Gözümüzün
önündəki qəhrəman
Ardıcıl gündəlik yazmasam
da, 1997-ci ilin 21 fevral gününü az qala hər saatına
kimi xatırlayıram. Həmin cümə
günü Milli Məclisin iclası vardı. Saat 12-nin
yarısından sonra artıq zalda canlanma
başlamışdı. Adətən iclasdan beş-on dəqiqə
əvvəl yerlərini tutan millət vəkilləri salonun
müxtəlif səmtlərində iki-bir, üç-bir
dayanıb söhbət edirdilər. Bəziləri öz
kumirlərinin, yaxud vəzifə adamlarının
başına toplaşmışdılar. Bir sözlə, hər
iclas günü təkrar olunan tanış mənzərə
idi.
Həyatının son
gününü yaşadığı heç kimin, təbii
ki, özünün də ağlına gəlməyən Ziya
Bünyadov həmişəki kimi iclas zalının tribunaya
yaxın olan aşağı qapısından içəri
girdi. Yerişi ləngərli və ağır-səngin idi. Təzə
kostyum geymişdi. Daim sərt olan üzü elə bil həmin
gün bir az yumşalmış, qaşlarının
düyünü açılmışdı. Yaxşı
əhvali-ruhiyyədə olduğu dərhal sezilirdi.
Ziya müəllim orta cərgədə,
axırıncı sırada otururdu. Mən, Mübariz
Qurbanlı və mərhum xalq artisti Mikayıl Mirzə
dayanıb söhbət edirdik. Bizə çatanda ayaq
saxladı. Salamımızı aldıqdan sonra aralarında
zarafatları olan Mikayıl Mirzəyə üzünü
tutaraq xoş bir təbəssümlə "Alə,
Mikayıl çoxdandı səhnəyə (Ziya müəllim
burada ayrı bir söz, daha doğrusu ad işlədirdi və
ara-sıra təkrarlanan zarafatın da dadı-duzu elə o adda
idi) çıxmırsan?"-dedi. Və Mikayılın nə
cavab verəcəyini gözləmədən ən arxa
sıradakı yerinə tərəf addımladı.
Qoltuğunda
qovluq və kitablar var idi. Bir neçə
gün əvvəl Küveytdə, ya da İordaniyada yeni
çapdan çıxmış kitabı ilə
maraqlanmışdım. Gətirəcəyinə
söz vermişdi. Əlindəki
kitabları görüb düşündüm ki, onların
arasında mənə vəd olunan nüsxə də var. Aradan
bir-iki dəqiqə keçəndən sonra oturduğu kresloya
yaxınlaşdım. Ağzımı
açmamış nə üçün gəldiyimi başa
düşdü.
- Sluşay, sən gərək
bir az gözləyəsən. Hələ kitabları
almamışam. Sıra qonşusu mərhum Yusif Səmədoğlunun
salamlaşmaq üçün yaxınlaşması söhbəti
davam etdirməyə imkan vermədi. Ziya müəllim onu
görüb gülümsədi, qısa hal-əhvaldan sonra
hansısa şikayətinin müqabilində konkret cavab vermək
əvəzinə asta səslə "Himar olduq... Himar olduq...
Gördük himar olduq..."-deyə zümzümə etməyə
başladı.. Sonra üzünü bizə tutub "Başa
düşdünüz də..."-deyə soruşdu.
Bu da bir sıra şairlərin
şeirlərinə parodiyalar yazan Ziya müəllimin məşhur
xalq mahnısına parodiyası idi. Mahnıdakı
"xumar" sözünü "himar"la əvəz edərək
məqamı düşəndə zümzümə edirdi.
"Himar" ərəb
dilində "uzunqulaq" mənasında işlənilir. Yəni
Ziya müəllim tez-tez eşitdiyi şikayətlərin
müqabilində bu qəribə parodiya ilə diqqətə
çatdırırdı ki, cəmiyyətdə bəziləri
öz insanlıq simalarını tamam itiriblər, artıq həmin
o məşhur canlıya bənzəməyə
başlayırlar. Millətini həqiqi məhəbbətlə
sevən Əbdürrəhimbəy Haqverdiyev vaxtı ilə
yanğı dolu publisist yazılarından birini "Bizim
yabılığımız" adlanırmışdı. Görünür,
aradan keçən illərərzində deqradasiya o qədər
güclü olmuşdu ki, Ziya müəllim daha kəskin təşbehə
əl atmaq məcburiyyəti qarşısında
qalmışdı. Yadımdadır ki, bu analogiyadan bir dəfə
də Akademiyadakı çıxışlarının birində
istifadə etmişdi.
