Gündə bir kərpic düşər...: 20 yanvar: əvvəl
və sonra
..."Vətən" kinoteatrının
qabağında bir tanışım - Akademiyanın Şərqşünaslıq
İnstitutunun əməkdaşı rast gəldi.
Görüşüb hal-əhval tutduq. Dedi ki, iş
yoldaşları şair Balaş Azəroğlunun həyat
yoldaşı Mədinə Gülgün vəfat edib. Cənazə
Aktyor evindən götürüləcəkdi. Yazı-pozu
adamı kimi özümə mənəvi borc bilib mərhumla
vidalaşmağa getdim...
Aktyor evinin foyesində rastlaşdığım
tanışlarla görüşdüm. Bunların əksəriyyəti
EA-da və redaksiyalarda çalışan adamlardı. Burada məmurlar
da gözə dəyirdi. Hiss etdim ki, nəyisə
xısın-xısın müzakirə edirdilər. Yox, deyəsən
"müzakirənin" mövzusu mərhum şairə ilə
bağlı deyildi... Zaldan foyeyə çıxan ucaboy
adamı görəndə hər şeyi, daha doğrusu,
ehtiyatlı söhbətin qəhrəmanının kim
olduğunu özümçün müəyyənləşdirdim;
Heydər Əliyevi görən kimi, ələlxüsus, məmurların
çoxu heç nə olmayıbmış kimi və
"heç kəsi" görməyiblərmiş kimi kənara
çəkildilər; bunlar əsasən "SeKa"nın və
26-lar rayonunun üzdən tanıdığım
işçiləri idi... Sanki yanlarından ötüb
keçən şəxs kimsə - onların
tanımadıqları, yad adam idi. Halbuki onların çoxu, yəqin
ki, vaxtilə bu "yad adamla" görüşmək
üçün dəridən-qabıqdan
çıxıblar. Olsun ki, onların bir çoxu elə H.Əliyevin
özünün irəli çəkdiyi adamlardır... Belə
baxanda, elə bu meydan mitinqlərində düz deyirlər ki,
partnomenklaturadakıların çoxu satqın və qorxaq
adamlardır...
H.Əliyev də, deyəsən,
özünü o yerə qoymadı: üzlərini yana
çevirənləri görmürmüş kimi qapıya
sarı yeridi. Üz-üzə gəldik.
Özünü tanımazlığa vurmaq kişilikdən
deyildi... Təbii ki, söhbət mənim onu
tanımağımdan gedir, onun məni yox; o məni
tanımırdı. Biz haradan tanış ola bilərdik ki?..
Mən yazı-pozu adamıyam, itirməyə bir
şeyim yox... İrəli yeriyib salam verdim. Nədənsə,
mənə həmişə elə gəlirdi ki, H.Əliyevin əli
dəmir kimi möhkəmdir. Amma əl tutub görüşəndə
bir qədər təəccübləndim: barmaqları uzun və
yumşaq idi. Pianoçu əlini xatırladırdı. O, diqqətlə
üzümə baxdı.
- Salam... Salam... Sən televiziyada işləmirsən
ki?
- Xeyr... Akademiyada işləyirəm.
- Hansı institutda?
- Fəlsəfə İnstitutunda...
- Fəlsəfə və Hüquq
İnstitutunda?..
O, "düzəliş" verərkən qəfildən
xatırladım ki, axı mən, həqiqətən, həm
də onun ehtimal etdiyi yerdə - TV-də "işləyirəm".
- Heydər müəllim, düz deyirsiz, mən
televiziyada verilişlər də aparıram...
"İdrak", "İlğım", "Məzun və
iş yeri"...
- Xeyli işin var ki...
Bayaqdan üzlərini yana çevirib H.Əliyevi
"görməyənlərin" bir çoxu indi
yavaş-yavaş onu dövrəyə almağa
başladılar. Bu əsnada tənqidçi-publisist X.Q.
yaxınlaşıb müdaxilə etməsəydi, yəqin
ki, dialoq uzanacaqdı; bu adam təngnəfəs halda irəli
yeriyib H.Əliyevlə görüşdü, hal-əhval tutdu.
Hiss etdim ki, onların lap köhnədən şəxsi
tanışlığı var.
- Sənin işlərin necə gedir?
- Yoldaş Əliyev, şəxsi işlərim
heç yadıma düşür ki?..
- Niyə?.. Bəs nədən şikayətlisən?
