"Etiraf"dan doğan düşüncələr

 

Ötən əsrin sonundan başlayaraq dünyada informasiyalı cəmiyyətin formalaşması bədii sözə bütövlükdə bədii sənətə marağın azalmasını şərtləndirən faktor kimi gündəmə gəldi. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan gerçəkliyində bədii söz sənətinin informasiya qarşısında təslim olması, ictimai maraq dairəsində ikinci, üçüncü ... plana keçməsi barədə elmi-nəzəri fikirlər ortaya çıxdı. Həqiqətən , yeni əsrin başlanğıcında özünü göstərən eksessler, informasiya texnologiyasının yaratdığı illüziyalar cəmiyyətdə estetik dəyərlərə qəribə, ədalətsiz bir soyuqluq yaratdı. Böyük sənət sahiblərinin bir çoxu sanki müddəti məlum olmayan məzuniyyətə çıxdı bədii söz sənətində bir boşluq, sakit mövsüm özünü göstərdi. Milli-mənəvi dəyərlərdən tutmuş klassikaya qədər hər şeyə etinasız münasibət görüntüsü yarandı. Amma yaxşı ki, bütün bunlar elə görüntü səviyyəsindəymiş bizim əsl söz ustaları nəinki özləri sakitliyə çəkilmədilər, habelə bədii sözün klassik gücünün həmişəyaşar olduğunu sübut edən əsərlər qoydular ortaya.

Bizi bu ədəbi düşüncələrə gətirib çıxaran yazıçılar sırasında Tahir Kazımovun ayrıca yeri var. Bu yazıçı bədii söz sənətinə həyatın özündən gəlmiş və öz əsərlərini bu həyatın gerçək dünyası üzərində qurmuşdur. Azərbaycan oxucusu onun "Qəfil ezamiyyət", "Əsirlik düşüncələri", "Sənsiz səninlə", "Gecikmiş məktublar", "Biganəymişsən" kimi maraqlı povestlərini, "Qisas", "Taleyin qisməti beləymiş yəqin", "Ürək fəryadı", "Müsibət" və s. kimi romanlarını 60-90-cı illər nəsrimizin hadisələri kimi qarşılamışdır. "Nurlan" nəşriyyatı lap bu yaxınlarda sənətkarın çoxdan oxucu məhəbbəti qazanmış lirik povestlərini çap etmişdir. Bu povestlərin mövzu dünyası, özünəməxsus üslubi keyfiyyətləri, bədii-estetik təsir gücü bir daha sübut edir ki, ustalıqla qələmə alınmış ədəbiyyat sənət aləmində öz yerini və həm də əbədi yerini həmişə olduğu kimi, bu gün də qoruyub saxlayır.

Qeyd etdiyimiz kitabda ədibin iki povesti təqdim olunub. "Etiraf" və "Sənin olmuşdum" adlanan bu povestlərin hər ikisi lirik üslubda yazılmışdır. T.Kazımovun bu povestləri belə bir qəti qənaətə gəlməyə imkan verir ki, bədii əsərin, xüsusilə nəsrin üslub axtarışında onun mövzusu, ideyası və bu ideyanın gerçəkləşdirilməsi yolları üslubu müəyyən edən əsas faktlar kimi qiymətləndirilməlidir. T.Kazımov "Etiraf" və "Sənin olmuşdum" povestlərini nahaqdan lirik üslubda işləməmişdir. Bu povestlərin ikisinin də mərkəzində uğursuz qadın taleyinin bədii araşdırması dayanır. Hər iki povestdə taleyinə Tanrı qarğışı düşmüş qadın obrazı var. Həm də bu qadınların ikisi də dərdini gizlətməyi bacaran, öz qəmi, kədəri ilə baş-başa qalmaqdan qorxmayan insanlardır. Adətən belə qadınların öz dərdini yalnız bir adama - haçansa sevdiyi, amma bu sevginin uğursuzluğuna bais olan bir adama danışmaq ehtiyacı olur. Və əsərdəki bu qadınlar heç vaxt öz dərdlərini ən yaxın adamlarına - hətta sevdiklərinə belə birbaşa, üzbəüz danışmağı özlərinə sığışdırmırlar. Onların öz dərdini ifadə etməyə və bununla da təsəlli tapmağa bir yolu var: bu dərdləri sevdikləri adama ünvanladıqları məktub yolu ilə. Əlbəttə, dünya ədəbi-bədii təcrübəsində qadın obrazlarının onların öz məktubları ilə açılması yeni hadisə deyil. Təkcə Stefan Sveyqin "Naməlum qadının məktubu" əsərini xatırlamaq kifayətdir. Lakin Tahir Kazımovun təsvir etdiyi qadınların məktubları təkcə onların öz obrazlarını, xarakterlərini açmaqla qalmır, habelə mühiti, dövrü, ətrafındakı adamları, hətta xeyli dərəcədə siyasi, ictimai ab-havanı da meydana qoymağa kömək edir.

