Yazıçılar Birliyində İlyas Əfəndiyevin yubileyi qeyd edilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin 95 illik yubileyilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları tədbirdən əvvəl İ.Əfəndiyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, mərhum yazıçının xatirəsinə ehtiramlarını bildiriblər.

AYB-də təşkil olunan tədbiri giriş sözü ilə açan qurumun sədri xalq yazıçısı Anar İ.Əfəndiyevin Azərbaycan ədəbiyyatına böyük töhfələr verdiyini, ədibin həm nəsr, həm də dramaturji yaradıcılığının əhəmiyyətini vurğulayıb: "İlyas Əfəndiyev təkcə ədəbiyyatımızı deyil, həm də milli teatr səhnəmizi öz misilsiz əsərlərilə zənginləşdirib. Onun pyesləri Azərbaycan teatr sənətinin inkişafında böyük rol oynayıb".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İ.Əfəndiyevin yaratdığı obrazların real həyatdan götürüldüyünü, əsərlərinin humanizmi təbliğ baxımından xüsusi önəm daşıdığını, yazıçının dilinin xəlqiliyini önə çəkib.

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca İ.Əfəndiyevin zəngin ədəbi irsi barədə fikirlərini, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

İ.Əfəndiyevin bir çox pyesinin tamaşasında rol almış xalq artisti Amaliya Pənahova dramaturqun əsərlərindəki milli koloritdən, onların yüksək istedadın və ustad qələminin məhsulu olmasından danışıb: "Mən onun yaratdığı obrazları ifa edərək, İlyas Əfəndiyevin dünyasına daxil olmağa çalışmışam və bu böyük ədibin istedadına, sənətkarlığına hər zaman heyran qalmışam. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan teatrı var, İlyas Əfəndiyev imzası və əsərləri də yaşayacaq".

Xalq şairi Zəlimxan Yaqub onun təsəvvüründə İ.Əfəndiyevin işıqla assosiasiya olunduğunu diqqətə çatdırıb: "İlyas Əfəndiyevin adını eşidəndə işıq görürəm, o mənim nəzərimdə tükənməz nur mənbəyidir".

Tədbirdə çıxış edən şairlər Fikrət Sadıq, Hikmət Mahmud və başqaları AYB-yə vaxtilə məhz İ.Əfəndiyevin zəmanəti ilə qəbul olunduqlarını deyib, onun işıqlı xatirəsinin həmişə ədəbiyyatsevərlərin yaddaşında yaşayacağına əminliklərini bildiriblər.

Sonda çıxış edən ədibin oğlu - xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyev İ.Əfəndiyevin yaradıcılığının bədii məziyyətləri və əhəmiyyəti haqqında söz açıb. E.Əfəndiyev atasının xatirəsinə göstərilən böyük ehtirama görə tədbirin təşkilatçılarına və mərasimə qatılanlara minnətdarlığını bildirib.  

 

  

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 27 may.- S.7.