Təhsil qanunu: Uzun illərin həsrəti
I məqalə: Qanun
yaradıcılığında xırda məsələ
olurmu?
Son illər Təhsil qanunu barədə mənə sual veriləndə jurnalistlərin diqqətini iki məsələyə yönəltməyə çalışıram. Birincisi, nədənsə cəmiyyətdə belə bir əminlik formalaşıb ki, "Təhsil haqqında" qanun qəbul olunan kimi, təhsilimizdə mövcud olan əksər problemlər avtomatik şəkildə öz həllini tapacaq. Əlbəttə, soydaşlarımızın qanuna bu qədər inamı yaxşı haldır, lakin nədənsə unudulur ki, əslində qanun insanların, təşkilatların dövlətlə münasibətlərini müəyyənləşdirən qaydalar və normalar məcmusudur, onun əsas funksiyası dövlətlə müxtəlif hüquq subyektlərinin münasibətlərini tənzimləməkdir. Bu mənada Təhsil qanunu da hansısa fövqəlbəşər qüvvəyə malik ola bilməz və mənim anlamımda, məhz onun vasitəsilə təhsildə böyük sıçrayışın gözlənilməsinə, mövcud vəziyyətin ciddi şəkildə dəyişilməsinə ümid bəsləməyə dəyməz.
İkincisi, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinə baxmayaraq, 13 ildən artıq keçmiş bir müddətdə "Təhsil haqqında" qanunumuzun ölkənin Əsas Qanununa uyğunlaşdırılmamasına mən həmişə həlli tapılmamış ən vacib dövlət əhəmiyyətli məsələlərdən biri kimi yanaşmış, bu barədə mətbuatda, televiziyada açıqlamalar vermişəm. Lakin heç bir dəyişiklik baş verməyib... Ötən il dekabrın 30-da Milli Məclis tərəfindən Təhsil qanununun layihəsi ikinci oxunuşda qəbul olundu. Yalnız 22 gün keçdikdən sonra parlamentin internet saytında yerləşdirilmiş bu sənədlə tanışlıq məni çox məyus etdi. Düşünürdüm ki, nəhayət, mükəmməl bir layihə ərsəyə gələcək və qanunun daha təkmil sənədə çevrilməsi məqsədilə verdiyim 130-dan çox təklifin, düzəlişin böyük hissəsi orada öz əksini tapmış olacaq. Əfsuslar olsun ki, onlardan yalnız altısı layihədə nəzərə alındı. Halbuki, ötən ilin aprelində qanun üzərində çalışan işçi qrupu ilə görüşlərimiz, birgə müzakirələrimiz tam anlaşıqlı şəkildə keçdiyindən əksər təkliflərimin qəbul olunacağına inam yaranmışdı. Onu da qeyd edim ki, işçi qrupunun izahatlarından sonra 14 təklifimi geri götürdüm.
Təhsil qanunun fövqəlbəşər sənəd olmasa da, onun strateji əhəmiyyəti çox böyükdür. Onun Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasının sürətləndirilməsinə təkan verəcəyi danılmazdır. Məhz bu səbəbdən qanunun mükəmməlliyi şəxsi marağımdadır. Anlayıram ki, "Təhsil haqqında" qanunun layihəsi artıq ikinci oxunuşdan da keçib. Məhz buna görə millət vəkillərimizdən xahişim budur ki, qanunun bütövlükdə qəbul edilməsində tələsikliyə yol verməsinlər. Dərk edirəm ki, yanlış fikirlərdən, addımlardan heç kim xali deyil və mənim də mülahizələrimdə səhvlər ola bilər. Bununla belə, 1992-ci ildən qüvvədə olan qanunun, habelə 1999-cu ildə birinci oxunuşdan keçmiş qanun layihəsinin hazırlanmasının fəal iştirakçılarından biri kimi, əminliklə bildirirəm: Qanunun həm konseptual, həm də məzmunca təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu söyləməyə kifayət qədər mühüm əsaslarım var. Təkliflərimin bir çoxu prinsipial xarakter daşıyır və fikrimcə, onların qəbul olunması təhsilimizin xeyrinə olardı.
"DEDİYİNİZ MƏSƏLƏLƏRİN HAMISI SAHƏ QANUNLARINDA NƏZƏRƏ ALINACAQ"
Təhsil qanununun layihəsinə dair hansısa sual verdikdə, problem qaldırdıqda, qanun tərtibatçılarının cavabında daim yuxarıdakı ifadəni eşidirsən. Doğrusu,
bununla razılaşmaq olardı. Bir şərtlə ki, həm
çərçivə qanunu, həm də hər bir təhsil
sahəsi, istiqaməti üzrə hazırlanacaq qanunun
konsepsiyası, məntiqi strukturu, onlarda əks olunacaq qanun maddələrinin
şərti başlıqları həm millət vəkillərinə,
həm də ictimaiyyətə bəlli olsun.
