Zəfərin mübarək, Nazım!

 

"Nazım" deyirəm, "sən" deyirəm, çünki artıq düz on yaş ondan böyüyəm.

 Hər gün qəzet səhifələrindən, televiziya ekranlarından, radio dalğalarından bəd xəbərlərin uçqunu üstümüzə gəlir.

Fələstinin acıdan acı faciəsi, İraqda müsəlmanların bir-birlərini qırması, Hindistanda terror aktı, Əfqanıstanda döyüşlər, Rusiyanın təcavüzkar Ermənistanı yenidən səxavətlə silahlandırması, siyasi çəkişmələr nəticəsində qışın şaxtasında qazsızlıqdan əziyyət çəkən Avropa ölkələri, Türkiyədə hansı təxribatçılarınsa təşəbbüs göstərdikləri ləyaqətsiz və heysiyyətsiz "Ermənilərdən üzr istəyək" kampaniyası, milləti parçalayan "Ergenekon" olayları, hər gün neçə-neçə insanın tutulması...

Partlayışlar, qan, ölüm, işgəncə, zülm, təbii fəlakətlər... Qara kabus kimi başımızın üstünü alan, bir an belə rahatlanmağa qoymayan müdhiş yeniliklər içində birdən-birə şad xəbər də gəldi. Nazım Hikmətə Türkiyə vətəndaşlığı qaytarılıb.

 Bizim qəzetlərdə bu barədə oxuyanda əvvəl-əvvəl inanmağım gəlmədi, növbəti şayiədir - deyə düşündüm. Bunun xoş bir gərçək olduğunu biləndə Türkiyə Cümhuriyyətinin Başbakanı R.T.Erdoğana təşəkkür məktubu yazdım... Dünən Türkiyənin TV kanallarında bildim ki, Prezident A.Gülün və Baş nazir Erdoğanın imzaladığı bu qərar "Rəsmi qəzetə" də dərc olunub, hüquqi qüvvəyə minib. İllər boyu həsrətlə gözlədiyimiz bu ədalətli iş axır ki, baş tutdu. Canından artıq sevdiyi Məmləkətinə sağlığında dönə bilməsə də, təmiz adı qayıtdı.

Vaxtilə Azərbaycan Yazıçılar Birliyinin Nazım Hikmətə vətəndaşlığın qaytarılması haqqında müraciətini Türkiyənin Bakıdakı böyük elçisi vasitəsilə Ankara hökumətinə çatdırmışdıq. Bəzi rəsmi qəbullarda imkan düşəndə o dönəmin Başbakanı Bülənd Ecevidlə, daha əvvəlki dövrdə Baş bakan müavini Erdal İnönü ilə qısa ünsiyyət zamanı bu arzumuzu bildirmişdim, müxtəlif vaxtlarda Kültür bakanları olmuş Namik Kamal Zeybəklə, Fikri Sağlarla, İstemixan Talayla bu barədə söhbətlərim olmuşdu.

Təbii ki, bu qərarın verilməsində bizim cəhdlərimizin hər hansı rolu olduğunu iddia etməkdən uzağam. Sadəcə olaraq onu demək istəyirəm ki, heç bir vaxt bu işə biganə qalmamışıq, bu məsələni unutmamışıq. Çünki Nazımın Vətən həsrətini mən kitablardan, qəzetlərdən, xatirə yazılarından deyil, böyük şairlə canlı görüşlərimizdə duymuşdum. Təkrarsız ifa tərzi ilə, insanı bayıldan gözəl səsi ilə oxuduğu misralar indiyəcən qulaqlarımdadır:

 

 Məmləkətmi, yıldızlarmı,

 gencliyimmi daha uzaq...

 

yaxud

 

 Sən indi alnımın qırışlarında,

saçımın ağında, yürəgimin infarktındasın

 memleketim, memleketim, memleketim.

 

 Bu misraları dəqiqləşdirmək üçün kitablara baş vurmuram, yaddaşımda Nazımın dilindən eşitdiyim zaman necə qalıbsa eləcə də yazıram.