- Nədən? Sizə deyim də... Yoldaş Əliyev,
bizdə adamlar hələ qalsın bir yana, elə
torpağın da başına oyun açırlar...
H.Əliyev gülümsədi.
- Kimdir o oyunu açanlar?
- Kim olacaq ki?.. Ölkənin rəhbərliyi.
- Hansı rəhbərliyi?
- İndikiləri deyirəm...
- Amma mətbuatda bunun əksini yazırsan?
- Necə yəni?..
Əliyev ciddiləşdi. Paltosunun
yaxasını düymələdi, qəddini düzəldərək
bir qədər gərilmiş səslə dedi:
- Yazırsan ki, köhnə rəhbərliyin
vaxtında torpaqlarımız zərərli gübrələrlə
zəhərlənib... Bizi haqsız tənqid edirsən. Mən
oxuyuram o yazıları. Burdasa ayrı şeylər deyirsən...
Evdə sənin mənə bağışladığın
kitablar var. Orada mənə yazdığın avtoqraflar da
durur. Lazım olsa, o tərifli sözlərini mətbuatda da
çap etdirərəm... Yəqin özün bilirsən ki,
bir dəfə "Aydınlıq" qəzeti bu cür bir
avtoqrafı çap etmişdi...
Ətrafdakılar gülüşdü...
Yaxınlaşanların sayı get-gedə artırdı. Əliyev
bir çoxlarının suallarını atüstü
cavablandırıb çıxışa doğru irəlilədi,
iti addımlarla pillələri endi; sanki harasa tələsirdi.
Yazıçı S.Ə. mənə
yaxınlaşıb az qala pıçıltı ilə dedi:
"Odur ey, bayaqdan arxada dayanan o ucaboy oğlan diqqətlə sənə
göz qoyurdu, indi də Əliyevin arxasınca
düşüb getdi... Deyəsən, o məsələ..."
Mən Xəlil Rzasayaq cavab verdim: "Bəlkə "şəngülümlər"dəndir?"
S.Ə. məni anladı: "Ola bilər... Cavansan, belə
şeylərdə bir az ehtiyatlı ol..."
...Misir yazıçısı Naqib Məhfuzun
Moskvada çap olunmuş əsərlərini oxudum. Məhfuz
Nobel mükafatı almış ilk müsəlman
yazıçıdır... Sırf realist sənətkardır.
"Oğru və itlər", "Yol" romanlarında
klassik rus nasirlərinin təsiri duyulur, əlbəttə,
Şərq koloriti də əlavə olunmaqla.
...Qarışqa özünü çiçəkdən
asıb intihar etdi.
25.02.91.-27.02.91.
Mütaliə etdim. İndi çox dəbdə
olan rus yazıçısı M.Bulqakovu oxumaqla məşğul
oldum. Mosvada çap edilən kitaba yazıçının 3
romanı daxil edilib: "Ağ qvardiya", "Teatral
roman" və "Master və Marqarita". Forma və fabula
cəhətdən maraqlı olsa da, bu əsərlər məni
o qədər də "tərpətmədi". Məncə,
Bulqakov öz əsərlərini "ürəklə"
yox, "ağılla" yazıb...
Bədii əsərdə
yazıçının filosofluq etməsi məni
açmır; fəlsəfə hər bir əsərin mahiyyətində
olmalıdır. Yəqin ki, bu cəhətdən
təkcə L.Tolstoyu "bağışlamaq" olar,
çünki "Hərb və sülh" romanının
sonundakı uzun-uzadı fəlsəfi mühakimələrdə,
dahi yazıçı ən müxtəlif hadisələrlə
bağlı düşüncə və
narahatlığını mətnlə kontekstdə verməyə
müvəffəq olub.
...Sonuncu səhvi ölməyi oldu.
03.03.91.
"Xəzər" jurnalının 4-cü
nömrəsini oxudum. Bu jurnalı mütəmadi oxuyuram,
xoşuma gəlir. Elə orada çalışanların da
çoxu dostlarımdır... Mən Aydının təkidli
xahişi ilə onun öz tərcüməsində "Kərbəla"
romanını (müəllif Bəkir Yıldızdır)
oxudum...
...Mənim üçün ən
maraqlısı bu oldu ki, Ç.Aytmatovun qızı Şirin
öz atasının əsərlərini xoşlamır...
