Qəzəl xanı
Ömrü boyu şulum kökündə, sərgərdan
yaşayan bir adama "xan" sözü yapışmır.
Amma ona yaraşır.
O, Xəzərin sahilində
doğulmuşdu. Ev-eşik sarıdan həyatı boyu korluq
çəkmişdi.
Əslində
torpağın üstündən daha əvvəl onun elə dənizi
özünə ev-eşik saymağa haqqı çox idi.
Amma dünyada hər şeyin ədalətsiz
bölündüyünü görəndə hətta buna da
şübhəsi yaranmışdı. Rişxəndli kədərlə
demişdi ki:
Olsa təqsim
hamıya bəhri Xəzər,
Mən də bir varisəm ölkəmdə əgər
Mənə də ən azı bir vedrə düşər...
Amma bu Vətəndə
Tanrı onu nə torpağa, nə dənizə, nə
hamının olan sərvətlərə varislərdən
biri kimi yaratmışdı. Allah onu bu yurda gözəl
sözün ən birinci varislərindən olaraq göndərmişdi
ki, həmin məqamda şikayətlənməyə, gileylənməyə
haqqı yoxdu.
İstedad, ilham, sözə sahiblik
ona qətrəylə, ovucla, bardaqla yox, ümmanla
bağışlanmışdı.
O bizdən uzaq olmayan bir
dövrün içərisinə sanki çox uzaq zamandan bir
quş kimi, bir yuxu kimi, bir unudulmuş nəğmə kimi
uçub gəlmişdi.
Elə o cür də - bir quş
kimi, yuxu kimi, nəğmə kimi yaşadı və uçub
getdi.
O hamı kimi deyildi, hamı
kimi ola bilməzdi.
Çünki o, hər cəhətdən
yeganə idi, VAHİD idi...
***
Heç bir çeşmənin
üstünə sayğac qoyulmayıb, heç bir bulaq müəlliflik
davası etmir ki, bu mənim suyumdur, hamı bilsin.
O,
sözü axtarmırdı.
Söz özü onun
içərisindən çıxmağa fürsət gəzirdi.
Şair ola-ola ömrü
boyu bircə şeiri, bircə kitabı çapa getməsə
də, onun vecinə olmazdı.
Bulaq niyə narahat olsun ki,
onun suyunu içən olacaqmı?
Heç kim
dodağını bulağa dayayıb qurtum-qurtum nuş etməsə
də, axıb torpağa qovuşacaq, yenə
hamınınkı olacaq.
Deyirdilər, bir gözələ
söz qoş, həmin dəqiqə qəzəli hazır idi.
Deyirdilər, qəbir
daşına ovulacaq şeirə ehtiyac var, dərhal
can-başla kitablara düşəsi nəfis söz inciləri
doğururdu.
Deyirdilər, bu kitaba, kağıza
bir yadigar imza at, qıymırdı elə sadəcə imzayla
kifayətlənsin, qələmi əlinə alırdısa,
azı qələmə hörmət naminə bir-iki şah
beyt yazırdı.
Və iki-üç dəqiqə
sonra daha o sözlər yadında olmurdu.
Onunçün doğurduğu
sözlərin üstündə adının qalması yox,
özünün içərisindəki söz
vulkanlarından azad olmasıydı.
O, duyğu
zahısıydı. Sözü doğurdu, rahatlanırdı,
daha bir təzə söz söyləyib, bir az da çox azad
olmağa çalışırdı.
Belə qeyri-adi insanlar
üçün adi insanlara aid olanlar uyğun gəlmir.
Amma hamı ilə bir göy
qübbəsi altında yaşadığından müəyyən
işlərdə gərək hamı kimi olaydın.
Hamı kimi olub o da evləndi,
ailə, oğul-uşaq sahibi oldu.
Amma özü də bilirdi
ki, bunlar adi adamlar üçündür, onun kimi VAHİDlər
üçün yox.
Çünki ondan ötrü
dünyada qarşısında məsuliyyət
daşıdığı bircə qüvvə, bircə
varlıq vardı, SÖZ, ŞEİR.
Kim nə deyir-desin, kim necə
deyinir-deyinsin.
Ondan ummağın yeri yox
idi, o, ayrı fəzada idi.
Sağlığında da, ölümündən
sonra da.
O və onun kimilərin hamısı
belədir.
Belə olub, həmişə də
belə olacaq. Çünki onların hər biri bütün
zamanlarda və dünyanın hər yerində VAHİDdir.
***
Bu məsləhəti
müdrik Füzuli edib, amma həmin nəsihətə onun
özündən də yaxşı əməl eləyən
bir neçə yüzil sonra yaşamış nəvəsi
olub.
Qəzəl de ki, məşhur-i
dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
Bu öyüdünü də
Füzuli Dədə şeirlərindən də sadə, saya
bir tərzdə deyib. Yəqin məqsədli şəkildə
belə söyləyib ki, vəsiyyəti yaddaşlara həkk
olunsun.
Amma başqa Füzuli kəlamları
kimi, çağdaşları, nəvə-nəticələri
onun bu sözünü yadda saxlasalar da, həmin tövsiyədən
daha əvvəl Füzulinin özündən,
yazısının tərzindən nümunə
götürüblər.
Çalışıblar ona bənzər
yazsınlar, sözləri, deyişləri onun kimi
sıralasınlar.
Başlanğıcda
oxşamağa səy ediblər, amma bu tilsimə
düçar olandan sonra nə illah ediblər, onun sehrindən
qurtula bilməyiblər. Nə qədər aralı,
hündür uçmağa can atsalar da, Füzuli cazibəsi
onların qanadından tutaraq özünə sarı
dartıb.
Çox-çox zamanlar ötəndən
sonra bir cavan peyda olub. Qəzəlin dəbdən
düşdüyü, keçmişin qalığı,
köhnəlik əlaməti sayıldığı bir zəmanədə
başlayıb qəzəl yazmağa.
Füzulini adam deyil, ilahi bir
varlıq saysa da, onun ruhunu öz iliyinə, qanına hopdursa
da, başlayıb Füzulini də heyrətə salacaq qədər
rəvan, bayatı kimi duru qəzəllər qoşmağa.
Belə yaza-yaza əslində
qəzəli dirildib, belə yaza-yaza əruzlu şeirdə, qəzəlçilikdə
bir məktəbə çevrilib, belə yaza-yaza qeyri-adi yüksək
savadı olmasa da, müəllimə, öndəgedənə
dönüb.
Laübalı gəzib
dolanıb.
Kasıbyana, ehtiyaclı,
sıxıntılı - dərvişanə ömür
sürüb. Amma tərkimühit olsa da, tərkidünya
qalmayıb.
Badəsi, meyi yalnız
misrasında görünməyib, elə həm də daim əlində
olub.
Bu "daim" kəlməsi
də elə təsadüfdən gəlib
sözümüzün üstünə çıxmadı.
Ən ayıq misralar yazsa da,
dünyaya xumar-xumar, rindanə baxıb.
Elə beləcə də qəbul
edilib, elə beləcə də sevilib.
Rind dərviş kimi.
