Başımızın üstündə dolaşan narahat ruh:

 

Dostum Aydın Məmmədovun əziz xatirəsinə


           Epiqraf verdiyimiz böyük bir gerçəyi ifadə edir. Məncə, "Tövrat"dan sonra başqa şəkildə "Quran"da da təsbit edilən bu həqiqət yalnız təbiətə aid edilə bilməz. Bu dirəklər təbiətdə dağlar, cəmiyyətdə şəxsiyyətlərdir. Elmin sənətin böyük şəxsiyyətləri.

Dünyada elm və sənətin kəsişdiyi məqamlar, prinsip və qanunlar haqqında yüzlərlə, minlərlə əsər yazılıb. Bu müəlliflər sırasına filosof Aristotel, şair-riyaziyyatçı Xəyyam, rəssam Leonardo da Vinçi, musiqişünas Səfiyəddin Urməvi, XX əsrin ən böyük ustadları fizik, riyaziyyatçı A.Eynşteyn, şairlər A.Belıy, I.Brodski, riyaziyyatçı akademik A.N.Kolmaqorov, ədəbiyyatçı Y.Lotman, bizim böyük alim Xudu Məmmədov, yenə bizim riyaziyyatçı-akademik Azad Mirzəcanzadə və neçə-neçə böyük mütəfəkkirlər daxildir.

 Bu sırada türkoloq-alim Aydın Məmmədovun da adının olması ilə mən də dost kimi, həmkar kimi qürur duyuram.

 Aydının informasiya nəzəriyyəsi və türk dilləri, Orxon-Yenisey abidələrinin yenidən oxunması, türk-şumer dil paralelləri fərziyyələri əsasında yürütdüyü mülahizələri və ehtimalları, tənqidə gətirdiyi konstruktiv-poetik təhlil örnəkləri insan beyninin sağ və sol yarımkürəsinin daxili xətlərinin yaratdığı bir bütövlüyü ifadə edir. X.Məmmədovun "qoşa qanad" dediyi sənət və elm ikiliyinə baxışdakı standart düşüncə sistemini dağıdan alimlərdən biri də Aydın Məmmədovdur. Aydının yazdıqları rəsmi və qeyri-rəsmi danışdıqları, çıxışları onun orijinal elm-sənət baxışlarının kiçik bir hissəsidir.

Dünyada sübuta ehtiyacı olmayan fenomenlərdən biri də Aydın Məmmədov təfəkkür tərzi, düşüncə sistemi idi.

Heyf ki...

 

***

...Aydın xatirələrlə yaşamırdı. Olub-keçmişlər onu əzmirdi. Nostalji onu irəli aparan güclərdən biri idi. Vəssalam. Onun daxili dünyasındakı evinin keçmişə aparın pəncərəsi həmişə bağlı idi. Çox nadir hallarda açılırdı və çox tez də qapanırdı. Evin pəncərələri gələcəyə açıq idi və heç vaxt bağlanmırdı. Keçmişə açılan pəncərə yel çəkəndən - "skvoznyak"dan başqa bir şey deyil. Aydının ruhu da, bədəni də "skvoznyak"ı sevmirdi. Bir az hava dəyişdi - kifayətdir. O, gələcəyə baxırdı demək bəs deyil. O, gələcəklə yaşayırdı. Bu bir şöhrət arayışı, məşhur olmaq ehtirası idimi? Bəlkə də. Amma, məncə bu, məsələnin görünən tərəfi idi. İnsan həyatının görünməyən, bilinməyən tərəfləri var. Onun yorulmayan, narahat ruhu nə isə axtarırdı. Yorulmadan, usanmadan axtarış içində idi.

