QIZIL İNSANIN
GÜMÜŞ MANATI
Onu 2 dəfə
öldürdülər. Firidun bəyi
birinci dəfə 1920-ci ilin iyununda qətlə yetirmişdilər.
Amma güllələməyi ona az bildilər.
İkinci dəfə 1937-ci ildə həlak etdilər
onu.
***
...Bu onun son
yazısıdır. Məngənədəykən,
ölümün astanasındaykən qələmə
aldığı axırıncı yazısı. Həmişə təmkinli, səbirli Firidun bəyin
varlığını sarmış narahatlıq, əsəb
onun bu son xəttinin hər bir hərfindən sezilir.
Nəfəsi
daralan sözlər hərflərə sığmır sanki,
fikirlər, kəlmələr elə bil hərflərin dar qəfəsindən
pırtlayıb çıxmağa can atır.
Hansı rəzil
düşmənin əlində əsir olduğunu o, əlbəttə
ki, dərk edirdi, məhbəs divarları arasında, yəqin
ki, ağlından keçən bütün umidli və
ümidsiz düşüncələrin sırasında həyatının
əlindən alına biləcəyi ehtimalı da olmamış
deyildi.
Amma bu ehtimalın lap
gerçək kimi göründüyü anda belə kim ölümün onu da haqlayacağına
inanır ki, o da inanaydı.
Bu böyük
insanın həmin son yazısını millətimiz görməyib,
oxumayıb. Görün və oxuyun.
Bu,
böyük şəhidlərimizdən birinin son məktubudur.
Millət
Müəllimi Firidun bəy Köçərlinin son məktubu.
Lakin nəzərləriniz
o qəmli son məktubun yaslı sətirlərinə yönələnə
qədər ayrı bir köhnə məktubu qaldıraq.
Oxuyaq ki, bu
MÜƏLLİMin - Firidun bəy Köçərlinin nə
qədər ülvi, nə qədər müstəsna şəxsiyyət
olduğuna hər kəs iman gətirsin.
1911-ci ildə
Abbas Səhhət Firidun bəyə növbəti mənzum məktubunu
göndərirdi.
Bu, şagirdin
ustad qarşısında hesabatı, etirafı, həm də
ürəkboşaltması idi.
"Yazmısan tazə nə şeylər?"
- deyə sordun məndən,
Ruhumun tarına mizrabzən oldun, qardaş!
Sabir ilə belə məktubu çox aldıq səndən,
Hər nə yazdıqsa,
ona bani sən oldun,
qardaş!
Bir zaman Naseh ü Tərrah ilə Sabir, bəndə,
Yaşayırdıq hamımız qəflət
ilə fərxəndə.
Birimiz mərsiyəquluqda
böyük şair idi,
Birimiz sacərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi
çox mahir idi.
Laübalı keçinirdi
günümüz rindanə.
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda
çalışmaqlığa vadar etdin.
Səhhət bu şeir-məktuba
ünvan qoymuşdu: "Yazmam!".
Bezdiyini, pisikdiyini,
yorulduğunu deyirdi, ruhunu böhranlı ələmlər
boğduğu üçün, qələm ondan bizar
olduğu üçün daha yaza bilmədiyini söyləyirdi.
Şübhəsiz,
Firidun bəy dərhal cavab yollamışdı, ovutmuşdu,
qanadlandırmışdı onu, yəqin təzə şeirlərini,
tərcümələrini də istəmişdi.
Və Səhhət
müəllimini gözüyolda qoymamışdı. Tezlikcə yenə
içəridən səfərbər etmişdi
özünü, ruhunu dikəltmişdi, yazmışdı.
Yazmaya bilməzdi,
ustadı, müəllimi ondan yazmasını rica edirdi.
Bu, artıq
1914-cü ildir. Allah bilir həmin aralıqda neçə
dəfə bir-birindən səbirsizliklə gözlədikləri
neçə qardaş məktubu almışdılar.
1914-cü il
idi, Firidun bəy yenə məktub yazmışdı, yenə
ilk sualı təzə nə yazmısan olmuşdu, bu
sualın müqabilində Səhhət cavab məktubunda təzə
nələrisə göndərməyə bilməzdi - Müəllim
onu lövhəyə çağırırdı.
Möhtərəm qardaşım Firidun bəy!
Yenə şəfqətlə
halımı sordun.
"Yeni şeylər nə yazmısan", - deyərək
Könlümü duyğularla
doldurdun.
Nə yazım mən bu qəmli
zülmətdə?
Nurdan heç əsər, nişan
yoxdur,
Vətənim adlanan bu qürbətdə
Nə də əfqanımı duyan
yoxdur.
Getmiş əldən rəfiq-i sadiqlər,
Dövrəmi
çulğamış münafiqlər.
Bu qaranlıq mühitim içrə mənim
Qulağım həbs, gözlərim dustaq.
Olmuş ağzımda sözlərim
dustaq.
Bütün
çalışıb-çarpışmaqlarda onların bir
artıq iddiası yox idi. Əslində bu sözlər ki Səhhət
deyir, elə Firidun bəyin də, Sabirin də, Cəlilin də
sözüdür:
Dürlü maneələr olmasa sözümə,
Odlu bir nəğmə yazmaq istəyirəm.
Gələcək əsrlərdə mən özümə,
Şanlı bir qəbr qazmaq istəyirəm.
