M.Ə.Rəsulzadənin
mühacirət fəaliyyəti
Azərbaycanın görkəmli Dövlət xadimi, Azərbaycan Milli Qurtuluş Hərəkatının Böyük ideoloqu M.Ə.Rəsulzadənin 125 illik yubileyi tamam olur. Zəngin və maraqlı mücadilə həyatı yaşayan M.Ə.Rəsulzadənin fəaliyyətinin İkinci Dünya müharibəsindən sonrakı mühacirət dövrü yetərincə öyrənilməmişdir. Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olacağını nəzərə alıb aşağıdakı yazını oxuculara çatdırıram.
M.Ə.Rəsulzadə 1948-ci
ildə Türkiyəyə qayıtdıqdan sonra əski
legionçuların və mühacirlərin bir Mərkəz ətrafına
toplanmasını vacib sayırdı. Elə bu məqsədlə
də o, 1949-cu ilin fevralın 1-də Ankarada Azərbaycan
Kültür Dərnəyini yaratdı. Dərnəyin ilk
toplantısında doktor İbrahim Bədəl Məhəmməd
Əmin Rəsulzadənin yaradılan qurumun Fəxri
Başqanı seçildiyini elan etdi. Qeyd edək ki, M.Ə.Rəsulzadə
ömrünün sonuna qədər Dərnəyin Fəxri sədri
olaraq qaldı.
M.Ə.Rəsulzadənin
mühacirətdəki fəaliyyətinin ən dəyərli
mərhələsi məhz antisovet mübarizə blokunun
yaranmasındakı xidmətidir. Məhz onun fəallığı
ilə 1928-ci ildə Parisdə "Prometey" təşkilatı
yaradılmışdı. "Prometey" təşkilatı
müstəqil dövlətlərin yenidən təsisini elan
etmiş və bunu başlıca hədəf olaraq tutmuşdu.
Təşkilat özünün xarici siyasətini
Polşanın və Avropa dövlətlərinin mənfəətlərinə
uyğun yönəldirdi. "Prometey" Birliyinin olduqca
sağında yer alan bəzi Qafqaz təşkilatlarının
siyasi xarakteri daha dəyişik idi.
Belə ki, keçmiş Ermənistan
xarici işlər naziri Arşak Camalyan və gürcü
Vaçnadze mühafizəkar, dini təmələ əsaslanan
Birlik qurmaq istəmişlərsə də, lakin buna nail ola
bilməmişdilər. Onların "Birliyi" xristian
qafqazlıları birləşdirməyə, müsəlmanları
isə uzaqlaşdırmağa meylli idi.
1939-cu ildə Polşanın
işğalı ilə bağlı artıq "Prometey"
öz fəaliyyətinə son qoydu. "Prometey" çilərin
böyük bir qrupu Polşa və Qərb dövlətlərinin
tərəfini tutdular.
M.Ə.Rəsulzadə hələ
mühacirətə qədərki fəaliyyətində Qafqaz
xalqlarının birliyi uğrunda da əzmlə mübarizə
etmiş, rus işğalına qarşı aparılan
mücadilədə "Birliy"in mövcudluğuna
ehtiyacın olduğunu daima vurğulamışdı. Təsadüfi
deyildi ki, Müsavatın 1919-cu ildə qəbul edilən
proqramında da bu problemə xüsusi yer
ayrılmışdı.
Ə.Qaraca yazırdı ki,
M.Ə.Rəsulzadənin yurd xaricində önəm verdiyi
mühüm işlərdən biri "fikir və dava
arkadaşları olan Krım, İdil, - Ural, Şimali Qafqaz və
Türküstan liderləriylə" bir araya gəlib kommunizmə
qarşı aparılan Milli mücadilədə "Türk
Birliyi"nə çalışması olmuşdu.
M.Ə.Rəsulzadə hələ
1929-cu ildə "Odlu Yurd" jurnalında nəşr edilən
yazılarının birində qeyd edirdi: "Azərbaycanın
da daxil olduğu, Qafqaz millətlərinin qurtuluş mücadilələrini
ruhlandıran siyasi fikirlər mənzuməsində yer tutan ən
mühüm şüarlardan birisi də Qafqaz Birliyidir...
Qafqaz Birliyini ifadə edən
və bu gün başlıca Qafqaz millətləri arasında
qəbula keçən siyasi şüar Qafqaz Konfederasionu
şüarıdır".