Hər kəs kimi Aydının da içində mələklə şeytan boğuşa-boğuşa, savaşa-savaşa qalmışdı. Və bu savaş, boğuşma Aydına hədsiz dərəcədə əziyyət, yük, ağırlıq gətirirdi. Ağlagələn ilk şey "Çıxış yolu yox idimi?" sualıdır. Amma Aydını tanıyan da, tanımayan da, bu yazını oxuyanda öz cavabını, həll yolunu düşünür. Həmin suala Aydının həyatından, şüurundan, təhtəlşüurundan, hissiyyat dünyasından xəbərdar olmadan cavab vermək mümkün deyil. Aydın ailənin tək övladı idi. Ərköyün böyümüşdü. Allahın seçdiyi bu uşaq illərdir övlad gözləyən ataya-anaya Allahın hədiyyəsi idi. Allah bağışladığına özü əl gəzdirir. Adəmi palçıqdan yaradan Allah-təala sonra arabir (Allahın öz zaman ölçüsü ilə) özünün düzəltdiyi varlığı, gendən, mühitdən, şəraitdən uzaq bəndəni insanlığa, xalqa, ailəyə hədiyyə edir. Kütləvi, rus demişkən "seriynı" olmayan bu seçkin bəndələrin taleyi mürəkkəb olur. Gen və mühitə qonaq gələn bu adamların dərin iztirabı mənə peyğəmbərlərin həyatını xatırladır. Əlbəttə, müqəddəslik anlamında deyil, iztirab, tale çıxmazı, bitib-tükənməyən həyat yoxuşları, kor ictimai müqavimət mənasında.

 Aydın əsasən bəstəboy həmyerlilərindən fərqli olaraq ucaboy idi. O, kənd mühitində olsa da, rus dilini Allah vergisi kimi almışdı, bilirdi və şəhərə gələrkən hamı onun rus məktəbini bitirdiyini zənn etmişdi. Aydının geyim-gecimi, davranışı da kənd adamından daha çox, şəhər adamını xatırladırdı. Onun azərbaycanlı ilə azərbaycanlı olmayan (bu cür adamlara avropalı demək, məncə, dəqiq deyil, həmin adamlar dünyalıdırlar, yəni doğulduğu yerdən daha çox dünyaya aid olanlar) xüsusiyyətləri ilk baxışdan gözə çarpan özəllikləri idi.

Aydın Bakı Universitetinə daxil olanda yeni mühitə hazır gəlmişdi, hətta o mühiti xeyli qabaqlamışdı. Filoloji, humanitar fakültələr üçün tipik olmayan riyazi düşüncə tərzi, dil maneəsi hissetmə, hər şeyə sonsuz maraq Aydın üçün mübhəm, sirli bir perspektiv açmışdı.

Aydın hələ uşaqlıqdan ədəbiyyatla xəstələnmiş filoloji fakültə əlaçılarından deyildi. Onun üçün universitet Bakının özü idi: qarışıqlığı, genişliyi, aysızlığı, ulduzsuzluğu, dağsızlığı, çaysızlığı ilə, dənizi, qızları, qadınları, teatrı, muzeyi, toplantıları, məşhur adamları ilə.

Aydın da əlaçı idi, amma əlaçılıq onun məqsədi deyildi. Universitet, məşhur alimlər, kitablar, imtahanlar onun üçün hədd, maneə deyildi. Elmin açarını da artıq tapmış, dilçiliyi dəqiqliyinə görə sevmişdi.

Dilçiliyi, kitabxananı sevmək hələ həyatın sonu deyildi. Nazlı-qəmzəli gözəllər aləmi də təbiətən utancaq olan kənd uşağı üçün ürəyi istəsə də cazibə mərkəzi deyildi. Dostlarla pivə, içki məclislərində olmaq onu daha çox cəzb edirdi. Ərköyün ev uşağı üçün iki azadlıq sahəsi var: çayxana və meyxana. Aydın meyxananı seçdi. Maddi imkanının nisbətən yaxşı olması və çayxananın nisbətən darıxdırıcı sakitliyi onu özünə çəkmədiyi üçün "dost məclisləri", "pivəxana söhbətləri" ona daha maraqlı gəldi ("Maraqlı gəldi" ifadəsini cümlədən canımı qurtarmaq üçün yazdım).

Əslində Aydının içindəki ruh tərpənir, onu silkələyir və qeyri-müəyyən həyəcana, nə isə yeni olan bir məkana, zamana çəkirdi. Narahatlıq Aydının ruhunun əzəli və əbədi halı idi.

 İçki, qumar, narkotika, qadın düşkünlüyü ruhu aldatmaq üçündür. İçəridəki savaşda şeytan mələyin boğazından tutub sıxanda içki, qumar, narkotizm... insan həyatına çökür və onu məhv edir.

 Aydın içkini seçmişdi. İçkinin insana gətirdiyi şeytani rahatlıq, şənlik, şuxluq, fərqlilik duyğusu insanı yavaş-yavaş, illər boyunca boğur. İstedadlı, təmiz adamlar içkinin qurbanları içində ən acı taleyi olanlardır. Təbiətcə istedadlı, ruhca qanadlı olan Aydın içkidə harmoniyasını tapdığını zənn edir və öz dairəsində əliaçıqlığı, imkanı ilə deyil, həm də qeyri-adi söhbətləri, səmimi, sadədil, təbii davranışları ilə seçilir və sevilirdi.