Firidun bəy imkan vermirdi ki,
bu istedadlı Vətən balaları Vətəndə tam qərib
olsunlar: axı biz də varıq, ən azı bir nəfəs
dərimlik saf hava, ən azı sizi duyan 3-5 dost ürəyi,
sizə dəyər verən bir ovuc qədrşünas varsa,
demək, bura hicrət deyil, qürbət deyil.
Firidun bəy hər
təsəlli məktubuyla, özünün ruhdandüşməzliyi,
soyumazlığı ilə onları da kökləyirdi, Vətəni
bu nurlu şəxsiyyətlər üçün daha artıq
Vətənləşdirirdi.
Umacaqlarısa
çox deyildi. Vur-tut tarixin köksündə
şanlı bir qəbir.
Tale rahat qəbri
də onlara çox gördü.
Onların ən
şanlı məzarı duyan, anlayan insanların ürəklərində
qazıldı.
***
Firidun bəyin tələbələrindən
biri - Əli Səbri Qasımovun 1957-ci ildə,
özünün ahıl çağlarında,
ölüm-itimin, doğmaları qeyb etməyin necə
göynəkli olduğunu çoxdan duymuş olduğu
vaxtlarının etirafıdır: "Mən bu nəcib
insanla 44 il əvvəl ayrılmışam. Lakin o hər an gözümün qabağındadır. Mən dünyada hər kəsi itirsəm, ondan əziz
olmayacaqdır. Təkcə mən deyil,
onun şagirdlərinin hamısı, kimsə istisna olmayaraq,
onun haqqında belə söylər, onun şagirdi olduğu
illəri həsrətlə xatırlar". lll Əslində biz hamımız onun
şagirdləriyik. Övladı olmayıb.
Biz hamımız onun övladlarıyıq.
Həsrətlə və iftixarla xatırlayaq
onu. Bu gün və həmişə
xatırlayaq.
***
O, işıqlı
dünyaya tamam başqa yazıları doğurmaqçün gəlmişdi.
Taleyi belə kəc gətirməsəydi,
olsun ki, axırıncı yazısı millətinə,
şagirdlərinə, məsləkdaşlarına şeirləmi,
nəsrləmi yazdığı bir öyüd, sabah haqqında düşüncələr,
yolgöstərmələr olardı.
Ömrü
boyu üzərində çalışdığı şah
əsərini də nəşr etdirmək ona qismət
deyilmiş.
Ha çalışıb-çarpışsa
da, səyləri bəhrə vermədi. Bundan da
nigaran getdi.
Həmin kitab
isə onunçün elə istəkli balası mərtəbəsində
idi.
***
1920-ci ilin 5 iyununda növbəti
(və son) dindirilməsində Firidun bəy Köçərli
belə yazırdı: "Məni müsavatçı kimi həbs
etmişlər. Mənim tərəfimdən
xalqa qarşı heç bir təzyiq olmamışdır.
Mən daim öz peşəmlə məşğul
olmuşam və Xan Xoyski ilə heç bir münasibətim
yoxdur. Mən Xan Xoyskinin səlahiyyətli
nümayəndəsi olmamışam. Mən bir müəllim
və 35 il fasiləsiz tədrislə məşğul
olmuş bir şəxs kimi hər hansı burjua məqsədləri
daşıya bilməzdim.
Mənim atamın 60
desyatindən artıq olmayan torpaq sahəsi vardı ki, onun vəfatından
sonra əmimə qaldı, əmim rəhmətə getdikdən
sonra isə onun övladlarının mülkiyyətinə
keçdi. Artıq 3 ildir ki, mən həmin
torpaqları təmənnasız olaraq kəndlilərin istifadəsinə
vermişəm. Bu malikanə Cavanşir qəzasının
Əyricə kəndindədir. O malikanədən mənim
heç vaxt bir qəpik də gəlirim olmayıb.
Heç vaxt
sabiq baş vali Xan Xoyskinin agenti olmamışam və bunu
şəxsim üçün alçaldıcı hesab edirəm. Öz şəxsi
işlərimlə əlaqədar Xan Xoyskiyə heç vaxt
müraciət etməmişəm və camaatın hansısa
ehtiyacları ilə əlaqədar ona müəyyən
müraciətim olubsa da, bu, təklikdə deyil, şəhər
başçısı ilə bir yerdə baş tutub.
Ermənilər
və müsəlman əhali arasında törənmiş
qarşıdurmalarda heç bir iştirakım olmayıb və
guya özümün hansısa burjua niyyətlərimlə
bağlı bunu edə də bilməzdim, çünki mənim
həmin sinfə aidiyyətim yoxdur.
Məvaciblə
dolanan adamam və bu gün işimi itirsəm, qara qəpiksiz
qalaram. Gənclərin tərbiyəçisi, pedaqogika
müəllimi olduğumdan mən qonşu xalqlar arasında
qan tökülməsini rəva görə bilməzdim. Məni millətlər arasında ədavət
salmaqda ittiham edənlər ağızlarına gələn
ittihamların əvəzinə təkzibedilməz dəlillər
irəli sürməliydilər. Həmin
qarşıdurmalar zamanı mən başqa nümayəndələrlə
birgə 3 dəfə Uzuntala kəndinə getmiş (ermənilərin
çoxluq təşkil etdiyi kənd olub - R.H.) və hər
iki tərəfi hər dəfə qan tökməyi
dayandırmağa, dinc işlərlə məşğul
olmağa çağırmışam. Bunu həmin
nümayəndə heyətinin digər üzvləri
İsmayıl ağa Qiyasbəyov, Məcid Şıxlinski,
Hacı Axund Cəfərov, Əli Hüseynov, Hacı Kərim
Sanıyev və Əbdül Usubov təsdiq edə bilərlər.
