Çingiz Hüseynov ömrü:
Azərbaycanlı və
yazıçı adına
layiq 80 il
Bu il aprelin 20-də
qocaman yazıçımız, filologiya elmləri doktoru
Çingiz Hüseynovun 80 yaşı tamam oldu. Ömrünün
60 ilini dünyanın nəhəng şəhərlərindən
olan Moskvada keçirib. 1952-ci ildə Lomonosov adına MDU-nun
filologiya fakültəsini bitirib. Elə o vaxtdan da
ömrünü Moskvayla bağlayıb. Ç.Hüseynov
irili-xırdalı 30-dan çox povest və romanın müəllifidir.
"Məhəmməd, Məmməd, Məmiş", "Fətəli
fəthi", "Ailə sirri", "Doktor N",
"Merac" romanları müasir nəsrin sanballı
nümunələrindən olub, ona bir yazıçı kimi
böyük şöhrət qazandırıb.
Çingiz müəllimlə
tanışlığımızın maraqlı bir tarixi var.
1980-ci illərin əvvəlləriydi. M.Qorki adına Ədəbiyyat
İnstitutunda oxuyurdum. Hələ Moskvaya gəlməmişdən
qabaq Bakıdan məni yola salan dostlarım və müəllimlərim
Moskvada bir çox dəyərli eloğlularımızın,
məşhur yazıçılarımızın, alimlərimizin,
həkimlərimizin yaşadıqlarını deyirdilər. Tez-tez
Çingiz Hüseynovun adını çəkirdilər,
fürsət düşən kimi onunla tanış
olmağımı tapşırırdılar. Bir gün
institutda tənəffüs vaxtı öyrəndik ki, yaxın
günlərdə V.Mayakovski adına Dram Teatrında Nəriman
Həsənzadənin "Qoy bütün Şərq
bilsin" poeması əsasında tamaşa veriləcək. Tamaşanı
Moskvaya Sumqayıt teatrının aktyorları gətirmişdilər.
Nərimanov rolunu məşhur aktyorumuz Məlik Dadaşov
oynayırdı. Əsər sinxron tərcümə ediləcəkdi.
Mən və tələbə dostum, indi tanınmış
yazıçı olan Səfər Alışarlıyla birlikdə
teatra gəldik. Nəriman Həsənzadə məni
tanıyırdı. Bakıda "Ədəbiyyat və incəsənət"
qəzetinin redaksiyasında tanış olmuşdum. O vaxt həmin
qəzetin baş redaktoruydu. Mənim bir neçə
şeirimi çap etmişdi. Nəriman müəllimlə səmimi
görüşdük. O bizi həmin gün mərhum
ziyalımız Əziz Şərif və Çingiz
Hüseynovla tanış etdi. Ağsaqqallarımıza diqqət
yetirməyimizi tapşırdı. Tamaşa uğurla
keçdi. Sonra Səfərlə mən Əziz Şərifi
və Çingiz Hüseynovu yola salası olduq. Birlikdə
teatrdan çıxıb SİTA -nin binasına tərəf
yollandıq. Öz aramızda belə qərara gəlmişdik
ki, ağsaqqallarımızı taksi tutub yola salacağıq. Timiryazevin
heykəlinin yanındakı dayanacağa tərəf gəldik.