Ə.Qaraca qeyd edir ki,
Qafqasiya Konfederasionu fikrini mənimsəyən siyasət
adamları buranın "Asiyanın bir İsveçrəsi"
olacağını düşünmüşlər". Bu
konfederasiyanın yaradılmasına çalışmaqda bir məqsəd
də məhz bu "birlik"lə ölkələrinin yenidən
hüriyyətə qovuşmalarını təmin etmək
idi.
Qafqaz Konfederasiyası
görüşünü vacib sayan Azərbaycan,
Gürcüstan və Şimali Qafqazın mühacirətdəki
milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda
Belçikanın mərkəzi şəhəri Brüsseldə
toplaşaraq "Qafqaz Konfederasiyası sazişi"ni
imzaladılar. Ermənistan təmsilçiləri sazişi
imzalamaqdan imtina etdilər.
Qafqaz Konfederasiyası
sazişini Azərbaycan, Gürcüstan və Şimali Qafqaz təmsilçiləri
olaraq aşağıdakı liderlər
imzalamışdılar" 1. Azərbaycan adından: Məhəmməd
Əmin Rəsulzadə - Azərbaycan Milli Şuranın
keçmiş rəisi, Müsavat Partiyası və Azərbaycan
Milli Mərkəzi lideri; Əlimərdan Topçubaşi - Azərbaycan
Parlamentinin keçmiş sədri və Azərbayan
Cümhuriyyəti Nümayəndə Heyəti rəisi. 2.
Gürcüstan adından: Neou Jordaniya - Gürcüstan
Cümhuriyyətinin keçmiş Cümhurbaşqanı və
Gürcüstan Milli Mərkəzi rəisi; Ə.Çxenkeli
- Gürcüstan Cümhuriyyətinin Parisdəki
keçmiş nümayəndəsi. 3. Şimali Qafqaz
adından: Şimali Qafqaz Cümhuriyyəti keçmiş
dövlət adamları - Məhəmməd Girey Sunc,
İbrahim Çulik, Tausultan Şakman.
Qafqaz Konfederasiya
görüşü 1934-cü ildən sonrakı dövrdə
də M.Ə.Rəsulzadənin fəaliyyətində önəmli
yer almışdı. Təsadüfi deyildi ki, Müsavat
Partiyasının 1936-cı ildə Varşavadakı
Konfransında qəbul edilən "Yeni Proqram Əsasları"nda
sazişin müddəaları bu şəkildə göstərilmişdir:
"1. Bu istiqlalın əldə edilməsi və hər
türlü təcavüzə qarşı irəlidə
müvəffəqiyyətlə qorunması üçün;
Azərbaycan 14 iyul 1934-cü ildə bağlanan Qafqaz
Konfederasiya sazişinə görə qafqaziyalı digər
cümhuriyyətlərlə siyasi, əsgəri və iqtisadi əsaslar
üzərinə birləşəcəkdir".
İkinci Dünya müharibəsindən
sonra 1951-ci ilin sentyabrın 16-da Münhendə keçirilən
Şimali Qafqasiya Milli Qurultayında məhz 1934-cü ildə
qəbul edilmiş Qafqaz Konfederasiyası sazişinə əsaslanaraq
bu şəkildə qərar qəbul edilmişdi: Bütün
Qafqaz xalqlarının müqəddərat və mənfəət
birliyinə inanan Şimali Qafqaz Qurultayı, müştərək
vətənimizin qurtuluş və konfederasionun əsasları
üzərində müstəqil Qafqaz dövlətinin
qurulması adına qardaş ölkələrin, Azərbaycanın,
Gürcüstanın və Ermənistanın təmsilçilərinin
qeyrət sərf edilməsini Komitəyə tövsiyə
edir".
İkinci Dünya hərbindən
sonra mühacir təşkilatların birləşib antisovet
mübarizə aparmasına getdikcə daha çox ehtiyac
duyulurdu. Digər tərəfdən müxtəlif ölkələri
təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının
mövcudluğu bəzi hallarda bu qrupların daxili çəkişmələrə
meylliyi reallığa çevrilirdi. Bu illərdə bir
neçə rus, gürcü, erməni, tatar təşkilatları
ilə yanaşı iki azərbaycanlı təşkilatı
da mövcud idi. Təşkilatlardan biri 1924-cü ildə fəaliyyət
göstərən Azərbaycan Milli Mərkəzi idi. Azərbaycan
Milli Mərkəzi İkinci Dünya hərbindən sonra
Ankarada yerləşirdi və Milli Mərkəzin
Başqanı M.Ə.Rəsulzadə idi.
Belə bir vaxtda
antibolşevik cəbhənin yaradılmasını vacib sayan
"Amerikan Komitəsi" fəaliyyətə başladı.
