İki sevgi
Üç-dörd gün
bundan əvvəl iş telefonuma zəng gəldi, TV
kanalların birindən. Çox ədəb-ərkanla
danışan gənc qız səsi idi. Dedi ki, sizi
proqrama dəvət eləmək istəyirik. Soruşdum
nə proqram? Dedi və mən təbii ki, təəccübləndim
- oynamaq bilmirəm, oxumaq bilmirəm. Dedim, xeyir ola,
qızım, mövzunuz nədi? Dedi ki, "qadın
yazarlar"... Hımm, yaxşı mövzudu,
amma TV-lər müğənnilərin monopoliyası
olduğundan yazarın proqrama nə dəxli olacaq? Ayrı qonaqlarınız kimdi - deyə soruşuram.
Qızcığaz cavablandırır və mən
o adamlardan yalnızca birini tanıyıram. Yox, deyirəm, vaxtım yoxdu. Bir-iki
dəfə həmin müğənninin proqramına
baxmışdım və xatırlayıram ki, bütün
TV-lərə zəng edib, bütün proqramlarda
çıxış etmək istəyən bir şairciyəzə
dil çıxarırdı həmin xanım. Nə isə,
səhər işə bir az gec getməyi
qərarlaşdırıram və indiki cavanlar demiş,
"mırta" həmin proqramı seyr edirəm. Nə görürəm, təbii ki, həmişə
gördüklərimizi, yəni toyxana. Efirə
də bir-iki şeirdən, poemadan yazan zəng vurur,
müğənni xanımın gözəlliyini tərifləyir
və görkəmli sənət nümunələrindən,
yəni öz yaradıcılıqlarından parçalar təqdim
edirlər. Təxminən belə:
Gözlərimdən yaş axır,
Pəncərədən quş baxır
Göydə ildırım çaxır və s.s.
Və, və
"qadın yazarlar" mövzusu öz efir həllini
tapmış olur. Bütün mövzular kimi. Mənə
maraqlıdır ki, bizim qüdrətli efirimizə bizi belə
kütbeyin göstərmək xüsusi olaraq
tapşırılıb, ya özləri belə qərara gəliblər?
Ədəbiyyata, yazıya, sözə aid mövzuları niyə
ömründə bir kitab oxumamış, qəzet səhifəsi
açmamış, adını doğru-düzgün
yazmağı bacarmayan adamlara tapşırırlar? Bizim
hörmətli millət vəkilləri deyəsən səslərini
qaldırmaqda gecikiblər axı, mətbuat bu barədə
neçə ildi yazır. Hə, gəldik əsas məsələyə
- Mətbuat! TV-lər üçün mətbuat nəsə
üçüncü-dördüncü "sort" bir
şeydi. Deyək ki, bizim balaca məmləkətdə
gündəlik çıxan qəzetlərin heç olmasa on
beşinin öz oxucusu və həm də ağıllı
oxucusu var. Bu qəzetlərin özlərinin yazarları və
həm də istedadlı yazarları var. Müxtəlif sahələrdə
ixtisaslaşmış olanları da çoxdur. Deməli, bizim
balaca məmləkət üçün çox sayıla biləcək
TV kanallarında hər hansı cəhətdən axsama varsa,
mətbuat ona kömək ola bilər. Yəni bu məmləkətdə
ağıllı adamların suyu qurumayıb. Amma bizə
göstərdikləri nədi? "Qadın yazarlar"
mövzusu mövzusunda toyxana. Qardaşım, bu millətin
yazmaq məsələsi heç vaxt problem olmayıb. Eləcə
də qadın yazarlar. Folkloru doğru-düzgün
araşdırsalar, nə qədər bayatının, eydirmələrin,
əmək nəğmələrinin müəllifi qadın
olduğu bilinəcək. Yazılı ədəbiyyatda da gərək
ki, XII əsrdən bu yana yazar qadınlar məlumdur. Bəs
onda niyə belə bir mövzu gözəllər gözəli