Adətən belə olmur. Ya
dərviş olurlar, zahid olurlar, ya rind, xərabati.
O, varlığında, taleyində,
ömründə bunların ikisini qatıb bir-birinə.
Bütün başqa cəhətləri
kimi, elə bu xüsusiyyəti ilə də Tək olub, Vahid
olub.
O qədər VAHİD olub
ki, axırda çoxları ona ata-anasının verdiyi əsl
adı da unudub. Onu elə VAHİD kimi tanıyıb, VAHİD
kimi sevib, VAHİD kimi yadda saxlayıb.
Və o həmişə
VAHİD olaraq qalacaq!
***
Yalan-gerçək, deyirlər ki,
onun 1961-ci ildə işıq üzü görən "Qəzəllər"
kitabı 300 min nüsxə olmalıymış.
Çünki sovet dönəmində
bütün nəşriyyatlar dövlətin olduğundan
çap ediləcək hər əsər yüz cür
götür-qoydan sonra siyahıya salınar, nə miqdarda
buraxılacağı da azı bir il qabaqdan mərkəzi kitab
ticarəti təşkilatlarının sifarişi ilə
müəyyənləşərmiş və ustad qəzəlxanın
məhz bu sayda kitabına tələb olduğu müəyyənləşibmiş.
Amma cəmi 30 min sayla
buraxılıb.
Həmin şayiələr
düzdürsə də, Vahidin böyük şöhrətindən
deyir, yalansa da, yenə sevimli şairi haqqında əfsanə
düzəldən xalqın məhəbbətindən xəbər
verir.
Camaata gərək
olduğundan azı 10 dəfə az buraxılmış həmin
kitabı vərəqləyirəm, səhifə-səhifə
aşdıqca bir köhnə qənaətimdə sabitləşirəm
ki, Vahid mədəni həyatımızın əlahiddə,
məxsusi, taysız, rəqibsiz bir hadisəsidir ki, onu heç
vaxt yalnız ədəbi dəlil kimi qiymətləndirmək
olmaz. Vahid, onun şeiri kitab yox, avaz poeziyasıdır, bu
yaradıcını nişan vermək üçün
"şair" deyimindən daha sərrast olan "qəzəlxan"
ifadəsidir; çünki bu sonuncu kəlmə şeir və
oxuma anlayışlarından yoğrulub.
Həqiqəti öz
adıyla deyək - Vahid yaxın müasirimiz olan yeganə
söz ustasıdır ki, hətta kitabları buraxılmasa belə,
el içində məşhur olacaqdı. Onun əlyazma
halında əldən-ələ gəzən qəzəlləri
onsuz da kitablarda çıxmazdan xeyli öncə xanəndələrin
oxusunda "nəşr olunmuşdu". Bunu hesablayan (və
hesablaya biləcək şəxs) olsaydı, maraqlı bir rəqəm
alınardı - görən Vahid sözləriylə ifa
edilmiş muğamların, təsniflərin, mahnıların
yazıldığı nə qədər val, nə qədər
disk var? Neçə yüz min, bəlkə lap milyon, yoxsa
ondan da çox?
Vahidin şeir kitabları heç
vaxt bu miqdarda çıxmayıb.
"Qəzəllər"i
vərəqləyirəm. "Oxuyuram" demirəm,
çünki bu misraları oxumağa macal tapmıram,
gözüm sözləri alan kimi
Bu oxuyan Sara Qədimovadır:
...Xakistəri-eşqəm, mənə təhqir ilə
baxma,
Min gənc çıxar zahirə viranəliyimdən.
Belə yapışıqlı, belə
duyğulu oxuyan Ağabala Abdullayevdir; yaddaşımda onun
"Zabul-segah"ının lenti fırlanır:
Biz vətən mülkün həqiqətlə sevən
aşiqlərik,
Xaini, ədnanı yurdumdan
kənar istər könül.
Bu isə Yavər Kələntərlinin
naləli sədası:
Zülfün dağılmaq adətidir, şanə neyləsin,
Yarın vəfası olmasa, biganə neyləsin?
Bu da Əlibaba Məmmədov:
Gözəl həyatını, Vahid, fənaya sərf
etmə,
Səni zəmanə yetirməz dübarə, bir dənəsən.
Gözəl həyatını Vahid
nəyə sərf etdi, necə yaşadı,
yaşayışı ilə yaratdıqları bir-birinə nə
qədər oxşadı? Doğrudanmı onun
sürdüyü həyat gözəl oldu,
razıydımı ömründən, bəxtindən, yoxsa bu
barədə düşünmək heç eyninə gəlmirdi?
***
1916-cı il 24 iyun
axşamı bakılılar Orucov qardaşlarının mətbəəsində
çap olunmuş divar təqviminin növbəti vərəqini
cırdılar. Çox ailə üçün divar təqvimi
gündəlik qəzet kimi bir şey idi və həmin səhifəni
də maraqla oxudular:
"Əliağa Məmmədquluzadə
hicri 1311-də, şabanın 12-də Bakı şəhərində
doğulmuşdur. Qədim məktəbdə bir qədər təhsil
almışdır. Xarratlıqda qabil ustalar cərgəsinə
daxil olmuşdur. Mətbuatda, xüsusən "Dirilik" və "Babayi-əmir" məcmuələrində
əşarı olduğundan daha burada şerlərindən dərc
etmədiksə də, yeri gəldikcə
yazılacaqdır".
Deməli, 1894-cü il
fevralın 18-də doğulmuş Vahidin cavan bir şair kimi
divar təqviminə düşdüyü vaxtlar hələ
iyirmi ikicə yaşı varmış. Amma bu azacıq
yaşının ərzində başı həyatın sərt
daşlarına da dəyibmiş, zamanın çopur sifətlərini
də görübmüş.
Yaşayırdılar
Masazırda. Əlbəttə, hər şey daha yaxşı
ola bilərdi, balaca Əlağa daha firavan, daha
qayğısız uşaqlıq görə də bilərdi.
Lakin dülgər Məmmədqulu canını
tapşırdı. Əlağa çox kiçik idi, bu
ölümün acısını anlayacaq düşüncəsi
yoxdu. Məmmədqulu rəhmətə getdi, rəndəsi,
mişarları, çəkicləri, iskənəsi...
qaldı, başsız ailəsi qaldı, yetim Əlağası
qaldı.
Qaldım avara, səfil, özbaşına.
Elə ki çatdım on-on bir yaşına,
Məktəbə, sənətə artdı həvəsim,
Kimsəsizdim, yox idi dadrəsim,
Möhnətim çox, qəmim ondan artıq,
Baxıram dövrəmə yazıq-yazıq.
Yox, tam kimsəsiz də
deyildi. Böyük əmisi Məşədi Ağabəyin
bir əli onların üstündəydi, amma bu arıq,
cansız uşağın köksündə həssas, tez
yaralanan, tikanlı bir baxışdan, ehtiyatsız sözdən
soluxa bilən şair ürəyi döyünürdü.
Çox da hələ şeir yazmırdı.