"Müsavat"
partiyasının Qazaxdakı şöbəsi xüsusi bir əhəmiyyət
daşımamış və onun 20-dən artıq
üzvü olmamışdır.
Heç vaxt
Qazax şöbəsi tərəfindən heç bir partiyaya
qarşı fəal hərəkətlər edilməmişdir. Bizdə
bütün iclaslarımızın protokolları qalır və
onlara baxaraq mənim dediklərimin doğruluğunu müəyyənləşdirmək
mümkündür.
Heç vaxt
heç yerə proqramlarımızı və müsavat
ideyalarını yaymaqdan ötrü agentlər göndərməmişəm. Rəhbərlik
etdiyim seminariyanın bütün müəllimləri
"Hümmət" partiyasının, onlardan biri - Əli
Hüseynov isə Kommunist Partiyasının üzvü
olmuşdur. Onların hamısı mənim
digər partiyalara mötədil münasibət bəslədiyimi
təsdiq edə bilər.
Məni Azərbaycanın
bütün müəllim ictimaiyyəti yaxşı
tanıyır.
Xahiş edirəm ki, mənim haqqımda həm
Qazax, həm Bakıdakı Müəllimlər
İttifaqından məlumatlar toplayasınız. Qazaxdan mənim müəllimlik və ictimai fəaliyyətlərim
haqqında şəhər başçısı Əbdül
Usubov, yüksək başlanğıc məktəbinin nəzarətçisi
Əhməd ağa Mustafayev, seminariyanın müəllimi Əli
Hüseynov (kommunist) zəruri məlumatları verə bilərlər.
Firidun Köçərlinski.
İmza.
Nöqtə".
Bunu yazandan dərhal
sonramı, ya bir neçə saat ötüncə Firidun bəyin
həyatına da axırıncı qurğuşun nöqtə
qoyulur.
Azərbaycanın
ən nurlu qafalarından biri əbədilik susdurulur.
Onun 1912-ci ildə
dünyanı yeni duymağa, anlamağa başlayan Vətən
uşaqları üçün yazdığı kitab
"Balalara hədiyyə" adlanırdı. Onun ömrü boyu bir
söz sərrafı kimi topladıqları,
araşdırdıqları, yazdıqları isə yalnız
balalara yox, babalara da dərslik, yaşarı sovqat olmaq
gücündəydi, bu gün də həmin dəyəri
saxlamaqdadır, əsrlərcə də saxlayacaq, zaman
sovuşduqca o sərvətin sanbalı artacaq ki, azalmayacaq.
Bu son yazı və
onun axırında qoyulan nöqtə ilə isə Firidun bəyin
yazı həyatı bitir.
Daha o heç
vaxt qələm götürməyəcək və heç nə
yazmayacaq.
Artıq
nöqtə qoyulub. Hər şey bitib.
Amma canlı həyatı
hələ bir neçə saat da davam edəcək.
Köksünə
açılan son güllənin ovduğu son
qıpqırmızı nöqtəyə qədər.
Bu, Firidun bəyin
dindirmə protokolu, onun qələmindən
çıxmış son yazıdır.
Həqiqətdə
bu yazı onun müstəntiqin suallarına bənd-bənd
cavablarıdır.
Millət
sevgisinin abidəsi sayılacaq bir insan "xalq düşməni"
damğası ilə ləkələnir, onunçün təhqiramiz
sayılası əməllərdə
suçlandırılır.
Həbsdə
olduğu günlər ərzində bu suallar dönə-dönə
verilib (bunu təsdiqləyən sənədlər də cinayət
işində qalır), eyni cavablar da dönə-dönə təkrar
edilib.
Bu gün
Firidun bəy yenə (özü də bilmir ki, artıq son dəfə)
böhtanları rədd edir, hələ nəyinsə
yaxşı qurtaracağına inanır.
Amma belə bir
sonluq qaçılmaz idi.
İstiqlal əldən
getmişdi. Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyyətini
devirmişdi.
Və
istiqlalın ən sadiq əsgərləri aradan
götürülməliydi.
Ən sadiqlər
və parlaqlar dərhal.
Digərləri
də tədricən.
Xalqa da göz
dağı çəkilməliydi ki, bir daha baş
qaldırmasınlar, yerlərini bilsinlər.
1920-ci ilin
aprelində üçrəngli bayrağımız endiriləndən
sonra neçə aylar boyu Azərbaycanın ən müxtəlif
guşələrində 50-yə yaxın üsyan olub. Onların əksəri
haqqında onillərcə susulub. İnsanlarımızın
əksəri bu mərdanə tarixçələrdən bixəbər
qalıb.
Cahangir bəy
Kazımbəyli və Sarı Ələkbərin
başçılıq etdiyi məşhur Gəncə
üsyanı həmin üsyanların zirvəsiydi.
