Əsrimizin Rəsulzadəsi
Bu gün yurdumuzun böyük oğlu, Şərq və türk dünyasında ilk demokratik dövlətin qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 ili tamam olur. Nə
yazım bilmirəm! Kompyuterin qarşısında
oturmuşam, gözlərim
dolub, əllərim titrəyir. Başımda minlərlə sual, əsəbilik! Nə yazım bilmirəm! Azərbaycana hətta 70 illik əsarətdən sonra belə, ölməyən bir müstəqillik hissi buraxan, insanların ürəyinə üçrəngli
bayrağın rənglərini,
ulduzunu, ayını qanla, göz yaşı ilə əkən bir insan üçün nə yazmaq olar? Düşünürəm.
Onun kimi canını bu ölkə üçün, bu qərib və əzilən xalq üçün verən digər insanları xatırlayıram. Əlimərdan
bəy Topçubaşovu,
erməni güllələri
ilə "Bu torpaqlar üçün torpağa düşən"
Fətəli xan Xoyskini, Behbudbəy Cavanşiri xatırlayıram.
Bir quldur kimi yaxalanıb,
rusun kölələri
tərəfindən döyülən,
söyülən və
həbsxanalarda "mən
yaza bilmədim, qollarım bağlı"
deyə hayqıran Əhməd Cavadı, İrkutskda ömrünün
Payızında, 60 yaşında
bir fəhlə kimi işlədilməkdən
əlləri qabar-qabar olan Hüseyn Cavidi düşünürəm, əllərim
titrəyir. Gözlərimdən
axan yaş köynəyimi isladır.
Nə yazım?
Gözlərimi
Almaniyanın qara bürünmüş dağlarına dikib,
uzaqdakı xalqımın insanlarına səslənirəm. Sənin
Rəsulzadə kimi dünyalara dəyən bir oğlun olsun və
sən onun dəyərini bilmə! Budurmu sənin vəfan?
Budurmu sənin insanlığın? Budurmu sənin
oğulluğun? Budurmu sənin azərbaycanlılığın?
Söylə! Ey bu ölkənin universitet müəllimləri,
alimləri, şairləri, yazıçıları,
böyük-böyük danışan insanları! Niyə
danışmırsınız? Niyə, kişi kimi, türk kimi,
insan kimi səsinizi yüksəldib
bağırmırsınız? Hardasınız? Nə oldu sizə?
Bu torpaq belə vəfasız insanlarmı yetişdirəcəkdi?
Bu torpaq bu qədər vəfasızmı olacaqdı?
Düşünürəm. Əllərim titrəyir, gözlərimin
yaşı sözümə baxmır. Sizdən dörd min
kilometr uzaqdayam. Bir qürbət elində kompyuterin
önündə oturub, sizi, sizin vəfasızlığınızı,
Rəsulzadəni düşünürəm! Məni
eşidirsinizmi? Məni anlayırsınızmı? Bir dəqiqə,
bir saniyə olsa belə Rəsulzadə gözlərinizin
önünə gəlirmi? Yoxsa, indi bir ziyafətdə ruslar
kimi qədəhləri toqquşdurursunuz, qəhqəhə
çəkirsiniz? Bilmirəm. Sizə bu sözləri deyən
adam sizlərdən biridir. Amma o sizin ölkənizdə
doğulmasa da, ölkənizi Rəsulzadə ilə
tanıdı. Onun qədər sevdi, Rəsulzadənin Ankarada
yaratdığı dərnək və o dərnəyin
çıxartdığı "Azərbaycan" dərgisindən
o ölkənin qoxusunu, rəngini, suyun, şeirini çörəyini
öyrəndi, sevdi, o ölkə üçün
dişini-dişinə sıxıb mücadilə etdi.
Rəsulzadə 1920-ci
ilin o uğursuz aprel ayında Lahıca sığınır. Ölkəsi
işğal altında, insanları qan və göz
yaşı içindədir. Ermənilərlə əl-ələ
verən bolşevik xainlər insanları küçədəcə
qətlə yetirir, qadınların namusuna toxunurlar. O,
Lahıcın dumanlı dağlarına, Girdiman
çayının soyuq sularına baxaraq, ölkəsini və
Səyavuşu düşünür. Orda, o qəm və kədərin
içində "Əsrimizin Səyavuşu"nu yazır.
Bir bilgə dedi ki, tarix dil
bilməz. Kötü
tale ilə mərdlik edilməz!
Bəli, Firdovsinin qələmindən
çıxan şeirlərlə
tarixini, taleyini, mərdliyini düşünür. Özünün də ölkəsinin mərd oğlu, Səyavuşu olduğunu xatırlayır, dərdlərini
dilə gətirir.