..."Xəzər" ötən
nömrələrdə Berdyayevdən tərcüməmi də
vermişdi və baş redaktor V.Cəbrayılzadənin (indi Bayatlı
təxəllüsü ilə çap olunur) o vaxt
yazdığı qonorarı - 180 manatı (rublu-F.M.) mən,
"Azərnəşr"də təsadüfən
rastlaşdığım X.Rzanın Lefortovo həbsxanasından
qayıtmağı münasibətilə restoranda xərcləmişdim.
(X.Rzanın özünün, habelə, şair M.Ələkbərli
və ədəbiyyatşünas T.Məsimovun iştirakı
ilə). Vaqif yenə də yazı və tərcümələr
istəyir; hər dəfə rast gələndə deyirəm:
"Nəzərimdəsən..." Vaxtım isə çox
azdır... Dərs demək, qəzet, radio-televiziya...
...Nigeriya yazıçısı Amos
Tutuolanın povestlərini oxudum. Tutuola əslində
böyük yazıçı olmaq iddiasında olmayan və
sistemli təhsil görməmiş bir adamdır. İngiliscə
yazır. Əsərlərinin əsasını Nigeriya
folklorundan gələn fantastik süjetlər təşkil
edir. O, bu cəhətdən qismən Aytmatovu və Markesi
xatırladır...
...Danışmayan natiqə daha çox əl
çaldılar.
18.03.91.-28.03.91.
...Azərbaycan Yazıçılar Birliyinin 9-cu
qurultayı oldu. Mən bundan əvvəlki 2 qurultayda da
iştirak etmişəm. (7 və 8-ci qurultaylarda; özü də
rəsmi nümayəndə kimi yox, mətbuat adamı kimi.
İndi isə "azad sənətkar" kimi - öz istəyimlə
gəlmişəm).
...Anarın məruzəsi müəyyən
adamlar arasında mübahisə doğurdu. Amma, məncə, əhatəli,
çağdaş ədəbiyyatımızın mənzərəsini
kifayət qədər geniş təhlil və təsvir edən
məruzə idi...
...Qurultayda partiya və hökumət rəhbərliyindən
yüksək səviyyəli adamlar gözə dəymirdi...
... Əsasən, yaşlı
yazıçıların bir çoxu A.Mütəllibovun
qurultayda iştirak etməməsindən narazı idilər.
Amma tezliklə onların
"qırışığı" açıldı -
siyasi hakimiyyətin, bilərəkdən və ya bilməməkdən
yaratdığı bu aydın duyulan "boşluğu" H.Əliyevin
gözlənilməz gəlişi doldurdu; o, bir ay əvvəlkinə
nisbətən daha qıvraq görünürdü. Əynində
göyümsov, təzə dəbdə tikilmiş kostyum
vardı; onu X.Rza ilə R.Zəka müşayiət edirdi. R.Zəka Filarmoniyanın foyesinə daxil oln kimi ucadan
səsləndi: "Əfəndilər, bugünkü
toplantımızda sayın Heydər bəy də var..."
Şair İ.Tapdıq irəli yeriyib H.Əliyevlə (lap
köhnə tanışlar kimi) görüşdü və
yanındakı qələm adamlarını bir-bir ona təqdim
etdi: "Heydər müəllim, bax, bu, şair
Rübaildir, Gəncədə yaşayır, "asxidə"
müəllimdir. Bu, Ramiq Nağıyevdir, Ramiq Muxtar imzası
ilə yazır, Muxtar atasının adıdır,
naxçıvanlıdır, olsun ki,
tanıyırsınız... Bu cavan oğlan Firuz Mustafayevdir - həm
elmlə məşğul olur, həm də nəsrlə...
Bax, o tərəfdəkiləri yəqin ki, tanıyarsız:
Şamo Arif böyük sənətkarımız Süleyman Rəhimovun
oğludu, onun yanındakı şair Musa Ələkbərli və
nasir xanım İntizardı... Odur, o yandakı da Oqtay Salamzadə...
Qurultay o qədər də "dinc"
keçmədi. Bir neçə əsəbi, coşqun,
iddialı, kəskin çıxışlar da oldu.
Dövrün spesifik ab-havası hər yerdə olduğu kimi
burada da aydın hiss olunurdu...
...Qurultaydan sonra katiblər seçilib: Anarla
birlikdə 14 nəfər. Deyilənə görə,
çoxu "elə-belə" seçilib - yəni
İttifaqdan maaş-zad almayacaqlar... "Maaşlı katiblər",
deyəsən, təkcə V.Əziz və
Ç.Abdullayevdir...