Həyatının son
günündə də nədənsə məşhur tipləri
- "himarlar" yadına düşmüşdü... Amma
onların əlində ölümə can verəcəyi
ağlına gəlməmişdi. Mən Milli Məclisdə
Hüquq siyasəti və dövlət quruculuğu daimi
komissiyasının üzvü idim. Sədrimiz, mərhum
(artıq üçüncü dəfədir ki, bu kədərli
epitetdən istifadə edirəm və yaxşı adamların
aramızdan bu qədər tez getmələrinə təəssüflənirəm)
Zakir Zeynalov hamısının öz çevrəsi,
yaxınları olan komissiya üzvlərini bir ailə kimi birləşdirmək
istəyirdi. Ona görə imkan düşdükcə Milli Məclisdən
kənarda da ara-sıra toplaşırdıq. Hətta ad
günlərini birlikdə qeyd etməyə
başlamışdıq. Əslində
yaşımızın və mövqeyimizin elə vaxtı idi
ki, çoxumuz səsli-küylü ad günləri
keçirməyə qətiyyən meylli deyildik. Sadəcə,
bu bir yerə yığışmaq üçün səbəb,
vəsilə idi. Həmin gün ağsaqqal dostumuz Fəttah
Heydərovun doğum günü idi. Komissiya üzvlərini
iclasdan sonra-axşam saat 7-də "Cıdır"
restoranına dəvət etmişdi.
Həqiqətən də
çox gözəl, səmimi məclis qurulmuşdu. Musiqiyə
qulaq asırdıq, sağlıqlar deyirdik,
danışıb-gülürdük. Təqvimdə 1997-ci il
idi və dörd-beş il bundan əvvəlki dövrlə
müqayisədə həyatın öz ahənginə
düşdüyü getdikcə daha çox sezilirdi. Gələcəyə
bəslənən ümidlər günbəgün
artırdı. Bir sözlə, qaramsar olmağa əsas
görmürdük. Milli Məclisin iclası başa
çatandan 20-30 dəqiqə sonra şəhərin mərkəzində
Azərbaycan xalqının seçkin oğullarından birinin
amansızlıqla qətlə yetirilməsindən tam xəbərsiz
idik. Təxminən saat 21 radələrində Mübariz
Qurbanlının mobil telefonuna zəng gəldi. Salonda səs-küy
olduğundan o, telefonu qulağına sıxıb foyeyə
çıxdı. İki-üç dəqiqədən sonra
geri qayıdanda sifəti tanınmaz dərəcədə dəyişilmişdi.
Pıçıltı ilə dediyi acı xəbər
qulaqlarımızda bomba kimi partladı:
- Ziya müəllimi
öldürüblər! Salonda isə şən, oynaq musiqi sədaları
eşidilirdi. Təbii ki, dərhal restoranı tərk etdik.
Başqalarını bilmirəm, amma mən həmin anda bu dəhşətli
xəbəri məhz belə bir yerdə, belə şəraitdə
eşitdiyim üçün özümdə bir
günahkarlıq kompleksi hiss etdim. Hər dəfə həmin
gecəni xatırlayanda o hiss də geri qayıdır. Həmin gün Milli Məclisin iclasında son dəfə
gördüyümüz Ziya müəllim insan
adlandırılmaları mümkün olmayan alçaqların
zərbələrinə tuş gələndə biz-onun həmkarları
Bakının bahalı, çal-çağırlı
restoranlarından birində heç nə olmamış kimi
deyib-gülür, əylənirmişik...
Amma evimizdə
otursaydıq, yaxud küçədə gəzsəydik də
nə isə dəyişilməyəcəkdi. Artıq olan
olmuşdu... Həmin gecə evə qayıdandan sonra dəhşətli
xəbərin təəssüratı altında "O
işıq sönməyəcək!" adlı yazı
yazdım. "Xalq qəzeti"ndə dərc edildi. Sonralar
Ziya Bünyadovun xatirəsinə həsr olunmuş kitaba da
salındı.
Milli Məclisin növbəti
iclası fevralın 25-də toplandı. Ziya müəllimin
arxa sıradakı yeri boş idi. Daha doğrusu ora bir dəstə
qərənfil qoyulmuşdu. 20 yanvardan sonra şəhidlik rəmzinə
çevrilən qərənfil Azərbaycan xalqının daha
bir ləyaqətli övladının məhv edilməsindən
xəbər verirdi.
Millət vəkillərinin
hamısı danışmaq istəyirdi. Hamı mərhum akademikə
özünün son borcunu verməyə can atırdı. Arada ittihamlar da səslənirdi. "Nə
üçün Milli Məclis hadisənin sabahı-şənbə
günü təcili toplanmadı?". "Nə üçün Ziya müəllimə
mühafizə ayrılmamışdı?" "Nə üçün yaşadığı
bina qorunmurdu?" Amma bütün bunlar
artıq gecikmiş suallar idi. Mənə elə gəlirdi
ki, hamı təhtəlşüur şəkildə də
olsa, özünü Ziya müəllimin gözlənilməz
qətlində suçlu sayır... Azərbaycanın
necə ağır itkiyə məruz qaldığı
Prezident Heydər Əliyevin matəm mərasimindəki tarixi
nitqində özünün olduqca dolğun və təsirli əksini
tapmışdı. Heydər Əliyev
böyük alim və ictimai-siyasi xadimin qətlə yetirilməsini
"Azərbaycan dövlətçiliyi, Azərbaycanın
müstəqilliyi əleyhinə işlənmiş cinayət,
ölkə rəhbərliyinə qarşı terror" kimi dəyərləndirmişdi.
