Oyatmaq növbəsi

 

Bizlər elə əvvəldən yatağan olmuşuq.

Qorqud Dədə gileylənirdi ki, Oğuz bəyləri yatanda günlərlə yatırdılar.

Amma yatmaq da var, yatmaq da.

Oğuz bəyləri o uzun yuxudan duranda şücaətlər göstərməyə hazır olardılar.

Bizlərisə sonralar qəflət yuxularına alışdırdılar.

Yuxudan oyanandan sonra təzədən uyumağa, növbəti dəfə ayılandan sonra yenidən xumarlanmağa adətkərdə etdilər.

Camaat başladı əsnəyə-əsnəyə gəzməyə.

Əsnək əsnək gətirdikcə lətlik basdı bizi, o yuxuyla bu yuxunun arasında da röyalarımızı bir-birimizə danışmaqla muşqulat etdik, yuxularımızı yozub yekə-yekə kitablara döndərməklə şelləndik.

Oyaqlar keçdi irəliyə, gendən onların ardınca mürgüləyə-mürgüləyə istehza da etdik ki, bu həriflər çaşıblar, çıxacaqlarını bilmirlər.

   

                                                                        ***

 

   Əlbəttə ki, bu, Allahın işidir.

Bütöv bir millətin yuxudan oyanmasının ilk səbəbkarı 10 yaşlı bir qız uşağı oldu.

811-ci ildə İrandan gəlib Azərbaycanda ticarət edən Mirzə Məhəmməd Tağı Nuxada evlənmişdi, 1 il sonra oğlu da dünyaya gəlmişdi.

Lakin o, arvadı Nanə xanımı, körpəsi Fətəlini də götürərək tezliklə Təbriz axınlığındakı Xamnə qəsəbəsinə, birinci zövcəsinin və oradakı uşaqlarının yanına dönür.

Nanə xanımsa qəlbinə nə qədər zor etsə də, günü olmağa dördcə il tab gətirir   ərinə yalvararaq Nuxaya, əmisi axund Hacı Ələsgərin himayəsinə qayıtmağa izn istəyir.

Mirzə Məhəmməd Tağı isə oğlunun Xamnədə qalması şərti ilə talaq verməyə razılaşır.

Bu əhvalat baş verir 1816-cı ildə.

Balaca Fətəli yatırmış.

Evdəkilərin hamısı - külfət də, nökərlər də xısın-xısın danışır, ehtiyatlı tərpənirlərmiş ki, uşaq yuxudan oyanmasın.

Bir səhər çağı Nanə xanım balasından biryolluq ayrılmaqçün yır-yığışını edib evdən çıxanda Fətəlinin 10 yaşlı ögey bacısı atılır qardaşının yataq otağına: "Nə yatmısan, dur ayağa, indicə anan gedir, sonra həmişəlik onun üzünə həsrət qalarsan", - deyir.

Nisə xanımı Qafqaza mal aparan dəvə karvanıyla yola salırlarmış.

Balaca Fətəli ağlaya-ağlaya yüyürür küçəyə, qucaqlayır dəvəyə minməkdə olan anasının ayaqlarını.

Fətəlinin yanıqlı fəryadı, ürək parçalayan hönkürtüləri, mütəəssir olmuş qonşuların təvəqqeləri atanı rəhmə gətirir, bir yandan da bu minvalla uşağın çığırmaqdan ürəyinin partlayacağından ehtiyat edərək balanın anadan ayrılmamasına icazə verir.

10 yaşlı o qız 5 yaşlı həmin oğlanı oyatmasaydı, bu uşaq o mühitdə böyüyüb bir tacir, bir molla, daha kim, daha nəçi ola bilərdi.

Fitrətən istedadlı yarandığından, Xamnədə qalıb alış-veriş, ya dindarlıq ardınca getsəydi, yəqin tacirin də, mollanın da fərlisindən olardı.

Bəlkə də yox - elə adicə bir kənd adamı, əkinçi, biçinçi olaraq qalacaqdı. Axı bu vaqeədən bircə il sonra atası vəfat edəcək və ailə başsız qalacaq.

Amma bu uşaq o səhər oyanmaya bilməzdi.

Çünki bu uşaq dünyaya başqa təyinatla gəlmişdi.

10 yaşlı bacısının oyadaraq tamam ayrı bir mühitə getməsinin yolunu açdığı 5 yaşlı oğlanın alnına bu oyatmaq yaxşılığının əvəzini çıxmaq yazılmışdı.

O 5 yaşlı oğlan sabah bütün milləti OYATMAQ üçün bu şirin sübh yuxusundan mütləq oyanmalı, mütləq doğulduğu şəhərə qayıtmalıydı.

Allahın hökmü bu idi, Tarixin qərarı bu idi, Millətin Taleyi belə cızılmışdı.

Bu uşaq sabahın dahisi, çox-çox illər sonra özünə elə SABAH ADAMI, SƏHƏRƏ MƏNSUB OLAN - SƏBUHİ təxəllüsü götürəcək Mirzə Fətəli Axundzadə idi.

(Mirzə Fətəli rusca, fransızca sənədləri və əsərlərində soyadını "Axundov", azərbaycanca, farsca, ərəbcə yazılarında "Axundzadə" kimi yazıb. Gərək o yazı sahmanına bu gün də riayət edilə.

Millətinin sabahının, bizim indimizin və gələcəyimizin aydın səhərlərinin təməlini qoyan, yeni düşüncəmizin ilk böyük memarlarından olan Mirzə Fətəli!

   

                                                                ***

 

 Bu hadisəni Mirzə Fətəli həyat yoldaşı Tubu xanıma, qızı Nisa xanıma nağıl eləyibmiş. Onlar da Mirzə Fətəlinin qız nəvələrinə söyləyiblərmiş.

Mirzə Fətəli həmişə bacılarını bir də görməyi arzulayırmış və ona bu vüsal qismət olur - 1848-də illər ayrılığından sonra İrana yenidən güzarı düşür.

Nəsrəddin şahın taxta oturması münasibətilə çar hökuməti İrana təbrik üçün heyət göndərir.

Elçi dəstəsinin başçısı general-leytenent Şellingin tərcüməçisi Mirzə Fətəli imiş.