"Amerikan Komitəsi"nə
əvvəl C.Layons, sonradan isə Amerikanın Moskvadakı
keçmiş böyük Elçisi Alan Gerk
başçılıq edirdi. "Amerikan Komitəsi"
bildirirdi ki, millətlər, xalqlar Sovet hökumətinin
diktatorluğu altında qaldıqca, insanların azad və
hürriyyət içində yaşaması mümkün
olmayacaq.
1951-ci il noyabrın 7-də Qərbi
Almaniyanın Visbaden şəhərində beş mühacir
rus təşkilatlarının (1. "Rusiyanın hürriyyəti
üçün mücadilə birliyi". 2. "Milli əmək
Birliyi". 3. "Rus Xalq Hərəkatı". 4.
"Xalqın hürriyyəti üçün mücadilə
cəmiyyəti". 5. "Rusiya xalqlarının qurtuluşu
üçün mücadilə birliyi) və beş də rus
olmayan millətlərə mənsub təşkilatların
nümayəndələrinin iştirakı ilə konfrans
keçirildi. Konfransda ukraynalıların və gürcülərin,
türküstanlıların, şimali qafqazlıların
tanınmış adamları iştirak etmirdi. Konfranda
çıxış edən A.Kerenski "Bölünməz
Rusiya" fikrini ifadə edirdi. Qeyri-rus mühacirlər isə
Birləşmiş Millətlər Təşkilatının
insan haqlarına aid prinsiplərini müdafiə edirdilər. Konfransın
yekunu kimi bir bəyannamə imzalandı. Bəyannaməni azərbaycanlı
təmsilçilər də imzaladılar. "Rusiyanın
bölünməzliyi" ideyası ilə
çıxış edən, Azərbaycanın
istiqlalını (eləcə də digər rus məhkumu
xalqların) xalqın öz "iç işi" kimi qəbul
etməyən, Azərbaycan davasının (yenə digər
xalqların) Rusiyanın daxili məsələsi kimi anlayan rus
mühacirləri ilə bəyannaməni
imzaladığına görə "Milli Birlik Məclisi"
M.Ə.Rəsulzadənin şiddətli hücumuna məruz
qaldı. Bir çox şəhərlərdə yığıncaqlar
keçirildi, təmsilçilərin hərəkəti pislənildi.
M.Ə.Rəsulzadə
Kerenskinin hansı ideyalarla mübarizə apardığına
bələd olduğundan onun başçılıq etdiyi rus
təşkilatı ilə birgə işin əleyhinə idi. Kerenski
"Bölünməz Rusiya"nın qəti tərəfdarı
idi və hələ 20-ci, 30-cu illərdən bu mübarizəsini
davam etdirirdi. 1930-cu ildə Kerenskinin "Gün" məcmuəsində
(N60) "Rus xalqı üzərində diktatura" adlı məqaləsi
çap edilmişdi. Və elə həmin ili M.Ə.Rəsulzadə
"Odlar Yurdu" dərgisində Kerenskiyə "Nə
ondadır, nə bundan" adlı cavab məqaləsi nəşr
etdi. M.Ə.Rəsulzadə məqalə-məktubda Sovet
İttifaqındakı türk respublikalarının istiqlal və
azad dövlət qurmaq istəklərinə istehza ilə
yanaşan Kerenskini tənqid etdi. O, Kerenskini xalqların
apardığı milli-azadlıq hərəkatının
mahiyyətini anlamağa çağıraraq yazırdı:
"Biz həmişəlik olaraq cənab Kerenskiyə bildiririk
ki, heç bir "separatizm"dən, "Rusiyanın
bölünməsi"ndən söhbət gedə bilməz.
Bizcə bu söz tamam başqa anlamda işlədilir: birincisi,
öz ölkəsini xarici işğaldan qurtarmağa yönəldən
xalq hərəkatını "separatçı"
adlandırmaq düzgün deyildir".
Məhz buna görə də
"Azərbaycan Milli Birlik Məclisi" təmsilçilərinin
belə bir şəxslə, hələ də 50-ci illərdə
də "bölünməz Rusiya" ideyası ilə
yaşayan Kerenski ilə eyni sənədə imza atması
haqlı olaraq M.Ə.Rəsulzadədə ciddi narazılıq
doğurdu.
Visbaden Konfransından sonra M.Ə.Rəsulzadənin
"XAB"da (Xalqların Antibolşevik Bloku Təşkilatı)
fəallığı daha da artırdı. Kerenski tərəfindən
qurulan "Rusiya Xalqlarının Qurtarma Şurası"na
qarşı olaraq 1951-ci ildə Münhendə keçirilən
konfransda onlar Milli Mərkəz adı altında təmsil
olundular. Münhen Konfransının o dövr üçün
böyük əhəmiyyəti vardı.