Ümumilikdə götürdükdə, təhsil qanunları
məcmusunun tərtib edilməsinin ən optimal yolu onun ölkə
təhsilinin inkişaf konsepsiyasına, təhsil doktrinasına
əsaslanması olardı. Hazırda isə müzakirə
etdiyimiz "Təhsil haqqında" qanuna çərçivə
qanunu statusu verilməsinin əsaslarını anlamaq çətindir.
Hansı məntiqi sistemi əsas tutaraq müəyyən etmək
olar ki, Qanun layihəsində əks olunmuş maddələr
çərçivə statuslu qanuna uyğundur? Belə məsələlərə
açıqlamalar verilsəydi, suallar da az olardı,
anlaşılmazlıqlar da.
"İNSAN", YOXSA "VƏTƏNDAŞ"?
Qanun layihəsinin preambulasının ikinci abzasında göstərilir ki, "Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlət maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir". Bu, düzgün ifadə kimi qəbul edilə bilərdi, bir şərtlə ki, "vətəndaş" əvəzinə "insan", "şəxsiyyət" ifadələrinin birindən istifadə olunsun. Təəccüblüdür ki, müzakirə prosesində işçi qrupu həmin məsələyə dair iradımla razılaşsa da, nədənsə sonradan öz variantına üstünlük verib.
Kimsə burada ciddi heç nə görməyə də bilər, həqiqət isə həmin ifadənin istər qanunvericilik, istərsə də konseptual, sosial baxımdan yanlış olmasındadır. Azərbaycan Respublikası Konstitusiyasının III fəsli belə adlanır: "Əsas insan və vətəndaş hüquqları və azadlıqları". Dəqiq ifadə məhz budur, çünki insan əvvəlcə həyata qədəm qoyur və yalnız sonradan vətəndaş statusunu əldə edir. Hüquqi baxımdan "Vətəndaş" anlayışı insanın müvafiq dövlətə mənsubiyyətini müəyyən edir. Təhsil sistemi üçün ən vacibi hər bir insanın, şəxsiyyətin, o cümlədən də, onun vətəndaş keyfiyyətlərinin inkişaf etdirilməsidir. Düşünürəm ki, bir ifadəyə bu qədər vaxt ayırmağa dəyərdi. Təəssüf hissi oyadan odur ki, belə izahat ötən ilin aprelində də verilmişdi...
Maddə 1. Əsas anlayışlar. Ədalət naminə qeyd edim ki, qanun yaradıcılığında bu maddənin formalaşması çox ağır prosesdir. Zənnimcə, bir sıra anlayışların da (kompetensiya, endaument və s.) həmin maddədə əks olunması daha məqsədəuyğun olardı. Bəzilərinin isə lüzumsuzluğu, hətta qanunu ağırlaşdırmağı o dəqiqə diqqəti cəlb edir.
Məsələn, "Adlı təqaüd" anlayışının tərifi belə verilir: "Adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən təsis olunan təqaüd". Çox asan anlaşılan bu anlayışa o boyda tərif verməyə dəyərmi? Axı, uşaqdan böyüyədək, təqaüdün nə olduğunu bilən hər kəs adlı təqaüdə həmin formatda tərif verə bilməsə də, onun mənasını tam açıqlamaqda heç bir çətinlik çəkməz!
Bu anlayışdan yalnız bir dəfə, qanun layihəsinin 35.4. maddəsində aşağıdakı kimi istifadə edilir: təhsil alanlara "...təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir...". Tam başa düşülən bir ifadədəki anlayışı aydınlaşdırmaq üçün heç bir yük daşımayan tərif!
Növbəti anlayış: "Elitar təhsil - xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil". Maddə 1-dəki anlayışlardan göründüyü kimi, istedadlı uşaqlar üçün gimnaziya və lisey təhsilinin, xüsusi istedadlılar üçünsə elitar təhsilin təşkili nəzərdə tutulur. Fərqinə vardınızmı? İndi bir məsələni aydınlaşdırmaq qalır: istedadlıları xüsusi istedadlılardan ayırd etmək üçün müvafiq sistemi, mexanizmləri hazırlamağı, meyarları tərtib etməyi kimsə bacara biləcəkmi? "Elitar təhsil" ifadəsindən də bircə dəfə, Qanun layihəsinin 38.10. maddəsində ciddi bir əhəmiyyət kəsb etməyən ifadə kimi istifadə edilib.