Mirzə Fətəli məmur idi, razılıq verilməmiş qırağa addım atması yasaq idi və o, tədbirlər yekunlaşanda öz rəhbərliyinə də, İran tərəfə də müraciət edərək əslinin buralardan olduğunu bildirir, Təbrizdə qalan qohumlarıyla görüşməyə icazə istəyir.

Etiraz etmirlər.

Mirzə Fətəli Təbriz ətraflarında bacılarını axtarıb tapır və həyəcanını ömrünün son anınacan unutmadığı həmin görüşdən yadigarlarla qayıdır.

Mirzə Fətəlinin nəvəsi Aliyə xanım xatırlayırdı: "Bacıları onu çox yaxşı qəbul eləyirlər və ona öz incə, bədii əl işlərini hədiyyə verirlər.

Mirzə Fətəlinin bacılarının sovqat etdikləri örtüklərdən biri Mirzə Fətəli xəstə olarkən onun çarpayısının yanındakı mizin üstünə salınıbmış. Mirzə Fətəli yataqda uzanıb yazı yazarkən bu örtüyün üzərinə mürəkkəb damlaları düşür. Bunun üstündə səliqəli arvadı onu çox məzəmmət edir.

Amma Tubu xanım ərinin ölümündən sonra bunu tez-tez xatırlayar və həmin mürəkkəb ləkəsini örtükdən təmizləməzdi".

Həmin örtüyü mən hər gün görürəm.

Hərdən götürüb nəvazişlə sığallayıram.

Nizami muzeyində Mirzə Fətəlidən qalan əşyalardan onun mənzilinin guşələrini canlandıran iki balaca otaq düzəltmişəm.

Həmin tikmə-işləmə örtük də oradadır.

Mirzə Fətəlidən, Tubu xanımdan sonra Allah bilir neçə dəfə yuyulub, ləkələr də haçandır solub itib.

O ləkələr Tubu xanım üçün əziz idi.

Onunçün bu qara mürəkkəb ləkələri ləkə deyildi, sevimli ərinin, sirdaşının, ömür dostunun parlaqdan parlaq izi idi.

Amma başqa ləkələr var ki, onları nə illər, nə sellər-sular yuyub apara bilər.

Uğrunda zəkasını, ürəyini çıraq elədiyi, varlığını fəda etməyə hazır olduğu həmvətənlərinin ona qarşı sayğısızlığının, qəddarlığının ləkəsi.

O ləkə həmişə bizimlə qalacaq!

   

                                                                  ***

 

"Mirzə Azərbaycan mühitində, Azərbaycan cəmiyyəti içində yaşarkən fikrən o mühitdən tamamilə uzaqlaşmışdı. Ruhən və fikrən onun yaşadığı mühit, sevdiyi aləm büsbütün başqa idi. O, xalqını bir fransız kimi düşündürmək, yaşatmaq və məmləkətini Fransa kimi görmək istəyirdi. O bir qartal kimi yüksələrək mühitə və cəmiyyətə çox ucadan baxırdı. O mühit və cəmiyyət onun ruhuna sönük və dar gəlirdi. Mirzə Fətəli o kirli, o qaranlıq mühit çirkabları içində çırpınan insanlara acıyır, onlara qurtuluş yolu arayırdı".

1924-cü ildə Abdulla Şaiq Mirzə Fətəlinin əkdiyi toxumların bir çox bəhrələrini görürkən belə yazırdı.

Amma nə dərəcədə haqlı idi Mirzə Fətəli?

Şərq varkən, dünyaya şərqli kimi gəlmişkən bizim bir qərbliyə bənzəməyimizdə, Mirzə Fətəlinin öz xalqını Asiyadan Avropaya doğru yönəltməsində nə məna vardı?

Öz müsəlman və Şərq yuxumuzdan Mirzə Fətəlinin təkidi və onun yaratdığı dalğanın təsiriylə oyanmasaydıq, sırf şərqli, müsəlman olaraq qalacaqdıq.

Oyandıq, şərqli qala-qala, müsəlman qala-qala həm də qərbli olduq, həm də Avropa və dünya mədəniyyətinin üstün cəhətlərinə yiyələndik.

Cılxa özümüz olaraq qalmaq yaxşı idi, yoxsa çevrilib belə olmaq?

Dünyanın yolu, tarixin gedişi, indimiz göstərir ki, belə olmalıymış, gec-tez dünya üzünü bu tərəfə çevirəcəkmiş, erkən oyanıb bu yolu daha ertədən tutanlar qabağa düşdülər.

Bütün bunlar baş verəndən sonra bunun məqbul olduğunu təsdiqləməyə nə var!

Amma bunları irəlicədən, heç kəsin yatanda yuxusuna girmədiyi çağda təsəvvür etmək və görmək peyğəmbərlikdir.

Mühitinin səni daş-kəsəklə, qınaqla, məzəmmətlə, təhqirlə müşayiət etməsinə baxmayaraq, onları da inadla bu yola sövq etməkçün mübarizə aparmaq isə sadəcə peyğəmbərlik deyil, peyğəmbərlik və qəhrəmanlıqdır.

   

                                                         *** 

 

Hamını yuxudan oyatmaqçünsə Mirzə Fətəlinin yalnız 5 yaşındakı oyanması bəs etməzdi.

Onu dəfə-dəfə oyatmaqdan ötrü qələm göydə çalınırdı.

Yazıqlar olsun o nadanlara ki, yerdə, bizim aramızda oturub elə xam xəyallara qapılırlar ki, guya əllərinə müvəqqəti düşmüş girəvənin hesabına insan taleyini yaza, poza, dəyişə, istədikləri səmtə döndərə bilərlər.

Binəvalar, qələm göydəykən siz kimsiniz!

Bir insanın qələmiylə Azərbaycanın yeni tarixini dəyişmək cizgisini cızan əslində Göydəki Qələm idi.

Mirzə Fətəlinin 17 yaşı vardı.

Himayədarı, atalığı, bəxtin ezam etdiyi mələk və məşhur din alimi olan axund Hacı Ələsgər fərasətiylə qürrələndiyi bu uşağı da gələcəyin sanballı bir ruhanisi görmək istəyindəydi.

Elə bu niyyətlə də özü Həcc ziyarətinə yola düşərkən Fətəlini Gəncəyə, dostu axund Molla Hüseynin yanına aparır ki, gəncin ərəbcəsini bir az mükəmməlləşdirsin.