Sinəsində çırpınan
şair ürəyi olmasaydı, o elə
uşaqlığından bəd bir axına qoşulub itərdi,
səfil, sağındakı-solundakı yaramazlardan,
tüfeylilərdən, dələduzlardan birinə çevrilərdi,
türməyə gedib-gəlmələri ənənəyə
çevrilmiş tay-tuşlarından növbətisi
olardı. Ya da yaxşı halda həmin çevrənin ən
iftixarlı peşəsi - şoferliyə yiyələnərdi.
Bu uşağın sinəsində
çırpınan balaca şair qəlbinin məhəbbətə,
istiyə ehtiyacı çox idi və qıraqdan-qırağa
olan əmi himayəsi o ufacıq ürəyin
umacağını çətin ödəyəydi.
Onu verdilər mollaxanaya. Çox
sonra - 1935-ci ildə Vahid o köhnə məktəbdə
ötmüş günlərindən söz açan
"Mollaxana" poemasını yazacaq, bu poema "İnqilab və mədəniyyət"də
çap olunacaq.
Mollanın haqqını hər ayda gərək
Hələ-əlbət bizə borc idi verək.
Mümkün etməzdi yenə bir paramız,
Verə bilməzdi - yox idi paramız.
Bu misralar o poemadandır.
Mollanın haqqını hər ay
verə bilməyənlərdən biri də Əlağa
İskəndərov idi (Vahidin rəsmi soyadı belə idi; bəzi
qaynaqlar "Məmmədquluzadə" yazanda onun Məmmədqulu
oğlu olmasını nəzərdə tutur). Bu məktəbdə
elə həmin pulsuzluğun, ehtiyacın üzündən
başacan oxuya bilmir. Dərsini yarımçıq qoyub gedir
çörəkpulu dalınca, başlayır çilingər
şagirdi işləməyə. Amma hər halda bu məktəb
ona əlifba öyrədir, yazı-pozu vərdişləri
aşılayır və beləliklə, həmin bu ibtidai təhsil
ömrünün axırınacan onun karına gəlir.
Bu isə Vahidin öz səsidir.
Ömrünün axırını yaşayan qoca, xəstə
Vahidin səsi. Azərbaycan radiosunun səs xəzinəsində
qalan, yorğun, bir az xırıltılı, bir az məst səsi
(bir dəfə özü etiraf edibmiş ki, "mən
bayırda 100 qram içib kefli görünməsəydim,
Hüseyn Cavid kimi Sibirdə çoxdan
çürümüşdüm". Bir oxla iki
dovşanı şikar edib -mütəmadi vurub, buna görə
də gendən süzərək altdan-altdan hər
yaradıcını güdən hökumətin nəzərlərində
qeyri-ciddi, içən adam kimi qavranılıb, kef də ki
öz yerində).
O lentdən Vahidin tək ara-sıra
xışıltılı öskürəklərini ixtisar edərək
dilindən qopan sözləri tam olduğu kimi yazıram:
"Mənim yadıma gələnlərdən...
Uşaq idim. 1914-cü il idi. Mən bu aralarda
başlamışam. İbtidada bunu demişəm:
İlahi, tabeyəm eşqə, məni hifz et bəlalərdən,
Sənə ərz eyləyim, ya Rəbb, bu yari-naxudalərdən.
Əfsus ki, sözün dalı
yadımdan çıxıb. Bu, sadə qafiyədir,
başqaları da bu qafiyədən deyiblər. Sonra yadıma
düşür ki:
Sənə
ar olsun, ey Vahid, dilinə yarın aldandın,
Gəlibdir başuva
yüz min bəla bu aşinalərdən.
Bunlar nə kitabda var, nə də dəftərimdə.
Şeirlərimi mən yığıb toplamamışam. O qədər
itib-gedib ki!..
Azər bizə düşbərə
bişirtdirərdi. Gedib yığılardıq
beş-altı adam, qafiyə deyərdik. Həsən Səyyar
bir dəfə çağırdı məni ki, gəl bir
qafiyə deyək ki, heç deyilməmiş olsun. Tez əlüstü
qafiyəni mən tutdum:
Kim der ki, ləl-i nabüvə kövsər deyilməyib,
Mehr-i cəmalüvə məh-i ənvər deyilməyib.
Yüz dəfə zikr olunsa kəlamın, xoşum gəlir,
Heç bir kəlamın
bunca mükərrər deyilməyib.
Canana ərz edibdilər Səyyarı, Vahidi,
Odlara taleyi yanan Azər deyilməyib.
Bunu məclisdə demişəm
- Azərgildə. Belə oldu ki, mən dedim bunu, day bunlar demədi.
Özü də tez deyənəm də, qoymaram bir adam məndən
qabaq desin. O Həştərxan atları kimi. Xasiyyətim elədi.
Qələm ki keçdi əlimə, mən o şeyi gərək
tez bitirəm. Bir saatlıq işi on dəqiqəyə görənəm.
Ona görə də Mirzə Əbdülxaliq Yusif deyərdi
ki, sənin təbin bicdi, mən də gülərdim. Deyərdim
ki, nə üçün, ay Mirzə? Deyərdi, ona görə
ki, səninlə bacarmaq olmur.
Gəlirdik, beş-altı
adam bir yerdə əyləşirdik, o, qafiyə deyəndə
mən tez tutardım. Məni oxutdurardılar, əl
çalardılar: "Sağ olginən", "Sağ ol,
Vahid". Day özləri deyəmmirdilər.
Seyid Zərgərgilin evindəydim mən.
Girdim içəri. Salaməleyküm - əleyküməssəlam.
Gördüm bir zorba, hündür kişidi. Lap
dağıstanlıya oxşayır elə. Seyid Zərgər
mənə dedi: "
Qəzəl bu idi ki:
Tökmüş o şux məh üzə
zülfi-siyahini,
Guya ki, gizlədib fələk əbr içrə mahini.
Bu elə indi kitabda da var.
Mirzə mənə deyərdi: "Sağ ol, qoçaq".
Mən elə bilirdim məni ələ salır. Demə, bu
yazıq elə "qocağı" doğrudan deyirmiş.
"Bərəkallah", "Sağ ol". Belə dedi.
Müxtəsəri, çox şeylər oxuduq. Bu gedəcəkdi.
Dedi: "Mən mətbuata gedirəm". Mən də bilmirəm
"mətbuat" nə deməkdir axı. Qərəz,
başa düşdüm ki, Orucovun mətbəəsinə
getmək istəyir. Dışarı çıxanda mən də
Azərlə bərabər çıxdım. Bir az getdik
söhbət eləyə-eləyə. Dedi, gedək orda səni
İndi anlayıram, həm məni
həvəsləndirirdi, həm də elə düzgün
deyib də kişi...
Getdik ora - mətbəəyə.
Sabirin heykəli olan yer mətbəə idi. Girdik içəri,
gördük ki, Seyid Hüseyndi, Ruhulla Axundovdu. Var idi neçə
adam, onları tanımadım kimlər idi. Azər onlara
tapşırdı ki, bu uşaqdan muğayat olun. Şeir yazsa,
çap eləyin. Mən də sevindim. Qərəz, bayıra
çıxanda qəzet vardı Azərin əlində. Oxudu mənimçün.
