir çayının
yaxınlığında traktor yer qazarkən üstü
yazılı bir daş çıxıb. Biz əski
yazıları oxuya bilən hörmətli alim M.Nemətova ilə
birlikdə təcili Şəmkirə yollandıq. Tapılan
daşı gördükdən sonra M.Nemətovanın
uçmağa qanadı yox idi. Məlum oldu ki, bu, 12-ci əsrə
aid qala divarlarını təmir edən ustanın adı və
təmir tarixini göstərən daş kitabədir. Bu
daş, qədimliyinə görə, Azərbaycanda tapılan
ilk tarixi nümunə idi. Yazdığım bu faktın
özü Şəmkirin necə şərəfli tarixi
keçmişə malik olduğunu göstərən bir dəlildir...)
Aşıq şeirinin
iki ən böyük təmsilçisinin Şəmkirdən
çıxması təsadüf sayıla bilərmi: Dilqəm
və Hüseyn Şəmkirli... Bir də Azərbaycan ədəbiyyatının
Əhməd Cavad zirvəsi var, axı. Vətən sarı
yolum düşəndə Tovuza 20-30 km. qalmış yol üstündə
qədim və yeni Şəmkir boy göstərir. Son 40-50 ilin
yolyorumu içimdə hər zaman bir nisgilin qaysaqlamış
yarasını qanadardı. Su gələn yerdən bir də gələr.
Hanı Şəmkirin Dilqəm, Aşıq Hüseyn Şəmkirli,
Əhməd Cavad ənənəsinin bugünkü təmsilçiləri?
Əlbəttə, mən son 30-40 ildə Şəmkirdən
bir neçə sənət adamı
çıxdığını danmaq fikrində deyiləm. Söhbət
sənət zirvələrindən getdir... Hələ desəm,
Şəmkirlə mənim birbaşa qohumluq əlaqəm də
var. Gəncəbasar bölgəsində üç
Cırdaxan kəndi var, bunlardan biri Şəmkirdə - Dəllər-Cırdaxan,
ikisi isə Tovuzda - Düz Cırdaxan və mənim ana kəndim
Əsrik-Cırdaxan! Adlarını çəkdiyimiz kəndlərdə
yaşayanlar eyni soydan olan insanlarıdır və bu soy hər
zaman qəhrəmanı, aşığı, şairi ilə
önə çıxır. Bunun ən bariz örnəyi,
heç şübhəsiz, Şəmkirin Dəllər-Cırdaxan
kəndində dünyaya gəlmiş Azərbaycan aşıq
sənətinin ən yanğılı və ən nakam sənətkarı
Dilqəmdir:
Bir namə
yazaram canan elinə
Əhvalım canana yetişərmola?
Fələk məni tərki-vətən eylədi
Nazlı yar əhvalım soruşarmola?
Əzəldən müştaqəm tuti dillərə,
Müsəlsəl saçlara, siyah tellərə,
Axdı eynim yaşı, döndü sellərə
Yar içən sulara qarışarmola?
O qızılgülləri dərməyən Dilqəm,
Dərib, pünhan yerə sərməyən Dilqəm,
Bu dünyada yarın görməyən Dilqəm,
Ya Rəbb, o dünyada görüşərmola...
Bəxtəvər başına Dilqəmin ki, onun Dostuxanım kimi segilisi vardı. Bəxtəvər başına elə Dostuxanımın da, gəlib getmiş minlərlə qadının içində neçə gözələ bir bu qədər ilahi şeir yazıldı ki? Azərbaycan yazılı və sözlü xalq ədəbiyyatında bu şeir cəzbinə ulaşa bilən neçə şeir tapmaq olar ki?! Hərdən sevginin imitasiyaya çevrildiyini, üzüdönükləri gördükcə hərdən mənə elə gəlir ki Buddanın, Musanın, İsanın, Məhəmmədin eşq və mərhəmət əxlaqı kitablarda qalmış kimidir. Allaha böyük sevgi böyük dərkdən doğur.
Belə olmasaydı, mənə
növbədənkənar yazı yazdıran kitabın
adını Vasif Süleyman "Eşq ol, dərgahına səcdəyə
gəlim" qoymazdı:
Eşq ol, dərgahına səcdəyə gəlim,
Bu qərib taleyə Allahlıq eylə.
Səcdəyə gəlmədə bir vəcdəgəlmə də olmalıdır. "Eşq ol, dərgahına səcdəyə gəlim" əslinə baxanda başdan-başa bir vəcd və ehtiras kitabıdır. Onu nəzərə alsaq ki, hər şeyin anası ehtirasdır, o zaman bu kitabın dəyəri aydınlaşar. Gizləmirəm, nə müddətdir bir kitab şeir həsrətindəydim. Həm də indi sərbəst, heca, nə bilim nə surraqatının baş alıb getdiyi bizim günlərdə belə bir kitabın varoluşu ümidverici bir haldır.