müğənninin proqramında müzakirə olunur? Və
niyə dəxli olmayan adamlarla müzakirə olunur? Ən
azından götürüb qəzetləri vərəqləmək
mümkündü və məmləkətdə var olan qələmlərdən
xəbərdar olmaq mümkündü. Amma TV-lər və
mətbuat iki düşmən cəbhə kimi
qarşı-qarşıya durub. Hər iki cəbhənin
cinahlarını yaxından tanıyan "əsgər"
kimi deyə bilərəm ki, TV-lərdə savad, bilik, məlumat
dairəsi çox məhduddu. Köhnə nəsil bir sinif
kimi ləğv olunub, yeni nəsil də kimdən öyrənəcək
və yaxud da öyrənmək istəyindədimi? Hətta
titrlərdə gedən elementar orfoqrafiya səhvlərini
düzəldə biləcək, buna nəzarət edə biləcək
adamlar yox dərəcəsindədir. Belə
çıxır ki, reklamlardan milyon qazanan TV-lər bir
redaktora pul xərcləmək istəmirlər. Nələrinə
lazım, elə belə də keçir də. İndi deyə
bilərlər ki, qəzetlərdə belə problemlər
yoxdumu? Təbii ki, var, amma birincisi qəzetlərin pul qazanmaq
ehtimalı sıfır dərəcəsindədir, həm də
auditoriyası kiçikdir, həm də vizual imkanları
aşağıdır. Təxminən bir həftədi
xalqın əsas müzakirə etdiyi məsələ nədi,
bilirsiniz? Təbii ki... İşıq, qaz, su, işsizlik? Yox,
yox, ay balam! TV-də bir saat vaxtı çox
kremli pirojnaya oxşayan xalq artistinin yataq otağına həsr
eləmişdilər, millət də baxıb özünə
gələ bilmir. Özü də bu proqramı elə bir TV
verir ki, guya yüksək mənəvi-əxlaqi dəyərlərə
söykənir. Və guya başqa ölkədəki
rejimin (bilirsiniz hansı rejimin) burdakı nümayəndələridi.
Mən fikirləşirəm ki, bizim evimizi elə
həmin ölkədən gəlmiş filmlər yıxdı.
Nə vaxt ki, videomaqnitofonlar evlərə ayaq açdı və
millət gün ərzində dörd-beş düşük
filmə baxa-baxa öz dəyərlərini unutmağa
başladı. Balaca-balaca qız uşaqları bu filmlərdən
nümunə götürüb barların daimi sakinlərinə
çevrildilər. Evində oğlan uşağı böyüdənlər
bilirlər, indi başımıza bəla olan bu bar
qızları həmin dövrün yetirmələridi. Ona
görə də bu gün alnına döyüş yazan
oğlanlardan biri ən baxımlı vaxtda "ərə necə
getmək lazımdı - bakirəmi, ya başqa cür" məsələsini
müzakirə edir. Millətin dərdinə bax ey... Kim necə
bacarır eləcə də gedəcək də, day bunu
müzakirə eləməyin nə yeri. Millətin vəkil elədiyi
xanımların bütün bu problemləri həll etməyə
gücü çatacaqmı? Kişilərin pozub alt-üst
etdiyi dəyərləri yerbəyer eləməyə
gücü çatacaqmı? Məndən olsa
ümumiyyətlə, bütün TV-lərin rəhbərlərini
qadınlarla əvəzləyərdim. İnanın ki,
çox şey dəyişərdi. Ən azından
qadınların öz əlinin altındakı işçilərə
girişmək faktları demək olar ki, yoxdu və onda efirə
buraxılan aparıcıların, oxuma-oynama
yarışlarındakı seçmə prinsipləri də
başqa cür ola bilərdi.
Düşünürsünüz ki, yoxdu rəhbərlikdə
təmsil oluna biləcək qadınlar? Var, əzizlərim.