Ancaq bu onun gümanıydı.

Səfər üstündə axund Hacı Ələsgər Fətəlini Gəncəyə ayrı bir səbəbə görə gətirməliymiş - Fətəli bu şəhərə gəlməliymiş ki, Mirzə Şəfi Vazehlə tanış olsun və Vazeh də onu ən qorxulu və bihuşedici yuxusundan ayıltsın.

Bunlar artıq Mirzə Fətəlinin öz sözləridir: "Bu tarixə qədər mən fars və ərəb dillərini oxumaqdan başqa bir şey bilməyirdim və dünyadan xəbərsizdim. İkinci atamın məqsədi bu idi ki, mən ərəb elmlərini təhsil edib bitirdikdən sonra ruhani silkinə daxil olub mollalıqla həyat keçirəm. Amma başqa bir qəza üz verməsi bu məqsədin pozulmasına səbəb oldu.

Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı. Bu adam cürbəcür elmlərdən başqa çox gözəl nəstəliq yazısı bacarırdı. Mən ikinci atamın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib xəttatlıq məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu hörmətli şəxs məndən soruşdu:

- Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?

Cavab verdim ki:

- Ruhani olmaq istəyirəm.

O dedi:

- Sən dəxi riyakar və şarlatanmı olmaq istəyirsən?

Təəccübləndim və heyrət etdim ki, bu nə sözdür.

Mirzə Şəfi mənim halıma baxaraq dedi:

- Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!

İkinci atamın Həcdən qayıtmasına qədər Mirzə Şəfi bütün ürfani mətləbləri mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı".

   

                                                       ***

O adam mütləq varmış ki, biz ona da minnətdar olmalıyıq.

O adam ki haçansa Mirzə Şəfinin gözünü açıb, onu yuxudan səksəndirib, rəva görməyib ki, bu istedadlı cahıl molla Şəfi olsun.

Gənc yuxudan ayılıb, Mirzə Şəfi olub və oyatmaq borcunu işığını duyduğu şagirdinə qaytarıb.

Molla Fətəli, axund Fətəli yox, Mirzə Fətəliyə çevrilən bu gəncsə yuxudan ayılanda açılmalı gözlərin, oyadılmalı soydaşlarının onlarla deyil, yüzlərlə deyil, minlərlə, on minlərlə olduğunu duyub.

Dərk edib ki, üç-beş şagirdə müəllim olmaqla bu qədər gözü açmaq, belə müdhiş yuxunu dağıtmaq mümkün deyil.

Bu yuxu millətin yuxusudur və milləti yuxudan oyatmaqçün millətə müəllim olmaq gərəkdir.

Və olub!

Çox yazıçılar, şairlər var ki, onlara "insan qəlbinin mühəndisi" söyləyiblər. Tək Mirzə Fətəlidir ki, onu "millətin mühəndisi" adlandırıblar.

Heyran Cəfər Cabbarlının sözləridir: "Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfdə tamam başqa və yeni biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir. Həm də bunları keyfli bir əmrlə demir: köhnə yaşayışın bütün nöqsanlarını, yaramazlığını, yeni gedişin isə bütün faydalarını irəli sürür, anladır, qandırırdı".

   

                                                             ***

 

XIX yüzilliyin başlanğıcında Gəncə elə mərkəz kimiydi və artıq yuxudan oyanmış, bundan da şiddətli oyanışa ilhamlanmış çılğın Mirzə Fətəlinin ziyarətdən qayıdan Hacı Ələsgərin ardınca təzədən Nuxaya qayıtması sanki bir pillə aşağı enmək idi.

Amma doğrusunu yazı yazan, Ən Böyük Oyadan bilirdi.

Bu arada Nuxada rus məktəbi açılır və Şərq dillərini kamilcə mənimsəmiş Mirzə Fətəli axund Hacı Ələsgərdən rus dilini öyrənməkçün bu məktəbə getməyə rüsxət istəyir.

Axund qəlb sındıran deyildi.

Ruscanı öyrənəndən sonra isə Mirzə Fətəlini yeni üfüqlər, yeni fəthlər gözləyirdi.

O, daha əngin bir fəzaya uçuş üçün hazır idi.

Şaiqin söylədiyi qartala çevrilməkçün yeni üfüqlərə baş vurmaq gərək idi.

Ümidi, pənahı, yetərincə gözüaçıq himayədarı axund Hacı Ələsgərə növbəti istəyini - hökumət qulluğunda çalışmaq arzusunu bildirir.

"1834-cü ildə ikinci atam məni Tiflisə apardı və burada sərdar baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfərini mənim üçün köməkçi təyin etsin, ta ki rus dilində biliyim artıb qüvvət tapsın. Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xasiyyətli olan bu əmir ikinci atamın iltimasını fövrən qəbul edib iltifat və mərhəmətlərini mənim haqqımda zahir qıldı ki, onları vəsf etməkdə acizəm".

   

                                                                     ***

 Ömrünün bu kəsiyində hey əlindən tutub onu yüksəldən mələk xislətli insanlarla rastlaşırdı.

 İblislər sonra gələcək.

   

                                                                      ***

 

 "Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər dram və romandır".

 Mirzə Fətəli bu cümləni yazanda onun milləti nə romanın, nə dramın varlığından agah idi.

 Mirzə Fətəlinin milləti qəzəl, qəsidə yazıb oxuyurdu, dastan, qissə dinləyirdi.

 Tamaşa qismindən isə bu əhalinin bələd olduğu yeganə mərasim şəbih idi.

 Və Mirzə Fətəli dramlar yazdı.

 Hər səhnə əsəri bir yuxu kimidir.

 2-3 saat ərzində səhnədə yaşanan bir həyatlıq yuxu.

 Yuxudan oyatmaq istədiyi mühitinə və millətinə Mirzə Fətəli təzə yuxu təklif edirdi.

 Mühit və millət bu oyaqlıq yuxusunu qəbul və həzm etməyə hazır deyildi.

 1859-cu il idi və Tiflisdə Mirzə Fətəli Axundzadənin "Təmsilat"ı işıq üzü görmüşdü.

 Bu, Azərbaycan dramnəvisliyinin - dramaturgiyamızın ilk abidəsi idi.