Əllinci illərdə M.Ə.Rəsulzadə
Amerikanın Münhendə qurduğu "Sovetləri Öyrənmə"
İnstitutunda və onun orqanı olan "Dərgi" məcmuəsində
də fəal iştirak etmişdi. "Amerikanın Kommunizmi
ilə Mücadilə Komitəsi" Başqanı Don Levin
1951-52-ci illərdə işbirliyi aparmaq üçün M.Ə.Rəsulzadəni
İtaliyaya və Almaniyaya görüşməyə dəvət
etmişsə də, Komitənin "Sovetlər Birliyinin
mövcud mühafizəsi" prinsipinə dayandığı
üçün görüş qəbul edilməmişdi. M.Ə.Rəsulzadənin
50-ci illərdəki fəaliyyətində bir mühüm təşəbbüs
də, şübhəsiz ki, 1952-ci ilin 11-16 dekabrında
Münhendə Ümumi Qafqaz Konfransının keçirilməsinə
nail olması idi. Milli Azərbaycan Mərkəzi,
Gürcüstan Milli-Siyasi Mərkəzi və Şimali Qafqaz
Milli Komitəsinin səlahiyyətli nümayəndələri
1920-21-ci illərdə Sovet Rusiyası tərəfindən təcavüzə
uğrayan və işğal altına alınan Qafqaz
Cümhuriyyətlərinin istiqlalları uğrundakı
mücadilədə birgə fəaliyyətin əsaslarını
müəyyən etmək üçün bu konfransı
keçirdilər. Konfransda Azərbaycan Milli Mərkəz
Başqanı, M.Ə.Rəsulzadənin çıxış
maraqla qarşılanmışdı. O, bildirmişdi ki,
hazırda millətlərarası münasibətlər olduqca
gərginləşdiyindən Qafqaz millətlərinin
qurtuluşu uğrunda mübarizənin ümumi istiqamətlərini
müəyyənləşdirmək üçün bir
"Qafqaz mərkəzi" yaradılmalıdır. M.Ə.Rəsulzadə
bildirirdi ki, hərəkət istiqamətlərimizi
aydınlaşdırmalıyıq: yəni biz kommunizm
doktrinası ilə bolşevizmə qarşı mücadilə
edirik, yoxsa hərəkatımızın əsasını rus
imperiyası ilə mücadilə təşkil edir? M.Ə.Rəsulzadə
dərin və məzmunlu çıxışını belə
yekunlaşdırmışdı: "Əziz arkadaşlar,
sıralarımızı sıxışdırmalı və
güvənli addımlarla məmləkətlərimizin
hürriyyət və istiqlalı ilə Birləşmiş Konfederativ
Qafqasiya adına mücadiləmizə davam edəlim..."
Göründüyü
kimi M.Ə.Rəsulzadə hələ, 1919-cu ildə
Müsavat Partiyasının ikinci qurultayında qəbul olunan
"Qafqaz birliyi" ideyasını yaradıcı məzmunda
qətiyyətə davam etdirirdi.
M.Ə.Rəsulzadənin
əldə olunan şəxsi məktubları da onun siyasi
mübarizəni daima canlandırdığını
aydınlaşdırır. M.Ə.Rəsulzadə 1951-ci il
dekabrın 10-da Ankaradakı dostu Fuad bəyə göndərdiyi
məktubda bildirirdi: "Möhtərəm Fuad bəy! Məktublarınızı
aldım. Sabah Sizə məktub yazacaqdım. Bəyannamənin
məzmunu ilə oradakı vətəndaşları
tanış ediniz. Doktor Kəngərliyə bu xüsusda
yazmışdım. Türkcəsini bizim hesabımıza bir
kağız üzərin də 100-150 ədəd çap
edin. Bir
miqdarını buraya göndərməyi təmin edin. Candan
salamlarla: M.Emin. Ankara. 10.XI.1951".
1953-cü ildə Amerika
hökumətinin dəvəti ilə M.Ə.Rəsulzadə
Amerikaya gedərək, Azərbaycan istiqlalının 35-ci
ildönümü münasibəti ilə "Amerikanın səsi"
radiosunda Azərbaycan xalqına müraciət etdi, bu səsyazma
vala alınaraq bu günədək arxivdə saxlanmaqdadır.
M.Ə.Rəsulzadə ömrünün sonunadək Azərbaycanın
Müstəqilliyi uğrunda şərəfli mücadilə
apardı.
Nəsiman Yaqublu
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 9.