Onun tələbə dostlarının bəzisi artıq o yolun qurbanı olmuşdu. İşini bilən, fəndgir, ehtiyatlı dostlar Aydın kimi qəniməti əldən çıxara bilməzdi.

 Aydın universiteti fərqlənmə diplomu ilə bitirdi Moskvaya aspiranturaya göndəriləndə o mühiti də Aydın artıq qabaqlamışdı.

Şəkiyə nisbətən Bakı nə qədər geniş idisə, Moskva onun on-on beş qatı idi. İmperiyanın 60-cı illərdəki paytaxtı "ottepel" (buzların isinib əriməsi) dövrünü yaşayırdı.

N.Xruşşovun əsdirdiyi yeni hava, rüzgar ölkədən stalinizmi təmizlədikcə, mühit də ayılır, dəyişir, yeni bir zaman ərazisinə girirdi. Bu ərazi tam Aydının ruhunun ərazisi idi.

 Genişliyin, azadlığın, qeyri-məhdudluğun nisbətən artdığı, sədlərin yıxıldığı bu dövr sovet sindromunu dağıtmasa da, laxlatmış, əsaslı şəkildə yumşaltmışdı.

Dilçilik institutunun aspirantı Aydın Məmmədovu artıq 5-6 aydan sonra məşhur türkoloqların hamısı yaxşı tanıyır və sevirdi.

Müəyyən mənada "rus tipi" olan Aydın danışanda da, yazanda da, yeyib-içəndə də bu mühitin bütün tələblərinə yüzəyüz cavab verirdi.

Fonetikadan yazdığı dissertasiyasını başında çoxdan bitirmişdi, qalmışdı başındakıları ağ kağıza köçürmək; bunun üçün də sakit 2-3 aylıq zaman, şərait bəs edərdi.

 İçəridəki şeytan bu 2-3 ayı illərə çevirdi. Məstlik, xumarlıq aləmində Aydın kimi istedadlı adam üçün namizədlik dissertasiyası nə böyük çətinlik idi ki?!

Amma bu aləmdə də Aydın Moskva məktəbini mükəmməl bir şəkildə keçdi. Onun geniş mütaliəsi və ən başlıcası istedadı üçün Moskva məktəbi maneə olmadı. O bu məktəbdən türkoloq kimi də, ədəbiyyatçı kimi də, sosioloq-filosof kimi də ala biləcəyini aldı.

Əlbəttə, daha çox şey ala bilərdi. Moskvada daha 2-3 il içində elmlər doktoru, kitablar müəllifi, məşhur alim ola bilərdi. Sonralar ona rəy yazan elmi rəhbərinin rəyi təxminən belə idi: "Əsər yüksək elmi səviyyədə yazılıb. Biz bu əsərin elmlər doktoru səviyyəsində olduğunu iddia edirik və Elmi Şuradan xahiş edirik ki, A.Məmmədovun əsəri altı Avropa dilinə tərcümə edilsin və ona elmlər doktoru elmi adı verilsin". Bunu söyləyən türkləri çox da sevməyən milliyyətcə erməni, amma elm təəssübünü milli təəssübdən üstün tutmağı bacaran görkəmli türkoloq E.V.Sevortyan idi.

Paradoksdur, ancaq faktdır.

Aydının Moskvada yaşayıb oxuduğu 60-cı illər modernistlərinin (ədəbiyyatda Yevtuşenko, Voznesenki, filologiyada Lotman, mifologiyada İvanov, Tolstoy, Kormuşin, Vasilyev, Dıbo...) və strukturdistlərin dövrüdür. O illərdə L.Qumilyev həbsdən yenicə çıxmışdı. Siyasi məhbus yazıçı Soljenitsının əlyazmaları (samizdatları) əl-əl gəzir, oxunurdu. N.Xruşşovun partiya plenumlarında tənqid etdiyi modernist, strukturalist alimlər, sənətçilər həyatda, cəmiyyətdə daha çox haqq almış olurdu. Çünki dövr belə idi, dünyanın havası totalitarizm hasarını aşmış və məchul bir gələcəyə istiqamətlənmişdi. Dünən Vinoqradovdan, Lixaçovdan, Xrapçenkodan... başqa heç kəsi oxumayanlar bugün Yakobsonu, Xomskini, dissidentləri, mühacirləri oxuyurdular.