Dövlət başçısının nitqi
bütövlükdə Ziya Bünyadovun şəxsiyyətinə
və fəaliyyətinə verilən böyük qiymət
idi. Mənə elə gəlir ki,
Z.Bünyadov itkisini hamıdan daha çox duyan, buna hamıdan
çox yanan da mərhum Heydər Əliyev idi.
***
Bu yazını qələmə
almaqla aradan illər keçəndən sonra qətiyyən
özümü, necə deyərlər, geri tarixlə akademik
Ziya Bünyadova yaxın olan adamlar cərgəsinə qatmaq
fikrində deyiləm. Belə olmayıb. Sadəcə,
universitetdə oxuduğum vaxtlardan onu Azərbaycan idealı
uğrunda mübarizə aparan, heç kimdən qorxub-çəkinməyən,
həmişə sözünü şax deməyi bacaran bir
alim, vətəndaş və vətənpərvər kimi
tanımışdım. 1987-ci ildən, Nizami adına Ədəbiyyat
İnstitutunun direktor müavini təyin ediləndən sonra
Şərqşünaslıq İnstitutunun direktoru, EA-nın
humanitar elmlər üzrə vitse-prezidenti vəzifəsində
çalışan Ziya müəllimlə iş çərçivəsində
ünsiyyətimiz olmuşdu. Mənim yazı-pozularımdan
müəyyən dərəcədə xəbəri
vardı. Hətta bəziləri barəsində fikrini
bildirmişdi. Milli Məclis bu ünsiyyəti bir az da
sıxlaşdırmışdı.
Uzaqdan-uzağa
haqqında eşitdiyim Ziya müəllimin haqsızlıqla
üzləşəndə vulkan kimi necə
püskürdüyünü ilk dəfə 1978-ci ilin
yazında görmüşdüm. Akademiyanın Rəyasət
Heyətinin iclasında aspiranturaya yaz qəbulunun nəticələri
müzakirə və təsdiq olunurdu. Baş elmi katib
İnstitutlar üzrə bir-bir əyani aspirantların, habelə
onların elmi rəhbərlərinin ad və soyadlarını
oxuyur, namizədlik dissertasiyalarının mövzusunu elan
edirdi. Akademiyanın o zamankı prezidenti, məşhur QB- Həsən
Abdullayev bəzi aspirantlara suallar verir, əksəriyyətindən
isə ixtisasından asılı olmayaraq şeir
oxumağı tələb eləyirdi.
Həmin il əyani
aspiranturaya daxil olanlar sırasında dalbadal rus, erməni, yəhudi
millətindən olan bir neçə nəfərin adları
çəkildi. Diqqəti cəlb edən başqa bir
maraqlı məqam onların dissertasiya mövzularının
Azərbaycanla o qədər də bağlı olmaması idi. Özlərini
çox iddialı aparan bu sığallı-tumarlı gənclərin
gələcəkdə Azərbaycan elmi üçün
ballasta çevriləcəklərini, yaxud elmlər namizədi
adı alandan sonra respublikanı tərk edəcəklərini
başa düşmək o qədər çətin deyildi. Amma
sosialist beynəlmiləlçiliyinin həyatımızın
norması sayıldığı bir dövrdə kim bu barədə
danışa bilərdi, kim buna etiraz edə bilərdi?!
Etiraz edən
tapıldı. Arxa sıralardan gur, hökmlü səs
eşidildi.
- Sluşayte, nu nelzya je tak!- Bu Ziya müəllimin səsi idi. -
Bunların Moskvası, Leninqradı, Xarkovu var. Qoy gedib
orada aspiranturaya girsinlər, müdafiə eləsinlər.
Axı bura Azərbaycan SSR Elmlər Akademiyasıdır. Bu
Akademiya günün altında yanan Azərbaycan
kolxozçularının balaları üçündür. Neft mədənlərində mazuta bulaşan Azərbaycan
fəhlələrinin uşaqları üçündür.
İnstitut direktorları, elmi rəhbərlər hara
baxırlar, niyə belə məsələlərə fikir
vermirlər? 70-ci illərdə, sosializm quruluşunun və
kommunist partiyasının hələ əbədi
göründüyü, yad və fərqli fikrin hər
vasitə ilə təqib olunduğu bir vaxtda yüzlərlə
adamın iştirak etdiyi tədbirdə bu sözləri demək
böyük hünər, cəsarət istəyirdi. Yəqin ki, elə ertəsi günü Ziya
Bünyadovun millətçiliyi və antisovet ruhlu təxribat
fəaliyyəti haqqında növbəti donoslardan biri də
yazılmışdı. O zaman imkanım olaydı, bu sözləri
ayaq üstdə dayanıb alqışlayardım. İndi təbii
ki, qloballaşan dünyanın təsiri, insan haqları
məsələsi və s. bağlı münasibətim bir qədər
fərqlidir. Amma istənilən halda Sovet
İttifaqının, necə deyərlər, gur-gur
guruldadığı bir vaxtda heç nədən
qorxub-çəkinmədən imperiyaya əlcək atan Ziya
müəllimin böyük cəsarət nümunəsi
göstərdiyini etiraf etmək lazımdır. Həm də
bu nə birinci, nə də sonuncu dəfə deyildi.
