Növbədənkənar yazı
VƏ YA HƏR KİTAB SEVİNƏNİNİ TAPIR...
(Əvvəli ötən sayımızda)
Vasif Süleyman,
özünə bənzəyən bir şair olduğuna,
özünü bu şərtlər altında
tapdığına, modaya ayaq uydurmaq üçün "sərbəstin"
sərməstliyinə uymadığına görə məni
sevindirir. Bir-iki uğurlu misal çox kitabda tapmaq olar, söhbət
bir kitab yaxşı şeirdən gedir. Vasifin kitabı belə
bir kitabdır. Şeirlərini oxuduqca onun kimsəni yox,
özünü, öz iç dünyasını, həm də
alışılagələn ənənəvi şeir
biçimlərində yazdığını
görürük. Amma bu ənənəvilik, "heca qəlibi"
ona yeni fikirlər deməkdə əngəl olmur, əksinə
ifadə imkanlarını daha da genişləndirir. Əsil
şeirlər gələcəyin şifrələri ilə
doludur. Zaman şeirdə uyuyur. Uyqu ilə oyanıqlıq
arasındakı zaman şeirin mürgüləyən
anları... Və haçansa bir şairin şeirində
yüz il öncədən unudulmuş zaman o şeir
oxunduğunda yenidən oyanar. Anadolu türkləri demiş,
fazla sözə nə hacət, gəlin fikrimizi
V.Süleymanın kitabından aldığımız örnəklərlə
təsdiqləyək:
Nə
olar, bir çiçək ömrünü çək sən,
Üzən
də çiçəkdi, sən də çiçəksən.
Qalsan
öz-özünə üzüləcəksən
Üzülən
ömrünə toxta, bax, çiçək..
Üzündə
zülmət var, əlində çıraq,
Bir
ömür verilib qismətinə, bax.
Üstü
başdaşıdır, ayağı torpaq,
Ta ondan
yuxarı nə olur, olsun.
Hər şey öz gizli
həyatı ilə sirlidir. Biz qəmimizə daha çox
inanırıq, nəinki sevincimizə. Gələcək bizə
gözəgörünməz işarətləri ilə gəlir:
Ömrü
sonulamaq, seçmək yoxuymuş,
Keyfi istəyəndə
köçmək yoxuymuş,
Bu
ömrün içində heç nə yoxuymuş,
Di gəl,
bu boşluqda yaşa beləcə...
...Ömür
başım üstən adladı keçdi,
Nə ola,
ölüm də çaşa beləcə...
...Bir halal
sevgiydi, yiyəsiz qalıb
məni
qürur yıxır, onu naz yıxır.
...Günah
eyləməyib çəkdim cəfanı,
çəkib
ürəyimi üz demədim ki?
...Bir azca
sevincsən, bir azca kədər,
bir də, Allah
bilir, nəsən bir azca...
...Mən
öz taleyimdən çoxdan keçmişəm
necədi,
səndən də küsəm bir azca.
...Deməyə-deməyə
nəsə deyirsən,
nolar, deyə-deyə
desən bir azca.
...Dünən
yaşadırdı, canı sağ olsun
bu gün
öldürən də həmən sevgidir.
Bəzi fikirlərimi demək
üçün Vasifin kitabı əlimə bəhanə kimi
keçdi. Burada mən fikrimə söykək
üçün ilhamımızın ənənəvi qəlibinə
uyan şərq şairlərindən deyil, yeni nəsillərin
ciddi-cəhdlə təqlid etmək istədikləri qərb
şairlərindən misallar gətirmək istəyirəm. Amerikanın
ünli şairi Eliotun bir fikrini xatırlamaq yerinə
düşərdi: "Yer üzərində bizə məlum
olan ən günahsız aşiq böyük şairdir. O
öz varlığına ötüb keçməsi, sönməsi
mümkün olmayan elə bir ehtiras hopdurur ki! Və bəxtin
dönüm-döngələri, uğurlu-uğursuz həyat
şərtləri o qədər də önəmli deyil,
günbəgün, saatbasaat, necə deyərlər, o şahanə
sevgi vergisini ödəməyindədir. O əngəllər
ki, başqaları üçün geriyə çəkilmək,
məğlubiyyət bəhanəsi olur, əksinə, bu
çətinliklər şairi bir az da bu yöndə inadkar və
məğlubedilməz edir. Başqalarının həzzi
şairin həzzi yanında bir heçdir. Şair dan
üzünü, ya qış meşəsini və ya oynayan
uşaqları seyr edəndə bütün ucalıqların,
yüksəkliklərin sərhədində gizli olan nə
varsa, onun üzünə açılır. Bu eşqin yolunda
nə qorxu, nə qaranlıq, nə əzab, nə də
ölüm onun iradəsinə əngəl ola bilir".