Dünyanın əksər dillərində kitabları çıxan Nazımın ən böyük həsrəti Vətənə, ailəsinin yanına dönmək və bunun mümkünsüzlüyünü anladığı üçün heç olmasa əsərlərini Türkiyə oxucularına çatdırmaq idi. Sağlığında bu arzularının heç birinə yetmək ona qismət olmadı. Ölümündən sonra əsərləri nəhayət ki, Türkiyəyə ayaq açdı. Son illərdə İstanbulun, Ankaranın, İzmirin, başqa şəhərlərin elə bir kitab dükanı yoxdur ki, orada Nazım Hikmətin əsərləri, yaxud ona həsr olunmuş yeni-yeni kitablar, tədqiqatlar satılmasın. İstiqlal caddəsini bu başdan o başa keçirsən, hər kaset satan mağazadan Nazımın şeirlərinə bəstələnmiş şərqilər eşidilir. Pyesləri səhnələrdə oynanılır, haqqında televiziya filmləri çəkilir, xatirəsinə həsr olunmuş tədbirlər, elmi simpoziumlar, poeziya festivalları keçirilir. Türkiyə gec də olsa tarixinin ən böyük şairinə sahib çıxır.

 Doğrudur, Nazımın şeirləri yasaq olduğu illərdə belə misraları yüz minlərlə oxucunun qəlbində, hafizəsində yaşayırdı. İndi rəsmi şəkildə də bu böyük MİLLİ ŞAİRİN halal haqqı təsdiq olundu. Milli şair ifadəsinin altını cızıram.

 Sırf milli ruhlu şeirlər yazan şairlərə eşq olsun! Xalqın milli şüurunun oyanışında belə şeirlərin müstəsna xidməti var. Amma milli şair olmaq haqqı yalnız bu səpkili şeirlər yazan müəlliflərə aid deyil. Doğma dilinin ən gözəl və əbədi şeirlərini yaradan şair - məzmunundan və mövzusundan asılı olmayaraq Milli şairdir. Füzuli qəzəlləri milli ruhlu deyil. Onların ruhu millidir. Nazım Hikmət yalnız Qurtuluş savaşı haqqında dastanını, yaxud İnsan mənzərələrini yaradanda deyil, sevdiyi qadınlara yazdığı şeirlərdə də ən böyük milli türk şairidir. Eləcə də "Ceviz ağacı"nı yazanda, "Masallar masalı"nı yazanda, Baxın əsərinin təsiriylə yazdığı şeirdə, "Kərəm kimi" şeirində, "Son avtobus" şeirində, onlarca, yüzlərcə əsərlərində yalnız Türkiyənin deyil, bütün türk dünyasının dahi milli şairidir. Türk dünyası ədəbiyyatını Dədə Qorqudsuz, Yunis İmrəsiz, Nəvaisiz, Füzulisiz, Sabirsiz təsəvvür etmək mümkün olmadığı kimi Nazım Hikmətsiz də təsəvvür etmək mümkün deyil.

Türkiyədə ömrünün ən gözəl illərini həbsxanalarda keçirəndə Nazım Hikmət öz ölkəsində də, bütün dünyada da kommunizmin rəmzi kimi qavranılırdı. Sovet İttifaqına gələndən sonra Azərbaycanda və digər türk respublikalarında isə o, Türkiyənin, türklüyün rəmzi kimi qəbul olunurdu. Kommunist rejiminin ən sərt illərində Sovet İttifaqındakı türk xalqları arasında türk qardaşlığı ideyasını Nazım Hikmət qədər heç kəs təmsil edə bilmədi. Əqidəsi etibarilə Nazım Hikmətdən çox uzaq olan şair dostum Yəhya Akenkin danışırdı ki, o vaxt Kazanda tatar şairi Renat Xaris kitab rəfindən Nazımın kitablarını götürüb ona göstərərək: Bax, Türkiyəni biz bu kitablarla sevdik - deyib.

 O vaxt təhsil aldığım Bakı Universitetində Nazım Hikmətlə görüş keçirilərkən şairin: "Mən türkəm, siz də türksünüz, xalqlarımız, dillərimiz qardaşdır" - sözlərini öz qulaqlarımla eşitmişəm. Bu sözlər o zaman deyilirdi ki, Azərbaycanda "türk" sözünün özü yasaq idi, hər halda azərbaycanlıları türk adlandırmaq dövlət cinayəti sayılırdı.

 Türkiyə sollarına Nazım Hikmətin xatirəsini əziz tutduqları üçün, ən çətin zamanlarda onu təbliğ etdikləri üçün minnətdar olmalıyıq. Amma Nazım solun və sağın fövqündə olan sənətçidir. Və səciyyəvi haldır ki, onu tam əks əqidə sahibləri olan Əbdülhaq Hamid, Ziya Göyalp, Xalidə Edip, Əhməd Haşım, Yakub Qədri kimi görkəmli sənətkarlar da yüksək qiymətləndiriblər. O da maraqlıdır ki (bunu da mən şəxsən özüm görmüş və dinləmişəm), hələ bir neçə il bundan qabaq türk millətçiliyinin lideri Alparslan Türkeş televiziya çıxışlarının birində Nazım Hikmətin Qurtuluş savaşı dastanından böyük bir parçanı əzbər oxudu. Çox illər daha əvvəl İsmət İnönü bu əsər haqqında "Nazım bu dastanıyla Qurtuluş savaşını bir daha qazandı" - demişdi. Böyük öndər Mustafa Kamal Atatürk də Nazımın bəzi şeirlərini bəyənir, məğrur xasiyyətini təqdir edirdi.

