Elşad Quliyevsiz
1 il
Ötən ilin 27 mayı gözəl yaz günlərindən biri idi. Həmin
səhər televiziya ailəsinə daxil olanların əksəriyyətinin
telefonunda tanınmış
kinorejissor Cəmil Quliyevin həyəcanlı
səsi eşidildi:
"Elşad Quliyev rəhmətə getdi...".
Azərbaycan Dövlət
Televiziya və Radio Komitəsinin keçmiş sədri, əməkdar
incəsənət xadimi Elşad Quliyev məmləkətimizin
məşhur simalarından, dəyərli şəxsiyyətlərindən
biri idi. Bütün ömrünü televiziya və radionun
inkişafına həsr etmiş bu insan, zənnimcə, əvəzolunmazlar
kateqoriyasına daxildir. O, yüksək mədəniyyətə
malik peşəkar televiziyaçı idi. Ünsiyyətdə
olduğu adamları ilk andan erudisiyası, intellekti, zəngin
dünyagörüşü, saflığı ilə valeh
edirdi. Hamının televiziya vurğunu kimi
tanıdığı Elşad Quliyev öz sevgisini gizlətmir,
"Televiziya mənim məhəbbətimdir" deyirdi, onu əzizləyirdi,
tənqid edirdi, müvəffəqiyyətinə sevinir,
uğursuzluğuna kədərlənirdi.
Azərbaycan
Televiziyasının (AzTV) yaradılmasından 53 il keçir. Bəzən
bu rəqəm adama çox görünmür, amma həmin
dövrün hər ili, hər günü, hər saatı
böyük bir tarixi əks etdirir. Elşad Quliyev Azərbaycan
Televiziyasına 1966-cı ildə tərcüməçi kimi
gəlmişdi. Lakin istedadı və
işgüzarlığı sayəsində cəmi bir il sonra
karyerasında sıçrayış baş verir -
televiziyanın proqram redaksiyasına baş redaktor təyin
olunur. Burada o, plansız fəaliyyət göstərən Azərbaycan
televiziyasının modelini - şəbəkəsini qurur və
televiziya müəyyən rejimlə işləməyə
başlayır. 3 il sonra - 1970-ci ildə - Elşad Quliyev
Teleradio Komitəsində sədrin birinci müavini, 1983-cü
ildən 1990-cı ilə qədər sədr vəzifələrində
çalışır.
Hazırda teleekspertlər
Elşad Quliyevin rəhbərlik etdiyi illəri, bütün
texniki çətinliklərə baxmayaraq, "AzTV-nin
qızıl dövrü" adlandırırlar. Onun
vaxtında AzTV-nin Azərbaycandakı bütün
yaradıcı ittifaqlarla sıx əlaqəsi mövcud idi,
bayağı musiqi, şit zarafatlar efirə yol tapa bilməzdi.
Bir-birindən maraqlı televiziya tamaşaları, Mehdi Məmmədov,
Xudu Məmmədov, Pənah Xəlilov, Anar, Kamal Abdullayev, Vaqif
Səmədoğlu, Fərhad Bədəlbəyli, Ayaz Salayev
kimi sənətkarların hazırladıqları verilişlər,
bayram "mavi işıq"ları, "Dalğa"
proqramı cəmiyyətdə xüsusi rezonans doğurur,
baxımlığı ilə seçilirdi.
E.Quliyev istedada
böyük qiymət verirdi. Əlibaba Məmmədovun təsniflərinin,
Ələkbər Tağıyevin mahnılarının
"naməlum müəllif" imzası altında getməsini
haqsızlıq kimi qiymətləndirən Komitə rəhbəri
Bəstəkarlar İttifaqının sədri Qara Qarayevlə
görüşür. Cavan televiziyaçının məntiqli
dəlillərini dinləyən böyük bəstəkar
onların mahnı müəllifi kimi təqdim olunmasına
razılıq verir.
Mərkəzi
Televiziyanın "Zaman" proqramı ilə yanaşı
Bakıda da "Günün ekranı" informasiya
proqramının hər gün efirə çıxması
AzTV-nin kütləvi informasiya vasitəsi kimi çəkisini
artırır, gənc kadrlar işə cəlb olunur, çoxsaylı
teleaparıcı və telejurnalist ordusu yetişirdi. AzTV-nin Mərkəzi
Televiziya üçün hazırladığı proqram və
verilişlər keyfiyyəti ilə seçilirdi. Təsadüfi
deyildi ki, həmişə sonuncu pillələrdə qalan AzTV
E.Quliyevin vaxtında SSRİ-də 4-cü yerə yüksəlmişdi.
Həmin illərdə televiziya öz başlıca
missiyasını yerinə yetirirdi: cəmiyyətə əsl
mədəniyyət aşılayır, maarifləndirmə
işi aparır, insanları əyləndirirdi.
Elşad Quliyev olduqca
istedadlı, təvazökar, şükran və əlçatan
insan idi. Rus dilində təhsil almasına baxmayaraq, Azərbaycan
dilini mükəmməl bilirdi. Azərbaycan və dünya ədəbiyyatına,
musiqisinə dərindən bələd idi, hekayə, şeir,
sənədli filmlərə ssenari yazırdı, əsərləri
başqa ad altında radioda səslənirdi. Teatrsevər idi: Ələsgər
Ələkbərovdan tutmuş Əli Zeynalova qədər
bütün müqtədir aktyorlarımızı, siyasətçiləri
parodiya edirdi. Onun bu istedadını tələbə
yoldaşları Dövlət Universitetinin filologiya fakültəsində
oxuduqları vaxt görmüşdülər. 1962-ci ildə Azərbaycan
dili müəllimi Zinət Əlizadənin tələbə
teatrında hazırladığı "Hacı Qara"
komediyasında Elşad Quliyev baş rolda
çıxış etmişdi. Ömrünün əsas hissəsini
televiziyada keçirməsinə baxmayaraq, fəaliyyəti həmişə
kadr arxasında qalırdı. Buna görə də sonralar
haqqında film çəkiləndə onun olduğu kadr tapmaq
müşkül işə çevrilmişdi.