Qafiyələri "dad", "fəsad", "fəryad"
- belə gedirdi. Mən də getdim evə, gecəynən o
qafiyədə bir şeir yazdım. Səhərisi gün
"İqbal" qəzetində çıxdı:
Olmadım bir ləhzə, ya Rəbb, bu vətən
mülkündə şad,
Ömrüm əksildi
günü-gündən, qəmim oldu ziyad,
Bivəfa gördüm kimə
dünyada etdim etimad".
O gün Vahid
ömrünün ən xoşbəxt günlərindən idi
- 1914-cü il mayın 4-ü. Artıq bir neçə il idi
şeir yazırdı, meyxanalar qoşurdu, amma bu səhər
onun adı, onun şeiri mötəbər bir qəzetin səhifəsindəydi.
Bir şairin istiqbala yolu "İqbal"dan
başlanmışdı.
Hələlik onun az-çox
tanındığı ədəbi çevrə Mirzə Əbdülxaliq
Yusifin evindəki şeir məclisləriydi. Əlağa bu məclislərdə
danışmaqdan çox susardı. Susardı, ən əvvəl
ona görə ki, bu söz yığnağına gələn
Buzovnalı Azərin, Seyid Zərgərin, Əbdülxaliq Cənnətinin,
Mirzə Hadi Sabitin, Haşım bəy Saqibin, Ağadadaş
Münirinin sinələri hikmətli kəlamlarla doluydu,
onları dinləyərdi, dinlədiklərini hafizəsinə
cəm edərdi - yaddaşı yaxşıydı, burada bir dəfə
eşitdikləri sonra zehnindən uzun illər boyu pozulmadı.
Mirzə Əbdülxaliqin yumşaq
xalılarla döşənmiş hücrəsinə hər gələndə
ustadın ayağa qalxıb onu qarşılaması Əlağaya
birtəhər gələrdi. Bir dəfə ürəyindəkini
gətirdi dilinə: "Mirzə, daha sizə gəlməyəcəm".
Mirzə Əbdülxaliq təəccübləndi: "Niyə?"
"- Çünki hər dəfə
gəlirəm, sizi əziyyətə salıram, ayağa
durursuz, zəhmət çəkirsiz.
Ağsaqqal şair
gülümsündü:
-Bala, mənim ayağa
durmağım boş-boşuna deyil ki! Sənə ədəb
öyrədirəm. Belə eləyirəm ki,
sənə
ibrət olsun, böyük-kiçik hörmətini həmişə
saxlayasan".
-
Əlağa
döşəkçə çəkib oturur, çay gəlir.
Cavan şair həmin gün bir az tez gəlibmiş. Bir azdan
ağsaqqallar da
yığılacaqdılar. Əlağa əlini stəkana
uzatmaq istəyirmiş ki, Əbdülxaliq dillənir:
"Deyirdin bir də gəlməyəcəksən. Çox
gözəl. İndi mən bir misra deyəcəm. İkinci
misranı sən deməlisən. Tələsdirmirəm səni.
Mən çayımı içib qurtaranacan dedin dedin, demədin,
xudahafiz, daha elə özün deyən kimi, bizə gəlməyə
bilərsən".
Əlağa sonralar özü boynuna alırmış
ki, içimə vicvicə düşdü, ürəyim
başladı çırpınmağa.
İmtahançı ustad misranı deyir:
Min qəmim vardır, birin
mindən bir adəm bilməyir.
İş tərsə düşməsin. Ayrı vaxt
tay-tuşlarının adicə sözlərindən qafiyə
tutub gedən Əlağa indi ilişib qalır. Nə illah eləyir,
beyni, ilhamı hərəkətə gəlmir.
Bu əhvalatı mənə Vahidin dilindən Hacıbaba
Hüseynov nağıl eləyirdi. Neçə məclisdə
şəxsən Vahidin özündən eşidibmiş.
Gözü qalıbmış Mirzə Əbdülxaliqin
stəkanında - artıq yarı olubmuş.
Öz-özünə düşünür: "Birdən deyə
bilmədim. Mirzə də gerçəklədi, daha məni məclisə
buraxmadı - ayağım kəsiləcək burdan, burdakı
gözəl söhbətləri eşitmək feyzindən məhrum
olacam".
Və qəfildən misra gəlir ağlına. Qərara
alır ki, Mirzənin sözünü qaytarsın özünə,
cavabı elə o sözdən yapışaraq versin. Deyir:
Min qəmim vardır, birin mindən
bir adəm bilməyir,
Həm bu bir qəm ki, min
adəmdən biri qəm bilməyir.
Mirzə Əbdülxaliq Yusif başını
qaldırır. Gözündən razılıq, məmnunluq
oxunur, amma tərifli sözlərini udub xəsiscə:
"Yaxınlaşmısan", - deyir.
Əlağa "niyə?" soruşmaq istəyirmiş
ki, məclisin daimi üzvləri gəlir, bu xudmani otaq yenə
şeirlə dolur, Əlağa acgözlüklə dinləməyə
qapılır.
Seyid Əzimdən danışırdılar, ona XIX əsrin
Füzulisi deyirdilər, kimsə etiraz edirdi, o biri misal çəkirdi
və həmişəki kimi, yenə söhbətin
yönü səbəbsiz dəyişir, Əbdülxaliq Yusif
çönür Cənnətiyə ki, adaş, bəlkə
bir qafiyə deyəsən?
Cənnəti ağsaqqal təmkiniylə azacıq susur,
başıyla razılıq işarəsi verir ki, deyərəm
və ani fikirdən sonra belə başlayır:
Piri-təbimdən cavanlar
istəmişlər tazə söz,
Onların zənnincə
var təbimdə biəndazə söz.
Təklifi Mirzə Əbdülxaliq Yusif eləyibmiş,
ürəfa, zövq məclislərinin qaydasına görə,
gərək indi birinci cavab beytini də o deyəydi. Və
deyir:
Arifən billah olan hər
gün yazar min tazə söz,
Sahib-i təb-i səlim
yazmazdı biəndazə söz
Mirzə Yusif hiss eləyir ki, Əlağa sözlə
qaynayır, ardını deməyə hazırdır, amma
çəkinən kimidir. Ürəkləndirir onu:
"Oğul, hazırsansa, ürəyin istəyirsə,
ardını sən söylə".
"Hazırsan?" nədir, bayaqdan özünü
zorla saxlayırdı Əlağa:
Təngdir qönçə
dəhanın, gec gəlir avazə söz,
Bir sənəmdir nazənin,
qoymuş özünü nazə söz.
Sordum ağzın sirrini hər
kimsədən, ey tazə gül,
Tapmadı - yüz min xəyal
etdi bu məxf-i razə söz.
Olmasa ustad bəzmində
sözün, billah, qəbul,
Pirlər yazsın
cavanlarçun yenə bir tazə söz.
Mirzə Əbdülxaliq "afərin, əhsən"
deyərək qalxır ayağa, Əlağa da tez yerindən
sıçrayır, ustad onun alnından öpür, bir də
"mərhəba" deyir.