Ötən ilin yazında İnternetdə yerləşdirilmiş qanunların təhlilini apararkən yalnız Qazaxıstanın təhsil qanununda "Adlı təqaüd", "Elitar təhsil" anlayışlarının tərifi ilə rastlaşdım...
Bu səpgidən olan məsələlərə dair iradlarım az deyil,
konkret maddələri təhlil edərkən onların bəzilərinə də toxunacağam. Birinci maddəyə hələlik
yekun vuraraq, sonda çox vacib saydığım bir
anlayışın üzərində də xüsusi dayanmaq
istərdim.
Strateji, konseptual əhəmiyyətə malik olan
"İnnovasiya" anlayışı.
Gəlin aşağıdakı ifadələrə diqqət yetirək:
1. İnnovasiya - müxtəlif
təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan
mütərəqqi xarakterli və özünütəkmilləşdirmə
mahiyyətli yeniliklər.
2. İnnovasiya - iqtisadi, texniki, texnoloji, ictimai, təhsil və digər sahələr üzrə mahiyyətcə tamamilə yeni ideyalara, ixtiralara, kəşflərə əsaslanan yenilik, ciddi dəyişiklik. Təhsildə innovasiya - təhsil sistemində istifadə olunmaqla həmin sistemdə məqsədli dəyişikliklərə gətirib çıxaran yenilik.
Birinci ifadə qanun layihəsindən götürülmüş, ikincisi isə işçi qrupuna mənim tərəfimdən təqdim edilmişdi ("texnoloji" və "təhsil" sözlərini yeni əlavə etmişəm).
Layihədə verilən təriflə razılaşmaq qəti mümkün deyil, çünki "müxtəlif təşəbbüslər, elmi tədqiqatlar" ifadəsi innovasiyanın konseptual məkanını, əsassız olaraq, xeyli genişləndirir. Elə indinin özündə də, hər bir təşəbbüsə, elmi tədqiqata innovasiya statusu verməklə inkişafımızı zəiflətməkdən başqa nəyi əldə edirik? "Özünütəkmilləşdirmə mahiyyətli" ifadəsi isə, ümumiyyətlə, anlaşılan deyil. Belə çıxır ki, innovasiyada özünütəkmilləşdirmə mahiyyəti olmasa, o, innovasiya sayılmayacaq? Hazırki real hadisələrdən qaynaqlanan narahatedici bir ehtimal da hər hansı bir adi təkmilləşdirmənin innovasiya kimi dəyərləndirilə bilməsidir.
Növbəti maddələrə dair müəyyən irad və təkliflərim olsa belə, daha vacib saydığım bir neçə məsələyə diqqəti cəlb etmək istərdim.
Maddə 6. Təhsil sahəsində dövlət
standartları.
6.1. maddəsində
açıqlanan "Təhsilin dövlət standartları
pedaqoji elmin prinsipləri əsasında hazırlanan... vahid
dövlət tələblərini özündə əks
etdirən ümumi normalar məcmusudur" müddəasına
diqqət yetirək. Standartların pedaqoji elm əsasında
deyil, "pedaqoji elmin prinsipləri" əsasında
formalaşdırılması zərurətini bir qırağa
qoyaq, yanaşmanın özü, mahiyyət etibarı ilə
yanlışdır. İnkişaf etmiş ölkələrdə
düzgün olaraq dövlətin perspektiv tələbatları
nəzərə alınmaqla bərabər, standartların
müəyyənləşdirilməsində ictimaiyyətin,
xüsusilə valideynlərin, biznes strukturlarının, mədəniyyət,
səhiyyə, standartlaşdırma və bir çox digər
dövlət və qeyri-dövlət qurumlarının, təhsil
mütəxəssislərinin, o cümlədən,
alim-pedaqoqların rəy və təkliflərinə istinad
edilir. Və biz də mütləq həmin təcrübəyə
əsaslanmalıyıq. Təhsil
standartlarının hazırlanmasında aparıcı rol
dövlətə və cəmiyyətə məxsusdur,
pedaqoji elm isə daha çox onların əsaslandırılmasına,
dəqiqləşdirilməsinə yardım edir.
6.4 maddəsi belə verilib:
"Dövlət təhsil standartları təhsilin məzmununu,
idarəolunmasını, maddi-texniki və tədris
bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət
göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların
bilik, bacarıq və vərdişlərinin səviyyəsini
müəyyənləşdirir və tətbiq olunur".