 Bu kitabdakılar məzhəkələr - komediyalar idi.

 Bəs nədəndir ki, Mirzə Fətəli o kitaba yazdığı müqəddimədə yalnız gülməkdən yox, kədərlənməkdən də bəhs edirdi: "İnsanın təbiətində iki ümdə xüsusiyyət qoyulubdur: biri qəm, biri fərəh. Ağlamaq - əlaməti-qəmdir, gülmək - əlaməti-fərəhdir".

 Çünki bu 6 komediyasının hər birində Mirzə Fətəli gülə-gülə ağlayırdı.

 Millətini güldürə-güldürə qəmləndirmək, düşündürmək, ağıllandırmaq istəyirdi.

 Bu əsərləri yazmaqla millətə milləti göstərmək istəyirdi.

 Bu əsərləri həm də oxumaq olardı.

 Amma Mirzə Fətəli ən əvvəl onları göstərmək üçün yazmışdı.

 Bilirdi ki, qısa müddətə bu xalqı ucdantutma savadlı, yazmağı-oxumağı bacaran etmək müşküldür.

 Amma səhnədən əyani olaraq göstərməklə ən bisavad adama da mətləbi yedirtmək mümkündür.

 Mirzə Fətəlinin pyeslərindən biri - "Hacı Qara" ilk dəfə 1873-cü il mart ayının 9-da Həsən bəy Zərdabinin rəhbərliyi və Nəcəf bəy Vəzirovun yaxından iştirakı ilə tamaşaya qoyulur.

 Bu, Milli teatrımızın doğum günüydü.Mirzə Fətəli o tamaşanı görmür.

 Beş il sonra isə fani dünyaya gözlərini əbədilik yumur.

 Əsərlərindən heç birini Vətən səhnəsində görmədən həyatdan gedir.

 Ömrünün son parçasında, yataq xəstəsi olduğu vaxtlarda ailəsinə yuxularını danışırmış.

 Söyləyirmiş ki, komediyalarının hamısının səhnədə oynanmasını hər gecə əvvəldən-sonacan yuxusunda görür.

   Əslində dövr elə dövr idi ki, bu əsərlərin oynanmasını elə yuxuda görmək mümkün idi.

Allah şahidi Həsən bəy Zərdabinin özüdür: "Bakıda realnı gimnaziyada oxuyan biçarə uşaqların hərəsinin iki cür paltarı vardı. Birisi gimnaziya forması və birisi müsəlman paltarı. Gimnaziya forması heç evə gəlməzdi, həmişə dalanda olardı. Uşaq oxumağa gedən zaman dalanda müsəlman paltarını çıxarıb formanı geyər, gimnaziyadan qayıdanda yenə bu libasını dalanda çıxararaq müsəlman paltarını geyib evə gələrdi. Bakı müsəlmanları nəinki gimnaziyada oxuyanları, hətta bir az adətini dəyişdirənləri müsəlmanlıqdan çıxmış hesab edərdilər. Məsələn, bir kəs çəkməyə oxşayan çust geyəndə də ona o qədər kinayə edərdilər ki, biçarə naəlac qalıb onu çıxarar, ata-baba başmağını geyərdi. Övrət faytona minəndə onu qeyri bir pis ad ilə adlandırardılar. Kişi minəndə onu lotu və qumarbaz adlandırardılar. Sünni-şiə ədavəti bir mərtəbədə idi ki, xaçpərəstləri, hətta bütpərəstləri də onlardan artıq hesab edirdilər. O vaxtda Bakıya gələn sünnilər əhl i-sünni olmaqlarını gizləyirlərdi".

Bu, mərkəz Bakı idi.

Görün indi ucqarlar nə kökdəymiş.

Və Mirzə Fətəli əsərlərini bu adamlar, bu avamlar üçün yazmışdı.

"Mən Tiflisdə qulluq eləyən vaxtda mərhum Mirzə Fətəli öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada 50-yə qədər müsəlman şagirdlər vardı.

Onların 10-15-i axırıncı klaslarda idilər. Bir neçə gün onları yığıb öyrədəndən sonra elamnamələr yazıb payladıq ki, filan günü, filan yerdə müsəlmanlar teatr çıxardacaq. Oynayanlardan hər kəs Bakıda olan qərib-qürəbalardan özlərinə paltar və qeyrə tapdılar. Otaqların bəzəklərini də özümüz qayırdıq, gimnaziya otaqlarının bir böyüyündə teatr çıxartdıq. Oynayanlar çox yaxşı oynadı. Ələlxüsus Əsgər bəy Adıgözəlov Hacı Qaranı.

Bizim Bakıda müsəlman teatrı çıxarmağımızı Tiflis qəzetlərində yazmışdılar. Mərhum Mirzə Fətəli onu oxuyub mənə bir uzun kağız yazmışdı və çox razılıq eləmişdi ki, öz sağlığında onun komediyasını müsəlmanlar öz dilində çıxartdılar və çox heyfsilənmişdi ki, mən ona piş əz vəxt yazmamışam ki, özü də onu gəlib öz gözləri ilə görəydi və bir də yazmışdı ki, onun özünə "Hacı Qara" qeyri komediyalarından artıq xoş gəlir. Rica eləmişdi ki, Tiflisə gələndə ona bir-bir deyim ki, hər kəs öz rolunu necə oynadı.

...Bu tövr ilə ildə 2-3 dəfə müsəlman bayramlarında teatr çıxardıq. Amma neçə il belə teatr çıxartdıq isə də, Bakı müsəlmanlarına teatra gəlməyi öyrədə bilmədik. Çünki o vaxtda onlar gün batandan sonra evdən çölə çıxmağı günah i-kəbirə hesab edirdilər".

Mirzə Fətəlinin yaratdıqlarının, Mirzə Fətəlinin yolunun, Mirzə Fətəlinin doğurduğu ab-havanın qüdrətinə bax ki, evindən çölə çıxmaq istəməyənləri öz içərilərindən çıxardı.

Hamı deməyəni deyəni sevməyənlər çox olur.

Hamıya ağıl öyrətmək, hamıya yolun doğrusunu göstərmək istəyənlərin düşməni bol olur.

Mirzə Fətəlinin sevməyəni də, düşməni də itə tök idi.

Amma düşündüyünü, etməli olduğunu edirdi.