1964-cü ildə
"Azərbaycanın könüllü şəkildə
Rusiyanın tərkibinə daxil olmasının" 150 illiyi
bayram ediləndə etiraz səsini ucaldan yeganə
ziyalımız Ziya Bünyadov olmuşdu. O, ölkəmizin
İranla Rusiya arasında siyasi sövdələşmənin
qurbanına çevrildiyini, torpaqlarımızın silah
gücünə işğal edildiyini, burada bir əsrdən
çox müstəmləkə siyasəti
yürüdüldüyünü söyləməkdən
çəkinməmişdi. Sadəcə, haqq və ədalət
istəyən alimin səsini eşitməməzliyə
vurmuşdular.
L.İ.Brejnev
üçüncü dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görüləndə, habelə bütün
ölkə ərazisində 18-ci ordunun kultu yayılmağa
başlayanda yüksək mükafatı və xalqın qəhrəmanlığını
ucuz məzhəkəyə çevirən bu hərəkətlərə
qarşı açıq etiraz bildirən yenə də Ziya
Bünyadov idi. Həm də onun səsi yalnız Azərbaycan
deyil, bütün SSRİ miqyasında eşidilmişdi. Keçmiş
döyüşçü, Sovet İttifaqı Qəhrəmanı,
akademik etiraz edirdisə, bunu tam qulaq ardına vurmaq
mümkün deyildi. Əslində Ziya müəllim insan kimi
Brejnevə qarşı çıxmırdı. Onun xidmətlərini
inkar etmirdi. Əksinə, müharibə vaxtı bir cəbhədə
döyüşdüyü qoca və xəstə Baş
katibin halına acıyırdı. Ziya müəllimi hiddətləndirən
Kreml mənsəbpərəstinin öz hakimiyyətlərinin
ömrünü uzatmaq üçün rəhbəri,
xalqı və dövləti ələ salmaları idi. Onun
açıq və kəskin çıxışları ilə
əlaqədar keçmiş Sov.İKP MK-nın məsul
işçiləri Bakıya gəlmiş, "üsyankar
alimi" yola gətirməyə
çalışmışdılar. Səylərinin heç
bir səmərə vermədiyini görəndə isə sadəcə
işi ötr-basdır etmişdilər.
Ermənilərin Azərbaycana
qarşı haqsız ərazi iddiaları başlayanda da
tarixçi və vətəndaş kimi sinəsini ilk
qabağa verən Ziya Bünyadov oldu. Sovet xüsusi xidmət
orqanlarının əli ilə azərbaycanlıları vəhşilikdə
və qaniçənlikdə suçlamaq üçün
Sumqayıtda milli zəmində münaqişə törədiləndə
onun bomba kimi partlayan "Nə üçün
Sumqayıt?" ("Poçemu Sumqait?") məqaləsi
meydana çıxdı. Çapı yalnız Elmlər
Akademiyasının kiçik formatlı və aztirajlı
"Elm" qəzetində mümkün olan bu məqalə təkcə
Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində
əks-səda doğurdu, əl-əl gəzdi. Öz
haqq mövqeyi, üsyankar ruhu ilə təklənmək
sindromundan əziyyət çəkən minlərlə Azərbaycan
vətəndaşının yarasına məlhəm oldu.
Qarabağ həqiqətlərinin aşkara
çıxarılmasında neçə-neçə kitabdan
daha böyük rol oynadı.
Bəlkə də Ziya
müəllimə elə o yazıdan sonra ölüm
hökmü çıxarılmışdı?! Sadəcə
fürsət 1997-ci ilin fevral günü ələ
düşdü?..
İstənilən
halda, onun qətlə yetirilməsi yarım əsr ərzində
tarixi həqiqət və ədalət naminə mübarizə
apardığı erməni millətçilərinə ən
böyük töhfə oldu. Xalqımızın düşmən
qabağına çıxarılası bu ləyaqətli
övladını qoruya bilməməyimiz Azərbaycanı sevən
hər bir insanın ürəyində qövr eləyən
sağalmaz yaradır.
1990-cı ilin dəhşətli
20 yanvar gecəsindən sonra Azərbaycan EA Rəyasət Heyətinin
İstiqlaliyyət küçəsindəki kiçik
zalı ziyalıların əsas toplantı yeri idi. Burada Ziya
müəllimi tez-tez görürdüm. Özünü itirən,
sarsılan, hər şeyin bitdiyini düşünən
adamlardan fərqli olaraq o, həmişəki kimi qətiyyətli
və mübariz idi. Bilmirəm, bəlkə də o vaxta
qədər mövcudluğundan heç kəsin xəbərdar
olmadığı oğlu, polkovnik V. Bunyadovun şəhərin
hərbi komendantı təyin edilməsi də alimə əlavə
ürək-dirək, cəsarət vermişdi? Hər halda Ziya
müəllim həmişəki ampluasında qalırdı.
Çıxışlarında erməniləri dəstəkləyən
sovet rəhbərliyinin əleyhinə ən kəskin və təbii
ki, haqlı sözlər deməkdən çəkinmirdi.
