İki sinə, bir ürək...
Bütöv bir şeirdən iki-üç dişə
dəyən misra tapıb, hazırlıqsız oxucuya
sırıyan sözdətənqidçilərin gözlərinə
su vermələri üçün Aydının kitab boyu səpələnmiş
bir-birindən tutumlu deyimlərindən, yeni bənzətmələrindən
örnəklər vermək istəyirəm:
Yalın
əllərini
açdı göyə ağaclar.
Daraqladı
baş ucunda.
Üşüyən ürəyi
çırpındı ovcunda.
Şumal
barmaqlarını
Tuşladı göy üzünə, günəşə,
tumurcuq
gözlərini
qırpdı yarpaq həsrətilə.
Bir
axşam
quşladı
Bakımızın küçələri
Quzey yellərində uçan yarpaqlar
bircə-bircə,
sığırçın-sığırçın,
sərçə-sərçə
qayıtdı
geri.
Budaqlar quş yarpaqladı.
Gözümüz
görə-görə
qış, yarpaqladı.
("Qışda")
"Tüstü yarpaqlayar köhnə bacalar."
(Dənizli
günlərim")
İşıqlandı toz basmış pəncərəsi
bir sirrin
Doğma bir hiss
dan yeri tək yanağını qanatdı...
("Aşıqsayağı")
Bütün qızlar göyçəkləşər,
Üstündən yaz adlayanda...
("Tumurcuqlar")
Tumurcuqlar qara qışdan yaşındı,
Ağacın göz yaddaşıdı
çiçəklər.
"(Yazağzı çiçəklər" )
Evimdə
sevgi qönçələr
Sevgim
boy atar bir qarış..
("Yazağzı")
Baxışlar dup-duru, göylər tər-təmiz
Quşlar çiçəklədi sakit havada.
("Yaz ağzı, dan üzü..."
)
Kirpiyində od bitib,
Arazın yaddaşıdı.
("Araz üstə nar bağı")
Həsrətin
üşüməsin
Qoy onu gülə büküm.
("Qızım Aynura")
Qara
kirpiklərin qalxdı bir anlıq,
Bir
quş qanadında uçdu qaranlıq
("Alagöz sabahlar")
Ay
aşıq, bir ağ işıq çal,
Ordan yaşıl tel götürüm.
("Ay aşıq, ağ işıq çal")
... Sonam uçdu kəklik oldu.
İşim-gücüm təklik olu.
Xəyalımdan
bir qız keçdi,
Ürəyim çiçəklik oldu.
...
Neçə çəpər adlayaydım,
Beş seçib, bir adlayaydım.
Tütünümü odlayaydım,
Gözlərinin qarasında.
("Ay göründü, günəş doğdu")
...
Başımın ucalığı dağlar,
Yaşımın qocalığı dağlar.
Quzeylərin
göynərmi, ola?
Oyur-oyur oynadı ürəyim.
Köhlənlərin oynarmı, ola?
İlğım-ilğım qaynadı qanım.
Bulaqların qaynarmı ola?
Fikrinizdə son verdiyimiz örnəklə "Dədə
Qorqud" misralarını müqayisə etsəniz,
oxuduğunuz əsərlərin önəmini daha yaxşı
hiss edəcəksiniz. Əlimi ürəyimin
üstünə qoyub deyə bilərəm ki, onun oxuculara təqdim
olunan bu kitabında bir çox adlı-sanlı şairlərin
kitablarında dəfələrlə
qarşılaşdığım, əlimi yelləyib
keçdiyim bircə boş şeirə də rast gəlmədim.
Məncə, sənətkarın bundan
böyük xoşbəxtliyi yoxdur. Oxucu
kitabının üstünə əyilərkən orada
arı şanındakı üsküklər kimi boşluqlarla
üzləşirsə, vay o şairin halına.
Elimizdə gözəl bir söz var; demirlər, nə
tez gəldin, deyirlər nə gətirdin... Deyə
bilərlər ki, əlbəttə, hər şairdən,
axtarsan, bir qədər dolu misra tapmaq olar. Amma
Aydının, demək olar ki, bütün şeirlərində
bircə dənə də boş misraya,
sürtülmüş qafiyəyə rast gəlmək
mümkün deyil. Örnək verdiyim misralar
göz qabağındadır. Və bu örnəkləri
mən başımı yorub seçməmişəm, onlar
qarşıma çıxan şeirlərdən
aldığım örnəklərdir:
...