Çünki millətini sevirdi.

Bu qədər qüsurlarını görə-görə hər halda millətini bu sevgiyə layiq bilirdi.

   

                                                                 ***

 

Qoca Mirzə Fətəli öz millətinin saf dilində yazdığı əsərlərini öz ana dilində yuxularında görürmüş.

Amma bir başqa yuxunu da onun davamçılarından Əbdürrəhim bəy Haqverdiyev yaratmışdı ki, həmin uyğu 1911-ci il dekabrın 2-də Mirzə Fətəlinin 100 yaşının bayramı münasibətilə "Nicat" cəmiyyəti xətti ilə Bakıda, Tağıyev teatrının səhnəsində vaqe olmuşdu və ustad səhnədə qəhrəmanlarının arasındaydı.

"Xəyalat" idi o yubiley tamaşasının adı və Hacı Qara da (Həbib bəy Mahmudbəyov), Hətəmxan ağa da (Nəcəf bəy Vəzirov), Dərviş Məstəli şah da (Cahangir Zeynalov), Molla İbrahim Xəlil kimyagər də (Mirzağa Əliyev) o gün Mirzə Fətəliylə (Qulam Şərifzadə) eyni səhnədəydilər. Amma o pyesdə - o yuxuda bir kitabpaylayan da (İmran Qasımov) vardı ki, Mirzənin əsərlərini satarkən qəribə mənzərə ilə üzləşmişdi. Əvvəlcə kitablardan "laməzhəbin əsəridir" deyərək uzaq qaçan müsəlmanlar sonra bir anda tökülüşərək hamısını son nüsxəyəcən almışdılar. Sən demə oxumaq üçün yox. Bir mollanın təhrikiylə o kitabları alıblarmış ki, aparıb yandırsınlar, bir qədərini də aldıqlarından ucuz qiymətə ermənilərə satıblarmış.

Amma bu qəziyyə sarsıtmır Mirzə Fətəlini: "Avam sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, föhş verəcək. Hamısına mütəhəmmil olmalı. Bizdən qabaq da kişilər gəliblər və millət yolunda çalışıblar. Onları nə müsibətlərə düçar ediblər! Öldürüblər, oda atıblar, kitablarını mənim kitablarım kimi odlayıblar. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri bar verib, indi onların qəbirləri ziyarətgah olubdur. Vaxt olar, mənim də toxumlarım bar verər. Mən bəlkə də o günləri görməyim. Amma oğlum, nəvələrim də görsələr, mənə hesabdır. Camaatın avamlığına baxma, mən səpdiyim toxum qabil torpağa səpilib. Mən millətimin gələcəyinə və xoşbəxt günlərinə xatircəməm və o xəyalla da ölüb gedəcəyəm".

Bu kəlmələr Mirzə Fətəlinin dilindən səslənsə də, Əbdürrəhim bəyin düşüncələridir, amma yüzdə-yüz elə Mirzə Fətəli də o cür fikirləşərdi.

   

                                                                   ***

 

Xeyli vaxtdır ki, Mirzə Fətəlinin, Əbdürrəhim bəyin görmədikləri gələcəyin qoynunda yaşayırıq.

Mirzə Fətəli bu gün səhnədə yox kimidir.

Əvvəllər hər teatrımızın səhnəsində daimi yeri olan Mirzə Fətəli məzhəkələrinin qatı, demək olar ki, açılmır.

Məgər Mirzə Fətəlinin sağaltmaq istədiyi mərəzlərin hamısı bitdimi ki, biz millət olaraq Mirzə Fətəlinin arzuladığı səviyyəyə çatdıqmı ki, ona arxa çevirdik?!

Hacı Qara deyirsənsə, o yenə sağdır.

Tamahkarlıq da yerindədir, qaçaqmalçılıq da, həmin köhnə ticarətdə yalnız çit-bez və o qəbil şeylər satılırdısa, indi adamdan üzü o yana hər şeyi alırlar da, satırlar da, alınırlar da, satılırlar da, üstəlik yeri düşəndə Vətəni də, milləti də hərraca qoyurlar.

Misi qızıla çevirən Molla İbahim Xəlilin yerində elə İbrahimlər, elə Xəlillər var ki, o bunların əlinə su tökə bilməzdi, o qəbil kələkbazlara uyan oxumuş ağıldanseyrəklər də nə qədər desən.

Olan-olmazını muncuğa verib gecə-gündüz ailəliklə sapa muncuq düzməklə məşğul olaraq qaz vurub qazan dolduracağına ümid edən sadədillərin, var-yoxunu heç bir məntiqə sığmayan nəhəng faizlər vəd edən saxtakar banklara qoyaraq evsiz-eşiksiz, qara qəpiksiz qalan XX əsrlilərin, XXI əsrlilərin Molla İbrahim Xəlilin sarıdıqlarından nə fərqi!

Ədalət divanında haqq verib haqqı yemək yenə varsa, cibində iki-üç yüksək təhsil, alimlik diplomu gəzdirə-gəzdirə falçıların felinə kitabdan daha artıq inanan başıboşlar yağışdan sonrakı göbələklərdən çoxdursa, nəinki oturduğu vəzifənin, hərdən heç adına olan arvadın da sahibi olmayanlar varsa... deməli, Dərviş Məstəli şah da, mürafiə vəkilləri də, Yusif Sərrac da ayrı qiyafədə, ayrı yöndəmdə, ayrı təqdimatda gərək bu gün yenə səhnələrimizdə, ekranlarımızda, gözümüzün qabağında sayrışsınlar.

Hələ tam ayılmamışıqsa, oyanıb təzədən xorna çəkməyə başlamışıqsa, Mirzə Fətəli ortada olmalıdır.

   

                                                                 ***

1870-ci ildə Mirzə Fətəlinin ömrünün sonuna hələ 8 il qalırdı və özünü qoca saysa da, əslində yaşı heç çox da deyildi. Onu cahil zəmanə qocaltmışdı.

İranın Tiflisdəki sabiq konsulu Əli xan vətəninə dönərkən Mirzə Fətəli ona göndərdiyi məktubda yazırdı: "Mən xalqı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir adamam.

Mənim məqsədim İslam xalqlarını sarsıdan cəhaləti ortadan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şövkətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir.