Yaranmış vəziyyətdən istifadə edib
özünü millət qəhrəmanı kimi göstərmək
istəyənləri də eyni sərtliklə yerində
oturdurdu. Hətta Yaqub Məmmədov Ali Sovetin sədri
olanda özlərini vəziyyətin ağası kimi aparan AXC
liderlərinin bir neçə nəfərini duelə
çağırdığını, onların isə
qorxudan bu çağırışı Ziya müəllimin
növbəti zarafatı kimi qələmə verdiklərini də
danışırdılar. Həqiqətən belə bir
şey olduğunu bir dəfə öz dilindən də
eşitmişdim.
Qarabağ münaqişəsi
təzə başlayanda hələ inzibati resursların
yardımı ilə vəziyyətdən
çıxılacağına inam böyük idi. Ona görə
tez-tez müxtəlif səviyyələrdə iclaslar
keçirilirdi. Mən də belə iclasların bəzilərində
iştirak etmişdim və indi aradan illər keçəndən
sonra orada söylənən uzun-uzadı nitqlərin, qəbul
edilən qətnamə və bəyanatların əslində
bir qara qəpik qiyməti olmadığının fərqinə
varıram.
Qarabağda ilk azərbaycanlılar
qətlə yetiriləndən bir neçə gün sonra Azərbaycan
KP MK-nın o zamankı birinci katibi K.Bağırov ictimaiyyət
nümayəndələrinin iştirakı ilə
böyük iclas çağırmışdı. Gündəlikdə
dayanan yeganə məsələ Dağlıq Qarabağda
yaranmış vəziyyət idi. Respublikanın rəhbəri
"Nə etməliyik?" sualına xalqdan cavab gözləyirdi.
İlk növbədə ziyalılardan məsləhət istəyirdi.
Birinci söz alan Ziya
müəllimin dedikləri hamını, ən çox isə
Mərkəzi Komitənin birinci katibini heyrətə saldı.
Hətta deyərdim ki, əməlli-başlı qorxutdu.
Çünki Ziya müəllim müqəddiməsiz-filansız
mətləbə keçib, necə deyərlər, baltanı
lap kökündən vurdu:
-Nado voorujat narod. Druqoqo
vıxoda ya ne viju! - dedi. ("Xalqı
silahlandırmaq lazımdır. Mən
özgə çıxış yolu görmürəm").
Yadımdadır
ki, Kamran Bağırov "Ziya Musayeviç, seyças nam ne
do şutki!" ("Ziya Musayeviç, indi zarafat vaxtı deyil") - sözləri ilə vəziyyətdən
çıxmağa çalışdı. Əslində
isə Ziya müəllim qətiyyən zarafat etmirdi. Düşündüyü və inandığı
həqiqəti deyirdi. Hadisələrin
sonrakı gedişi köhnə
döyüşçünün nə qədər uzaqgörən
və haqlı olduğunu göstərdi. Bəlkə
də münaqişənin başlanğıc mərhələsində
daha qətiyyətli addımlar atsaydıq, erməni
işğalı belə geniş miqyas almazdı.
Ziya müəllim kişi kimi sözünü dedi. Ona qulaq asılmaması artıq məsələnin
başqa tərəfi və bizim ümumi bədbəxtliyimiz
idi.
Əgər deməyə
sözü vardısa Ziya müəllimi susdurmaq çox
çətin, hətta mümkünsüz idi. O, hamının susduğu
yerdə danışmağı daha çox sevirdi. Əslində buna daxildən gələn bir tələbat
duyurdu. Çox gözəl başa
düşürdü ki, danışmaqla ağrımaz
başına dəsmal başlayacaq, bədxahlarının
sayını artıracaq. Hətta həyatı
üçün təhlükə yaradacaq. Amma bütün bunlara baxmayaraq yenə də
sözünü deyirdi. Nazim Hikmətin "Nəslimin
yarpaq tökümü başlandı" şeirində Rəfili
üçün dediyi "Ayağına balta vurmayınca dincəlmək
bilməyən adam" ifadəsi daha
çox Ziya müəllimə yaraşırdı. Lakin baltanı öz ayağından çox
düşmənin başına endirməyə
çalışırdı.
Hər dəfə
bu boylu-buxunlu, sərt simalı, heç nədən
qorxub-çəkinməyən insana baxanda "qəhrəmanlar
anadan qəhrəman kimi doğulurlar" həqiqətinə
bir daha inanırdın. Necə deyərlər, qəhrəmanlıq
onun alnına yazılmışdı. Ziya
müəllim 1941-ci ilin mayında Bakı hərbi məktəbini
leytenant rütbəsi ilə bitirdikdən sonra müharibənin
ilk günündən sonuna qədər cəbhədə
olmuşdu. Odun-alovun içərisindən
keçmişdi. 24 yaşında həyatından
bezən, düşmənə də,
"özümzünkülərə" nifrət hissi ilə
yaşayan məhbuslardan ibarət "cərimə
batalyonunun" komandiri təyin olunmuşdu. Kapitan Ziya Bünyadov çoxu həbsxanadan
birbaşa ön atəş xəttinə gətirilən sovet
rejiminin əleyhdarları ilə necə, hansı dildə danışmışdısa,
onları dosta çevirməyi bacarmışdı. Dünənə qədər dəmir barmaqlıqlar
arxasında oturan "cəriməkeşlər"
görünür, ilk növbədə öz batalyon komandirlərinin
təsiri ilə ögey övladları sayıldıqları
Vətəni onun naz-nemətlərindən soluna-sağına
bəhrələnənlərdən daha inadla qorumuşdular.