Təcnis ötüb
getmiş zamanın günümüzə dəyib qayıdan əks-sədası
kimi hərdən-hərdən yeni nəsillərin
yaradıcılığında boy göstərir. Belə
çağdaş nümunəlrin ən yadda qalanı Məmməd
İlqarın "Çəkir" təcnisidir. Amma Vasifin
örnək verdiyim təcnisini diqqətlə oxusanız, hələ
xalq şeirinin bu növünün imkanlarının heç
də tükənmədiyini görəcəksiniz:
O mənə
atmışdı qar topasını,
Mən
atdım, dəymədi qar qıza, vallah.
Əlimin
içində qar od kimiydi,
Hələ görməmişdim qar
qıza, vallah.
Kimində
göz olur, məndə dil acdı,
Bu da bir
oyunmuş, adı - dilaçdı.
Ürəyim
birinci sənə dil açdı,
Açmadı
baxışı - qar qıza, vallah.
Kimmiş,
buza oğlan, qara qız deyib,
Qar buxaq,
qar sinə, qar ağız deyib.
Bilmirəm,
kim sənə qara qız deyib,
Vasif bənzədirdi
qarqıza, vallah.
Qulağımızı
qırmaclayan yad kəlmələrdən yan keçib
mübarək dilimizdə belə bir təcnis yaratmaq da
şair ilhamının çoxçalarlı imkanlarından
xəbər verir.
...Laylasını
ata çaldı, göynədi,
Nə
dedisə, ona dedi bu körpə.
Göz
açanda anasını görmədi,
Dil
açanda "ana" dedi bu körpə.
Uşaqlığımız
yaddaşımız və yalnızlığımız vətənimizdir,
başqa sözlə, tənhalıq vətəndir, ana vətən...
...Yanmaya-yanmaya
ürək bilmişəm
Sinənin
altında daş olan yeri...
...Torpağa
su dəysə yaşıllaşandı
Solandı
yanağın yaş olan yeri.
Dəniz sahillə
görüşə bilməyəcəyinə, sahil dənizlə
görüşə biləcəyinə bəlkə də
şübhə edə bilər, şair eşqinin uğur
qazanıb çiçəklənəcəyinə əsla
şübhə etməməlidir. O, mükəmməlliyi və
gözəlliyi görür sevgidə.
...Bu bəxti,
qisməti əyən gözələ,
Bir səhər
başına döyən gözələ.
Ölüncə
"mənimsən" deyən gözələ
Üz-üzə
gələndə Siz deyən gərək...
Dünya niyə belə
qurulub görəsən, sevgilər əldən
çıxanda, əlçatmaz olanda müqəddəsləşir.
Bir zaman uğruna canını vermək istəyən gözəl
səndən üz döndərib gedəndə uğruna
canını vermək istəyirsən. Niyə sevginin gözəgörünməz
ipi qadının əlindədir?! Qadın istədiyi sürəcə
kişi var olur, kişi istədiyi sürəcə
qadını var edə bilmir, sirr hardadır: oturub
başını sındır, cavabsız suallara cavab ara, tapa
bilsən, bu sirrin qarşısında aciz olanlara da söylə.
Sən sevib
neyləyəcəksən
Allahın bədbaxtı
məni...
...Bu nə
bəla idi aldı başımı
mən
axı bu qədər naşı deyildim.
Sənə
yol gəlirdim doğulan gündən,
Üç
günün, beş günün işi deyildi.
...Niyə
istəyirsən, köçəm dünyadan,
Hələki
eşqinlə dinə bilirəm.
O
dünya, bu dünya - fərqi nədir ki,
Ölsəm
də, çatmaram sənə, bilirəm..