Aydın olur ki, insanın bütün intim xarakterini üzə çıxarmaqda ən əlverişli vasitə olan məktub janrı T.Kazımovun bədii sənətində ictimai mühitin də qabarıq şəkildə ifadə edilməsinə bir tapıntı rolunu oynamışdır. Bu məktublarda insanın sevgi dünyası onun mühiti ilə əlaqəli şəkildə qələmə alınır. Və bütün faciələrin baisi isə, əslində bu mühitin - mərkəzində Əfqanıstan, Qarabağ kimi ədalətsiz müharibələrin dayandığı bir mühitin özüdür.

"Etiraf" povesti istər öz arxitektonikası, istərsə də obrazların təsviri baxımından orijinal təsir bağışlayır. Burada hadisəylə bağlı qəribə kolliziyalar, kəskin süjet xətti, üslubi zənginlik, leksik dəqiqlik kimi elementlər oxucunu daim maraq məcrasında saxlayır, qadın taleyinin sonunu izləməyə xüsusi bir ehtiyac doğurur.

"Etiraf"ın mərkəzində dayanan Əsmər çox cavan yaşlarından sevgini, dünyanı dərk edən bir qızdır. Onun bütün xarakteri Qocaya - 70 yaşını haqlamış bir kişiyə ünvanladığı məktubda açılır. Bu qadının məktubu nə qədər intim xarakter daşısa da, burada oxucu üçün ictimai motivlər də çoxdur. Əsmərin lap cavan qız vaxtı ailə qurduğu Samir əvvəlcə başqasına nişanlı olub. Lakin bu qızı sevmədiyini tez anlayıb və Əsmərə məhəbbətində təkid edərək onunla nişanlanıb. Samirin keçmiş nişanlısının bu izdivaca lənətləri bütöv bir insan taleyi uğursuzluq faktına çevirib. Bu yerdə yazıçı ədəbiyyatın ilkin güman yeri olan mifə, mifologiyaya söykənir. Dünya ədəbiyyatında M.Bulqakov, Q.Markes, bizim nəsrdə M.Süleymanlı kimi yazıçıların mifə, folklora müraciət təcrübələri bu üsulun uğurundan danışmağa əsas verdiyi kimi, T.Kazımovun povestlərinin də uğurunu təmin edir.

"Başqalarının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyi Tanrı bağışlamır" prinsipi "Etiraf"ın baş xəttidir. Kökləri qədim miflərdən gələn bu məqamda Əsmərin o qədər də günahı görünmür. Lakin oxucu Əsmərin günahsız olduğu gümanına da gələ bilmir. Bu mifdən gələn faciələr Əsmərin öz məktubundakı dörd lirik hekayənin məzmununu təşkil edir: Birinci hekayədə Əsmərin əri Samir Əfqanıstan döyüşlərində həlak olur, ikinci hekayədə Əsmərin ərə getdiyi Murad toy gecəsi, elə toydaca Qarabağda aldığı yaralardan keçinir, üçüncü hekayədəki Tərlanın Əsmərlə evlənmək ərəfəsində başqa bir qızın ondan hamilə olduğu üzə çıxır, dördüncü hekayədə Əsmərin müdirinin ona məhəbbət təklifi və bu təkliflə bağlı təbəddülatları əsərin ümumi ahəngini müəyyən edir.

Göründüyü kimi, bu hekayələrin fonunda Əfqanıstan, Qarabağ döyüşləri və bu hadisələrdən doğan faciələrin Azərbaycan qadınının həyatındakı izləri geniş ictimai mahiyyət kimi oxucuya təqdim olunur.