Ziya
Bünyadovun döyüş yolu Polşadan da keçib. Bu sətirləri
bir vaxtlar azərbaycanlı qəhrəmanın
azadlığı uğrunda vuruşduğu Polşada
yazıram. Bu ölkədəki keçmiş müttəfiq
respublikaların səfirləri hər il
yanvarın 17-də Varşavanın faşist
işğalından azad edidiyi gün sovet
döyüşçülərinin abidəsi önünə
əklil qoyurlar. Bizim indiki fikir
ayrılıqlarımızın, mübahisə və
polemikalarımızın vahid vətən və vahid ideologiya
uğrunda canlarından keçmiş həmin o insanlara
heç bir aidiyyəti yoxdu. Onlar tarix
qarşısında öz borclarını şərəflə
yerinə yetiriblər.
Polşa
uğrunda döyüşlərdə 15 minə yaxın azərbaycanlı
həlak olub, 9 nəfər həmvətənimiz göstərdikləri
igidlik və rəşadətə görə Sovet
İttifaqı Qəhrəmanı adı almışdır. Ziya
Bünyadov da onlardan biri idi. 1945-ci il
yanvarın 14-də Varşavanın cənubundakı
Manquşevsk plasdarmından faşist Almaniyasına son
ölümcül zərbə olan Visla-Oder əməliyyatı
başlanmışdı. Ziya Bünyadovun
rotası Pilitsa çayı üzərindəki
körpünü ələ keçirmək, onun
partladılmasına imkan verməmək və əsas qüvvələr
qarşı sahilə keçənə qədər
mühafizəsini təmin etmək tapşırığı
almışdı. Yanvarın 14-16-sı
arası davam edən qanlı döyüşlər zamanı
rota şəxsi heyətinin 90 faizini itirsə də
döyüş əmri yerinə yetirilmişdi. Bu
qeyri-adi qəhrəmanlığına görə Ziya
Bünyadov SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
ilə 1945-ci il fevralın 27-də Sovet
İttifaqı Qəhrəmanı adına layiq
görülmüşdü.
Berlindəki
küçə döyüşlərində iştirak
etmişdi.
Metroda gizlənən mülki əhalini xilas edərkən az qala özü də ölümə tuş gəlmişdi.
Həm də ölümlə üzləşdiyi
ilk dəfə deyildi. Neçə dəfə
yaralanıb kontuziya alsa da, hər dəfə sağalan kimi
yenidən sıraya qayıtmışdı. Bədənindəki
qəlpələrdən birini yalnız müharibədən
30 il keçəndən sonra
çıxarmışdılar. Lakin üzləşdiyi
bütün sıxıntı və iztirablara baxmayaraq o, həyatının
son gününə kimi qədd-qamətli, güclü, nikbin
insan olaraq qalmışdı.
Qələbədən
sonra bir müddət Berlinin Pankov rayonunda hərbi
komendantın köməkçisi işləyən Ziya
Bünyadov 1946-cı ildə polkovnik-leytenant rütbəsində
ordudan tərxis olunmuş və elə həmin ildə də
Moskva Şərqşünaslıq İnstitutuna qəbul
edilmişdi. Hələ uşaqlıq çağlarında
Bibiheybət şeyxlərinin nəslindən olan atası Musa
Mövsüm oğlundan öyrəndiyi ərəb dilini burada
kamil səviyyəyə çatdırmışdı. Aspiranturanı bitirib namizədlik dissertasiyası
müdafiə etdikdən sonra Moskvada qalmaq, yaxud xaricə ezam
olunmaqla bağlı təkliflərdən boyun
qaçırmış, vətənə
qayıtmışdı. 1954-cü ildən
həyatının sonuna qədər bütün fəaliyyəti
Azərbaycan Elmlər Akademiyası ilə bağlı
olmuşdu. Ziya müəllim burada baş
elmi işçilikdən vitse-prezidentliyə qədər
şərəfli bir yol keçmişdi.
...2005-ci ilin mayında
Polşanın Vroslav şəhərində İkinci Dünya
müharibəsində qazanılan tarixi qələbənin 60
illiyi ölkə rəhbərliyinin, çoxsaylı
qonaqların və diplomatik korpusun iştirakı ilə təntənəli
şəkildə qeyd olunurdu. məhərin
mərkəzi meydanında bir neçə saat çəkən
bu teatrallaşdırılmış tədbir zamanı dəfələrlə
Ziya müəllimi düşündüm. Fikirləşdim
ki, həyatda olsaydı, Polşanı faşist əsarətindən
xilas edən qəhrəmanlardan biri kimi bu mərasimə
qatılardı. Onun timsalında polyaklar
öz xilaskarlarından birini-həqiqi Azərbaycan
övladını görüb tanıya bilərdilər.