Günümüzün
şeir mənzərəsinə baxıldığında istər-istəməz
Rusiyada, Türkiyədə XX yüz ilin ilk otuz ilində
aparılan eksperimentlərin, az qala yüz il gecikməklə,
indi-indi Azərbaycanda təkrarlandığını
görürük. Boz-bulanıq zamanın Rusiyasındakı
yeni şeir arayış çabalarından olsa-olsa V.Mayakovski
və V.Xlebnikov ədəbiyyat tarixində yenilikçi
şair kimi yerlərini aldılar. Amma kim deyə bilər ki,
onlar xalq arasında ənənədə yenilik arayan Blok və
ya Yesenin qədər sevilirlər? Eyni aqibəti Anadolu ədəbiyyatı
da izlədi. Nazim Hikmət, Orxan Vəli örnəklərində
olduğu kimi. M.Rəfili, R.Rza yeniləşmə hərəkətləri
sonralar Ə.Kərimdə daha uğurlu bir sonuca vardı. Buraya,
heç şübhəsiz, Vaqif Bayatlı Odərin də
adını əlavə etməliyəm. Elə başa
düşülməsin ki, mən sərbəst şeirə
qarşıyam, yox, heç də belə deyil. Bunun belə
olmadığına inanmaq üçün "Gənclik"
jurnalının beş illik arxivini vərəqləmək yetərli
olar. O vaxtlar H.Herisçinin, M.Ağacanqızının
heç yerdə çap olunmayan şeirlərini ilk dəfə
biz çap eləmişdik. Bu gün də sərbəst vəzndə
qələmini uğurla sınayan şairlər var (Aqşin).
Amma unutmaq lazım deyil ki, türk şeirinin əvəzsiz
şairi Nazim Hikmət sərbəst şeirə keçənə
qədər əruzu və heca vəznlərini elə
böyük sevgi ilə öyrənmişdi ki, bu vəznlərin
avazı onu dövrün havasına köklənmiş sərbəst
şeirlərindən gəlir. Bizim gənclər isə dəbə
uyub işin asanına qaçır, əruz bir yana, heç
hecadan da xəbərləri olmadığından "aranda
tutdan, dağda qurutdan" olurlar. Hardasa onları da qınamaq
olmaz. İndi Avropadan əsən kültür
rüzgarlarının da bu yöndə sənəti kütləviləşdirməyə
apardığı bir vaxtda hecanın "dar qəlibinə"
yeniliklər gətirməyə, təksəsli xorda solist
olmağa çalışmaq və buna nail olmaq hər
şairin işi deyil. Və bu sətirləri yaza-yaza
düşünürəm ki, Allahım, biz niyə beləyik
görəsən, qonşudan gələn bu qədərmi
şirin olur? Avropadan gələnləri korkoranə
yamsılamaq, alqışlamaq yenilik adlandırmaq süddən,
sümükdən gələnləri aşağılamaq xəstəliyindən
nə zaman qurtaracağıq? Bu nə xəstəlikdir
düşmüşük belə? Bu təkcə bizim bəlamız
deyil. Bizə baxanda bu yöndə Anadolu ədəbiyyatında
vəziyyət daha acınacaqlıdır. Biz pəncərəmizi
həm batıya, həm də doğuya
açmışıq. Hətta mən deyərdim ki, bu
yelçəkərin çarpaz aralığında
qaldığımızdan xəstələnmişik də. Amma
ən önəmlisini, içimizə açılan pəncərəni
unutmuşuq. Halbuki yeniliyin cazibə mərkəzi Amerikanın
ən önəmli şairlərindən biri Eliot
yazırdı, qafiyənin faydası ordadır ki, o daha incə
və ehtişamlı qafiyələrin toxumunu səpir. Mükəmməl
şeirdə qafiyə və mükəmməllik şeir
ölçülərinin mükəmməl
inkşafını yaradır, onların gövdəsinə
kolundan çıxan bütün gözəllikləri
özündə əks etdirən qızılgül kimi
qüsursuz və rahat bir şəkildə öz köklərini
atır.
Nəsillər bir utopiyanın qurbanı olmuşlar, Cəmil Mericə görə: "Avropanı tanıyan ölkəsindən qopur. Bu lənət çənbərindən necə can qurtarmalı? Aydın - öz qafasıyla düşünən, öz könlü ilə hiss edən kişi olmalıdır. "İzm"lər idrakımıza geydirilmiş dəli köynəkləridir..."
(Ardı var)
525-ci qəzet.- 2009.- 26 may.- S.2.