Xalq, millətin
öndə gedən fədakar balaları azadlığı
itirməklə heç vəchlə barışa bilmirdi.
Amma indi
bütün olub keçənləri, Gəncə
üsyanını və digər o qəbil qiyamların
hamısını göz önünə gətirirkən
xalqın çılğın mübarizliyini, dəliqanlı
haqq savaşını unutmamaqla yanaşı, bütün
bunların arxasında qırmızı şeytanın
müdhiş məkrini də görürəm. Bir çox
qarşıdurmaların törənməsində yeni hakimiyyətin
özünün də barmağının olmasında
şübhəliyəm.
Bolşeviklər,
terror qanadında taxta çıxmış sovet hakimiyyəti
belə tərpənişlərdə özü
maraqlıydı - xalqı qanına qəltan etmək,
camaatın gözünün odunu biryolluq almaq, bir daha
dikbaşlıq etməmələriyçün onlara ibrət
dərsi verməkdən ötrü lazım idi bu
qırğınlar.
Firidun bəy
istiqlalın beşiyi başında duranlardan idi.
İstiqlal Bəyannaməsinə
ilk imza atanlardan idi.
Onun, əlbəttə
ki, ilk həbs edilənlərdən biri olması məntiqli
idi. Gəncə-Qazax bölgəsində Firidun bəy
Köçərlinin də, Xudadat bəy Rəfibəylinin də
nüfuzu çox yüksək idi. Gəncə
üsyanı başlanmamışdan onların ikisinin də təcrid
edilməsi həm də bu xəbəri verir ki, hakimiyyət
üsyanın baş verəcəyindən xəbərdarmış
(bilirmiş, amma qabağını almırmış. Bu ona daha çox gərək imiş. Tarixi təcrübə vardı. İmperiya
vaxtilə Cavad xanı devirərək Gəncəni al qana
boyamışdı, indi də ona məhz qalxan kütləni
yerlə yeksan edərək həmin məhşəri bir də
təkrarlamaq sərfəli idi).
Və
işğalçı iblis bölgəni ən üstün
öndərlərdən məhrum etməyin tədbirini irəlicədən
görübmüş.
Fəqət
onları həbsdə uzun müddət saxlamaq da təhlükəliydi,
təbii ki, yeni hökumət bu ağır çəkili
lider düşmənlərini ələ keçirmişkən
ləngitmədən məhv etməliydi.
Fürsəti
də fövtə vermir.
Firidun bəyi 1920-ci il mayın 10-da tutmuşdular. Onu
Gəncə həbsxanasına aparmışdılar.
Və Firidun bəy
dünyadakı ən əziz hayanına, həyat
yoldaşı Badisəba xanıma məktub göndərə
bilmişdi.
Nə
özü, nə ömür-gün dostu bilirdi ki, bu,
axırıncı məktubdur.
O məktubda xəfifcə
ümid işarırdı.
Ümidsizlik
qarışıq bir ümid.
Əzizə Badisəba!
Təvəqqe edirəm
ki, çox darıxmayasan. İnsanın
başına hər cürə qəza gələr. Mənim
üçün lazımdır bir stəkan-nəlbəki, bir
əlyuyan (şagirdlərin emallı qrafinlərindən biri),
bir lampa, bir üzsilən, iki dəsmal, mənim çustum,
bir taz, bir çaydan, bir qədər çay, mənim ağ tujorkam.
Müəllim və
şagirdlərə salam. Səbir
elə.
Firidun Köçərli. 17 may, 1920.
Bir həftədir
ki, həbsdədir.
Ölümünə
18 gün qalır.
Və yazıq
Badisəba xanıma bir ömür uzunu səbir etmək nəsib
olacaq.
Gəncə
üsyanının atəşləri toxtayandan, bir neçə
gün sürən azadlıq yenidən ən qanlı və
amansız şəkildə minlərlə həyatı udaraq
boğulduqdan, yüngülvari bir səngimə hiss ediləndən
sonra Badisəba xanım bütün bu çarpışmalar
zamanı həbsxanada olan əriylə görüş almaq
niyyətiylə Gəncəyə tələsir.
Amma
ayrı-ayrı xatirələr Badisəba xanımın guya
azadlığa buraxılacaq ərini aparmaqçün gəldiyini
deyir.
Belə bir yozum var ki, Firidun
bəylə eyni vaxtda həbsxanada olan Abbas Rzaqulu oğlu ona
yemək gətirən qadına ötürdüyü məktubda
yaxın qohumu, Azərbaycan Mərkəzi Komitəsinin
üzvü Eyyub Xanbudaqova Köçərlinin də burada
dustaq olduğu xəbərini çatdırır. Xanbudaqov da öz növbəsində Nəriman Nərimanovu
məsələdən agah edir.
Yenə
ağızdan-ağıza gəzən xatirələr rəvayət
edir ki, Xalq Komissarları Sovetinin sədri, Köçərlinin
keçmiş tələbəsi Nəriman Nərimanov iki təcili
teleqram göndərir - birini Firidun bəy Köçərlinin
dərhal azad edilməsi tələbi ilə Gəncənin
fövqəladə komissarı Həmid Sultanova, digərini isə
Firidun bəyin azad ediləcəyi xəbəriylə sevindirməkçün
Badisəba xanıma. Badisəba xanım yetişir Gəncəyə,
ancaq görüş vermirlər, "burda deyil, ya Bakıya,
ya
Həbslə qətlin
arasında uzun bir müddət, hər halda xəbəri
çatdıra bilməyə yetərli olacaq, hər hansı
xilasedici tədbir görməyə də bəs edəcək
vaxt varmış.