Axtarıb tapan yoxdu. TV-lərdə
gördüyünüz yataq otaqlarına aldanmayın,
qadın yazarları müzakirə edənlərə də
baxmayın. Əgər bu gün bütün önəmli
nöqtələrdə oturanlar kişilərdisə və bu
məsələni ciddi şəkildə rəsmi tribunadan
qadın deputatlar gündəmə gətirirsə, hər
halda bu nəyinsə göstəricisidi. Bizim gələcəyimiz
çox böyük təhlükə altındadı. Və
həmin təhlükənin ən böyük mənbəyi
də TV-lərdi. Çünki sevimli xalqımız virtual
xalqdı - oxuyub-öyrənmək istəmir, baxıb öyrənir.
Baxdığı, gördüyü də nədi? İndi mənə
özəl TV-lərin özlərini saxlamaq üçün
nə etdiyi barədə nağıllar danışmaq
lazım deyil, Aydan gəlməmişəm. Balaca bir ölkədə
yaşayırıq, hər hansı bir quruma özəl
qanunlar tətbiq eləmək olar. Deyək ki,
kanallar liderindəki totuş-motuş oğlana
üç-dörd ildən qalma boyat yarışmaları
göstərmək üçün şərait
yaradırlarsa, eləcə də müxtəlif şirkətlərə
göstəriş eləmək olar ki, taleyüklü məsələlərdən
bəhs edən proqramlara sponsorluq etsinlər. Rusiyada bu
prinsip uğurla tətbiq olunur. Bizdə mümkün deyil? O qədər
pulları havayı sovururlar ki... Bu tarixi həqiqətdi ki, bəzən
dövlətsiz də xalqların, millətlərin
mövcudiyyəti davam edə bilir. Amma xalqsız, millətsiz
dövlət olmur. Bizim başbilənlərimiz sabah hansı
toplumun böyükləri olacaqlar?
Əslində bu məsələ
həm TV-lərdə, həm də mətbuatda ciddi polemika
mövzusudur. Hələlik isə görünən budur ki,
heç nə görünmür (yəni TV-lərdə), mətbuatda
isə ciddi imzalar susurlar. Yəni burda da belə bir prinsip
işləyir ki, "birdən nəsə deyib-eləyərəm
TV-lər mənə qadağa qoyar". Qoysunlar da. Onsuz da bir
gün çıxış eləməyə adam tapmayanda
düz yola qayıtmaq ehtimalı da var. Yeni üzlər, yeni
simalar arayıb-axtarmaq ehtimalı da var. Yoxsa eyni sifətlərdi,
hansı düyməni bassan ordan boylanır. Bir gün
sponsorlar da bezər yəqin... yataq otaqlarını göstərməkdən.
... Bizə öz
cındır filmlərini sırıyan
qonşularımızın xəbər proqramlarının
aparıcılarını görmüsünüz? Hamısı
məşhur qəzet yazarlarıdı. Yəni
özünün deməyə sözü olmayan adamın ciddi
proqramlarda yeri yoxdu. Deyək ki, orda TV-lər böyük
holdinqlərə məxsusdu və bu holdinqlərin də
öz TV-ləri, öz qəzetləri var. Həmin o
yazarların da həm TV-də, həm də qəzetdə
çıxış eləmək imkanı var. Yəni həm
hüququdu, həm də borcu. Bizdə necə? Əlinə
mikrofon alan uşaq-muşaq elə bilir dünya bunundu. Kiçik
Qafqazı özü yaradıb, Böyük Qafqazla da rəhbərliyi
məşğuldu. Ay yazıqlar, mikrofonu əlinizdən alan
kimi harda olacaqsınız, Allah bilir. Heç olmasa
yazı-pozmaq öyrənin ki, sabah gərəyiniz olsun.