Ziya müəllimin
hərbi şücaətləri həyatının sonrakı
illərində elmi hünərləri ilə müşayiət
olunmuşdu. Və bu sahədə qazandığı uğurlar
heç də müharibə illərinin qələbələrindən
asan başa gəlməmişdi. Onun
1964-cü ildə Moskvada məhdud tirajla çapdan
çıxan "Azərbaycan VII-IX əsrlərdə"
kitabı milli tarixşünaslıqda inqilab
yaratmışdı. Alim ilk dəfə elmi dövriyyəyə
daxil etdiyi ərəb, fars, erməni və
gürcü dillərindəki mənbələr, habelə
arxeoloji və numizimatik tədqiqatların nəticələri
əsasında Azərbaycan tarixinin mühüm dövrünə
dair samballı əsər ortaya qoymuşdu. Cənubi
Qafqazdakı qonşularımızın, ilk növbədə
ermənilərin o zamana qədər heç bir müqavimətə
rast gəlməyən iddialarına ilk dəfə bu
kitabın səhifələrində tutarlı və əsaslandırılmış
cavab verilmişdi. İşin maraqlı tərəfi
budur ki, əsərin Azərbaycan variantını yalnız
1990-cı ildə çap etdirmək mümkün olmuşdu.
Çünki sovet ideologiyası xalqın öz
tarixini öyrənməsini məqbul saymırdı.
Akademik Ziya Bünyadov
45 illik elmi yaradıcılığı dövründə
450-dən çox əsər ortaya qoymuşdu. Bu tədqiqatların böyük əksəriyyəti
elmdə ilk söz olması, zəngin fakt-sənəd
bazası, aktuallığı və cəsarəti ilə
seçilirdi. Daha şox ərəbşünas-medievist
kimi tanınmasına baxmayaraq akademik Ziya Bünyadov Azərbaycan
tarixinin son on beş əsrləri əhatə
edən hadisələri və şəxsiyyətləri
haqqında yüksək peşəkarlıqla
danışmağı bacarırdı. Bəzən orta əsrlər
ümumtürk tarixinin naməlum səhifələrini
işıqlandıran "Xarəzmşah-Anuştəkinilər
dövləti", "Azərbaycan Atabəylər dövləti"
kimi monoqrafiyalarla 30-cu illərin kütləvi
repessiyalarından bəhs edən "Qırmızı
terror" kitabının eyni müəllifin qələmindən
çıxmasına inana bilmirsən. Bir
tarixçi-alim kimi Ziya müəllimin yaradıcı
istedadının gücü özünü belə müxtəlifliklərdə
daha bariz şəkildə büruzə verirdi.
O, nadir dil duyumuna malik məharətli
tərcüməçi idi. Bir sıra
mühüm tarixi qaynaqları ərəb, türk, ingilis dillərindən
ruscaya tərcümə etmişdi. İslamın
müqəddəs kitabının - Quranın Azərbaycan
dilinə ilk mükəmməl tərcümələrindən
birinin həmmüəllifi kimi şöhrətlənmişdi.
Hər biri geniş və əhatəli müqəddimə,
mükəmməl şəhrlərlə müşayiət
olunan tərcümələri Azərbaycan, türk, ərəb
və Mərkəzi Asiya xalqlarının tarixinin öyrənilməsi
baxımından əvəzsiz qaynaqlar idi. Özbək
alimləri yerli partiya rəhbərliyinin qorxusundan Xarəzmşah
Cəlaləddin Mənguberdinin mübarizə və qəhrəmanlıqlarından
danışmağa cürət etməyəndə iki görkəmli
azərbaycanlı- şair Məqsud Şeyxzadə və
akademik Ziya Bünyadov qardaş xalqa öz böyük
oğlunu tanıtmışdı. Sonuncu
Xarəzmşahın şəxsi katibi Ən-Nəsəvini əsərini
tərcümə və çap etdirməklə Ziya müəllim
Özbəkistanda ən çox sevilən obyektiv və cəsarətli
elm adamlarından biri kimi şöhrət
qazanmışdı.
Ziya müəllimlə bağlı daha bir
xatirəm var. 1992-ci ilin sentyabrında müqavilə əsasında
işləmək üçün bir illiyə Türkiyəyə
gedirdim. Ərzurumdakı Atatürk
Universitetindən dəvət almışdım.
Axşamüstü vidalaşmaq məqsədi ilə Ziya
müəllimin Akademiyanın Rəyasət heyətinin
binasındakı iş otağına gəldim. Tək
idi. Katibə qız məlumat verməyə macal
tapmamış özü açıq qapının
arasından məni görüb içəri
çağırdı:
-Gəl görək,
yoldaş fərari!-dedi. -Deməli sən də
dızıtquluya dəm verirsən? (əlbəttə, aradan
illər keçəndən sonra bu sözləri dəyişdirə
bilərdim, lakin hətta əleyhimə işləsə də,
Ziya müəllimin leksikonunu olduğu kimi saxlayıram. Çünki
Akademiyada hər kəs onun danışıq manerasına
alışmışdı və burada şəstlərinə
toxunan nə isə bir şey görmürdülər-V.Q.). Burada
maarif nuru yaydın, indi də Türkiyəyə gedirsən.