Amma bütün bunlarla belə, Əsmərin ömrü boyu sevdiyi Qoca hadisələrin fövqündə dayanır. Əsərdə bu Qocanın adı da xatırlanmır. Amma o məmur - işçi münasibətlərinin, özündən çox cavan bir qızın ona olan anlaşılmaz məhəbbətinə qarşı müdrik davranışı ideal insan xarakterinin kamil nümunəsi kimi maraq doğurur. Əsərdən hiss olunur ki, bu Qoca Əsmərə biganə deyil, lakin o, yaşlı bir insan kimi öz hisslərini cilovlamağı bacarır və bununla da yüksəkdə dayanır. Təsadüfi deyil ki, əslində Əsmər onunla yalnız Qoca öləndən sonra yuxuda görüşüb öz hisslərini bildirir. Elə bu yuxunun özündə də Qoca ucalıq səviyyəsində qalmağı bacarır. Əslində bu, sənətkarın estetik idealıdır: insan hər anda, hər vəziyyətdə, hər yerdə öz ucalığını qorumalıdır. Sənətkar bu Qoca obrazı ilə təmiz dünyaya sahib bir insanın xarakterini yaradıb. Əsmərin yuxusunda da bu Qoca hər tərəfdən ağ dünya ilə əhatə olunub. Bu ağlıq isə paklıq, təmizlik məqamı kimi qəbul olunur.

Tahir Kazımovun nəsrində qeyri-adi adamların həyatı əsas götürülür. "Sənin olmuşdum" povestinin məzmununda da taleyi uğursuz qadının obrazı var. İstər haqqında əvvəl bəhs etdiyimiz "Etiraf" povestində, istərsə də "Sənin olmuşdum"da T.Kazımovun qadınları cəsarətli görünürlər. Lakin bu cəsarət kiməsə rədd cavabı verəndə onlarla birgədirsə, etiraf zamanı bunu ancaq intim məktublarda göstərə bilirlər. "Sənin olmuşdum" povestindəki Aida bu mənada "diribaşdır". Məmura-Turana məhəbbətini açıq bildirməyə çalışır. Ancaq o da yalnız telefonla. Yəni bu "diribaş" Aida da üzbəüz məqamlarda abır-isməti qoruyan bir qız-qadın təsiri bağışlayır.

Aidanın da taleyi uğursuzdur. Bu uğursuzluğun da əsas səbəblərindən biri Qarabağ faciəsinin törətdiyi fəsadlardır. Xoşbəxt ömür sürən bir ailənin başçısı - Aidanın əri Əlabbas da Qarabağ döyüşlərinin qurbanı olur. Belə məqamlarda yazıçının siyasət aləminə müdaxiləsi, sovet ideologiyasının aşkarlıq, demokratiya pərdəsi altında XX əsrin sonunda yaratdığı narahatlıqlar povestə xüsusi zaman koloriti verir və oxucunu bir daha dövrün, mühitin faciələrinə qaytarır.

Bəxtinə qara tale yazılmış Aidanın lap cavan qız vaxtında sevdiyi məmur-Turan bu məhəbbətə heç vaxt müsbət cavab verməyib. Amma onun içində gizli yaşatdığı bu məhəbbət on ildən sonra üzə çıxır. Bu gecikmiş cavab Aidanı - əri Qarabağda həlak olmuş qadını düşünməyə vadar edir. Turanın cavan vaxtı bütün cavabsızlıqlarına,hətta onun məhəbbətini üzdə lağa qoymasına baxmayaraq ağır xəstə günlərində Aidanın ona hər gün baş çəkməsi Turana ümid qığılcımı verir. Sənətkar bu yerdə oxucunu bir az optimist notlara ünvanlayır: Aida, gec də olsa, illərlə ürəyində gizli saxladığı məhəbbətinə qovuşur. Ancaq bu məhəbbətində, bu qovuşmasında Aida xoşbəxtdirmi? Yazıçı bu çətin suala cavabı oxucunun öhdəsinə buraxır. Məsələ burasındadır ki, əsl sənətkar hər şeyi hazır reseptlərlə təqdim etmir. T.Kazımovun nəsri hazır reseptlərdən uzaqdır. Onun "Etiraf" kitabındakı povestlərində yaratdığı obrazlar - Əsmər, Qoca, Aida, Turan düşünməyə çağıran insan xarakterləridir. Müəllif bu xarakterləri birtərəfli - mənfi-müsbət qütbləri ilə deyil, bütün parametrləri ilə, insana xas olan inandırıcı detalları ilə bizə təqdim etmişdir.

Haqqında söhbət açdığımız povestlərin ümumi ruhunda bədii-estetik təsir gücü çox böyükdür. Uğursuz qadın həyatının bütün məqamları, bu məqamların məktub-monoloq şəklində ifadəsi insan hisslərinə, duyğularına güclü təsir edir, insanı şərdən çəkinməyə, xeyirxah olmağa, talelərə biganəlikdən uzaqlaşmağa çağırır.

 

 

Könül NİFTƏLİYEVA

 

525-ci qəzet.- 2009.- 27 may.- S.6.