Bir baxış yıxar evimi zülüm-zülüm,
Bir şimşək çaxar başımda
gurul-gurul.
Bir ocaq yaxar içimi korun-korun.
Sevgi
dinər gözlərimdə...
("Dünya gülsün gözlərində")
...
Tanrı qoca dəyirmançı,
zaman üyüdür.
Göy-üst daşı,
Yer-alt daşı,
duman üyüdür.
("Qar yağdı, sevinc yağdı")
Yuxarıda örnək aldığım
misraların təhlilinə dalmağı mən
oxucularımın ixtiyarına buraxıram. "Araz
üstü qayalar" şeirindəki bayatı ovqat,
orijinallığı ilə Araz dərdini təsvir etmək
üçün mükəmməl bədii ovqat kimi diqqəti
cəlb edir:
Kölgəyə səriləsi.
Nar
Arazdan su içib,
Od tutub hər giləsi.
Həsrətimin yaşıdı.
Kirpiyində od tutub,
Arazın yaddaşıdı.
Tərəfkeş
təbliğatın ünlü, adlı-sanlı,
döşü ordenli, qafiyə xatirinə "şeirlərində"
"min-min", "dəmbədəm" və s.
anlamsız sözcükləri sıx-sıx işlədən
dağarcıq şairləri göz önünə gətirin,
şeirlərində bəlkə yeni fikirlərə, yeni
axtarışlara da rast gələcəksiniz, lakin istifadə
etdikləri Tufarqanlının, Vaqifin, Dilqəmin, Ələsgərin,
Vurğunun - yəni Türkün dili deyil. Əsas olan budur,
Ana dilində anamızın dilində yazmaq! Bütün
forma əllaməlikləri də bu dilsizliyi ört-basdır
etmək üçün istifadə edilən ayaqüstü
hiylələrdir, biri yeyir, min biri yox. Aydının
şeirlərindən aldığımız bütün
örnəklər isə şeir dilinin kamilliyi və təkrarsızlığı
ilə seçilir.
Adamlar onu həmişə televiziya əməkdaşı
kimi tanıdılar. Çoxlarından bir
baş uca olmasına baxmayaraq, heç orda da öz dəyərini
layiqincə almadı. Əgər
Aydının ssenariləri əsasında çəkilən
filmlərin adını burda sadalayacaq olsaq, uzun bir siyahı
alınar. Sadəcə, onu Azərbaycan
aşıq sənəti və dastanlarımızla ilgili
çəkilən filmləri, xüsusilə
"Koroğlu" çoxseriyalı sənədli filmini
xatırlamaq yetərli olacaq. Bu filmlərin
əsas özəlliyi qanıpozulmuşların gizli, aşkar
hücumlarına məruz qalan Türk mədəniyyətinə
yerli-yataqlı, elmi əsaslandırılmış bir şəkildə
sahib çıxmaq cəsarətidir. Amma
bunlara da əhəmiyyət verən olmadı. Çünki adı, mükafatı verənlərin
milli kimliyi ilə Aydın Qurbanoğlunun müdafiə etdiyi
ideyalar hər zaman tərs düşdü. O, özü
də bunu fərqindəydi. Fərqində olduğuna görə
də, başını sallayıb işini görən
arı, qarışqa misalı, işini
görür və ətrafında olub bitənləri misralara
düzürdü. "Meşə harayı" şeirində
olduğu kimi...
Barmağının ucuyla yoxladı.
Baltanın ovxarını.
Güldü qarğıdalı dişləri dən-dən,
Qanıxmış qara köpək. İrişdi içindən.
Etnik
kol-koslar ağız-ağıza verib, fürsət
güddülər,
dəyyus-dəyyus güldülər...