İki illik müstəqillik, iki illik şərəfli
həyat, iki illik dünya imperalizminə etiraz asan olmamışdı.
O hələ on yeddi yaşında bu şərəf, bu müstəqillik, bu başqaları üçün
mücadiləyə atılmış
bir insan idi. Babası Hacı Molla
Ələkbər duaları
ilə ona el yolunda ölməyi öyrətmişdi. Anası Zalqızı
Zinyət tərtəmiz
südü ilə onu milləti üçün yetişdirmişdi.
O, elə bir adam idi
ki, 1903-cü ildə yəni, on doqquz yaşında ölkəsindəki
yabançılaşmaya qarşı
üsyan bayrağı
qaldırmışdı. Məhəmməd ağa Şahtaxtlının
çıxardığı "Şərqi-Rus" qəzetinə
məktub yazaraq, Azərbaycanda ruslaşan və yarı rus, yarı türk dilində danışan gəncləri
tənqid etmişdi.
O, millətinə,
dilinə o qədər
vurğun idi ki, çarın zülmündən çəkinmədən
o vaxtlar dərc olunan "Həyat",
"Təkamül", "Füyuzat", "İrşad",
"Yoldaş" və
"Tərəqqi" kimi
qəzet və dərgilərdə millətinin
haqqını müdafiə
edirdi. 1917-ci ildə
Moskvada keçirilən
Rusiya Müsəlmanlar
Qurultayında rusca danışan qazax, özbək, qırğız,
türkmən nümayəndələrinə
etiraz əlaməti olaraq kürsüyə çıxır və onları danlayır.
"Biz türkük və
bu kürsüdə türk dilindən başqa bir dildə əsla danışmaram" - deyə
bəyan edir! Ey Oljas, Süleymenov!
Sən, 85 il
sonra Bakıda, türklərlə dolu bir salonda, bir
türk qurultayında
kürsüyə çıxıb,
rusca danışırsan!
Gör, bax, diqqət kəsil ki, Azərbaycanın gerçək oğlu, gerçək igidi, türklük necə olurmuş!
Xeyr, yazmıram! Yenə gözlərimə və əllərimə hakim ola bilmirəm. Bilirəm ki, ağlamaq kişiyə yaraşmaz, amma neyləyim? Bu vəfasızlıq ürəyimi
yandırır! Deyirlər
ki, bir bilgə
atasından küsüb
evi tərk edir, ondan evi
nə üçün
tərk etdiyini soruşanlara belə deyir: Atam əslində
çox yaxşı adamdır, amma eşqi tanımır. Ona görə evi tərk etdim. Çünki mən eşq dolu bir
adamam! Məni də ancaq aşiqlər
anlayar!
Nə yazım!
Onu anlatmaq istəsəm, buna bir kitab
bəs eləməz ki? Onun sürgünləri, onun bitib-tükənməyən
enerjisi, onun İran, Türkiyə, Polşa, Macarıstan, Almaniya mücadilələri
anlatmaqla, yazmaqla bitərmi? Onun bu ölkəyə
gətirdiyi ruh, həyəcan, şərəf
sətirlərə, səhifələrə
sığarmı? Sığmaz. Kaş ki, ömrüm yetsin, elə hey bu haqda yazım.
Amma ürəyimi yandıran başqa şeydir. Ürəyimi yandıran hər
dəfə Azərbaycana
gedəndə onun heykəlini görməməyim,
küçələrə adının verilməsini
eşitməməyimdir. Ürəyimi yandıran bu
ölkənin qədir
bilməzliyidir. Ürəyimi yandıran bu ölkənin ziyalılarının,
universitetlərinin Məmməd
Əmin Rəsulzadənin
xalqını böyük
oğlu kimi təbliğ etməməsidir.
Gedin Praqaya, Macarıstana, Polşaya, görün, orda ruslara qarşı mübarizə aparan igid oğlanlarına xalq necə heykəllər qoyub, onları necə təbliğ edir! Bunları görəndə
mən necə utanmışamsa, siz də elə utanacaqsınız! Nə deyib
Füzuli babam?
Dost bivəfa, fələk
birəhm, dövran bisukun Dərd çox, həmdərd yox, düşmən qəbi, tale zəbun! Nə yazım! Ən yaxşısı, qarlı
dağlara baxıb, düşünməkdir. Ən
yaxşısı, vəfasızları,
qədirbilməzləri ürəyimdə
məhkum etməkdir! Nə gözəl deyib Bəxtiyar Vahabzadə.
Keçmişinə güllə
atanları gələcək
topa tutacaq! İnşallah belə də
olacaq. Gün gələcək, vəfasız
insanların beynində
atom bombaları partlayacaq
ki, vəfasızlığın,
unudulmağın nə
olduğunu bilsinlər!
Orxan
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 6.