Bəziləri, necə deyərlər,
"müxalifyönlüdür"; məsələn, Y.Səmədoğlu,
V.Cəbrayılzadə, M.İsmayıl, S.Rüstəmxanlı,
A.Məmmədov... Onlardan başqa M.Vəkilov, C.Novruz, F.Qoca,
M.İbrahimbəyov, A.Məsud da katibdir. İnsafanə, yeni
heyətdəkilər, əsasən, demokratik ruhlu
adamlardır...
Narazı qalanlar da oldu. Ərkim çatan bəzi
narazı qələmdaşlarıma zarafatla deyirəm ki, gələn
dəfə katib ştatlarının sayı 5 dəfə
artacaq; belə ki, hamınızın katib olmaq
şansınız var.
...Səhnəni tərk edəndən sonra
aktyorluq məharəti üzə çıxdı.
20.04.91.-22.04.91.
Türkiyə. İğdır. Bakıdan gələn
turist dəstəsinin başçısı mənəm. Qrup
rəssam və musiqiçilərdən ibarətdir. Rəssamların
əksəriyyəti sakit, mədəni, musiqiçilərinsə
çoxu davakar və söyüşkən... İbrahim
Bozyel, İsmayıl Araz, Hüseyn Kəsəmən, Aydın
Dəniz və başqa dostlar bizə daim diqqət yetirir,
qayğımıza qalırlar.
...Bu yerlərdə B.Vahabzadə, Z.Xanlarova və
X.Rza xüsusilə məşhurdur, onların
yaradıcılığına az qala hər kəs bələddir.
İ.Bozyel kimdənsə eşitdiyi xəbəri bizə də
çatdırır: "Ünlü yazar Anar da Türkiyədə".
...Burada Nazim Hikməti heç sevməzlər.
Lakin buna baxmayaraq mən tez-tez onun
yaradıcılığından sitatlar gətirir, şeirlərindən
əzbər deyir, tərcümeyi-halından fraqmentlər
danışıram.
Mən belə anladım ki, məşhur
yazıçı Əziz Nesinin adı da "qara
siyahıdadır". Solçu olduğu üçün
çoxları onu qəbul etmir, sovet ideologiyasının
köləsi sanır.
...İ.Bozyel Ali Sovetin deputatı, ədəbiyyatşünas
Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya
düşüb həlak olduğunu dedi. Kimsə bunu ona
Bakıdan zəng vurub deyib. Mən bu xəbərdən
çox sarsıldım; onların hər ikisi xalq
üçün gərəkli adam idi. Dilarə ilə
tanış, Aydınla dost idim. Aydınla yarım ay qabaq
görüşüb söhbətləşmişdik. Nəsə
ürəyindən şikayət edirdi; amma ürəkdən
yox, ayrı səbəbdən - maşın qəzasından
öldü.
...Qəribədir, Türkiyədə televizorla
dünyanın çox ölkələrinə baxmaq olur.
Axşam A.Dənizin evində çay içə-içə
Moskvanın "Vremya" ("Zaman") proqramına
baxdıq.
Burada dükan-bazarlar ərzaqla, pal-paltarla
doludur. Bu bolluğa baxarkən tez-tez Bakının bomboş
mağazalarını xatırlayıram.
...Doğru danışdığı
üçün öz müsahibindən üzr istədi.
11.05.91.
Həsənlə, Tofiqlə (Xəlilovla),
Nüsrətlə (Kəsəmənli - F.M.) "azi"nin həyətində
yerləşən ofisdə görüşdüm. Nüsrət
zarafatla Türkiyədən nə gətirdiyimi soruşdu, mən
ona özümçün aldığım "Marlboro"
siqaretindən bir neçə qutu verdim.
Türkiyə təəssüratlarımı
yazıb şair İ.Sadığa verdim; söz verdi ki, bu
yaxınlarda "Fəryad" qəzetində çap etdirəcək.
...Alber Kamyunun Moskvada çap olunmuş əsərlərini
aldım. Kamyu mənim bəyəndiyim
yazıçıdır. O, öz obrazlarının həyatına
kənardan yox, "içəridən", özü də
lap qaranlıqdan baxmağı xoşlayır və buna müvəffəq
olur. O, məncə bir qədər Dostoyevskiyə bənzəyir.
...Tarix yaraları sağaldır, amma
ölüləri diriltmir.
06.06.91.