Öz xəttimlə yazmış olduğum bu məktubumu cırıb tələf etməyin. Sandıqçanızda saxlayın, mən öldükdən sonra məktub sizin əlinizdə əntiqə bir yadigar olacaqdır. Ömrümdən bir şey qalmamışdır, müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm".

Bezməmək və haldan düşməmək imkansız idi.

Həyatının 10 ilini yeni əlifba uğrunda mübarizəyə həsr etdi.

Umduğu nəticəyə yetişə bilmədi.

Pyeslər yazdı.

Səhnələrdə əsərlərinin bol-bol nümayişlərini görə bilmədi.

Ömrünün ən vacib əsərlərindən saydığı, türkcə, farsca, rusca qələmə aldığı "Kəmalüddövlə məktubları"nı üzə çıxarmağa qorxdu, bu əsəri yalnız ən ürək qızdırdığı dostlarına etibar etdi və sağkən nəşrini görməyə müyəssər olmadı.

Xoş söz əvəzinə, minnətdarlıq yerinə millətinin hərbə-zorbaçı gədalarından dirsək gördü, söyüş eşitdi.

Necə küsməyəydi, necə inciməyəydi!..

Bu sətirləri 1874-cü ilin martında məsləkdaşlarından birinə ünvanladığı məktubda yazıb: "Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzu oxu heç bir yerdə nişana dəyməyən və müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn!

Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayın! Barı qoy gələcək nəsil bilsin ki, mən və siz bu xüsusda nə qədər zəhmətlər çəkdik, ancaq səyimiz heç bir nəticə vermədi. Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər. Lakin mənim onlara da ümidim yoxdur, çünki onların özü də bizim müasirimiz olan bu eşşəklərdən əmələ gələcəklər".

Tarix millətin köhnə yuxusudur.

Bir yuxu ki, heç zaman bitmir, vaxtaşırı təkrarlanır.

Təkrarlanır ki, ondan ibrət alsınlar.

Amma heç kəs özxoşuna, başı daşdan-daşa dəyməyincə ibrət almaq istəmir ki, istəmir.

  

                                                               ***

Mirzə Fətəli yazdıqlarının hamısını həyatdan seçirdi. Bu, elə əsərlərinin məzmunundan dərhal görünən, seyr edilən həqiqətdir. Amma son dərəcə gerçəkçi, doğruçu bir yaradıcı olan Mirzə Fətəli əsərlərindəki surətləri də uydurmurdu - onların hər birini elə öz həqiqi adlarıyla, ləqəbləriylə həyatın içərisindən götürürdü.

Onlardan hər biri yaxından-uzaqdan aşina olduğu insanlar idi.

1928-ci ildə Əbdürrəhim bəy Haqverdiyev təsdiqləyirdi ki, Hacı Qaranın nəvələri indi də Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar (kim bilir, bəlkə bu gün də Hacı Qaranın kötükcələri elə Ağcabədidə yenə ömür sürürlər, ya Azərbaycanın hansısa kənd-kəsəyinə sığınmış qaçqınlardır. Yəni bu tarixlər əl çatacaq qədər yovuqdur).

Molla İbrahim Xəlil adlı bir bicbala o çağkı Nuxada həqiqətən varmış, həm çar məmurlarını, həm qara camaatı toruna salıb soymağa nail olubmuş. Və Əbdürrəhim bəy Molla İbrahim Xəlil kimyagərin həvəskar aktyor olan nəvəsi ilə Tiflisdə şəxsən tanış olduğuna şahid dururdu, hələ Mirzə Fətəli anadan olmamışdan Molla Pənah Vaqifin şeirlərində Müsyö Jordana, Hətəmxan ağaya işarələr olduğunu anladırdı.

Yəni hər şey və hər kəs həyatın özündə vardı.

Qeyri-adi olan Mirzə Fətəli, onun istedadı idi ki, hamının hər gün gördüyü hadisələrin, hamının tanıdığı adamların böyründən biganə keçmədi, onların dolanışığını hər kəsə göstərdi, bu yaşayışın və insanların elə cəhətlərini qabartdı və xalqın diqqətini elə nöqtələrə yönəltdi ki, oxuyanlar, baxanlar fikrə daldılar: "Niyə bunları indiyəcən görmürükmüş?"

Təqsirləri də yoxdu.

Hər baxan görməz axı!

Görsə də, Mirzə Fətəli kimi görməz!

İndi gəl Seyid Hüseynlə razılaşma: "Mirzə Fətəli Azərbaycanda deyil, bəlkə bütün türk və İslam aləmində birinci adamdır ki, mənsub olduğu xalq kütləsini yeni həyata doğru çəkmək üçün doğru bir yol intixab etmişdir".

Amma bu doğru yol intixab etmiş, xeyirxah, süfrəsi həmişə qonaq-qara üzünə açıq (12 il Mirzə Fətəlinin aşpazı işləmiş Nəcəf kişi xatırlayırmış ki, bircə dəfə də olsun bu 12 ildə Mirzənin evdə təkcə çörək yemiş olduğunu görmədim), çox zarafatcıl, şux, məzəli əsərlər yazan ali insanın şəxsi həyatı qəmlə doluydu, hüznlü idi.

13 uşağı dünyaya gəlmişdi. Amma onlardan yalnız 2-si salamat qalmışdı. Qalanları elə kiçikkən tələf olmuşdular. Bu ucdan Mirzə Fətəlinin evində mütəmadi yas mərasimləri qurularmış və həyat yoldaşı Tubu xanımın da üzü heç gülməzmiş.

Bir nəcib iş görüb əməyinə qiymət verilməyəndə, yaxşı işləri başqalarının adına çıxanda da ona İlahidən nəsib olan alicənablıqla bunu şişirtməməyi, elə zarafata salıb ötməyi bacarırmış.

Söyləyirlər ki, bir dəfə Qocur yaylaqlarındaykən qəfildən gözü otların arasından sızan suya sataşır. Tez oranı qazdırır, gözəl bir bulaq əmələ gəlir, xərc çəkib bulağın üstünü də götüzdürür və həmin çeşmənin adını dostları "Mirzə Fətəli bulağı" qoyurlar.

Bir müddət sonra yenə dostları həmin yaylağa, həmin bulağa düşəndə mat qalırlar.

