Bağışlanan şairlər və bağışlanmayan torpaqlar

 

...Bir ağ xəbər, orda qaranlıq da vardı ağlıq qədər.

 

                                                                 ***

   Göz yaşı görməkdən bezib televizora baxmaq istəmirəm. Xəbəri oğlum verir:

 

   - Türkiyə hökuməti Nazimin vətəndaşlığını qaytardı!

 

   - Qaytardı?!- deyirəm. - Qaytardı... Bundan sonra... Nə olsun... Nə fərqi... Nazim dünya vətəndaşı idi. Dirilərə həbsxana, ölülərə azadlıq verən ölkə...

 

   Nəsə bu xəbər məni qəhərləndirir. Dünyanın şeir, sənət limanlarına 40 il Türkiyə yükü boşaldan şairə Türkiyə sovqatı... Rusların informasiya saytları heç ləngimir, həmən yerləşdirirlər bu xəbəri - "Turtsiya prostila opalnaqo poeta". "Prostila"- yəni bağışladılar. Şairi bağışladılar?! Minnətə bax... Fikirlər başımda elə sürətlə fırlanır ki, heç bilmirəm hansının axarına qoşulum. Bircə bu "bağışlamaq" sözü məni lap yandırıb-yaxır. Şairlər üçün bütün dünya vətəndi, həm də bütün dünya məhbəsdi. Şairlər dünyanı hər zaman bağışlayırlar. Və həm də dünyanı dünyaya bağışlayırlar. Nazim məmləkətinə "infarktım" demişdi və həm də demişdi ki, "şairi cənnətə qoymuşlar, ah, məmləkətim, demiş".

 

   Bir xəbər, orda qaranlıq da vardı ağlıq qədər...

 

   Şairlərə dünyada bir qarış yer tapılmır. Dünya şairlərin əlində olsaydı...

 

   Misirli qardaşım:

 

   şərqilərimiz qardaşdır

 

    isimlərimiz qardaş.

 

   Yoxsulluğumuz qardaşdır

 

    yorğunluğumuz qardaş.

 

   Şəhərlərimizdə gözəl, ulu, canlı nə varsa:

 

    insan, caddə, çinar,

 

   Savaşında sənin yanındalar.

 

   Köylərimdə Kəlami Kadim okunuyor

 

    senin dilinlə,

 

   senin zəfərin üçün...

 

   

   Misirli qardaşım,

 

   biliyorum, biliyorum,

 

   İstiqlal otobüs deyil ki,

 

   birini qaçırdınmı, o birinə minəsən,

 

   İstiqlal sevgilimiz kimidi

 

   aldatdınmı bir kərə

 

    zor dönər bir daha.

 

 

   Misirli qardaşım,

 

   Kanalın sularına qarışdı qanın.

 

   İnsanın yurdu bir qat

 

    daha kendinin olur.

 

    torpağına, suyuna

 

   qarışdıqca qanı.

 

   Yaşamış sayılmaz zatən

 

   Yurdu üçün ölməsini bilməyən millət.

 

   Şeir 56-cı ildə yazılıb. Kanal təbii ki, Süveyş kanalıdı. O vaxt Misir, indi Qəzza olduğu kimi, böyük dövlətlərin tapdağı altındaydı. Dünya Süveyş krizisini həll etməyə çalışır - Misir üçün yox, özləri üçün. Kanal Misir dövləti tərəfindən milliləşdirilib. Və Böyük Britaniya, Fransa kanal üzərində nəzarəti qaytarmağa çalışır. Yeni yaranmış İsrailin də burda öz payı olmalıdı, ya yox? Sina yarımadası işğal olunur, amma SSRİ və ABŞ-ın təzyiqi ilə İsrail geri çəkilir (Dünyanın ikiqütblü olması nə gözəlmiş, Allah).

   1967-ci il. Misir, İordaniya və Suriya İsraillə savaşır. Camal Əbdül Nasir radio ilə çıxışında ərəb dövlətlərini birliyə çağırır. Tarixə "6 günlük müharibə" kimi daxil olan savaş nəticəsində Sina yarımadası, Qəzza sektoru, İordan çayının Qərb sahili, Şərqi Yerusəlim və Qolan təpələri İsrailin nəzarətinə keçir (Faktiki olaraq bu döyüşdə SSRİ Amerikaya uduzdu. Bu döyüşdə iştirak etmiş azərbaycanlı general İbrahim Əhmədovun xatirələrini dinləmişdim. Toparlana bilsəm, bunları da yazardım. Ruhu şad olsun). "Altı günlük müharibə"dən sonra dünya ərəb radikalizmi və terrorizmi xofunu yaşamağa başlayır. 1972-ci ildə Münhendə Yay Olimpiadasında İsrail atletləri terrorçular tərəfindən girov götürülür, hamısı öldürülür. Və sonra nələr, nələr olur...