1988-1990-cı illərdə
gedən proseslər Vətəninə və Millətinə həddindən
artıq bağlı olan bu şəxsiyyəti
varlığı qədər sevdiyi işindən
ayırdı. Azərbaycan KP MK-nın təzyiqlərinə
baxmayaraq, Azadlıq meydanında baş verənləri
canlı yayımda nümayiş etdirən sədr
televiziyanın binası qarşısında keçirilən
saysız-hesabsız piketlərdən, "yuxarı"dan və
"aşağı"dan verilən ultimatumlardan bezmişdi.
Onun səbri yanvarın 19-da enerji blokunun partladılması ilə
tükənir. "Yuxarılar"ın təkidinə,
kollektivin israrına baxmayaraq, vəzifəsindən istefa verir.
Bununla da Azərbaycan Televiziyasının inkişafına
böyük zərbə vurulur.
1992-ci ildə sevimli
iş yerinə qayıdan Elşad Quliyev görünməmiş
addım atır: AzTV-nin əməkdaşları
"yuxarılar"ın diqtəsi ilə fəaliyyət
göstərdiklərinə görə efirdə xalqdan üzr
istəyirlər. O, üç ay ərzində dövlət
televiziyasının müstəqil yayımçı
missiyasını yerinə yetirməsi üçün əlindən
gələni edir və buna nail olur. Mayın 15-də AXC-nin
hakimiyyətə gəlişi E.Quliyevin növbəti
istefası ilə nəticələnir. Televiziyanın
canlı patriarxı "mavi ekran"la yolverilməz
davranışları kənardan və ürəkağrısı
ilə izləməyə məcbur olur.
Amma E.Quliyevin televiziya fəaliyyəti bununla bitmir. O, ölkədə
ilk özəl telekanalın
yaranmasına başçılıq
edir. BMTİ adlanan bu kanal az bir vaxtda
paytaxt sakinlərinin sevimlisinə və dövlət televiziyası
üçün güclü
rəqibə çevrilir.
Lakin E.Quliyev tezliklə başa düşür ki, televiziyaçının
maraqları televiziyanın
əhəmiyyətini və
missiyasını tamamilə
anlamayan oliqarxın maraqları ilə uyğunlaşmır. Və
o, kənara çəkilir...
Elşad Quliyevlə
söhbət edən hər kəs onun həyatsevərliyinə,
mübarizliyinə və müasirliyinə heyran olurdu. O,
televiziyadan kənarda qaldığı illərdə də
öz məhəbbətindən ayrı düşmədi. Televiziya
haqqında nəzəriyyə kitabı və memuar yazdı,
televiziya tənqidini inkişaf etdirdi, "Nedelya" və
"Şərq" qəzetlərində "Elşad
Quliyevdən televiziya dərsləri" çərçivəsində
layihə-məqalələri dərc olundu, "Azərbaycan"
qəzeti ilə "Bilik" cəmiyyətinin birgə dəyirmi
masalarını keçirdi, hamının susduğu bir
dövrdə telekanallardakı bayağılığa
qarşı səsini ucaltdı, yaranmış vəziyyətdən
çıxış yollarını göstərdi. Vəzifədə
olarkən kadr arxasında qalmış Elşad Quliyev jurnalistlərin,
cəmiyyətin sevimlisinə, əsl ictimai xadimə
çevrildi.
Onun arzuları
böyük idi: Televiziya Akademiyasının yaranması ilə
əlaqədar rəsmi orqanlara müraciət etmişdi,
televiziya ilə bağlı yeni kitabın üzərində
işləyirdi. Elşad Quliyev işıqlı şəxsiyyət
idi. Vətənimizin və millətimizin əldə etdiyi hər
bir nailiyyətə uşaq kimi sevinirdi. Ağır xəstəlikdən
əzab çəkməsinə baxmayaraq, ölümünə
bir neçə gün qalmış "Eurovision-2008"
mahnı müsabiqəsində iştirak edəcək Elnurla
Samirin ifasına qulaq asandan sonra bəstəkar Gövhər Həsənzadəyə
zəng vuraraq onu təbrik etmişdi.
Elşad Quliyevə edilən
haqsız hücumlar onun səhhətinə ağır təsir
göstərdi. Yaxşı ki, 2006-cı ildə AzTV-də
baş verən dəyişiklikdən sonra yeni rəhbərlik
bütün stereotipləri qırdı, patriarxın haqqı
bərpa edildi. Məhz "Azərbaycan Teleradio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif
Alışanovun səyilə Elşad Quliyev televiziyanın 50
illik yubileyi münasibətilə prezident təqaüdünə
layiq görüldü, AzTV-də onun həyat və fəaliyyətinə
həsr olunmuş "Ömrün teleformatı" sənədli
filmi çəkildi və cəmiyyətimizin tanınmış
simaları E.Quliyevin televiziya sahəsində əsl ustad
olduğunu inandırıcı faktlarla sübuta yetirdilər. Onun
həyatı "Haqq nazilər, amma üzülməz"
atalar məsəlinin daha bir təsdiqi oldu.
Biz sizi heç bir vaxt unutmayacağıq, Ustad!
525-ci qəzet.- 2009.- 27 may.- S.7.