Mən üzümü Əziz Şərifə tutub:
"İndi taksi saxladarıq", - dedim. O isə: "Mənim
buynuzlu taksim gəldi", - deyib çevik bir hərəkətlə
trolleybusa mindi. Çingiz müəllim də metroyla gedəcəyini
bildirdi. Qorki metrosuna, indiki "Tverskaya" stansiyasına tərəf
gəldik, 7-8 dəqiqəlik yolu şirin-şirin söhbət
elədik. Ayrılanda Çingiz müəllim telefon nömrəsini
bizə verdi. -Mənimlə əlaqə saxlayın, - dedi. O
vaxtdan bu günə kimi Çingiz müəllimlə əlaqəni
kəsməmişəm. Bir-birimizə qarşı
qayğıyla, hörmət-izzətlə
yanaşmışıq. Bu illər ərzində mən
Çingiz müəllimi özümə bir ağsaqqal,
yaxın dost və sirdaş bilmişəm. Həyatımın
çətin vaxtlarında onun məsləhətinə qulaq
asmışam, mənə yaradıcılıqla ciddi məşğul
olmağı tövsiyə edib, şeirlərimi bəyənib,
yazdığım qoşmaları sevə-sevə oxuyub. Mətbuatda
fikrini söyləyib, "Kökü torpağın dərinliyində
olan ağac yaxşı bar gətirər, dərinə
düşən buğdanı yel aparmaz, sünbülü
sanballı olar", - deyib. Tanışlığımızın
otuza yaxın yaşı var. Bu illər ərzində bir dəfə
də olsun biri-birimizdən inciməmişik.
Çingiz Hüseynovun
yaradıcılıq yolu, onun ayrı-ayrı inkişaf mərhələləri
milli ədəbiyyatımızın vacib tərkib hissəsi
kimi dünya ədəbiyyatı kontekstində tədqiq edilib
araşdırılmalı və öyrənilməlidir. Mən
Ç.Hüseynovun əsərlərini bir ədəbiyyatşünas
kimi təhlil etmək niyyətində deyiləm. Bu, heç də
asan iş deyil. Sadəcə olaraq, demək istəyirəm ki,
onun yaradıcılığı fəlsəfi tutumuna, bədii
çəkisinə görə özünəməxsusdur, bənzərsizdir.
Onun əsərlərinin ideyası - bu cılızlaşan
dünyamızı yenidən qurub yaratmaq, daha da gözəlləşdirmək,
ulu Tanrının şah əsəri olan insanları sevmək,
onlara yaxşılıq etmək, həqiqətin
gözünün içinə düz baxmaq,
yamanlığı özlərinə həyat prinsipi seçənlərə
düz yol göstərməkdən ibarətdir. Ç.Hüseynov
tarixi keçmişimizin dürüst öyrənilməsinin
vacibliyini, bu günümüzü və gələcəyimizi
uğurla qurmaq üçün düzgün yol seçməyi,
əvvəllər buraxdığımız səhvləri təkrar
etməməyi bizə aşılayan böyük
yazıçıdır. O, dərin biliyinə, ensiklopedik
savadına, tərbiyəsinə, zəkasına, zəhmətsevərliyinə,
ən başlıcası isə ulu Tanrının ona bəxş
etdiyi vergi hesabına ədəbiyyatımıza öz parlaq
imzasını atmış nadir sənətkardır.
Ç.Hüseynov
Rusiyada yaşasa da, ruhən mənsub olduğu Azərbaycan
xalqının taleyüklü problemləri onu daima narahat edir.
Ümumiyyətlə, o, narahat insandır. Əsl sənətkar
da elə narahat qəlbli olmalıdır. Bu mənada
Ç.Hüseynov xalqımızın əsrlər boyu qoruyub
saxladığı milli dəyərlərimizin
aşınmasına, mənəviyyatımızın
cılızlaşmasına, yeni nəslin təhsilinə, əxlaqına,
tərbiyəsinə görə narahatlıq keçirən təəssübkeş
Azərbaycan yazıçısıdır. Neçə
müddətdən bəri "Azərros", "Azərbaycan
konqresi" qəzetlərində çap etdirdiyi, tariximizlə,
Qarabağ problemiylə, 20 yanvar, Xocalı faciələriylə,
Azərbaycan torpaqlarının işğalıyla, milli və
dini bayramlarımızla bağlı çoxsaylı məqalələri
onun tarixi vətənimizə, millətimizin
qayğılarına əsla biganə
qalmadığını, milli mövqedə
dayandığını sübuta yetirir. Çingiz
Hüseynovun bir sıra romanları çapdan çıxandan
sonra böyük əks-səda yaradıb. Əsərləri
haqqında yazılan məqalələrdə onunla
bağlı ziddiyyətli fikirlər yer alıb. Elə hallar
da olub ki, kimlərsə Çingiz Hüseynov həqiqətinə
yalan don geyindirib, onu nüfuzdan salmağa
çalışıblar. Zaman, tarix hər şeyi öz yerinə
qoyur, yaxşını yamandan, aqili nadandan, əyrini düzdən
ayırır.