Kimsə bulağa Müqəddəs Məryəmin şəklini taxıbmış və Mirzə də gülərək "Hə, daha burda mənlik bir şey qalmadı. Bura oldu "Allah bulağı", - deyir.

Görən o bulaq indi də qaynayırmı, ya çoxdan quruyub gedib?

Amma Mirzə Fətəlinin yaratdığı söz, düşüncə bulağını qurutmaq istəsələr də, suyunu bulandırmağa çalışsalar da, qarğışlar, hədyanlar yağdırsalar da, dansalar da, bu nəhri, bu dəryanı susdurmaq, soldurmaq, söndürmək mümkün olmadı.

Həyatı qüssəli Mirzə Fətəlini də sınmamağa, ruhdan düşməməyə kökləyən, ən dərdli anında da nikbin edən elə sözünün ölməzliyinə qəti inamı idi.

Rəşid bəy Əfəndiyevin Mirzənin dilindən söylədiyi xatirədir: "Dəftərxanadan getdiyim vaxt üstüörtülü dalanın ağzında oturan dükançı Məşədi Qasım məni görən kimi dodaqlarının altında mırtıldamağa başlayır. Sözlərini qana bilmirəm. Amma bilirəm deyir ki, ey fələk, göydəki daşlarını onun başına nə səbəblə yağdırmırsan? Ey yer, yarılıb bu məlunu nə üçün udmursan?"

Mirzə Fətəli düşüncə, fikir inqilabçısı olub.

İnqilaba gedənsə əyninə gərək kəfən geyinsin.

Mirzə Fətəlinin kəfəni ömrü boyu əynindəydi.

Ağıllı adam idi, mütaliəsi çox əhatəli - Qərbli-Şərqli idi.

Kitabxanası əlimin altındadır. Bu müxtəlif dillərdəki bir-birindən dərin kitabların sırası onun təfəkkürünün, biliyinin sərhədlərinə (bəlkə daha dəqiqi - sərhədsizliyinə) ayna tutur.

Əlbəttə ki, Şərqin və Qərbin həm keçmiş, həm də özünə müasir olan ədəbiyyatını, tarixini, sənətini gözəlcə bilən bir insan Cəlalədin Ruminin də, Mövlana Füzulinin də, İslam müqəddəslərinin də yerini, dəyərini, çəkisini bütün möhtəşəmliyi ilə anlayırdı.

Amma bunu da dərk edirdi ki, həmin adlar, həmin dəyərlər yıpranmış qəliblərdir, beyinlərdə rişə atmış, heykəlləşmiş, bütləşmiş ülgülərdir.

Onları sındırmaq olmasa da, ən azı laxlatmaq lazımdır ki, ənənəvi qafalarda heç olmazsa tərəddüdə oxşar bir anlayış yaransın, başqa yolların da, başqa dəyərlərin də varlığını qavramağa həvəs oyansın.

İnqilablar həmişə uçurdur, sökür. Bəzən öz müəlliflərinin, icraçılarının ömrünü də şikar edir, qurbanına çevirir.

İnqilabın təbiəti budur.

Təkamülün yolu isə uzundur.

Mirzə Fətəlisə anlayırdı ki, mübtəla olduqlarından qurtulmaq, təzə üfüqlərə pərvazlanmaqçün millət qəfəslərdən qurtulmalıdır.

Bu isə sındırmadan, dağıtmadan, devirmədən, bu gedişatda bəzən yaxşılığını bildiyini də tapdalayıb keçmədən mümkün olmur.

Təəssüf ki, olmur.

Neyləyəsən ki, inqilabın sifəti budur, təbiəti belədir.

 

                                                                   ***

 Mirzə Fətəli tək qələmini, istedadını, könlünü yox, cəsədini də bu millətə fəda etdi.

 Tiflisdə yaşayırdı, Tiflisdə vəfat etdi, orada da dəfn edildi.

 Tbilisidəki Nəbatat bağında Mirzə Fətəlinin qəbrinin ətrafında bir sıra məşhur azərbaycanlıların qəbirləridir.

 Mirzə Fətəli haqqındakı məşhur "Səbuhi" filminin ssenari müəlliflərindən Ənvər Məmmədxanlı mənə danışırdı ki, bir gün sovet hökumətindən gizlənən atasının Gürcüstanda vəfat etməsi xəbərini alır.

 Elə gecəylə ora yola düşür.

 Atasını nə Azərbaycana gətirə, nə də onun Tiflisin özündə tanış-bilişdən kimlərinsə şahid olacağı dəfnini keçirə bilərdi.

 Elə axşam qaranlığında atası Qaffar kişini Mirzə Fətəlinin məzarının ayaq tərəfində torpağa tapşırır.

 Nə bir yazı, nə baş ağacı.

 Əlamət elə Mirzə Fətəlinin məzarı olur.

 O ümidlə ki, haçansa siyasətlər dəyişəndə atasını harada arayacağını unutmasın.

 Amma Qaffar kişiyəcən də necə millət fədaisinə Mirzə Fətəlinin məzarı hayan olmuşdu.

 Bunu isə mənə Cümhuriyyət dönəmindəki ilk əmək nazirimiz Əhməd bəy Pepinovun qızı Sevda xanım söyləyirdi ki, 1920-ci ilin iyulunda Tiflisdə qətlə yetirilən babası Həsən bəy Ağayev də, ondan bir ay öncə kürəyindən güllələnmiş Fətəli xan Xoyski də Mirzə Fətəli məzarının həndəvərində basdırılmışdılar.

 Diriliyində millətinə faydalar vermiş, həyatda olmadığı günlərdə də o xeyirxahlıqlarını davam etdirmiş Mirzə Fətəli quruca məzarı ilə də xalqına yararlı olmuşdu, dəyərli Vətən balalarının ruhlarının, cəsədlərinin pənah yerinə çevrilmişdi.

 Zaman dəyişib.

 İndi həmin məzarların üstündə o vətənpərvərlərin adları da həkk edilib, büstləri də ucalır.

 Və Mirzə Fətəli də qoruya bildiyi nəvələri ilə yanaşıdır...

    

                                                                   ***

 Amma onun özünə qurbanı, şəhidi olduğu həmvətənləri torpağı da çox görmüşdülər.

 1878-ci il fevralın 28-də diri ömrünün son saatlarını yaşayırmış və axır nəfəsində son nəcibliyini edir.