Bu gün adı Ermənistanda və... eləcə
də Azərbaycanda çox məşhur olan bir adam var: Arno
Mkrtçyan. İndi Azərbaycandakı həbsxanalardan birində
saxlanan, hazırda hay-küylü məhkəməsi gedən,
məşhur jurnalist Salatın Əsgərovanın qatili kimi
ittiham olunan Arno Mkrtçyan vaxtilə mənimlə birgə əsgəri
xidmətdə olub. Qəzetlərdə çalışan bir
çox jurnalist dostlarım indi çox məşhur olan bu
qatilin portretinə əlavə cizgilər yazmağımı
xahiş edirlər...
...Jurnalist Salatın Əsgərovanı indi
respublikamızda tanımayan adam çətin tapılar. Amma
çox-çox təəssüflər olsun ki, bu
tanışlıq əsasən onun ölümündən
sonra baş verdi. Daha doğrusu, sağlığında onu təkcə
"Molodyoj Azerbaydjana" qəzetinin oxucuları və 5-10 nəfər
yaxın adamı tanıyırdısa, artıq bu gün
"Salatın" sözünün özü qorxmazlıq
simvolunu çevrilib. Mən Salatının onunla lap yaxın
ünsiyyətdə olan həmkarlarından deyiləm. Vaxtilə
əməkdaşlıq etdiyim "Azərbaycan gəncləri"
qəzeti redaksiyasına yolum düşəndə həmin qəzetlə
eyni mərtəbədə yerləşən digər bir mətbuat
orqanının - "Molodyojka"nın tanış jurnalistlərilə
də hal-əhval tuturam. Arabir beton pillələrin
qovşağında, liftdə, dəhlizdə
rastlaşdığım Salatınla da salamlaşar, ötəri
də olsa, əhvalını soruşardım. Uşaq
kimi qəribə gülüşü, boğuq səslə
danışmağı vardı. Mənim Salatınla olan bu
cür qısa, ötəri salam-kəlam və
yazılarından yadda qalan bəzi kiçik epizodlar istisna
olunmaqla, onun barəsində indi geniş söhbət
açmaq və ya xatirə yazmaq üçün elə bir əsasım
yoxdur.
Dediyim odur ki, mənim söhbətim Salatın
haqqında deyil, lakin həm də Salatın haqqındadır.
Daha doğrusu, Salatının qatili haqqında. Doğrudan da qəribə
təsadüfləri olur bu dünyanın...
Salatını ötəri tanısam da, onun
qatilini nisbətən daha yaxşı tanıyıram. Arno
Mkrtçyan vaxtilə mənimlə eyni polkun eyni rotasında,
lap elə eyni vzvodunda əsgəri xidmətdə olub. Uzaq
Şərqin qvardiya tank polklarının birində
bütöv bir rota yalnız ali təhsilli əsgərlərdən
ibarət idi. Hərəmiz bir respublikadan, bir vilayətdən
gəlmişdik. Rotada rus da vardı, moldavan da, latış da,
gürcü də... Bizimlə üç erməni də xidmət
edirdi: hər üçü Azərbaycandan, Dağlıq Qarabağdan
idi. Üçü də ən çox azərbaycanlı
uşaqlarla oturub-dururdu: Robert Bağıryan, Arno Mkrtçyan
və Rafael Allahverdiyan idi. Hər üçü ixtisasca
pedaqoq idi. Robert tarixçi, Arno fizik, Rafael
riyaziyyatçı...
Erməni əsgərləri arasında ən
hiyləgəri R.Bağıryan idi. Rus dilini təmiz bilir,
komandirlərin ürəyinə yol tapırdı. İşdən,
təlimdən boyun qaçırmağın da çəmini
tapmışdı: tez-tez özünü xəstəliyə
vurub hospitala, sanitariya hissəsinə gedir, günlərlə
müalicə olunurdu. Aravuran, yalançı,
hay-küyçü, yaltaq bir adamdı. Xarakterik erməni xisləti
vardı. Bu cəhətlərə görə Rafael də
ondan geri qalmırdı.
Abovyan adına Yerevan Pedinstitutunun məzunu, əslən
Dağlıq Qarabağdan olan fizika müəllimi Arno
Mkrtçyan həmin "erməni dəstəsinin" ən
fağır, ən üzüyola üzvü idi. Arabir xəlvətə
salıb R.Bağıryan ona "dərs" verər, öz
hiylə və məkr praktikasından müəyyən
şeyləri öyrədərdi. Rotadakı azərbaycanlı
əsgərlərin onlara göz qoyduğunu hiss edən
A.Mkrtçyan öz-özünə xoflanıb dostunun sirrini
açardı. "Ara, buna baxın, bu Bağıryanı
deyirəm, görün mənə nə öyrədir? Deyir
ki, azərbaycanlılara çox bel bağlama. Deyirəm niyə,
onlar bizə dostdur..."