Olsun ki, xəbəri
də çatdırmış Badisəba xanım.
Nəticəsiz
qalıb.
Firidun bəy
güllələnib.
Güman edirəm
ki, o dövrdə sovet hökumətinin siyasi taleyi ilə
birbaşa bağlı olan bu qəliz işlərə Azərbaycan
hökumətinin müdaxilə imkanları zəifmiş. Azərbaycanda
əsas söz sahibi Azərbaycan hökumətindən daha əvvəl
11-ci ordu rəhbərliyi və mərkəzi ÇK imiş.
Firidun bəylə
son dindirmə protokolu iyun ayının 5-də tərtib
olunmuşdu.
Zavallı
Firidun bəy həmin gün inanmaq, ümid etmək istəyir
ki, onun sözlərinin doğruluğunu
araşdırmaqçün hansısa sənədləri
qaldıra, kimlərisə çağırıb
danışdıra, hətta onların partiya
iclaslarının protokollarını oxuya bilərlər.
Haradan bilsin ki,
onun qətlinin fərmanı artıq dünəndən
hazırdır. Budur indi MTN-də qorunan 578 saylı cinayət
işindəki qərar.
"4 iyun 1920-ci il.
Mən 20-ci atıcı
diviziyanın 7-ci xüsusi şöbəsinin hərbi müstəntiqi
bu gün Firidun bəy Köçərlinskinin əksinqilabi fəaliyyətdə
ittihamı haqqında işi və onun barəsində Qazax
İnqilab Komitəsi tərəfindən verilən xasiyyətnaməni
nəzərdən keçirərək müəyyən etdim
ki, müttəhim Köçərlinski vəzifəsindən
və böyük səlahiyyətlərindən istifadə edərək
əməkçi xalqa qarşı zor tətbiq etmiş, Qazax
rayonunda "Müsavat" partiyasının sədri olaraq
milli ehtirasları alovlandırmış ki, bunun nəticəsində
qonşu xalqlar arasında toqquşmalar baş vermişdir. Onun
verdiyi izahlar heç bir inam doğurmur, çünki rəyinin
öyrənilməsini təklif etdiyi şəxslər Qazax
İnqilab Komitəsi kimi nüfuz və etibara malik ola bilməzlər. Həmin səbəbdən
də müttəhim Köçərlinskinin şahidlərin
dindirilməsi ilə əlaqədar vəsatətini rədd
etmək olar və onun özünün azadlıqda
qalmasının gələcəkdə Qazax qəzasında əksinqilabi
hərəkat yaradacağı və fəhlə-kəndlilərin
günahsız qanının axıdılmasına bais ola biləcəyini nəzərdə saxlayaraq qərara
alınır: müttəhim Köçərlinski güllələnsin!
Təsdiq edirəm
- fövqəladə komissar Həmid Sultanov".
***
Bu da hökmün yerinə
yetirilməsi haqda ordu xüsusi şöbəsinin rəisi
Libermanın imzaladığı 964 saylı arayış.
***
Coşqun Xəlil Rza
misralarını mən Mikayıl Mirzənin ötkəm, təlqinedici,
kükrəyən səsində eşidirəm.
Bu təəssürat
səbəbsiz deyil - şairin "Dastança" dediyi iri əsərin
bir parçası olan bu şeir də Mikayıl Mirzənin
poema-monoloq kimi meydanlardakı ifası üçün nəzərdə
tutulmuşdu.
Firidun bəy Köçərli Gəncədə güllələndi,
Fikir gülüstanları
qönçədə güllələndi.
Alimlər hər sətrini çıraqla gəzir indi,
Onu kim güllələdi? Mauzerli gənələr.
Bu yurda biganələr, bu xalqa biganələr.
Yox, Xəlil Rza. Onu bu yurda və bu xalqa biganələr deyil, bu
xalqın və bu yurdun qanına təşnələr
güllələdilər.
Həmin son
dindirməsində Firidun bəy sadədilliklə onu
yaxşı tanıyanlardan biri kimi kommunist
yoldaşının adını çəkir, kommunistlərin
kommunistin sözünü eşidəcəyinə, bu sözə
etibar edəcəyinə inanmaq istəyir.
Milli Təhlükəsizlik
Nazirliyinin arxivində Firidun bəyin işi ilə eyni qovluqda
daha bir neçə müttəhimin ifadələri,
haqlarında bilgilər, aldıqları cəzalar barədə
soraqlar var. Onlardan biri Məcid bəy Vəkilov elə kommunist
olub. Rəhm etməyiblər, Firidun bəylə eyni
gündə güllələyiblər. Bu da həmin
kommunistə yazılmış ittihamnamədən parça:
"O, kommunist pərdəsi altında "Müsavat"
partiyasının agenti rolunu oynaya, bununla da inqilabın dərinləşməsi
işini tormozlaya bilər". Beləliklə,
hansı partiyanın üzvü olmaq, hansı məqamı
tutmaq, ən yüksək səviyyədə kiminsə zəmanət
verməsindən asılı olmayaraq qəzavü qədər
səviyyəli bir çıxılmazlıq vardı - sovetin
qara siyahısına düşmüsənsə, getməlisən.
