IX Bakı Kitab Bayramı keçirilib
Dünən M.F.Axundov
adına Milli Kitabxanada IX Bakı Kitab Bayramı təşkil
edilib. Tədbir Yeni Yazarlar və Sənətçilər
Qurumunun (YYSQ) təşkilatçılığı, Mədəniyyət
və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin təşkilati,
Gənclər və İdman Nazirliyinin maddi dəstəyilə
gerçəkləşib. Builki kitab bayramı Azərbaycan
Xalq Cümhuriyyətinin 91, Yazıçılar Birliyinin 75, Cəlil
Məmmədquluzadənin 140 illiyinə, eləcə də
Bakının İslam Mədəniyyətinin Paytaxtı elan
edilməsinə həsr olunub.
Rəsmi açılış
mərasimində çıxış edən YYSQ-nin sədri
Aydın Xan, Milli Kitabxananın direktoru Kərim Tahirov, AYB-nin
katibi Rəşad Məcid, şair Çingiz Əlioğlu, Gənclər
və İdman, Mədəniyyət və Turizm nazirliklərinin
nümayəndələri kitab bayramının təşkil
olunmasının əhəmiyyətindən
danışıblar. Çıxışlarda kitaba
marağın artırılması naminə belə tədbirlərin
ardıcıl keçirilməsinin vacibliyi diqqətə
çatdırılıb.
Kitab Bayramı çərçivəsində
Milli Kitabxanada ümummilli lider Heydər Əliyevə aid
ekspozisiya, Türkiyə və Misir Mədəniyyət Mərkəzinin
xüsusi stendləri, uşaq ədəbiyyatına, elektron nəşrlərə,
Qarabağa və başqa mövzulara dair xüsusi guşələr
açılıb.
Mükafat Komissiyası
300-dən artıq ədəbi-mədəni və nəşr
layihələrinin sırasından 25 işi seçərək,
müxtəlif nominasiyalar üzrə qalib elan edib. Ötən
ilin bədii-sənədli kitabı nominasiyası üzrə
millət vəkili, yazıçı-publisist Elmira
Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və
zaman" çoxcildliyi qalib seçilib. Vaqif Bayatlı Odərin
"Yupyumru bir eşq ilə" 2008-ci ilin poeziya kitabı, yazıçı-publisist
Yunus Oğuzun "Nadir şah"ı ilin tarixi romanı elan
olunub. Etibar Sturvinin "Stur haqqında kitab"ı ilin
etnoqrafik nəşri, professor Tariyel Məmmədovun "Azərbaycan
klassik aşıq havaları" antologiyası ilin musiqi nəşri,
"Həyat bilgisi" ilin dərslik kitabı adını
qazanıb. Şairə-publisisit Zərəngiz Dəmirçi
ilin qadın şairi, şair Oqtay Rzanın "Baldan şirin
balalar"ı ilin uşaq şeirləri kitabı kimi fərqləndirilib.
Beşik" nəşriyyatının
"Mən və mənim dünyam" seriyasından olan
uşaq nəşrləri, filoloq-tədqiqatçı Təranə
Rəhimlinin "Ədəbiyyat və tənqidin
yaradıcılıq problemləri, "Birlik" və
"İrfan" ədəbi-mədəni dərgiləri də
müvafiq nominasiyalar üzrə qalib sayılıb. 2008-ci ilin
yeni nəsil yazarı şair-tərcüməçi Əkbər
Qoşalı, gənc yazarı isə şair-jurnalist Fərid
Hüseyn olub. M.F.Axundov adına Milli Kitabxana,
"Adiloğlu", "Şirvannəşr",
"Mütərcim", "Min bir mahnı" nəşriyyatları
fəxri fərmanlara layiq görülüblər. Fəxri fərman
alanlar sırasında Azərbaycan kitabını təbliğ
etdiyinə görə "Space" teleradio şirkətinin
"Mədəniyyət saatı" verilişi də var.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 27 may.- S.7.