İlk kitabı "Kəhkəşan" 1977-ci
ildə işıq üzü gördü. İkinci kitabı 1985-də. Özünə
qalsa, bu kitablar da olmayacaqdı. Aydın ailəsini
şeirlə dolandırmaq fikrində deyildi, redaksiyaların
qapısını döymək də istəmirdi. Çünki qapalı qapılar arxasında
oturanların bir çoxunun kimliyi ona bəlli idi. Çap olunan hər iki kitab isə onun doğrudan da
ciddi bir sənət adamı olduğunu bilən
dostlarının inadı və təhriki ilə gün işığına
çıxdı. Çıxmağına
çıxdı, amma yuxarıda dediyim səbəblərə
görə hətta "Araz üstə nar bağı"
kimi intonasiya, ovqat baxımından bir-birindən gözəl
şeirlərdən ibarət kitab da kimsənin diqqətini cəlb
etmədi. (Amma sonralar Türkiyənin
ünlü şairi Əli Ağbaş hər
görüşümüzdə mənə eyni sözü təkrarlayacaqdı,
könlümə Azərbaycan şeirindən nəsə
oxumaq düşüncə, ilk əl uzatdığım
Aydının "Araz üstə narbağı" kitabı
olur.) Çünki Aydın İbrahimov
(Aydın Qurbanoğlu) adı, olsa-olsa, bir zamanların məşhur
pəhləvanının adını xatırlatmaqdan başqa
kimsəyə bir şey demirdi. Tərəfkeş
tənqidçilərin "at oynatdığı" bir ədəbi
ortamda bənövşə kimi özünə çəkilən
təvazö təmsilçilərinin taleyi hər zaman
dünyasını dəyişəndən sonra gün
işığına çıxır. Özü-öz
taleyini səndən, məndən daha yaxşı görür
belə adamlar, "Şəlalə" şeirində
olduğu kimi.
Min,
milyon sənədir atılırsan,
asılırsan qayadan.
Bir sənə
baxıram, bir...
Yazığım gəlir özümə.
Alqış səndəki dözümə.
Və
son gəlinən qənaət:
...Atmasaydın o ucalıqdan özünü,
Olardın adidən adi dağ çayı.
Ulac
qurdlarından,
hampa öküzlərdən savayı
tamaşana kim çıxardı,
kim danışardı sözünü...
Heç onun "tamaşasına" "ulac
qurdları", "hampa öküzlər" də
çıxmadı. Əslində ədəbi hadisə
kimi dəyərləndirilməli olan bu kitabın haqqında
heç olmasa bir qəzet məqaləsi də
yazılmadı...
Cəmi
iki kitab! Azdımı, çoxdumu? Kiminə
görə az, kiminə görə isə
çoxdur. Hər şey əvvəldən bəlli
olur, lap dünyaya gəldiyimiz gündən. Bir sünbülün boyu kiçik bir buğda dəninə
sığdığı kimi, gələcəkdə
başımıza gələcək olayların hamısı
uşaqlığımızın qədər
çantasında gizlidir. Belə
olmasaydı, bir bu qədər ürəyədamma
olardımı? Adların insan taleyində rolu şəksizdir...
Aydın Qurbanoğlu adı kimi duru və
aydın adamdır. Yüz bədxah onun
yaşanmış həyatında qaranlıq nöqtə
axtarsa belə, cəhdləri qursaqlarında qalar. Gələcək taleyinin kiminsə ürəyə
damması ilə ona verilən "Aydın" adının
dəyərini o, hamıdan yaxşı bilir. Bildiyindən də, yetmiş üç ildir
özü öz adının keşiyində dayanıb və
o adın üstünə toz qonmasına heç zaman imkan
verməyib. "Ay" adı, "Aydın" adı
onunçün bir bu qədər doğma olmalıdır ki,
şeirlərində ən çox gözümüzü
qamaşdıran ay işığıdır, aydınlıq və
saflıqdır. Onun həyatda da, ədəbiyyatda
da qaranlıq işlərlə işi yoxdur. Bu onun həyat fəlsəfəsidir. Bəlkə
buna görə də canı qədər sevdiyi
övladlarına, hətta nəvəsinə də adına yaraşan adlar verdi: Aynur, Ayxan, Tuncay!
Yazı arxasındayam
Aramız beş-on addım.
Təklikdən
qəribsədim,
Ay
Aynurum, Ayxanım.
Adınızı çəkəndə
Ağzım içi bal daddı.
Adımı adlarında
Yaşadan balalarım.
Ömrünüz şirin olsun
Başacan, balalarım.