 Çox qəribədir ki, 70-ci illərdə bizim nəsil elmdə strukturalist o olanda, Aydın sərxoş başı ilə artıq strukturalist deyil, destrukturalist idi, fikircə də artıq postmodernizmin içinə girmişdi. Beyni gələcəyin havasına yelkən açsa da, içindəki zülmət ona nəfəs almağa imkan vermirdi.

...Şeytan təlatümlü həyatını davam etdirmək və varlığına son vermək üçün Aydını Bakıya gətirdi.

Aydın müdafiə etmədən Bakıya döndü, akademiyada işə başladı və Şəkiyə gedib doğma Kiş kəndində ata-anasının seçdiyi kənd qızı ilə evləndi. Kirayənişin yaşamağa başladı. İllər keçirdi və bu 4-5 ildə Aydın dalbadal dünyaya gələn üç övlad atası oldu.

Bir cümləyə sığdırdığım 4-5 il Aydının həyatının ən ağır illəridir. Onun içindəki şeytan artıq mələyi boğub öldürmək üzrə idi.

İstedadlı adam fırtınalı dənizə düşmüş yarpaq kimidir. Dalğalar onu bilmədiyi, təsəvvür etmədiyi yerlərə, sahillərə aparır. Başına gəlməyənlər qalmır.

 Kirayənişin həyat, körpə uşaqlar, maddi-mənəvi sıxıntılar onu içki aləminə daha çox sürüklədikcə, çıxış yolu deyil, uçurum əjdaha kimi ağzını açıb Aydını udduqca udurdu.

Dostların (onların içində az da olsa etibarlıları da var idi) xilas cəhdi faydasız idi.

Aydın şəhəri, ailəni atıb kəndə üz tutdu. Ağdaşda bir kənd məktəbində dərs dedi və orda da qərar tuta bilmədi, Bakıya döndü.

 Hər etibarlı qadın öz həyat yoldaşının xilaskarı ola bilər. Fəqət Aydını dostları kimi, qadını da, körpə övladları da bu girdabdan xilas edə bilmirdi.

 Hərdən beyninin dərinliyində bir işıq yanırdı. O işıq onu harda yaxalasa, orda Aydın var isə kağız üzərində, yox isə yıxılıb qaldığı quru asfalt üzərində qəribə şeylər yazır, qəribə sözlər deyirdi. Görən görür, eşidən eşidir, bilən bilirdi. Görməyən, eşitməyən, bilməyən də görmür, eşitmir, bilmirdi.

Mən hərdən düşünürəm, Aydın içməsəydi, bəlkə bunların heç biri olmayacaqdı. Sonra görürəm ki, yanılıram. Aydının iradəsini əlindən alan, acizləşdirən ictimai mühit yalqızlığı, əlacsızlığı, uçurum kimi onu öz içinə çəkən rejim girdabı idi və bu girdabı nəzərə almadan, düşünmədən Aydını və Aydın taleli sənət-elm adamlarını dəyərləndirmək haqsızlıqdır. Rəhmətlik Əli Kərimin bir gözəl sözünü xatırlayıram: "Yaxşı ki, bizi içki içməklə suçlayırlar. O olmazsa, Caviddə, Müşfiqdə tapdıqlarını bizdə də axtarıb tapacaqlar".

Xaos içində Aydının həbs olunması, bir ilə qədər həbsdə yatması da bir faciə idi. Bu faciədə günahlı-günahsız axtarmaq müşkül iş idi. Şeytan aranı elə qatmışdı ki, Aydının həyatı bu dolaşıq kələf içində itib-batmışdı.

Allah hələ Aydını tərk etməmişdi. Beynindəki o işıq da içində hələ ölməyən mələyin işığı idi.

Allah əzablar içində qıvrılan Aydına baxıb gülümsədi. Çarmıxa çəkilən İsaya baxdığı kimi baxmışdı Allah ona.

Allah hər şeyə qadirdir. İnsanı heç sevməyən, ona inanmayan, nifrət edən şeytan da Allahın iradəsinə tabedir. Amma dünya Allahla insan arasında münasibətlərin bütövüdür. Təbiət də, mələklər də, şeytan da, əcinnələr də, heyvan və bitki aləmi də bu böyük münasibətin vasitələridir.