Televiziya çox etibarsızdı. Ordan düşən kimi
unudulursan. Rafiq Hüseynovdan artıq olmayacaqsınız ki. Bu
gün qəzetlərdə çalışan həmkarlarınıza
da yuxarıdan baxmayın. Onlar heç olmasa dillərinin
qayda-qanunlarını doğru-düzgün bilirlər. Və
günlərin bir günü bu məmləkətdə də
qayda-qanunların doğru-düzgün işləyən
vaxtı olacaq da. Hər halda qadınlar buna
çalışırlar. Hər millətin əxlaqının
qoruyucusu daim qadınlar olub. Və söhbət kiçik məişət
əxlaqından yox, yüksək anlamda mənəvi əxlaqdan
gedir. Kişilərin vurub-dağıtdıqlarını, viranə
qoyduqlarını qadınlar yenidən qururlar. Deputat
xanımlar çox çətin işin qulpundan
yapışıblar. Burda debatlar heç nəyi həll eləməyəcək,
işlək qanun mexanizmi lazımdı. İşlək. Cəmiyyətdəki
bütün eybəcərlikləri önəmli nöqtələrdə
oturanlar (əksər halda kişilər) yaradır. Onun nəticələrini
isə qadınlar aradan qaldırmalı olurlar. Yataq müğənnilərini
də yaşadan onlardı, yarışma proqramlarındakı
auksion prinsipini də müəyyən edən onlardı,
öz sarsaq nümunələri ilə övladlarının tərbiyəsini
də pozan onlardı.
... Əli Kərimin ruhu şad olsun. "İki
sevgi" şeirini xatırladım. Kişilər hər
şeyi "işıqlardan yaranmış yaraşıq sevən
kimi" sevirlər. Qadınlar "iynənin ucu boyda
işığa həsrət qalan göz işıq sevən
kimi" sevirlər. Kişilər "kabab üstdən sərin
su pis olmaz" deyən kimi, qadınlarsa "susuzluğun od
vurub köz kimi yandırdığı dodaq su sevən
kimi" sevirlər. Bilirəm yenə hay-küy
qopacaq, amma öz fikrimi deyim də, bu da mənim
haqqımdı. Millətin gələcəyi qadınlardan
asılıdır. İndi bu gələcək kimin əlində
olacaq - yüksək əxlaqlı, elitar, savadlı
qadınların, ya da kişilərin yaratdığı
pritonlarda yetişmiş bar qızlarının? Bu da
önəmli nöqtələrdə oturmuş kişilərdən
asılıdır.
..."Qadın yazarlar".
Yaxşı mövzudu. Amma şairciyəzə dil
çıxaran gözəlin proqramında yox da. Qadın
yazarlar bir yerə yığışıb daha yaxşı
mövzuları müzakirə edə bilərdilər. Məsələn,
bölgələrdə qız uşaqlarını məktəbə
getməyə qoymurlar. Görünür, qadın alveri ilə
məşğul olanlara belə sərf eləyir. Çünki
savadsız adamı necə istəsən elə də istismar
eləmək olar da. Yaxşı, bütün bu problemləri
bilə-bilə niyə elə görüntü
yaradırıq ki, guya heç nə yoxdu? Bəs onda xarici təşkilatların
bizə sırıdığı gender söhbətini niyə
bəh-bəhlə qəbul edirik? Doqquz yaşında körpələrlə
maraqlanan Şeyx Nəsrullahlar niyə artır? Kefli İsgəndər
rolunu niyə qadınlar üstlənməlidi? Əgər
ideologiyadan söhbət gedirsə, bizim TV-lərin
ideologiyası nədi? Birinci buna qiymət vermək
lazımdı. Deyək ki, kosmos kanalının dahi rəhbəri
öz sərsəm filmləri üçün istifadə edir
televiziyadan, o birində qadınlardan istifadə olunur,
üçüncüsündə toy kralları müəyyənləşdirilir.
Prioritet sahə nədi? Toyxanamı, kriminalmı, qadın
ticarətimi?
Millət, sabah bizim nəvə-nəticəmizin
anası kim olacaq? Nə qoyub, nə axtarıram ey. Millət on
gündü pirojnaya oxşar artistin ev-eşiyindən
danışır. Millətin əxlaqi dəyərləri də,
sevgisi də haçalanıb. İki sevgi var, amma əziz
oxucum, "yaxşı fikir ver bu iki məhəbbətə,
daha heç nə demirəm, nöqtə, nöqtə və
nöqtə".
P.S. Siz elə bilirsiniz mən sevgidən yazacam?
İradə TUNCAY
525-ci qəzet.-2009.-17
yanvar.-S.21.