Bu arzuya hansı insafsız qoşulmazdı ki?!
Amma belə birisi tapıldı.
Adınımı soruşursunuz: Taledir bu kəmfürsətin
adı. Görünür, Tanrı dərgahında peyğəmbərlərdən
sonra gələn şairlərin, öncəgörmələri
baxımından elə bir az da peyğəmbərlərlə
qohumluğu var. İndi oxuyacağınız misralardan da bunu
görəcəksiniz. Və Aydının bu
misraları və bu misradakı öncəgörmələri
heç taleni də qınamağa yer qoymayacaq.
Çünki oxuyacağınız misralardan da görəcəksiniz
ki, otuz ildən sonrakı faciəni ona otuz il
əvvəl pıçıldamışdılar. Yoxsa bu amansız misraları haraya və nəyə
yozmaq olar ki?!
Gözlərin apaydın,
Gözlərin dupduru,
Qumru bulaqlardan içib
aydınlığı.
Gözlərin ay işığıdır,
aynadır, oğlum.
Nə
yanlıc gizlədə bilir,
nə yalan.
Bu
dünyada olub qalan
Nəyim
var
təmizlikdən özgə.
Babasından babama,
atasından atama,
məndən sənə çatası
Al,
ata malındır,
halalındır!
...Yazağzı
qönçələri güldürən
günəşdi gözlərin.
Ayın aydınlığında
bir balaca güləşdi gözlərin.
İllah da gülüşlərin
dümağ noğul dənəsidi
bir ovuc qara kişmişdi.
Böyüyüb böyük adam
olacaqsan,
Bir
gecə yuxuma girmişdi,
Bizə
sevinc gətirib
gəlişin oğlum.
Barışa biləcəksənmi
dünyanın tərs-avand işləriylə?!
Çətin olacaq, işin oğlum,
Gözlərin apaydın
ay işığıdır,
aynadır.
Nə
yanlıc gizlədə bilir,
nə yalan.
"Barışa biləcəksənmi
dünyanın tərs-avand işləriylə?! Çətin olacaq, işin oğlum, Gözlərin
apaydın, ay işığıdır, aynadır. Nə yanlıc gizlədə bilir, nə yalan".
Bütöv misal gətirdiyim şeirin son misralarını
boş-boşuna təkrarlamadım. İçinə səpilən
ədalət toxumu göyərib boy atınca,
"Böyüyüb böyük adam" olunca,
"dünyanın tərs-avanda işləriylə"
barışmayınca, barışa bilməyincə
arzuları ilə imkanları örtüşməyincə,
adından gələn aydınlıqla babasından atasına
gələn qeyrət qanı damarını
dağıdınca bu oğul (Ayxan ) şərə
qızılqırmızı qarşı gələcəkdi
və şərlə xeyirin bərabər olmayan amansız
savaşına qurban gedəcəkdi. Arxasınca şəxsi
acılarını, ağrılarını ayaqları
altına alıb siqaret kötüyü kimi tapdalayan və hər
zaman olduğu kimi vətəni, eli
üçün yanan ata yox, şair ürəyinin
hayqırışı göylərə millənəcəkdi:
Qalx,
oğlum!
Boy
ver bənövşəcə,
şaqqılda ildırımca,
Qamçıla fələkləri!
Püskür yer altından yanar dağım.
Torpağı dağa döndər.
"Gün aydın" göndər
Tuncaya, arkadaşlarına.
Bir dəli
nərə çək,
Qatıl sıralarımıza
Yağmalanıb ulu yurdum
Vətən
dardadı oğlum,
Səbrin
hardadı, Ayxan,
Qalx!... Qurbanın olum.