Bunu bəlkə də hamıdan əvvəl elə itkini
duymaqda iti olan qadın fəhmiylə Badisəba xanım hiss
etmişdi. İyunun əvvəllərində Gəncəyə
gedərək əri ilə görüş ala bilməyib
qanadı qırılmış halda Qazaxa qayıdanda ilk
rastlaşdığı əmisi oğlu Mehdi ağa Vəkilova
ürəyinin səksəkəsini açır: "Dedilər
Firidun bəy Gəncədə yoxdur, amma mənə elə gəlir
həyatda yoxdur, öldürüblər onu.
Papağını
oradakı əsgərlərdən birinin başında
gördüm".
***
Ax zəmanə! Kimlərin papaqlarını kimlərin başına
qoydun. Yalnız o gün yox ki! Yalnız Firidun bəyin
papağını yox ki!
***
1891-ci ildə Firidun bəy hələ
xeyli cavan idi, qarşıda çoxlu yaşamalı gözəl
illər gülümsəyirdi, ölüm, qan-qada uzaqda idi və
İrəvan gimnaziyasında dərs verən Firidun bəy
şagirdlərini qədim yunan dünyasının mütəfəkkirləri,
o dahilərin hikmətli sərgüzəştləriylə
aşina etməkdən ötrü "Təlimat-i Sokrat"
adlı bir kitab yazmış, Baxçasarayda, "Tərcüman"
nəşr evində çap etdirmişdi. Həmin nazik, amma mənaca
tutumlu kitabçanın sonluğunda öldürülməyə
hazırlaşan Sokrat yanındakı şagirdlərinə
üz tutaraq deyir: "Sizə məlumdur, mənim mal və
dövlətim yoxdur ki, o xüsusda vəsiyyət edəm. Ancaq təvəqqem sizdən odur ki, nə təlim
etmişəmsə, cümləsinə əməl edin".
"Səni necə dəfn
edək?", - soruşurlar.
Sokrat cavab verir ki, ruh bədəndən
xilas olandan sonra bədənə nə hacət! Onunla nə
istəyirsinizsə edin!
Bu alıntı da o əsərdəndir:
"Pristav əlində hökm içəri daxil oldu.
Üzün tutub Sokrata belə dedi: "Mən şair məhkumların
üzlərinə ölümünü oxuyub zəhər verəndə
onlar mənim üstümə çığırıb məzəmmət
ediblər və çox vaxt nalayiq sözlər və
föhşlər deyiblər. Amma bunları səndən
gözləmirəm, çünki bu dustaqxanada indiyə qədər
səndən insaflı və xoşrəftar dustaq olmayıb.
Sənin qəzəbin gərək məni
tutmasın, səni nahaq yerə bu bəlaya giriftar edənləri
tutsun. Bilirsənimi nə xəbərlə
sənin yanına gəlmişəm? Xuda
hafizin olsun, cəhd elə ki, ölümün qabağına
mərdanə çıxasan. Nə eləmək! Bizdə o qüdrət yoxdur ki, qəzanın işlərini
təbdil edək".
Sanki bu sözləri
Firidun bəyin qələmi 1891-ci ildə yazmayıb. Sanki bu
sözləri 1920-ci ildə Firidun bəyin şagirdi olmuş
Nəriman Nərimanov və o çağda Azərbaycan
hakimiyyətində yüksək məqamlar tutan, ya birbaşa,
ya dolayısı ilə Köçərlinin yetirməsi, tələbəsi
olan yüksək çinli məmurların hər biri deyir.
Millətə
qarşı soyqırımı qərarı Azərbaycana
qıraqdan gəlirdi. İcraçılarınsa çöldən
gələni də vardı, içəridə olanı da.
Yeni quruluşa
qulluq edənlərin özlərinin də çoxu və ən
seçkinləri - başda Nərimanov olmaqla - sonralar tədricən
eyni ölüm maşınında üyüdüləcəklər.
Firidun bəyin həlak edilməsinin
irəlicədən düşünülmüş, layihəsi
cızılmış, labüd bir qətl olmasını məhbusun
adına açılmış saxta cinayət
işinin hər səhifəsi sübut edir.
1920-ci il
mayın 10-da tutulub. Hesabla bu saxlanma
üçün hansısa arayışlar, donoslar, təqdimatlar
yalandan da olsa daha köhnə tarixlə hazırlanmalı idi.
Amma çekist cəlladların
gözünü qan elə tutmuşdu ki, sənədlərdəki
tarix uyğunsuzluqları da veclərinə deyildi.