Ç.Hüseynovun
özünəməxsus üslubu, deyim dərzi,
sözünün ciddi fəlsəfi tutumu var. Onun əsərləri
insanı düşündürür, saflaşdırır, cəmiyyətə,
bəşəriyyətə faydalı olmağa səsləyir.
Çingiz müəllim
"rusdilli yazıçı" adlandırılsa da, ilk 5
kitabı Azərbaycan dilində çap olunub. Sonra
bütün əsərlərini rus dilində yazıb. "Fətəli
fəthi" əsərini isə həm rusca, həm də Azərbaycan
dilində qələmə alıb. Əgər Çingiz
müəllim istəsəydi, əsərlərinin
hamısını Azərbaycan dilində yazardı. Yazıçının
əsərlərini rus dilində yazmasının bir neçə
səbəbi vardı: əvvəla, Sovetlər dönəmində
xarici dillərdə çap olunacaq əsərlər
yalnız rus dilindən çevrilməliydi, birbaşa tərcüməyə
yol verilmirdi. Hər halda, başqa çıxış yolu yox
idi. İkincisi, Bakıda çıxan kitablara qarşı
çox ciddi senzura yanaşması, kəskin mövzulara
qoyulan qadağalar Ç.Hüseynova
yaradıcılığını sərbəst çap
etdirməkdə mane olurdu və s.
Qeyd etdiyim kimi,
Çingiz müəllim Moskvada yaşamasına və əsərlərini
rus dilində yazmasına baxmayaraq, doğma ana dilimizi layiqincə
sevən, onun dəyərini bilən ustad
yazıçımızdır. Onunla söhbət edəndə
mənə elə gəlir ki, Azərbaycanın ən ucqar bir
rayonunun ən ucqar kəndində yaşayan müdrik
ağsaqqallarla, köhnə kişilər dediyimiz nurani
insanlarla danışıram. O ağsaqqallar ki, bir
sözüylə qan davası sovuşardı, hər kəlməsi
qanun kimi qəbul olunardı, o ağsaqqallar ki, mərdi namərdin
ayağına, haqqı nahaqqa qurban verməzdilər. Ədalətin
bərqərar olması onların həyat tərzi, yaşamaq
amalı idi. O ağsaqqallar ki, indi onların sıraları
çox seyrəlib, üz tutacağımız, söz deyəcəyimiz
o mötəbər ünvanlar azalıb. Əvəzində
onların yerini tuta bilməyən və buna layiq olmayan yeni
cılız nəsillər peyda olub. Çingiz Hüseynov
qürbətdə biz azərbaycanlıların üz
tutduğu, ümid, pənah yeri, məsləhət
ünvanı saydığı əsl ağsaqqallardandır. Olduqca
sadə, zəhmətkeş, həyatın ağır
sınaqlarından mətanətlə çıxan bir insan,
azərbaycanlı adını layiqli yüksəkliyə
qaldıran yazıçıdır.
Uzun illər boyu
Rusiyanın yazıçılarla bağlı qurumlarında,
redaksiyalarda keçirilən müxtəlif tədbirlərdə,
yığıncaqlarda dəfələrlə
Ç.Hüseynov haqqında xoş sözlər
eşitmişəm, mənim azərbaycanlı olduğumu biləndə
"Çingiz Hüseynovun yerlisidir", - deyiblər. Mən
də həmyerlimin Rusiya ədəbi mühitindəki
uğurlarına və qazandığı böyük hörmətə
ürəkdən sevinmişəm, mötəbər məclislərdə
bu sanballı ədibimizin, görkəmli şəxsiyyətin
adının ehtiramla çəkilməsi məni bir azərbaycanlı
kimi hər zaman qürurlandırıb.