-Oğul, bugündən sən
məclisimizin ən əziz üzvü, vahid şairi olursan. Təxəllüsünü
də "Vahid"
qoyuram. O qəzəl ki dedin, onun da məqtəsindəki
"billah" kəlməsini at, "Vahid" yaz...
Beləliklə, Əlağa olur Vahid.
Şair kimi onun təkliyi etiraf edilir.
İlk gəncliyimdən Vahidlə
oturub-durmuş xanəndələrdən, şairlərdən,
şeir xiridarlarından onun
ömür-gün lövhələrini
o qədər dinləmişəm ki, sanki bu hadisələrin
hamısı an-an gözümün qarşısında
baş verib.
***
Bu söz ağsaqqalları təcrübədə,
fikrə bədii don geydirməkdə, peşəkarlıqda
Vahiddən üstün idilər. Bir də ki, onların
çoxu ən azı bütöv, kamil mollaxana təhsili
görmüşdü - Vahid bu sarıdan da geridəydi. Amma
bir qabiliyyətdə Vahid onların hamısını arxada
buraxa bilirdi. Bədahətçilikdə, şeiryaratma sürətinin
müqayisəsiz itiliyində. Bədyə demək, meyxana
söyləmək, qafiyə tutmaq Abşerona xas çox
maraqlı yaradıcılıq hadisəsidir ki, Vahidi
doğurmuş təməllər içərisində ilkin
anılmalıdır. Sadə bir ritmin sədaları
altında verilmiş qafiyə və bəzən məlum,
qabaqcadan sərhədi cızılan mövzu içində
usanmadan, nəfəs dərmədən, ritmi qırmadan uzun
müddət bədii söz doğura bilmək nadir məziyyətdir.
Abşeron şairlərinin əksəri elə
uşaqlıqdan bu təbii məktəbin dərsini alır. Yəni
ki, əslində bunun nə dərsi var, nə dərsliyi, nə
təlim üsulları, nə də nəzəriyyəsi. Bu,
bəlkə də abşeronluların irsi, qanla keçən
keyfiyyətlərindəndir, sanki bu bədyəçilik dərsini
onlar havayla, suyla alırlar, elə bil bu rəvan təblilik
Abşeronun ab-havasından onların yaddaşına, qəlbinə
hopur. Bu təbii özülə sonra əsl şairlik vərdişləri
və savad da qoşulursa, məsələ lağlağı həddindən
aşır, iki cəhəti ilə başqalarından
üstün olmağı bacaran daha bir Abşeron şairi
doğulur. Əvvələn, o çox məhsuldar olur,
ikincisi də mövzu qıtlığı baxımından əziyyət
çəkmir. Həm lirika, həm satira yazmağa, həm
hecada, həm əruzda - nəzəri quruluşundan, təfilələrindən
bixəbər olsa belə - bədii kəlamlar zühur etdirməyə
iqtidarı çatır.
Rəhmətlik Cəfər Rəmzinin
ömrünün yarım əsrini həsr edərək
yaratdığı "Deyilən söz yadigardır"
toplularını açın. Bu balaca torpaqdan nə qədər
şairlər çıxdığını görün. Bu
kitabları vərəqlədikcə ona da şahid
olacaqsınız ki, həmin müxtəlif şairlər
hamısı ritmcə bir-birinə yaxındırlar,
yazılılıqdan daha çox şifahililiyə maildirlər;
bu, kök aldıqları məktəbin ənənələrindən
gəlir.
Vahid də gözünü
açıb Abşeronu gördü, Abşeronun havasıyla nəfəs
aldı, bədyəçilik dalğası ondan da keçdi.
Amma Vahidin bu istedadı o qədər qabarıq, o qədər
üstün idi ki, hətta abşeronlu məşhur bədyəquları
da heyrətə salırdı, yerli şairləri də heyran
kəsdirirdi. Şairliyin peşəkar sirlərindən
agahlıqla vəhdətə girən bu talant Vahidi vahidləşdirdi.
Sözümə qüvvət
- bir gün Vahid Aşqabaddaymış və Azərbaycan
operası da bura qastrola gəlibmiş. "Leyli-Məcnun"
göstərəcəkmişlər. Tamaşa ərəfəsində
Zeydi oynayacaq aktyor naxoşlayır, Hüseynqulu Sarabski Vahidi burada
görəndə bərk sevinir, o dəqiqə qət edir ki,
tamaşada Zeydin başqa gəlişlərini ixtisar edib bircə,
ən zəruri yerdə saxlamaq olar, həmin hissəni
oxumağı da Vahid yaxşı-yaman yola verər.
Çünki Vahidin babat səsi olmağını Sarabski
eşidibmiş. Vahid əvvəl imtina edir, boyun
qaçırır, amma Sarabski çox dil tökəndən
sonra istəyinə nail olur: "Əşi, nə var ki orda?
Axırıncı pərdədə mən Leylinin qəbrinin
üstünə gələndə bircə bənd şeir
oxuyacaqsan. Sənin əlində də bu bir bənd şeiri əzbərləmək
su içmək kimi asandır".
Sarabski şeiri Vahidə
yazdırır, Vahid əzbərləyir, tamaşa saatı
çatır və nəhayət Zeydin səhnəyə
çıxacağı an da yetişir.
Dün
əxtər-i bəxtim oldu tirə,
Leyli sitəm etdi mən fəqirə.
Yar ibn-i Səlama ruzi oldu,
Ruzi sənə dərd
suzi oldu.
Vahid bu sözləri dünəndən
əzbərləyib, amma işin tərsliyindən
Hüseynqulu Məcnun libasında gəlib qarşısında
duran məqamda sözlər debütünü edən
"aktyorun" zehnindən sivişir; lal dayanmaq da olmaz, nəsə
demək lazımdır və bədahətən oxuyur:
Məcnunə
deyən yox ki, ey aşiq-i biçarə,
Vahidlə nə karın var, qoysun səni avarə.
Bu babətdə Vahidin
özünü də dinləyək: "Cəfər
yaxşı şairdi, həm də ədibdi. Səməd də
biz qafiyə deyəndə deyirdi. Amma o, gec deyirdi. Cəfər
tez deyirdi. Çünki o biznən gəzirdi. Cəfər məndən
beş yaş kiçikdi, Səməd on iki yaş. Bir gün
səhər-səhər Həsən Səyyarla söhbət
eləyirdik. Nə onun cibində bir qəpik pul vardı, nə
mənim. İkimizin də başımız bərk
ağrıyırdı. Həsənə dedim ki, gedək Məmmədəli
Sidqinin yanına, o bizə kömək edər. Getdik
"Kommunist" mətbəəsinə. Ancaq Məmmədəlini
tapa bilmədik... A... bir də gördüm Cəfər gəlir.
Kefim oldu kök. Vəziyyətimizi başa saldım Cəfərə,
dedim bizə əl tutsun. Cəfər əvvəl bizi evə dəvət
elədi. Dedi: "Sona yaxşı yemək bişirib, gedəyin".
Doğrudan da Cəfərin adətiydi, restorana, yeməkxanaya
getməkdənsə elə dost-tanışı evə dəvət
edərdi. Dedim: "Yox, Cəfər, evə getməyə nə
vaxtımız var, nə halımız. İşimizi düzəlt,
bizi yola sal".