   1978-ci il. Misir prezidenti Ənvər Sədatın İsrailə tarixi səfəri və Knessetdə (yəhudilərin parlamenti) çıxışı. 1980-ci ildə Ənvər Sədat və İsrailin baş naziri Menahem Beqin Kemp-Deviddə razılaşma imzalayırlar. Bu razılaşmaya görə İsrail Sina yarımadasını Misirə qaytarır və Fələstin muxtariyyətinin yaradılması ilə bağlı danışıqlara hazır olduğunu bildirir. (O zaman mən universitet tələbəsi idim. Sovet qəzetləri rusların iştirakı olmadan keçirilən danışıqlara çox kəskin etiraz edirdilər. Və bütün ideoloji qurumlara Kemp-Devid sülhünü pisləmək tapşırılmışdı. Yadımdadı "Sov.İKP tarixi" dərsində müəlliməmiz bu "rüsvayçı" razılaşmadan danışanda tələbə yoldaşlarımdan biri qəfildən: "Bəs onda Lenin niyə Brest sülhünü bağlamışdı?" sualını verdi. Müəllimə elə dərin məntiq, ağıl sahibi deyildi. Mövzunu dəyişdi). Sülh söhbətinin aqibəti nə ola bilər? 1981-ci ildə Ənvər Sədat hərbi parad zamanı öldürüldü...

   1987-ci ildə İsrailin təcavüzkar siyasəti Fələstin ərazisində Birinci İntifadaya (üsyan) təkan verir.

   1992-ci ildə İsrailin baş naziri olan İshak Rabin ərəb qonşuları ilə kompromis siyasəti yürütməyə başlayır. 1993-cü ildə Osloda sülh razılaşması imzalanır. Bunun müqabilində Fələstin administrasiyası İordanın Qərb Sahilinə, Qəzza sektoruna nəzarət haqqını əldə edirdi. Bu sülhün də axırı nə oldu? Yəqin unutmamısınız, 1995-ci ilin noyabrında İshak Rabin öldürüldü.

   90-ların sonlarında Vay-River memorandumu imzalanır. Və bu guya Fələstin ərəblərinə öz torpaqlarında yaşamaq üçün bir azacıq da olsa əlavə hüquqlar verir.

   2000-ci ildə Yasir Ərəfatla İsrailin baş naziri Ehud Barakın yenə Kemp-Deviddə görüşü baş tutur. Təbii ki, Amerikanın vasitəçiliyi ilə. Ehud Barak Qəzza sektorunda və Qərb Sahilinin 97 faizində Fələstin dövləti üçün ərazi ayırmaq təklifini irəli sürür. Yasir Ərəfat rədd edir. "Əl-Aksa" İntifadası başlanır.

   2001-ci ildə İsrail hökumətinin başına Şimon Peres keçir. 2005-ci ilin avqustunda Qəzza sektorunda yaşayan yəhudiləri və İsrail qoşunlarını Qəzzadan çıxarırlar. Guya 38 illik işğala son qoyulur. Bugünkü bombardmana baxanda səbəbini anlamaq çətin deyil.

   2006-cı ilin yanvarında Qəzzada seçkilər keçirilir. Və gözlənilmədən "HƏMAS" 133 yerdən 74-ünü qazanır. (Zira mən seçki məsələsində "gözlənilməz" sözünü qəbul etmirəm. Dünyanın hər yerində seçkilərin nəticələri gözləniləndi. "HƏMAS"ın çox yer qazanması da bugünkü hadisələr üçün zəmin rolunu oynayırmış). Seçki qələbəsindən sonra təşkilat İsraillə bağlanmış bütün müqavilələrin üstündən xətt çəkir. Və tərksilah olunmağa razılıq vermir. (Bu da çox gülüncdü. Ordan ən müasir bombalar yağır, bunlar da guya atılıb-düşürlər). Nəticədə dünya, yəni böyük güclər Fələstinə maliyyə boykotu elan edirlər.

   2007-ci ildə "HƏMAS" hərbi yolla Qəzza sektorunda hakimiyyəti ələ keçirir. Və orda İslam dövləti yaratmaq niyyətini açıqlayır. Buna cavab olaraq "FƏTH" lideri Mahmud Abbas İordan çayının Qərb Sahilində yeni hökumət yaradır və "HƏMAS"ı terrorçu təşkilat elan edir.

   İndi gələk əsas məsələyə. Bu Qəzza sektoru ki var, BMT Fələstin dövləti yaratmaq üçün əta edib ərəblərə - balaca bir zolaqdı. Uzunu 54 kilometr, eni 12 kilometr, yəni 363 kv.km. Həmin bu ərazidə milyon yarım fələstinli yaşayır, əgər buna yaşamaq demək olarsa. İşıqları yox, çörəkləri yox, suları yox, işləri yox. "Yox" deyirəm, amma dünya onlara özlərini partladıb öldürmək üçün şərait yaradıb. 2005-ci ildə guya böyük lütf edib yəhudi əhalini köçürəndə cəmi 8500 adam evakuasiya edilib. Müqayisə üçün - milyon yarım ərəb və 8500 yəhudi. Dünyanın bütün informasiya agentlikləri bu azlıq üçün ağlayır. Elə bil bombanın altında qalıb parça-parça olan körpələr də heç yoxdu...