 Dövlət başçılarının İstanbul sammitində o vaxtkı Cümhurbaşkanı Süleyman Dəmirəl açılışda Məməd Akifin, qapanışda Nazım Hikmətin şeirini oxudu.

Vaxtilə başqa bir şairin şeirini oxuduğu üçün həbsə atılan Erdoğan ən son günlərdə Nazımın "Yaşamaq bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına" misralarını sitat gətirdi.

nəhayət, ən son bir fakt. Erdoğanın xanımı Əminə Erdoğanın təşəbbüsü ilə bəzi ərəb müsəlman dövlətlərinin Birinci xanımları Fələstin faciəsinə etiraz olaraq Ankarada toplaşmışlar. Mən Əminə xanımın çıxışını Türkiyənin ATV kanalıyla izləyirdim. Fələstində məsum cocuqların qətl olunması barədə göz yaşları içində danışırdı. Çıxışının sonunda yenə qəhərlənərək, Nazım Hikmətin Hirosima bombardmanında yanıb külə dönmüş yapon cocuğu haqqında şeirini oxudu. Əminə xanım həzin səslə bu şeiri oxuduqca ara-sıra ekranda sənədli kadrlar göstərilirdi - bombardmanlar, tank atəşləri altında həlak olmuş, yaralanmış, şikəst qalmış Fələstin uşaqları... Sanki Nazım Hikmətin misraları məhz onlar üçün yazılmışdı.

 Böyük sənətin gücü bundadır, o nə zaman tanıyır, nə məkan... Nazımın həlak olmuş günahsız uşaqlara həsr olunmuş şeiri Fələstin cocuqlarına da, Xocalıda qəddarcasına qətl edilmiş tifil balalarımıza da eyni dərəcədə aiddir.

Siyasi rejimlər, iqtidarlar dəyişir, sonda isə həqiqi sənət qələbə çalır.

 Hörmət bəslədiyim dəyərli Türkiyə alimlərindən Turan Yazqanla çox məsələrdə fikirlərimiz üst-üstə düşür, amma həmişə Nazım Hikmət mübahisələrimizə səbəb olur. Bir dəfə Turan bəy dartışmamızın gərgin məqamında Nazımı "Vətən xaini" adlandıranda dözə bilmədim, - bu ifadəni o dönəmin başbakanı Adnan Menderes söyləmişdi, - dedim - onu da asdınız. –

Amma indi Menderesə möhtəşəm məqbərə ucaltdıq - dedi.

– Gün gələr Nazıma ondan da möhtəşəmi ucaldılar - dedim.

 Amma məsələ ondadır ki, Nazım özü məqbərə-filan istəməzdi, şeirində vəsiyyət eləmişdi ki, onu Anadoluda bir kənd məzarlığında torpağa gömsələr və başının üstündə bir çinar da olsa, heç daş-maş da gərək deyil.

İnanıram ki, haçansa şairin dalğa olub çırpıldığı Qadıköy iskələsinin ətrafında mərmər, qranit, ya tunc Nazım Hikmət heyranı olduğu və son saatınacan sitəmini, özləmini çəkdiyi şəhərin - "çinarlı, qübbəli, mavi limanın" əbədi seyrinə dalacaq. Bu da Nazımın daha bir qələbəsi olacaq.

Sanki şairin bu zəfərini öncədən duyubmuş kimi Rəsul Rza Nazım Hikmətə həsr etdiyi məqalələrindən birini "Qələbəni təbrik edirəm, Nazım!" adlandırmışdı. Mən də bu yazımın başlığında həmin ifadədən istifadə etdim. Bilirəm ki, Nazıma vətəndaşlığının qaytarılması xəbərinə ən çox sevinənlərdən biri atam olacaqdı. Bu xəbəri eşidən kimi atamın qəbri üstünə getdim. Əgər ruhlara inanırıqsa, bu gün Rəsul Rzanın ruhunun şad olduğuna əminəm.

 

 

ANAR

 

 525-ci qəzet.-2009.-13 yanvar.-S.4.