Bu misralar ənənəvi mərsiyyə sızıltılarından
uzaq, şəxsi kədəri bəşəri kədərə
qovuşdura və bunu çağdaş ritmlərlə
süslüyə bilən yeni dönəmin yeni deyiliş qəlibi
olan kutsal bir hayqırışdır. Aydın,
Allaha pis getməsin, elə bu faciəsi ilə də tale
şairi olduğunu göstərdi. Kənardan alınmaz
qala kimi görünən, fiziki sağlamlığı
görənlərdə qibtə oyandıran, yeməyi-içməyi,
qonaqpərvərliyi ilə diqqət çəkən,
könlünün qapısı kimi, evinin qapısı da Allah
qonağına açıq olan bu adama, şairliyi xaric,
bütün bu saydığım adların hamısı
yapışdırılmışdı. Sanki ona böyük
şair ilhamı verən Allah bütün bunlara görə
ilk öncə ondan, sonra da ona kənardan bu adları
yaxışdıran bizlərdən Aydına bu faciəni
daddırmaqla qisas aldı... Sevincin hərifi olan
Aydın, ulu dədəmiz Füzuli demiş, dönüb
"qəmin hərifi" oldu.
Elə
ki dinirəm, dilimdə bitir
Qocalıq kəlməsi, qardaş, qocaldım.
Yığıb köhnə-köşkül xatirələri
Oldum sirlərimlə sirdaş, qocaldım.
(Mənə ünvanlanmış bu misraları
oxuduqca içim burxulur, Allah, Allah doğurdanmı "hər
zaman, hər işi yerində olan, əsəbin,
qarqaşanın nə olduğunu bilməyən
Aydındırmı bunu yazan? Çarxın
dönsün fələk, gör kimə nə şeirlər
yazdırırsan?) Gözünün ağı-qarası
bircə oğlunu - Ayxanı, Ayxanımızı vaxtsız
itirən (itkinin vaxtlısı, vaxtsızı olmur ki...)
qardaşımızın adına
yaraşmayan etirafı məni də güzgülərə
baxmağa məcbur edir. Gizləmirəm,
Aydını cavan, şax gördükcə ondan bir neçə
yaş cavan olan mən, qocalığı yaxın
buraxmamağa çalışırdım. Aydın
örnəyi vardı axı! İndi isə... Amma
nə yazıq ki, belini qıran oğul dərdi ona
vaxtsız-vədəsiz bu "Qocaldım" etirafını
da yazdırdı.
"Atalar üçəcən deyib" misalı
bəlkə indiki qədər yerinə düşmür. Oxucularıma tanıtmaq istədiyim, Aydın
Qurbanoğlunun üçüncü kitabıdır. Bu kitab hər yönü ilə çəkdiyim
atalar misalını doğruldur. İnşallah onu oxuyub
bunun belə olduğunu oxucular özləri də görəcəklər...
...Rayonda çıxan "Sosializm kəndi" qəzeti
nəzdində "Ədəbiyyat dərnəyi" təşkil
olunmuşdu. Tovuzun çeşidli yerlərindən
onlarla gənc bu dərnəyə ilham, ümid
işığına gələrdi. Amma biz sözü
bir, arzuları bir olan dörd gəncdik... Birlikdə
Tovuzun küçələrində aranı dağa,
dağı arana daşıyar, palçıq ayaqlayardıq.
Bir dəfə necə oldusa, gələcəyə xəyal
qurduğumuz günlərin birində söz arasında dedim:
-
Yaxşı ki, bu dərnək təşkil olundu, hamımız
olmasaq da, içimizdən biri şair olacaq.
Bu yersiz sözüm dostlarımın xoşuna gəlməmişdi.
Yer-yerdən: "Özünü nəzərdə tutur hərif"
dedilər.
Onda hələ əllinci illərin sonu idi, öndə,
qismət olsa, up-uzun xərclənməmiş bütöv bir
ömür vardı. Biz də hələ
19-20 yaşlarında sənətin qürbətində
çabalayan, ədəbiyyatda özünə yer eləməyə
çalışan ilham dəlisi gənclərdik. Bəlkə
elə buna görə də dedim:
- Bir
də, lap özümü nəzərdə tuturam, burada pis nə
var ki, önümüzdə bir görün nə qədər
zaman var, siz sübut edin ki, mənim nəzərdə
tutduğum o şair elə mən yox, sizsiniz.
Aradan
illər keçdi, indi görürəm ki, o vaxt zənnimdə
bir az yanılmışam. O dörd nəfərdən
biri yox, ikisi şair oldu. Birini deməzlər, o birisi isə
sizlərə təqdim etmək istədiyim Aydın Qurbanoğludur...
Məmməd
İSMAYIL
525-ci qəzet.-2009.-9 yanvar.-S.7.