Cəfər qayıtdı
ki, bir qafiyə deyirəm. Ardını gətirdin, pulu verəcəm.
Güldüm ki, ay Cəfər, özün bilirsən, Həzrət-i
İsa da gəlsə, ardını gətirəcəm.
İllah da indiki halımda. De gəlsin. Üzümü
çevirdim Həsən Səyyara ki, alə, Həsən,
çıxart qələm-kağızını. Həsən
Səyyar mənim katibim idi, rəhmətlik. O da
çıxartdı qələm-dəftərini. Dedim: "Cəfər,
de gəlsin".
Cəfərin qafiyəsi belə idi:
"Mey damından Allah
saxlasın". Dedim: "Həsən, yaz ora:
Zalimin
zülmi-firavanından Allah saxlasın,
Acizin də ahü əfqanından Allah saxlasın.
Qoy ədu haqsızlığın göstərsin, etsin
zülmünü,
Həzrət-i həqqin də
divanından Allah saxlasın.
Cəfərin xoşuna gəldi..."
Vahidlə Cəfər Cabbarlı
uşaqlıq dostu idilər. Cəfər Vahiddən kiçik
olsa da, mətbuatla əlaqəsi daha sıx idi, "Baba-yi əmir"lə
xüsusən. Soyuq qış günlərindən birində
o, Vahidi özüylə aparır həmin jurnalın
redaksiyasına. Vahid bir satirik şeir yazıbmış:
Gəldi "Baba-yi əmir" işləri
sahmanlasın,
Fürsət ikən hər kişi öz işini
anlasın.
Keyf ilə biganələr
cümlə olub bəxtəvər,
Səy edirik, heyf, biz hər işə şamü səhər,
Eyləməz əsla bizə naleyi-məzlum əsər,
İstəmirik qeyridən
ibrət alaq, müxtəsər.
Gəldi "Babayi-əmir"
işləri sahmanlasın,
Fürsət ikən hər kişi öz işini
anlasın.
Cəfər Vahidi o ki var tərifləyir,
Vahid şeirini oxuyur, bəyənirlər, götürürlər
çap eləməyə. Şeir 1915-ci il aprelin 21-də
"Baba-yi əmir"də "Molla
Balbala" imzasıyla adam arasına çıxır.
Bircə il sonra Vahidin doqquzca səhifəlik
ilk şeirlər kitabı nəşr ediləndə də
onun haqqında birinci məlumatı "Baba-yi əmir"
verir: "Cavan şairlərimizdən Əlağa Vahid cənablarının
"Tamahın nəticəsi" nam nəzmən qələmə
adığı birinci əsəri çıxıb
satışa qoyulmuşdur".
Ad-san yavaş-yavaş gəlirdi,
asta-asta Vahidin imzası ədəbi aləmdə
dayanıqlı yer tutmağa başlayırdı. "Tuti", "Məzəli", "Dirilik"
və xüsusən "Baba-yi əmir" getdikcə onun
şeirlərini daha həvəslə qəbul edib ləngitmədən
buraxırdı.
Və o illərdə Vahidin
ilhamlı, coşqun könlünə sevda da yol tapır.
Özbək Yaqubun Mixaylovski küçəsindəki
xalça dükanına tez-tez gəlməyə
başlayır. Yaqub əkə şeirə aludə, köhnə
Şərq ədəbiyyatına - Sədiyə, Hafizə, Nəvaiyə
kamil bələd olan bir ağsaqqal idi. Vahidlə söhbəti
yaxşı tuturdu, amma Vahidi bu dükana gətirən Yaqub əkənin
səmimiyyətindən, söz qonaqlıqlarından daha
şirin bir duyğu - hər dəfə
dükançının qızı Zülfiyyəni görmək,
fürsət düşəndə onunla xısın
danışmaq girəvəsi idi. Zülfiyyə də Vahidə
biganə deyildi, şəklini də
bağışlamışdı ona. Vahid bu qızla evlənməyi
lap qəti qərara almışdı. Hərçənd,
varlı-hallı bir tacirin kasıb Vahidə qız verib-verməyəcəyi
böyük sual altındaydı. Vahid bunun fikrini eləyirdi,
qohum-qardaşla məsləhətləşirdi və növbəti
dəfə Yaqub əkənin dükanına bu niyyətini
kişinin özünə də izah eləmək cəsarətini
toplayıb gəlir.
Amma lələni
köçmüş, yurdu boş tapır.
Nə səbəbdənsə
Yaqub əkə tələsik dükanını satıb vətəni
Səmərqəndə yola düşmüşdü.
Bu hələ ümidin
qırılması demək deyildi və cavan şair elə
birinci imkan düşən kimi yollanır Səmərqəndə
- ünvanı soraqla öyrənibmiş.
Yaqub əkəylə
çox mehriban görüşürlər, çay gəlir,
ardınca plov, amma tikə Vahidin boğazından keçmir,
onu bura gətirən, əlbəttə ki, nə Yaqub əkənin
şirin söhbətinə məftunluq, nə özbək
plovu idi - gözləri Zülfiyyəni arayırdı.
...Vahid o gecəni kiprikləriylə
açır.
Oxu daşa dəymişdi.
Zülfiyyəni
nişanlamışdılar.
Bu qəmli qəzəlini də
həmin gecə yazır, qoyur Zülfiyyənin şəkli ilə
bir zərfə, ertəsi gün vida məktubunu qıza verib
bir daha qayıtmamaqçün Yaqub əkənin evindən, Səmərqənddən,
ilk məhəbbətindən ayrılır…
Görüm, ey bivəfa,
zülfün həmişə şanəsiz qalsın,
O canlar məskəni əğyarsız,
biganəsiz qalsın... ...
Və sonralar Vahid Polina
adlı bir rus qızıyla evlənir. Söyləyirlər
ki, Vahid o qızı görüb bəyənir, gəlib
yapışır Cəfərdən ki, amanın
günüdür, kömək elə, yaxınlaşa bilmirəm,
mənim rusca danışmağım bərbaddır,
qızla, ata-anasıyla söhbətləş, gör
razılıqlarını ala bilirsənmi?
Mənə elə gəlir ki, bu,
baş tutmamış ilk sevdadan sonra ürəkdə
qalmış yanığın qövr elədiyi anlardan birinin
doğurduğu çılğın cəhd idi.
O qızla evlənir Vahid, uzun
müddət yaşayırlar da, amma artıq ahıl, mərəzlərə
düçar vaxtlarında xəstəxanada ona can-i dildən
qulluq eləyən bir şəfqət bacısına zarafatca
"adamın belə arvadı ola" deyir, həmin qadın
da nazlana-nazlana zarafatca "alsan, niyə olmur" söyləyir
və zarafat-zarafat evlənirlər.
Vahidin yadigar balalarını da elə
bu qadın - Şərəbanı Mehdiyeva dünyaya gətirir.
Övladsızlıq dərdi
də Vahidi uzun müddət daxilən incitmişdi, üzə
vurmasa da, ürəyində bu nisgili çəkmişdi. Yavər
xanım Kələntərli danışırdı ki, Vahidin
iki qəşəng iti vardı, hərdən onları da
özüylə gəzməyə çıxarardı. Bir dəfə
hansı nacinssə Vahidə söz atır ki, budu e,
oğluyla qızını yanına alıb gedir.