Sübut - yalnız 1920-ci il mayın 23-də Qazax İnqilab
Komitəsi Gəncənin fövqəladə komissarına təqdimat
yazır ki, bəs Firidun bəyi tutmaq lazımdır:
"İnqilab Komtitəsi bildirir ki, "Müsavat"
partiyası Qazax şöbəsinin sədri Firidun bəy
Köçərlinski, vergi müfəttişi Paşa bəy
Vəkilov, mülkədar Nadir bəy Dağkəsəmənski
və pristav Məcid bəy Vəkilov Qazax qəzasında əsas
əksinqilabçılar və sovet hakimiyyətini istəməyən
şəxslərdir. Çevrilişə (1920-ci il aprel hadisəsinə
hələ rəsmi xəfiyyə sənədləri özləri
də "çevriliş" - "perevorot" deyir, bu qəziyyəni
xeyli sonralar başlayacaqlar "inqilab" adlandırmağa -
R.H.) qədər geniş imkanları və hakimiyyətləri
olan bu şəxslər özlərinin şəxsi burjua məfkurələrinin
naminə hər növ əclaf addımlar atmış və
xalqı hər cür üsullarla aldatmışlar. İndi aldadılmış və soyulmuş yüzlərlə
insan İnqilab Komitəsinin pəncərələri
qarşısında dayanaraq kömək istəyir.
Firidun bəy
Köçərli və "Müsavat"
partiyasının Köçərlinin tayı olan digər
xidmətçiləri erməni-azərbaycanlı
qarşıdurmaları törətmişlər. Bu onlara
hakimiyyətlərini möhkəmləndirmək, torpaqları
ələ keçirmək və sair məqsədlər
üçün lazım idi. Min desyatinlərlə
torpaqları olduğu halda onlar yenə də əhalini hər
vasitə ilə qorxutmaqla camaatın birtəhərlə, polis
qamçıları altında inləyə-inləyə, həbsxanalarda
zillət çəkə-çəkə öz miskin
yaşayışını təmin etdiyi azacıq
torpaqlarını da əllərindən qoparmağa cəhd
edirdilər. Firidun bəy Qazaxın o vaxtkı
general-qubernatoru Əmir Xan Xoyskinin möhkəm havadarlığına
arxalanaraq özünün Qazax Müəllimlər
Seminariyasının tərbiyəçisi kimi müqəddəs
vəzifəsini unutmuş, qəza boyu agentlərini
yaymış, onların köməyi ilə əhalinin
pullarını qarət etmiş, Qazax əhalisini ermənilərə
qarşı qaldırmış, pul və qarşıdurmalar
vasitəsilə "Müsavat" partiyasının
devrilmiş hakimiyyətini möhkəmləndirməyə səy
etmişdir. Həmin alçaq fəaliyyətlərin nəticəsi
olaraq bu il aprelin əvvəlindəki hamıya məlum olan erməni-azərbaycanlı
toqquşmaları baş vermiş, nəticədə 8 azərbaycanlı
kəndi müflis olmuş, yuxarıda göstərildiyi kimi,
indi onlar İnqilab Komitəsi pəncərələri
qarşısında kütləvi halda toplaşaraq
çörək və başqa maddi yardımlar istəyirlər.
Eyni zamanda onlar qisas tələb edir, adları
çəkilən şəxslərin əhaliyə
qarşı törətdikləri həyasız
alçaqlıqlara görə ən ciddi şəkildə cəzalandırılmalarını
istəyirlər".
Bu
arayışı bir daşnakın tərtib etdiyini müəyyənləşdirmək
üçün xüsusi bəsirətlilik lazım deyil.
Azərbaycan
xüsusi xidmət orqanlarına bolşeviklərin hakimiyyəti
qəsb etdiyi ilk günlərdən daraşan ermənilər
bütün sovet onilləri boyunca bu əliuzun idarələrin
vasitəsilə millətimizə, illah da parlaq şəxsiyyətlərimizə
mütəmadi divanlar tutmuşlar, soyqırımı siyasətini
bu xətlə də gerçəkləşdirmişlər.
Firidun bəyin
1918-1920-ci illərdə erməni fitnələrini soyutmaq
üçün çox zaman həyatını təhlükədə
qoyaraq barışıq missiyası ilə ermənilərin
sıx yaşadığı kəndlərə getməsi barədə
bolluca bilgilər, təsirli söyləmələr var.
Amma bu
arayış ixtilafın baş verməsini də Firidun bəyin
boynuna yıxır. Məntiqinə baxın sənədin -
erməni-azərbaycanlı qarşıdurması olub, xarabazara
dönən azərbaycanlıların yaşadığı kəndlərdir
və guya azərbaycanlılar gəlib hökumətdən tələb
edirlər ki, bu faciəyə bais olan Firidun bəy kimi şəxslər
cəzalandırılsın.
Bu cür xəstə məntiqlə
ermənidən savayı kim
düşünə, ermənidən qeyri kim belə
sırtıqlıqla şər ata, iftira yağdıra bilər!
"İndi,
çevrilişin son günlərində, hakimiyyətin
artıq bolşeviklərdə olduğu vaxtlarda da onlar yenə
də bərqərar olmuş sovet hakimiyyətinə
qarşı gizli fəaliyyət aparırlar. Ona görə də hazırda mövcud olan
qayda-qanunlara və hakimiyyətə qarşı
barışmaz düşmən mövqeyində dayanan, əksinqilabçı
olan belələrinin azadlıqda qalması
mümkünsüzdür. Bütün
bunları nəzərə alaraq Qazax İnqilab Komitəsi
sizin qarşınızda həmin şəxslərin ciddi
şəkildə cəzalandırılması barədə vəsatət
qaldırır. Əgər hansısa səbəblərdən
onlar cəzalandırılmasa, Qazax İnqilab Komitəsi sizdən
təkidlə xahiş edir ki, qəzada əhali sakitləşənədək
bu şəxslərin xalqa ziyan hakimiyyətləri və
qaydalarının son qalıqlarının da kökündən
çıxarılmasınadək həbs edilməsini təmin
edəsiniz".