Arno azdanışan bir adamdı. Zarafatla deyərdik
ki, familiyasında səsli (sait) hərf olmadığına
görə (Mkrtç) özünün də səsi
çıxmır.
Bəlkə də onun ürəyində elə
o vaxtdan və ya ondan da əvvəl - lap uşaqlıqdan Azərbaycana
və azərbaycanlılara qarşı nifrət toxumu göyərməyə
başlayıbmış. Deyə bilmərəm. Amma bir epizodu
xatırlatmaq istəyirəm. Bizi tez-tez təlimə
aparır, avtomatdan duran və qaçan hədəflərə
atəş açdırırdılar. Arno Mkrtçyanın
atəşi hər dəfə boşa
çıxırdı. O, avtomatla davranmağı, silah
tutmağı bacarmırdı.
...Aradan keçən illər ərzində
A.Mkrtçyan özünün bütün "səhvləri"ni
düzəldib. Mərkəzi və respublika
televiziyası ilə göstərilən süjetlərdə
yenidən "görüşdüyüm" keçmiş
tankçı, fizika müəllimi sən demə, bu illər
ərzində öz "biliyini" xeyli təkmilləşdirmiş,
nəinki silahdan hədəfə atəş
açmağı öyrənmiş, hətta insan ovuna
çıxmağa başlamışdı.
Bağıryan kimi "müəllimlərin" əməyi
puç olmamış, Mkrtçyan kimiləri qatı millətçilik
mikrobu ilə yoluxmuşdu.
.. Gözümün önündə əliqələmli
zərif, istedadlı jurnalist qız və vaxtilə əli
silaha yatmayan, lakin müəyyən vaxtdan sonra öz həyatını
silahsız təsəvvür etməyən cani - qorxunc qatil canlanır.
Mən ekrandan baxan tanış sifətdən cinayətkarlığın
anatomiyasını oxudum. Bir daha əmin oldum ki, ağır
xroniki-patoloji xəstəliyə mübtəla olmuş
xalqın müalicəsi asanlıqla başa gəlməyəcək...
Və bir daha əmin oldum ki, yer üzündə
heç bir cinayət cəzasız qalmır.
Bu gün A.Mkrtçyanın məhkəməsi
gedir. Erməni mətbuatı onu milli qəhrəman kimi qələmə
verməyə çalışır. Əslində isə o,
cinayətkardır...
..."Mir filosofii"ni nəzərdən
keçirdim...
Qəbiristanlıqda elan: "Xoş gəlmişsiniz!"
13.12.91.
...Yeni il yaxınlaşsa da, adamları sevindirəcək
bir şey yox...
...Bulqakovun "İt ürəyi" povestini
"Azərbaycan" jurnalında oxudum. Tərcüməçi
mənim köhnə dostum R.Duyğundur. Uğurlu tərcümədir...
Amma Bulqakov soyuqdur, bütün maraqlı improvizə və
fantaziyasına baxmayaraq...
...E.Baxış "Səs" qəzetinin 1-ci
səhifəsində Qorbaçov və Əliyevin kollaj-montaj
olunmuş şəklini verib: Qorbaçov başını
aşağı əyib, Əliyev gözündə eynək qəzet
oxuyur. Şəklin altında bir "beyt" yazı:
Bilmək olmaz bu dünyanın işini,
Kiminin əvvəli, kiminin sonu...
..."Fəlsəfi fikir tarixindən
yarpaqlar" başlığı altında silsilə
yazılar üzərində işləyirəm. Artıq 10-a
yaxın məqaləm mətbuatda çap olunub.
"İstoriya antiçnosti"ni oxuyuram.
...Artıq get-gedə tirajı, dövriyyəsi
və həcmi öləziyən "Azərbaycan Gəncləri"
qəzetindəki rubrikama ("Həftənin mozaikası")
hələ də yazmaqdayam...
...Günəbaxan - bitki aləminin
yaltağı.
(Ardı var)
Firuz Mustafa
525-ci qəzet.- 2009.- 9 yanvar.- S.4.