Həmin söz hələ-hələ
söz altda qalmayan Vahidi yandırıb tökübmüş
və yekəbaş danışığa yerindəcə kəskin
cavab vermək adətinin xilafına - belə mütəəssir,
kövrək bir beyt deyibmiş:
Mənə dünyada vəfalı qoşa itim qalacaq,
Mən olmasam, onlar yetim qalacaq.
Uşaqları dünyaya gələndən
sonra, təbii ki, Vahid o sözləri məzə kimi qəbul
edər, elə məzəli də cavab verərdi. Necə ki
olmuşdu: bir axşam iki-üç dost-tanış Vahidin
tulalarından birinin öldüyünü eşidir, ürəklərindən
Vahidi görmək keçirmiş, elə həmin xəbərdən
bəhanə kimi istifadə edib gəlirlər onun evinə.
Yalandan özlərini qəmli göstərib "ay Vahid,
başın sağ olsun, eşitdik müsibətini,
başsağlığına gəlmişik", - deyirlər.
Vahid karıxmır: "Həyatdı
da!.. Allah sizinkilərə də rəhmət eləsin".
Sonra da xanımını səsləyir:
"Arvad, bir çay qoy, itin qohum-qardaşı
başsağlığına gəlib..."
(Amma hər halda ailə,
arvad-uşaq da fikri-xəyalı başqa aləmdə olan
laqeyd Vahiddən ötrü ömrün ötəri bir
anıydı. Şərəbanıyla evlənmişdi, bir
qızı, bir oğlu dünyaya gəlmişdi, ancaq onunla
nikah da bağlamamışdı. Heç köhnəsiylə
də qeydiyyatı yoxmuş.
Təzə ailəsi ilə
yaşadığı, uşaqlarının da olduğu
vaxtlarda küçədə sabiq həyat yoldaşı
Polina Stuparova ilə rastlaşır. Yenə içkiliymiş
yəqin. Polina onu aparır ZAQS-a - yəni VVAQ-a. İşə
bax ki, bu idarənin rusca adı indiyəcən azərbaycancasından
daha işlək və anlaşıqlıdır - Vahidin,
güman ki, qarşısına qoyulan kağızı
oxumağa da səbri çatmır, imzasını atır və
bir zamanlar doğrudan yaşadığı qadınla indi
yalandan evlənirlər.
Yəqin Vahid belə
kağız-kuğuza "onsuz da boş şeydir", - deyə
yanaşırmış. Amma illər keçir, onun vəfatından
sonra əsl arvadı, uşaqlarının anası ora-bura ərizələr
yazaraq balalarının vərəsəlik hüququnu bərpa
etməkçün əziyyət çəkməli olur.
"Vərəsəlik"
deyəndə, guya bir həsir, bir Məmmədnəsir olan
Vahiddən nə miras qalmışdı ki üstündə
dava düşə! Sadəcə, vəfat edənin ailəsinə
o vaxtkı pulla 240 manatlıq birdəfəlik maddi yardım
düşürmüş. Rəsmiyyətdə də Vahid
Polinanın əri sayıldığından pul ona
çatmalıymış. Şərəbanı Həcər
qızı dünyaya biganə olmuş ərinin yadigar qoyub
getdiyi bu müşkülün qarşısında aciz qalaraq ərizələrini
belə yazıq cümlələrlə bitirirmiş: "Əlbəttə,
indi mən özümü Vahidin qanuni arvadı kimi qələmə
vermək istəmirəm. Hər şey keçib getmişdir.
Amma Vahidin həqiqi uşaqları olan oğlumla
qızımın haqqını tələb edirəm").
***
Təbiətindəki duz,
sancmaqlıq, şuxluq, itisözlülük Vahidin satirik
şeirlərinə, iynəli həcvlərinə,
gülüşlü meyxanalarına maya verirdi.
Əslində, yaradıcılığının
başlanğıc, ilk mərhələsində o elə
satirikdir - qüdrətli lirikə sonralar çevriləcək
- Mirzə Cəlilin "Molla Nəsrəddin"iylə
əməkdaşlıq edir, "Tənqid-təbliğ
teatrı" üçün ifşaçı kupletlər
yazır.
Yumor damarı, mizah dili Vahiddə
həmişə qaldı - müharibə illərində Azərbaycan
rayonlarına göndərilən təşviqat
briqadalarında o, başda olardı, Hitleri, faşizmi qəhr
eləyən meyxanaları, bəndləri xalq ədəbiyyatı
örnəkləri kimi dillərə
düşmüşdü, qəzəllərinə görə
yox, məhz elə həmin fəaliyyətindən ötrü
1943-cü ildə "Əməkdar incəsənət
xadimi" adına layiq görülmüşdü (amma fəxri
adların son dərəcə qənaətlə, tutya kimi
paylandığı əyyamlarda Vahidin belə qiymətləndirilməsini
sadəlövhlüklə "gördülər, dəyərləndirdilər"
kimi də qəbul etmək olmaz. Səbəbkarlar vardı. Evsizlikdən,
şəraitsizlikdən əziyyət çəkən Vahid
ora-bura çox müraciət etsə də, nəticə
hasil olmurmuş. Axırı hirslənir, şairliyi vurur
başına, bir həcvvari ərizə yazır:
Evimi görsə naxırçı, deyər,
samanlıqdır,
Havası yox, həmi nəmdir,
həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə
hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz,
oyanlıqdır.
Çox ərzə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ
dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə
bir otaq,
Yüz il təşəkkürə layiq, bu,
dasitanlıqdır.
Üzeyir Hacıbəyovla Məmməd
Səid Ordubadi Vahidin 1938-ci ildə yazdığı bu ərizə-şeirin
Mircəfər Bağırova çatdırılmasına və
Azərbaycanın zəhmli başçısının
şairi qəbul etməsinə yardımçı olurlar.
Mircəfər Vahidlə
görüşür, qarşısında hər gün mil
duran saysız-hesabsız digərlərindən fərqli
olaraq, şairin sərbəst, təbii davranışları
xoşuna gəlir, ona ikiotaqlı bir mənzil
ayrılmasına göstəriş verir, "amma içmə"
deyir.
Vahid ağıllı adam
idi, o gün qəbula da içib gedibmiş.
"- Baş üstə,
içmərəm!
- And ver, de "sənin
canınçün içməyəcəm".
- Sizin canınızçün
içəcəm".
Mircəfər Bağırov
gülür, baxır ki, bu, düzələn deyil, deməli,
həm də xatasız adamdır, "yaxşı, get, amma az
iç.
-
Baş
üstə, onu eləyərəm".
Vahid rəhbəri inandıra bilir ki, həqiqətən
düzələn deyil.
Beləcə, tuthatut illərində özünə bir
zireh qazanır, həyatını, yaza biləcəyi şeirlərini
xilas edir, zahirdə əyyaş, ürəyində qəmgin,
pinti yaşayışını davam etdirir).