 Allah Aydını ağır bir sınaqdan çıxarmış, bu sınaqda şeytanın nifrətindən istifadə etmişdi. İmtahan bitmişdi. Sıra yeni yüksəlişə və sevdiyi bəndəni öz yanına aparmağa çatmışdı.

70-ci illərin sonu 80-ci illərin başlarında Aydın yenidən doğuldu. Yeni hava Azərbaycana da gəlib çatmışdı. Aydının içindəki mələk də gülümsəməyə başlamışdı. O, südəc (doğum tarixi bir-birinə yaxın uşaqlara südəcər uşaqlar deyirlər) balalarına baxdıqca içindəki o mələyin gülümsəməsini öz balalarında görürdü. Oğlanları, kiçik qızı ay-ay, il-il böyüdükcə Aydının içindəki işıq da artırdı. Ona Allahın verdiyi istedad çox gec də olsa elmi, sonra ədəbi-bədii təsdiqini tapırdı.

Yazıçılar Birliyinin yeni havası (Allah İmran Qasımova və İshaq İbrahimova rəhmət eləsin. O illərdə Bəxtiyar müəllimin, Anarın, Elçinin, Y.Səmədoğlunun, Ə.Əylislinin də Aydına, ümumən, yeni ədəbi nəslə qayğısını unutmaq, xatırlamamaq böyük insafsızlıqdır) Aydın üçün xilas idi.

Yaxşı yadımdadır Aydını, Vaqif Cəbrayılzadəni, məni Yazıçılar Birliyinə çağıran İmran Qasımov "Bura sizin evinizdir. Ev, məişət, çap probleminiz olmayacaq. Umuram, inanıram ki, sizin, yeni ədəbi gəncliyin vəzifəsi Azərbaycan ədəbi mühitindəki yeniliyi qorumaq, yaratmaq, çalışmaq olacaq".

 Bu sözlər Aydını o qədər həyəcanlandırmışdı ki, onun gözləri yaşarmışdı. Cavankən qocalmış, dişləri tökülmüş, arıqlamış Aydının o andakı şəkli nədənsə mənim yadımda daha çox qalıb.

Aydının gözünü yaşardan, onu duyğulandıran ev, maşın, mebel, putyovka vədləri deyildi. Atası o zamanlar Aydına ev almışdı. Aydın nə maşın aldı, nə də mebel. Səyahət, istirahət putyovkası-filan da almadı. Aydını duyğulandıran ona verilmiş haqq, ona göstərilən etimad, inam idi. Bu inam ona dürlü-dürlü səbəblərdən itirdiyi imanı qaytarmışdı.

 Hər şey yavaş-yavaş düzəlirdi. "Azərbaycan", "Ulduz" dərgilərində ard-arda çıxan gözəl məqalələri Aydına ədəbi, ictimai şöhrət gətirmişdi. Aydın təbiətən gözəl natiq idi. Onun improvizə ilə parlaq çıxışları 80-ci illərin televiziya tamaşaçılarının yaxşı yadındadır. Onun Yazıçılar Birliyindəki ağır polemika atmosferindəki parlaq çıxışları unudulmazdır.

 O illərdə Aydının "İnturist" mehmanxanasının toplantı salonunda Azərbaycan yazıçılarının "Literaturnı qazeta" ilə birgə keçirilən ədəbi disputunda gözəl və anlamlı çıxışı Moskvalı qonaqları da, yerliləri də heyran etmişdi. Geniş dünyagörüşü, orijinal baxış bucağı, natiqlik qabiliyyəti, elmi-savadı, təmənnasızlığı və əlbəttə ki, qəribə taleyinin ifadəsi olan üzü-gözü, boyu-buxunu onu hamıya sevdirirdi. Əlbəttə ki, Aydın Aydın olduqca onu sevməyənlər də artırdı.