Buradakı
üslub xətası ("Dövlət... müəyyənləşdirir
və tətbiq olunur"), konseptual mahiyyətə malik
"Kompetensiya" anlayışının istifadə edilməməsi
üzərində hələ ki, dayanmaq istəmirəm. Maddədəki
ardıcıllığa fikir verin: təhsilin məzmunu, idarəetmə,
maddi baza, sonra bir daha təhsil məsələləri. Şərhə ehtiyac varmı? İkincisi, təhsil
standartına, təkrar edirəm - standartına! - aid olan maddədə "Təhsilverənlərin
keyfiyyət göstəriciləri" kimi mücərrəd
ifadənin açıqlanmasını kimsə verə bilərmi?
Üçüncüsü, işçi qrupuna
bir daha təkidlə məsləhət görərdim ki,
1999-cu ildə hazırlanmış qanun layihəsinin 8.1.
maddəsindəki müddəaya diqqət
yetirsin: "Mülkiyyət formasından asılı olmayaraq
bütün tipdən olan təhsil müəssisələrində
tədris proqramlarının zəruri minimum məzmununu, təhsil
alanların maksimum tədris yükünü... müəyyənləşdirən
dövlət təhsil standartları tətbiq olunur". Söhbət təhsil standartından gedirsə, bu
şərtlərin hamısı Qanunun 6-cı maddəsində
mütləq əks olunmalıdır.
Maddə 8. Təhsil sisteminin quruluşu
Maddə "Təhsil
sisteminə aşağıdakılar daxildir" ifadəsi ilə
başlayır, sonra isə həmin sistemin təhsil müəssisələri
şəbəkəsindən, idarəetmə orqanlarından və
təhsil fəaliyyəti ilə məşğul olan əlaqədar
qurumlardan ibarət olduğu göstərilir. Bu maddədə
təhsil sisteminin mövcudluğu bina şəraiti, idarəedənlər
və əlaqədar qurumlarla şərtləndirilir. Belə səthi yanaşma kəskin suallar doğurur,
lakin yaxşısı budur ki, elə təkliflərimi verim.
Təhsil sisteminə təhsilin müxtəlif səviyyələri
və istiqamətlərini nəzərə alan
ardıcıl kurrikulumların və dövlət təhsil
standartlarının daxil olması ayrıca bənd kimi 8-ci
maddədə şəksiz göstərilməlidir. Habelə, müəssisələrdən bəhs edərkən,
onların təhsil sisteminə təşkilati-hüquqi
formasından, tipindən, növündən asılı
lmayaraq daxil olması da xüsusi vurğulanmalıdır.
Bunlarsız təhsil sistemi təsəvvür
oluna olmaz.
Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi.
Ümumiyyətlə,
həmin maddənin Qanuna daxil olunmasının məqsədəmüvafiqliyi
çox mübahisəli məsələdir. İlk
növbədə ona görə ki, burada verilmiş 9.1. və 9.2. maddələri
ritorik mahiyyət daşıyır və qanun normasını
şərtləndirmir, 9.3. maddəsi isə
"Təhsil müəssisəsinin
lisenziyalaşdırılması və akkreditasiyası"na
dair 16-cı maddədə əks oluna bilər.
Daha ciddi
narahatçılıq doğuran başqa şeydir. Məsələn,
9.1. maddəsindəki "beynəlxalq
və ümumavropa təhsil sisteminin prinsiplərinə
uyğunlaşdırılaraq" ifadəsinə dair
suallarım: 1. "Ümumavropa" anlayışı
"beynəlxalq"dan ayırd edildikdə, bunlara yanaşma
mexanizmi necə olmalıdır? 2. "Beynəlxalq təhsil
sistemi", yaxud "ümumavropa təhsil sistemi"nin fəaliyyəti ilə harada
İkinci ifadəni də
nəzərdən keçirək. Əvvəlcə
9.3. maddəsinə
bütövlükdə nəzər yetirək: "Təhsilin
keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə
ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla
bağlı tələblərdən irəli gəlir və təhsilin
peşəkarlıq qabiliyyətini formalaşdıraraq
müvafiq qaydada akkreditasiya xidməti tərəfindən qiymətləndirilir".
Çox mübahisəli olan bu maddəyə dair
sualımı bir il əvvəl də vermişdim: "Təhsilin
peşəkarlıq qabiliyyətini formalaşdıraraq"
ifadəsinin müəllifi kimdir?..
Emosional fon gərginləşdiyindən, birinci məqaləyə yekun vurmaq qərarına gəldim... Belə olmaz, axı!..
Asif Cahangirov
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 8.