***
"Molla Nəsrəddin"in
bolşevik nəvəsi "Kirpi"
doğulanda da Vahid bu gülgü toplusuna ilkin dəvət
olunanlardan, təzə jurnalın əvvəlinci müəlliflərindən
idi.
Duz öz yerində, məzə
öz yerində, amma Vahidə daimi dirilik qazandıran onun qəzəlləri
oldu.
Məhəbbətli, gözəlli,
şərablı, qədəhli qəzəlləri...
O qəzəllərdəki məhəbbətdən
də az-çox yazıblar, gözəllərdən də.
Amma meyin, badənin üstündən keçiblər, dəlinin
yadına daş salmaq istəməyiblər, "ədəb-ərkan"
gözləyiblər. Düşünüblər ki, bu məsələnin
bir başı Vahidin öz taleyinin üstünə gedib
çıxır, ayıbdır, açıb-ağartmaq
lazım deyil. Təəssüflər ki, bu əqidə bizdə
baş alıb gedir - yaxşı kimi tanınanın
haçansa etdiyi qüsuru demək olmaz, bu gün çox
şöhrətli bir şairin 50 il qabaq yazdığı
nalayiq sözləri üzə çıxarmaq
yasaqmış; aləmin düzlüyü, həqiqətin
bütövünü, doğrunun tamamını car çəkdiyi
günlərdə də mühitimizin bir para
qılaflıları nələrisə pərdələməyə,
qrimləməyə, üstünə şirə çəkməyə,
əhəng altında gizlətməyə səsləyirlər.
Adamı həqiqəti deməməkdə yox, tam deməkdə
günahlandırırlar. Əcəbdir! O adamlar ki artıq
tarixindirlər, onların haqqında həqiqəti tam demək
və yazmaq lazımdır. Bütün acısı və
şirini, bütün yaxşısı və pisi,
bütün üzə deməlisi və deməməlisiylə.
Tarixin olan adamları birüzlü, birrəngli, rəndələyib,
aşılayıb təqdim etmək yaramaz. Vaxtın təqvimində
qalmaq haqqı qazanmışların yaxşı cəhətləri
qədər, bəd əlamətləri də
maraqlıdır. Onları məhz təzadları, öz
içərilərində çarpazlaşan xasiyyətləri,
səhvləri və etiraflarıyla göstərmək
vacibdir.
Orta əsrlər şeirində
mey, sağər, badə, şərab, məstlik deyimləri və
anlayışları bollucadır. Hətta ayrıca janr da olub
- saqinamələr. Özü də bu janr həm şeirdə
varmış, həm musiqidə - rəhmətlik Bəhram
müəllim saqinaməni çala bilirdi. Amma şeirə
bunca bol səpilmiş həmin xumarlıq işartıları
heç də əyyaşlığın, məstliyin təbliğinə
xidmət eləmirdi. Bu bir rəmz idi. Təsəvvüf
şeirindəki əsas obrazlardan idi. Vəhdəti-vücud fəlsəfəsinin
təməl anlayışı - cüzvün küllə
qovuşması yolunda mey, məstlik bir vasitə,
körpüydü. "Öylə
sərməstəm ki, idrak etməzəm dünya nədir, Mən
kiməm, saqi olan kimdir, mey-i səhba nədir" deyən
Füzuli, əlbəttə ki, gerçək meyi, həqiqi dəmliyi
yox, sevgi şərabını, məhəbbət məstliyini,
aşiqlik bihuşluğunu nəzərdə tuturdu.
Amma bir də var İskəndərin
kefliliyi. Amma bir də anlamaq və anlada bilməmək,
anlanılmamaq dərdindən, yaşayışa qarşı,
güzəranın kəcrəftarlığına etirazın
əlaməti olan sərməstlik.
Amma bir də var Vahidin
xumarlığı.
Yox, şeirlərində
Vahid şərabı elə çox yerdə klassik poeziyada
olan mənada işlədib. Amma gerçək həyatda da
çox işlədirdi. Yaşlı nəsil bunu
xatırlayır. Bu, artıq xəstəlik idi. Bədən
daha onun sözünə baxmırdı. Dəmi gələn
kimi öyrəşmiş bədən zəruri məhlulunu tələb
edirdi. Xalq Vahidini hər üzünə sevirdi. Vahidin bu dərdi
də camaata məlum idi və həmin dərdə ikrahla yox,
anlama hissiylə yanaşırdılar. Vahidin yalnız
adını eşitmiş, ya onu uzaqdan-uzağa tanıyanlar da
rast düşəndə mütləq onu masalarının
başına dəvət edir, 50 qramını, 100
qramını gətizdirirdilər. Ən heyrətlisi, ən əcaibi
və ən gözəli bu idi ki, artıq səhhətini,
sağlamlığını itirmiş, iradəsi tabeliyindən
çıxan Vahidin ilhamı, beyninin şeir qatı saat kimi
işləyirdi. İstənilən halında çox
keçmişdə qalmış cavanlığında
olduğu kimi, sürətlə - verilən qafiyəyə, təklif
olunan mövzuya müvafiq zərif qəzəllər doğura
bilirdi: "Min gənc
çıxar zahirə viranəliyimdən". Vahidin bu
misrası onun özünə nə kədərli bir şəkildə
bənzəyir.
(Gürcülərin də məşhur
bir şairi olub - Paolo Yaşvili. Sübhdən, dan üzü
döyərmiş hansısa gürcü pəncərəsini,
"mən şair Paoloyam" deyərmiş, dinməz-söyləməz
pəncərəni açar, şərab kuzəsini
uzadarmışlar ona...).
...Vahid xoş gündən mübtəla
olmamışdı bu bəd şakərə - çətin
taleyi asta-asta, tədricən gətirib
çıxarmışdı onu bu hala. Hər halda İskəndərovun
(Vahidin) içkiçiliyində İskəndərlik mütləq
vardı.
Çox sonralar, ixtiyar vaxtlarında,
həkimlər təkid edəndə özü də
içkiylə üzülüşmək üçün
bir-iki dəfə cəhd eləmişdi - bir şey
çıxmamışdı.
Hər halda bütün fəsadlarına
baxmayaraq, içki onu həmişə qorudu (deyirlər, sərxoşu
it də tutmur).
1948-ci ildə bir ara Vahidin
başı üstündə buludlar qatılaşsa da, yenə
ona toxunulmadı. Bu, təsadüf idimi?
Cəfər Rəmzinin danışdığı bir əhvalat
gümanımın düzlüyünə inamımı
artırdı.
Bir dəfə Vahidlə rastlaşırlar, elə yenicə
hal-əhval tutublarmış ki, Vahid başlayır ləngər
vurmağa, özünü bərk sərxoş kimi göstərməyə.
Cəfər müəllim təəccüblənir:
"Vahid, noldu sənə, indi ki ayıqsan?!"
Vahid gözləriylə onlara yaxınlaşan S.O.-nu
göstərir: "Görmürsən? Satqının biridir.
Məni sərxoş hesab eləməsi məsləhətdir".
(Ardı var)
Rafael HÜSEYNOV
525-ci qəzet. - 2009. - 17 yanvar. - S.15 - 18.