...80-ci ilin əvvəllərində rəhmətlik İmran müəllimin təklifi ilə 3-4 tənqidçi Moskvada "Müasir sovet ədəbiyyatında fəhlə" mövzusunda ittifaq səviyyəli bir dəyirmi masaya yola düşdük. Yeri gəlmişkən, onu da deyək ki, biz 4-5 yazıb-pozanı İmran müəllim növbəsiz Yazıçılar İttifaqına qəbul etdi. O dövr üçün bu, böyük hadisə idi. Xüsusilə cəmi 2-3 məqaləsi çıxmış keçmiş məhbusun, sovet əxlaqı prinsiplərinə zidd adamın İttifaqa növbəsiz qəbul edilməsi məlum qüvvələrin möhkəm hay-küyünə səbəb olmuşdu. İndiki cavan nəsil üçün qəribə, hətta gülməli görünən olayların nə qədər ciddi olduğunu bilmək üçün çağdaş ədəbiyyat tarixi və ya sovet ədəbiyyatı dediyimiz dövrün 20-ci illərdən 1991-ci ilə kimi sənədləri, bəlgələri, protokolları, həbsləri, cəzaları, töhmətləri ilə birgə yazılmalıdır. Bu tarix yazılmasa, Cavid, Müşfiq taleyi kimi, Əli Kərim, Məmməd Araz, Məsud Əlioğlu, Sabir Süleymanov, Vidadi Paşayev, Vidadi Məmmədov, Arif Mustafayev, Sabir Almazov... və əlbəttə ki, Aydın Məmmədov taleyi, əslində yaxın keçmişimizin ədəbiyyat tarixi yarımçıq, bitməmiş qalacaq. Zamanın, rejimin yarlıkları ilə, günlük siyasət sifarişi və ya siyasi eyforiya məntiqi ilə ədəbiyyat tarixi, ədəbiyyat, sənət taleyi yazılmaz.

Nə isə. Mətləbdən uzaq düşdüm. Tez-tez unuduram ki, çox şey söyləmək istəyən, demək istədiyi bir şeyi də deyə bilmir...

 Təyyarəyə mindik. Ordan-burdan danışıb gülüşürdük. Aydın: "Vidadinin əlindən yaxşı qurtardıq, 2-3 gün adam kimi yaşayarıq" deyib qəhqəhə çəkdi. Dostlarımız Vidadi Məmmədovdan, Şahmardan, Nadir Cabbarovdan... bir-iki əhvalat da danışıb sevincimizi bölüşdük.

Təyyarəçilər mühərriki işə saldı. Mühərrikin uğultusu içində Aydın: "Mən təyyarədən qorxuram, qardaş. Bilirəm, ya təyyarədə öləcəm, ya da maşında" dedi, gözünü yumub sakitcə yatdı. Mən "Boş-boş danışma, səni çox gözəl günlər gözləyir", dedim. O, nə mənim bu sözlərimi eşitdi, nə uçağın qalxmağından, nə təyyarə salonundakı yemək-içməkdən xəbər tutdu, eləcə şirin-şirin yatdı. Yorğunluq, yuxusuzluq onu üzmüşdü. Təyyarə sürətlə fəzaya qalxanda nədənsə mən Aydınla bu uçaq arasında qəribə bir bənzərlik gördüm.

 ...Təyyarəyə minən kimi yorğun, yuxusuz olduğu üçün yatan Aydın eniş ərəfəsində oyanıb yanında oturan başqa tənqidçi dostumuzdan - əsas məruzəçidən "Moskvadakı dəyirmi masanın mövzusu nədir, qardaş?" soruşdu. O, istehza ilə "Necə nədir?. Bilmirsən? Çağdaş Sovet ədəbiyyatında fəhlə mövzusu", - deyib təəccüblə başını buladı.

Aydın: "Mən ölüm, nədən danışacaqsan?" dedi.

 O, səsini qaldırıb "Necə yəni nədən? Filan əsərdən, filan əsərdən, filan obrazlardan, filan problemlərdən" deyib mövzu ilə bağlı 5-6 dəqiqə nitq irad elədi.

 Gülməkdən başqa çarə yox idi. Ertəsi gün Moskvada Yazıçılar Birliyinin məşhur iclas salonunda İmran müəllimin, görkəmli sovet yazıçılarının iştirakı ilə dəyirmi masa başladı. Məruzəçi uçaqda icmalını söylədiyi nitqini bir saat bəyan etdi. Biz də vəz qıldıq. Söz Aydına verildi. Rus ziyalı mühitində özünü suda balıq kimi hiss edən Aydın məruzəçinin solğun sözlərindən başlayıb disident ədəbiyyatına gedən yolu elə ustalıq, məharətlə cızdı ki, hamı hər şeyi unutdu və Aydın günün, dəyirmi masanın qəhrəmanı oldu.

İmran müəllim bizi təbrik etdi, Aydını bağrına basıb öpdü. Aydın o gün Ümumittifaq televiziyasından da danışdı. Məruzəçi uçaqda dilxor-dilxor mənə baxıb başını bulaya-bulaya: "Bir aydır məruzə hazırlayıram, gör qəhrəman kim oldu" dedi.