Gedin, hamınız çıxın gedin, görək bu
ölkənin axırı nə olur.
Sonra özü bir an əvvəlki
fikrinin əleyhinə çıxaraq:
-Düz eləyirsən,-dedi.
-Get, özünə bir gün ağla. Yoxsa burada ara
qarışıb, məzhəb itib. Xalis dəlixanadır. Sən
get orda növcavan tüllablara dərs öyrət. Biz də
burada hörmətli bəylərin rəhbərliyi ilə
işıqlı və demokratik cəmiyyət qurmaqla məşğul
olarıq. Amma qorxuram ki, çatdırıb bir şey eləyə
bilməyək. Bu gedişlə bunların axırına
çox qalmayıb.
Ziya müəllimin həmin
anda özünün ənənəvi məsxərəçi
ahəngi ilə danışdığını
düşünürdüm. Amma bir neçə aydan sonra həqiqətən
də ölkəni düşdüyü vəziyyətdən
qurtarmaq üçün ciddi addımlar atıldı. Azərbaycan
xalqının sınanmış lideri Heydər Əliyev
Naxçıvandan Bakıya qayıtdı. Dövlətçilik
sükanı yenidən iradəli, qətiyyətli siyasətçinin
və insanları inandırmağı, arxasınca
aparmağı bacaran qüdrətli şəxsiyyətin əlində
idi. Nə qədər ağır, çətin olsa da,
adamlarda dövlətin gələcəyinə ümid və
inam yaranmışdı. Azərbaycan öz tarixinin yeni səhifəsini
yazmağa başlamışdı. Bütün bu proseslərdə
Ziya müəllim yaxından iştirak edirdi. O, iradəsinə,
qətiyyətinə, liderlik məharətinə
inandığı Heydər Əliyevin yanında idi. Qurucularından
biri olduğu Yeni Azərbaycan partiyasında ölkə başçısının
müavini vəzifəsinə seçilmişdi. İlk
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
deputatı idi. Həmişə sorağında olduğu
mübarizələrlə dolu gur və dinamik bir həyat
yaşayırdı. Və yəqin ki, qatil gülləsi
olmasaydı, hələ neçə illər həqiqət
deyən səsi eşidiləcəkdi.
Düşünürəm
ki, Çoxlu məşəqqətlərlə üzləşməsinə,
həyatının faciəli şəkildə
qırılmasına baxmayaraq Ziya müəllim
bütünlükdə xoşbəxt, bəxtiyar bir insan
ömrü yaşamışdı. Çünki
tanıyanların çoxu sərtliyinə, tələbkarlığına,
əsəbiləşdiyi anlarda dediyi acı sözlərə
və hətta çox ustalıqla söydüyü
söyüşlərə baxmayaraq onu sevirdi. Adamlar ona
inanırdılar. Ondan həqiqət gözləyirdilər.
Onun qətiyyətli və cəsarətli olduğunu, heç
kəsin qarşısında qorxub geri çəkilmədiyini,
hamının gözünə dik baxmağı bacardığını
bilirdilər. Nə müharibə illərindəki, nə də
ondan sonrakı dövrlərdəki qəhrəmanlığına
heç kim şübhə etmirdi.
Müstəqillik
uğrunda mücadilənin öncüllərindən biri
olması, Azadlıq meydanında yüz minlərlə həmvətənini
imperiyaya və erməni zülmünə qarşı mübarizəyə
səsləməsi də qəhrəmanlığına dəlalət
edirdi. Məşhur rus şairinin dediyi kimi Ziya müəllim
sakitliyi, istirahəti fırtınalarda axtaran insanlardan idi. Təbii
ki, bütün yenilməz, qəhrəman ruhlu insanlar kimi ondan
da qorxurdular. Pusquda dayanan muzdlu qatilin açdığı atəşlər
də bu qorxunun nəticəsi idi. Yalnız sona qədər əyilməyənləri,
sınmayanları ölümlə susdurmağa
çalışırlar. Bu mənada Ziya müəllim bəlkə
də öz qəhrəmanlığının qurbanı
oldu.
O, rəsmi təbliğatla,
yuxarıların istəyi və iradəsi ilə cəmiyyətin
nəzərində yüksək səviyyəyə
qaldırılmamışdı. Buna şərəflə
yaşanmış həyatı, inancı, amalları ilə
nail olmuşdu. Ziya müəllim gözümüzün
önündəki gerçək qəhrəman idi. Bəlkə
də bizim nəslin təmas qura bildiyi sonuncu qəhrəmanlardan
biri... Təəssüf ki, tarixdə dəfələrlə təkrarlandığı
kimi biz də öz qəhrəmanımızı qoruya bilmədik.
İndi ən azı adı yaşadılmalıdır.
Çünki yaddaşsızlıq qatillərin bəraətidir.
Vilayət Quliyev
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 10,26.