Onilliklər boyu qürbətdə
yaşayıb-yaradarkən öz milli simasını itirməmək,
ana dilinə, soy-kökünə sadiq qalmaq, qəribçiliyin
ağır yükünü dəyanətlə daşımaq
hər kişinin işi deyil. Hər halda, qəribçiliyin
nə olduğunu uzun zaman qürbət eldə yaşayanlar
daha yaxşı bilər:
Mənə
doğmadır sənin
Üzündəki
qırışlar.
Mənə
tanışdır, çoxdan
Sənin
keçdiyin yollar,
O dolaylar,
yoxuşlar
Mənə
tanışdır sənin
Əyilmədən,
sınmadan,
Bu
yolları keçməyin
Qələminin
ucuyla
haqsızlığı
biçməyin
Ədalətsiz
dünyaya,
Necə
sinə gərmisən,
Necə
tab gətirmisən,
Köksün
altda dərd əkib,
Qəm-kədər
bitirmisən.
Yaman
keşməkeşlidir,
Sonu hələ
görünmür,
Sonu yoxdu
yolların,
Millətə
sözü çoxdur,
sənin tək
oğulların.
Gözlərində
görmüşəm,
Yurd
nisgili, həsrəti.
Duymuşam
baxışında
Vətənə
məhəbbəti,
Millətə
məhəbbəti...
Bir müddət əvvəl
eşitdiyimiz bu xəbər bizi dərin təşvişə
saldı: Çingiz Hüseynov İsraildə ürəyindən
ağır əməliyyat keçirib. Çox nigaran
qalmışdıq. Qədirbilən dostları onun yanında
olan qohumlarıyla hər gün əlaqə saxlayır, vəziyyətini
təlaş içində xəbər alırdılar. Hamımız
Tanrıdan Çingiz müəllimə şəfalar diləyirdik.
Görünür, Tanrı dualarımızı qəbul etdi,
səsimizi eşitdi. Çingiz müəllim sağ-salamat
Moskvaya qayıtdı. Yenidən yazı masasının
arxasına keçdi, qələmə sarıldı.
Moskvaya
qayıtdığını eşidən kimi zəng vurdum. Hal-xoşdan
sonra onun haqqında bir yazı yazdığımı dedim. "İlk
cümləmdə sizi qocaman yazıçımız
adlandırmışam" - söylədim. Çingiz müəllim
qocaman sözünü eşidəndə dilləndi: "Bir
atalar sözü var, eşitmisənmi? Deyir, səksən,
doxsan, bir gün varsan, bir gün yoxsan! Bax, bu "bir
gün"ün birincisi səksənə aiddir, o birisi
qalır doxsana..." Deyirəm, Çingiz müəllim,
Allah qoysa, doxsan illiyinizdə qocaman sözünə bir də
baxmalı olacağıq, təki sağlıq olsun. Sizə 60
il əvvəl istehzayla "Çingiz xan Moskvanı fəth
eləməyə gəlib" - deyən o
yazıçının sözləri düz
çıxıb. Öz qələminizlə,
istedadınızla, biliyinizlə, şəxsiyyətinizlə
nəinki Moskvada, bütün dünyada çox ürəkləri
və yüksək kürsüləri fəth eləmisiniz.
Əziz dostum,
böyük yazıçımız Çingiz müəllim!
80 yaşınızı bir daha təbrik edir, Sizə möhkəm
cansağlığı, yaradıcılıqda və şəxsi
həyatda yeni-yeni uğurlar diləyirəm!
Moskva,
aprel-may 2009
Nəsib NƏBİOĞLU
525-ci qəzet.- 2009.- 27 may.- S.7.