Dostumuz anlamırdı ki, insanın ömür boyu hazırladığı mətləblər, qənaətlər var ki, onlar bir anda ortaya çıxıb insanı qəhrəman da edə bilər, məhv də edə bilər.

Aydın fikir həyatının risk, aksiyon adamı idi. Və bu işdə heç kəs onunla at yarışdıra bilməzdi.

O illərdə Aydının Bakıda çap olunan Ümumittifaq və hətta dünya səviyyəli "Sovetskaya tyurkologiya" jurnalında görkəmli türkoloq, rəhmətlik Ə.Tenişevlə, akademiyanın elmi katibi mərhum müəllimimiz Məmməd Cəfərlə birgə fəaliyyəti türkologiya və ədəbiyyatşünaslıq üçün olduqca səmərəli, qiymətli oldu. Gecə-gündüz çalışan Aydının təşkilatçılıq fəaliyyəti böyük bir boşluğu doldurdu. O illərdə Moskvada dostumuz Tofiq Məlikli ilə birgə keçirdiyi Tükriyə-Sovet "Dədə Qorqud" kollokviumu o dövr üçün böyük fədakarlıq, cəsarət istəyirdi.

Aydınla bərabər Türkiyədə, Moskvada, Daşkənddə olduğumuz konfranslarda alim Aydının, türkçü-millətçi Aydının, bəşəri xislətli Aydının bir çox gözəl xüsusiyyətlərini gördüm. Ankarada "Ölmədik bu günləri də gördük" sözlərinin içərisindəki ümidi, səmimiyyəti, istiliyi həyatım boyu unutmayacağam. Moskvadakı Aydınla Türkiyədəki Aydın başqa-başqa Aydınlar idi və mən bu Aydınları bir-birindən ayırmaq istəmədiyim kimi, həm də ayırmaq istəyirəm.

O zamanlar biz 2-3 nəfərə dilçi-tənqidçilər deyirdilər. Əslində biz dilçilik ilə ədəbiyyatşünaslığı, dil ilə ədəbiyyatı ayırmayan Bəkir Çobanzadənin, Muxtar Hüseynzadənin, Əkbər Ağayevin, Məmməd Cəfərin, Mikayıl Rəfilinin, eləcə də Əhməd Cəfəroğlunun.... yolunu davam etdirirdik. Ədəbiyyata, ədəbi prosesə sırf ideoloji dəyərləndirmə dövrünü sənətkarlıq, poetika baxımından konstruktiv araşdırma, esseistik üslub və dünya ədəbiyyatı kontekstində təhlil ön plana çıxmışdı. Bu işin pionerlərindən biri və lideri Aydın idi.

O zaman tənqid ictimai təhlil idi və siyasi dəyərləndirməni də ehtiva edirdi. Bu anlamda tənqid indiki müstəvidən fərqli anlam və yük daşıyırdı.

Getdikcə ölkənin yenidənqurma dövrü bitir, milli oyanış, milli hərəkat yetişirdi.

İçindəki mələk Aydını daha böyük mücadiləyə, daha böyük meydanlara hazırlayırdı. Xəyanətkar qonşuların rus dəstəkli Qarabağ olayları milli-azadlıq hərəkatına təkan verdi.

Siyasət Aydını ağuşuna aldı. Mitinqlər, meydanlar, siyasi disputlar Aydının həyatının məğzi oldu.

Azərbaycan öz müstəqilliyini elan etdi. Əsrin əvvəlindəki müstəqillik və dövlət atributları bərpa olundu. Latın əlifbasının bərpası üçün mühüm addımlar atıldı. Bu ziddiyyətli, ağır dövrün millət vəkillərindən, mücahidlərindən biri də Aydın Məmmədov idi.

 Millətin Aydın kimi ziyalı-siyasətçiyə ehtiyacı var idi.

 Mən siyasətçi Aydından çox danışmaq istəmirəm. Məsələ təkcə fikir fərqində deyil; demokratiyalarda bu, çox da mühüm deyil.

Məsələ onda idi ki, Aydının türkologiyada, tənqiddə olan parlaq obrazı qarşısında hər şey solğun görünür, o cümlədən siyasət də. O özü də bunu yaxşı bilirdi. Amma elə addımlar, hərəkətlər var ki, sən onu zamanın təzyiqi və tələbi ilə atmalısan. Aydının missiyası siyasət deyil, söz və sözlə bağlı elm, sənət idi.