 Qızı xatırlayırmış bunu.

 Ürəyi şişibmiş Mirzənin (şişməyəydi, neyləyəydi)!

 Adətən onu həkim Markozov müayinə və müalicə edərmiş.

 Axırıncı gecə halının pisləşdiyini görüncə doktoru dəvət edirlər.

 Öz içərisindəkini, necə ümidsiz vəziyyətdə olduğunu hər halda Mirzə Fətəli hər kəsdən yaxşı hiss edirdi, həkimin də tərpənişindən, üzünün-gözünün ifadəsindən tutur ki, artıq sondur.

 Dili batmazdan, heyi tamam kəsilməzdən öncə arvadını çağırır, güclə eşidilən səsiylə zarıyır: "Bu dəqiqə doktorun haqqını verin, mən keçinəndən sonra baş qarışıq olar, yaddan çıxar". 

 

                                                                     ***

 Mirzə Fətəli son yuxusuna getmişdi və cənazəsi qalmışdı ortada.

 Arvadı, oğlu, qızından savayı yaxın duran yox idi.

 Qohum-əqrəba da qaçıb gizlənmişdi.

 Fitva belə idi.

 Onun ölüsündən də intiqam alırdılar.

 Mirzə Fətəlinin vəfatı xəbərini şeyx ül-islam Molla Əhmədə xəbər verəndə o: "Tanıyırdım, söhbətlərimiz də, mübahisələrimiz də olub. Mən onun namazını qılmaqdan imtina edirəm", - demişdi.

 Bu, digər mollalara da işarə idi ki, yaxın durmayın.

 Ailəsi məcbur olub 4 hambal çağırır.

 ...Müsəlman hamballar da boyun qaçırırlar.

 4 kazak gəlir.

 Hərəsinə 3 manat pul verirlər və kazak hamballar tabutu çiyinlərinə alaraq qəbiristanlığa yollanırlar.

 Ardınca bağırırlar: "Aparın dərin basdırın ki, bir daha çıxa bilməsin".

   

                                                                 ***

 Mənim millətim bütün zamanlar boyu millətimin iftixarı olmalı dahi övladından belə ayrılırdı.

 Onu son mənzilə belə ləyaqətsiz yola salırdı.

   

                                                                 ***

 Bunu bağışlamaq olmaz.

 Bu xəcalətin yükü çox ağırdır.

   

                                                                 ***

   

 "Molla İbrahim Xəlil kimyagər"də Mirzə Fətəlinin şair Nurusu, bir növ, elə o özü idi.

 Başqalarına düz yol göstərəndə, ağıl verəndə ona irad tuturlar ki, axı sən özün də xoşgüzəran deyilsən, qışda tapanda, yazda tapmırsan, yazda tapanda, qışda tapmırsan. Sənin sözünlə isə gərək hünərin, şeir deməyin bir iksir olaydı.

 Şair Nuru (əslində elə Mirzə Fətəlinin özü) pərişan-pərişan cavab verir ki, mənim hünərim həqiqətən iksirdir, amma qanan üçün, zövq əhli üçün, mərifəti, kamalı olanlar üçün: "Mənim bəxtimdən həmşəhərlilərim ki sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq?!"

   

                                                                  ***

 Bu gün başda istiqlalımız, respublika quruluşumuş, çağdaşlığımız olmaqla müasir, yüksələn bir millət kimi qazandığımız hər nə varsa, hamısında Mirzə Fətəlinin halal payı danılmazdır.

 O olmasaydı, bunlar indi olmazdı.

 Mirzə Fətəli azı bir əsr irəli atdı milləti.

 Bu haqqı-sayı unutmaq nankorluq olardı.

 1911-ci ildə "Molla Nəsrəddin" dərgisinin üz qabığında Mirzə Fətəlinin Rotterin çəkdiyi portreti verilmişdi və altında da bir cümlə: "Hələ bəs deyil ki, müsəlman arvadlarını teatr tamaşalarına çıxardı və bizim abrumuzu tökdü, hələ bu nainsafı cəmi müsəlman aləmi yada salıb, rəhmət oxuyub və bunun şəklinə baxıb fəxr eləyirlər".

 Və Mirzə Cəlil tək kişidir ki, hamımızın əvəzinə Mirzə Fətəlidən üzr istəyib: "Hərçənd biz bilirik ki, qiyamət zamanı Mirzə əzizimiz bizim ətəyimizdən yapışıb şikayət edəcək. amma dəxi qiyamət günü o bizi haradan tapacaqdır?

 Ustadın özü bizə kitabında vəsiyyət edir: çün torpağa getdin - dəxi qayıtmaq yoxdur.

 Mərhum Mirzə Fətəlinin ruhundan üzr istəyirik".

   

                                                                 ***

 Həmin üzrü gərək biz hamımız istəyək.

 

                                                                ***

 

 Və mən bunu da çox istəyirəm ki, o qayıtsın.

 Həmişə bizi oyatmış Mirzə Fətəlini gərək bir dəfə də son əbədi yuxusundan biz oyadaq.

 Mirzə Fətəlinin yeri Bakıdır.

 Fəxri xiyaban, məslək, əməl qardaşlarının, şagirdlərinin uyuduğu müqəddəs məkan.

 Tiflisdə mülkü qalır.

 Elə o mülk orada Mirzə Fətəlinin abidəsi kimi yetər.

 Özü isə gərək köçsün Azərbaycana.

 İntizarındayam o günün ki, Mirzə Fətəlinin ruhu qarşısında günahkar olan bizlər ustadın

Bakıya yetişən cənazəsini başımız üstündə şəhərin küçələrindən payi-piyada keçirərək son ən rahat yuxusunu yatacağı məzarına çatdıraq.

Onu elə həmin gün gözlərini yumubmuş kimi Vətən torpağına tapşıraq.

Bu, bütöv milləti ətalət yuxusundan oyatmış böyük vətəndaşa vəfa borcumuzdur.

Mirzə Fətəlini daşımamış çiynimizin xəcaləti ilə yaşamaq dözülməzdir.

Bu xəcaləti daşıya-daşıya yaxşı millət olmaq çətindir...

 

 

Rəfael Hüseynov

 

525 - ci qəzet.-2009.-10 yanvar.- S.15-18.