 

   Port-Səidli Mansurum

 

    on üç-on dörd yaşında,

 

   Yalınayaq, başı kabak,

 

    oturur boya boyar.

 

   Aynalı, çınqıraqlı sandığının başında.

 

   İskarpinlər, papuçlar, postallar,

 

    kunduralar,

 

   Tozlu, çamurlu, umudsuz,

 

   Çıkar aynalı sandığa.

 

   Fırçalar kanadlanır, parlar kızıl kadife.

 

   İskarpinlər, papuçlar,

 

    postallar, kunduralar

 

   Sevincli, dipdiri, gənc

 

   Umudlu, pırıl-pırıl,

 

   Enər aynalı sandıkdan.

 

   

   Mansurum, qara-quru,

 

   Xurma çekirdeyi kimi

 

   Mansurum tatlı.

 

   Mansurum həp aynı şarkıyı söylər:

 

   Ya ayni, ya habibi!..

 

   

   Port-Səidi yakdılar, öldürdülər Mansuru

 

   Bu sabah qazetədə fotorafını gördüm:

 

   Ölülərin arasında bir kiçik ölü.

 

   Ya ayni, ya habibi!

 

   Xurma çekirdeyi kimi...

 

   Bu şeir də 56-cı ildə yazılıb. Amma ərəbin həyatında heç nə dəyişməyib. Öldürücü silahlar mükəmməlləşib, yaşam yenə ibtidai. Ağ evin pişiyi üçün başsağlığı verirlər. Qara cocuqların göz yaşı kimsəni tərpətməz. Yenə ölümündən 46 il sonra Vətənin böyük oğluna minnətli vətəndaşlıq bağışlayırlar. Yenə dirilərin yaşaması üçün torpaq savaşı gedir. Torpaqlar bağışlanmır. Yenə qara-quru mansurlar sarı saçlı, mavi gözlü adamların tapdağı altında. Amma dünyada Nazim də olub axı...

 

   

   Kardeşlərim,

 

   Baxmayın sarı saçlı olduğuma

 

   Mən Asiyalıyım.

 

   Baxmayın mavi gözlü olduğuma

 

   Men Afrikalıyım.

 

   Ağaclar kendi dibinə

 

   Kölge vermez mənim orda

 

    sizin ordakılar kimi.

 

   Mənim orda aslanın ağzındadır əkmək

 

   Əjdərlər yatar başında çeşmələrin.

 

   Və ölünür mənim

 

    orda əllisinə basılmadan

 

    sizin ordakılar kimi.

 

   

 

   Baxmayın sarı saçlı olduğuma

 

   Mən Asiyalıyım.

 

   Baxmayın mavi gözlü olduğuma

 

   Mən Afrikalıyım.

 

   Oxuyub-yazma bilməz

 

    yüzdə səksəni menimkilerin

 

   Şeirlər gəzər ağızdan-ağıza

 

    türküləşərək.

 

   Şeirlər bayraqlaşa bilir mənim

 

    orda sizin ordakılar kimi.

 

   

 

   Kardeşlərim,

 

   Sısqa öküzün yanına

 

    qoşulub şeirlərimiz

 

    torpağı sürə bilməli

 

   Pirinç tarlalarında bataqlığa girə bilməli

 

    dizlərinə qədər.

 

   Bütün soruları sora bilmeli

 

   Bütün işıqları dere bilmeli

 

   Yol başlarında dura bilmeli

 

   Kilometr daşları kimi şeirlərimiz.

 

   Yaklaşan düşmanı hər kəsdən

 

    öncə görə bilməli

 

   Cəngəldə tamtamlara vura bilməli

 

   VƏ YER ÜZÜNDƏ TƏK ƏSİR YURD,

 

    TƏK ƏSİR İNSAN

 

   GÖK ÜZÜNDƏ ATOMLU TƏK BULUD

 

    QALMAYINCAYA QƏDƏR

 

   MALI-MÜLKÜ, AĞLI, FİKRİ, CANI NƏYİ

 

    VARSA VERƏ BİLMƏLİ

 

   BÖYÜK HÜRRİYYƏTƏ ŞEİRLƏRİMİZ!

 

                                                                            ***

 

   ... Bu "bağışlamaq" sözü məni lap yandırıb-yaxır. Ona torpaq bağışlayıblar, ya günahından keçiblər? Şairin günahı nə idi?

 

   Türkiyə Nazimi bağışladı...

 

   BİR AĞ XƏBƏR, ORDA QARANLIQ DA VARDI AĞLIQ QƏDƏR...

 

   

İradə TUNCAY

 

525-ci qəzet.-2009.-10 yanvar.-S.21.