Vasif şeirlərini
sözün son ifadə imkanlarını toplayaraq yazır. Bugünkü
Azərbaycanda bəlkə də hər şey var, amma
bütöv şeir qıtlığı danılmazdır. Bu
şeirlərın bir çoxunda bəlkə dişədəyən
bir-iki uğurlu misra da tapa bilərsən, amma onlara sənət
əsəri kimi baxmaq düşüncəsi içinizdən
keçməz. Bir var təndürüst, bir də var şikəst
doğulan körpə. Ana, əlbəttə ki, birincini istəyəcək.
Bütün bunlarda bəlkə sürüşkən
zamanı günahlandırmaq işin ən asan yoludur. Və nə
yazıq ki, dövrün sürüşkənliyi, sabitqədəm
olmaması, hiləsi şeirə də keçib. Toplumu
kütləviləşən bir məmləkətin şeiri
də, yəqin ki, kamillikdən uzaq olmalı, kütləviləşməli
idi. Vasifin şeirlərində qibtə ediləcək bir
tamlıq, bütövlük var. Əlbəttə, bu şeirlərdə
yerinə düşməyən söz və misra
arayışına girsən, tapa bilərsən,
sürtülmüş qafiyələr də yox deyil. Gözəlin
üzündəki hansısa bir
çatışmazlığı Tanrıdan gələn
gözəlliklər kölgələdiyi kimi, Vasifin şeirlərindəki
kamilliyə, bütövlüyə canatım, ilhami ehtiras
yuxarıda dediklərimi görünməz qılır. Yəni
bu şeirləri oxuyarkən onlarda nöqsan axtarmaq
ağlına gəlmir. Şeirin şah damarına
düşüb özünü tapdığından
kitabın əvvəlindən sonuna qədər tutduğunu
buraxmır. Hər sözünün yükü, çəkisi
var. Təkcə sevgi deyil onun şeirlərində nəfəs
alan:
Gündə
neçə dəfə açılan əllər
Yumulan əllərə
cəfadı, bilməz.
Dilənçi
payıyla böyüyən oğul
Vətəndi...
Torpaqdı... Davadı...
Bilməz.
Atanın
sürdüyü səfil bir həyat,
Yıxdığı
bir isti yuvadı, bilməz.
Dilənçi,
bu dəfə keç günahımdan...
Sən nə
dilənçisən, nə yoldan ötən,
Göylər
titrəyəcək indi ahımdan,
Dilənçi
kökünə düşübdü Vətən,
Dilənçi,
bu dəfə keç günahımdan...
Çağımızın
şeiri kütlələrin yüksəlməsi,
insanlaşması, işığa qovuşması
üçün çaba göstərməlidir. Mariya Rilkenin
"Gənc şairə məktublar"ın deyildiyi kimi, sənin
tərəddüdün xoşbəxtliyindir, onu sev, sirrin
açımı ondadır, bilmədiyin sorular bağlı
qapılardır, onların açılacağı zamanı
gözlə.
Dünyada
hamının istəyi yarı,
Bu yarı
istəyi qoruyaq barı.
Sözlərin
başına dolananları
Sözlərin
əlindən almaq günahdı...
Ömrümün
yarısı balalarımın,
Qalan
yarısı da sözün qurbanı...
"Sevgi atılandan
sonra başlayır" ilk kitabının adıdır. SÖZ - ANA kimi, TORPAQ kimi NAMUS yeridir, Vasif Süleymana görə. Belə olmasaydı,
şeirimizin əksər
təmsilçiləri kimi
o da ucunu alıb uzunçuluğa gedərdi. Kitab boyu şeirlərə
göz gəzdirdim, böyük çoxluğu
3-4 bənddən artıq
deyil.
Yazımın bir yerində
"ədəbiyyat da ənənə və varislik üzərində
qurulur, hər ədəbiyyatın gələcəyi onun
keçmişi ilə şərtləşir" demişdim.
Bu mənada, oxuduğunuz yazını yazmağım
üçün bəhanə olan Vasif Süleymanın
"Eşq ol, dərgahında səcdəyə gəlim"
kitabı mənə, su gələn yerdən bir də gəldiyini,
nakam Dilqəm ruhunun yenidən şadlandığını
söyləməyə imkan verdi...
Çanaqqala,
mart-aprel 2009
525-ci qəzet.- 2009.- 27 may.- S.2.