 Amma neyləyəsən, taledən qaçmaq olmaz. İçindəki mələk Azərbaycanın müstəqilliyindən xoşbəxt olmuş Aydını sonrakı addımlardan qoruya bilmədi. Əvvəl vertolyot qəzası oldu. Aydın sağ qaldı. Sonra avtomobil qəzası oldu. Aydın sağ qala bilmədi.

Doğulduğu Kişin yaxınlığında avtomobil qəzasında əqidə yoldaşı mərhum Dilarə Əliyeva və Aydın Məmmədov həlak oldular. Hər iki şəhidə - Azərbaycanın müstəqilliyi, azadlığı üçün qurban getmiş bu böyük insanlara bütün Azərbaycan göz yaşı tökdü.

 Bu qəzanın bilməcəsi hələ də açılmayıb. Bəlkə bir gün açılacaq. Amma nə dəyişəcək ki?! Aydın artıq dünyada yoxdur. Aydın artıq şəhiddir, Vətəninin, millətinin qurbanıdır. Həqiqət budur.

 Üç gül bala atasız qalmışdı. Yazılmamış ağ səhifələr, deyilməmiş sözlər də yetim qalmışdı.

 Yas günü qədim Kiş kəndində ağlamayanlardan biri də Aydının atası rəhmətlik Saleh kişi idi. Göz yaşları qurumuşdu. Şəhid atasının qüssə, ağrı, əzab, məşəqqət dolu gözlərindən bir cümlə qəbrin üstünə tökülən torpağa qarışırdı: "Gəlirəm, oğlum, lap bu yaxınlarda, ananla sənin yanına gəlirəm. Darıxma. Az qalıb, lap az..." Şəhid atası Saleh kişi verdiyi sözə əməl elədi.

 Biz dostları Aydına verdiyimiz sözə əməl edə bilmədik. Aydının layiq olduğu haqqı nə özünə, nə də ailəsinə verə bildik. Allah zalimlərə lənət eləsin, zəmanənin üzünü qara eləsin.

 Dünyada narahat ruh dolaşır və onu ovutmaq mümkün deyil.

 

SON SÖZ YERİNƏ

 

... Həyatım elə gətirib ki,tez-tez təyyarəyə minirəm, səyahət edirəm.

Harda olsam, kimlə olsam, heç fərq etməz, nə qədər sadəlövhlük olsa da, təyyarənin, daha dəqiqi, neçə ton ağır metalın havaya qalxmasına heyrət edirəm. Müasir texniki bilikləri unudub tonlarla metalın gedib-gedib havalanması məni olduqca həyəcanlandırır və hər dəfə "Böyüklüyünə şükür Allahım" deyib dua oxuyuram.

 Və hər dəfə gedib-gedib havalanan təyyarə mənə Aydını, əziz, unudulmaz, qeyri-adi istedad sahibini, dostumu xatırladır. Yavaş-yavaş ən adi sözlərlə başlayıb bədahətlə, vəcdlə, səmimiyyətlə danışan, dinləyən hər kəsi sözü ilə tilsimləyən - fəzalanan Aydın Məmmədovu. Və hər dəfə mən göyə yüksələn təyyarədən qopan qığılcımların səmaya yazdığı üç kəlməni açıq-aydın görürəm: Yaradan söz, yaşayan söz, yanan söz. Bu sözlər mənim "Sözün sehri" kitabıma onun yazdığı ön sözün başlığıdır, narahat ruh sahibi, böyük və nadir insanın mənə ilk və son məktubudur...

...Yaşamağa da tələsirdi, ölməyə də. Dünyaya da tələsik gəldi, tələsik getdi. Ona bir bu dünyaya baxmaq və üç övlad qaldı. Bizə yazdıqları, danışdıqları. Həyatı boyu rahatlıq tapmadı. Rahatlıq tapanda da özündə olmadı.

Dünyaya işıq kimi gəldi, işıq kimi də getdi. Zülmət gecədə ildırım aydınlıq yaradan kimi dünyanı işıqlandırdı və zülmətə qarışdı.

Allah sevdiklərini və təsəlli üçün yaratdıqlarını tez də öz yanına aparır. Belə deyirlər...

 

 

Kamil VƏLİ

 

525-ci qəzet.-2009.-17 yanvar.-S.24-25.