Mayın 23-də
yazılmış bu təqdimata mayın 25-də "İcra
edilsin" dərkənarı qoyulur.
Amma Firidun bəy
artıq 15 gündür ki, həbsdədir.
Yəni əsas
niyyət həbs etmək idi. Rəsmiləşdirmələr
üçün bütün sənədlərsə sonradan tərtib
olunur.
***
Düşmən belə
idbar düşmən idi.
Dövr dəyişib.
Düşmənlər
mahiyyətcə həmin düşmənliyində, həmin
idbarlığında qalır.
Qalmasaydılar,
arxivlərin tozunu uda-uda o matəmli parçaları gün
işığına çıxarmaz, onları bir daha oxutdurmaqla
sizi yormazdım.
Ayıq olaq!..
***
"Firidun bəy
Köçərlinin mənə yazdığı məktublar
o qədər mənalı, səmimi hisslərlə dolu
olardı ki, ondan məktub aldığım günlər mənim
üçün toy-bayrama çevrilərdi.
Firidun bəy məktublarında
təkcə mənim və ailəmizin əhvalını
soruşmaqla kifayətlənməz, eyni zamanda poçta ilə
ona göndərdiyim yeni əsərlərimi təhil edər,
onların müvəffəqiyyət və nöqsanını
göstərər, nədən və necə yazmaq haqqında
öz mülahizələrini bildirər, Azərbaycan, rus və
Avropa yazıçılarının əsərlərindən
gətirdiyi gözəl nümunələrlə fikirlərini
daha möhkəm əsaslandırardı. Bu
cür məktublarında o, yeri gəldikcə öz zəmanəsindən
də ağır-ağır şikayətlənərdi.
Uzun müddət
belə yazışdığım və görmək həvəsi
ilə çırpındığım Firidun bəy
Köçərli ilə nəhayət 1914-cü ildə ilk
dəfə olaraq görüşdüm.
Bu
görüşümüz Gürcüstanın Manqlisi
yaylağında istirahət edərkən oldu. Manqlisdə
qaldığım müddətdə mən Firidun bəyin
ziyadə çalışqan, zəhməti, ədəbiyyatımızı
və dilimizi sevən bir adam kimi yüksək
keyfiyyətlərə malik olduğunu müşahidə etdim.
O yorulmaq nə olduğunu bilmədən
çalışır, "Azərbaycan ədəbiyyatı
tarixi materialları"nı tərtib edirdi". Bu, Abdulla
Şaiqin səsidir və gör Firidun bəyin zəhmətkeşliyi
nə həddəymiş ki, özü də ifrat əməksevər
olan Şaiq Köçərlinin istirahət saatlarını
da yazı-pozuya, sevimli əsərini yaratmağa gen-bol, az qala
bütünlüklə həsr etməsinə heyrətlənirmiş.
Çox ədəbiyyat
tarixlərimiz yaranıb, bundan sonra da yaranacaq.
Amma
Köçərlinin yaratdığı "Tarix"in misli
olmayacaq və onun kitabına həmişə mötəbər
qaynaq kimi üz tutulacaq.
Firidun bəy
haqqında bəhs etdiyi şairlərin əksəri ilə
yazışmadaydı.
O şairlərin çoxu təzə
əsərlərini məsləhət üçün,
tövsiyələr almaqdan ötrü Firidun bəyə
yollayırmışlar.
Onların
çoxunun tərcümeyi-halı Firidun bəyin sayəsində
bizlərə bəllidir. Həm də bu cür
dəqiqliklə, bunca inanımlı bir şəkildə.
Çünki
o şairlər öz həyat hekayətlərini də Firidun
bəyin ricasıyla şeirlərini yolladıqları məktublarına
əlavə edərmişlər.
Firidun bəy o
qalın məktubların hamısını
saxlayırmış.
Bu sürəkli
yazışmaların bir gözəlliyi də ondaymış
ki, həmin məktublarda o şairlərin Firidun bəylə
ünsiyyətdə ildən-ilə necə dəyişdikləri
görünürmüş.
Həmin
yazışmalarda Azərbaycan şairlərinin ustad, başbilən
sayaraq qəbul etdikləri Firidun bəyin bələdçiliyi
ilə necə tərəqqi etdikləri aşkar olurmuş.
Söz yox,
Firidun bəy indi ortada olan "Ədəbiyyat tarixi"ndə
həmin məktubların heç onda birindən istifadə
etməyə macal tapmayıbmış. Yəqin o məktub-qaynaqlara
sonralar dönə-dönə qayıdacaqmış.
Firidun bəyin
özündən sonra o qaynaqlara bizlər də dəfələrlə
üz tutmalı olacaqdıq.
Bunların
hamısı qiymətini bütün nəhəngliyi ilə
vermək mümkün olmayan əvəzsiz xəzinəymiş.
Amma...
1938-ci ildə Nuxa məktəbəqədər
uşaq evinin müdirəsi Badisəba Köçərli Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Mircəfər
Bağırova ərizə ilə müraciət edir:
"1921-ci ildən indiyə qədər Xalq Maarif
Komissarlığı xətti ilə işləyirəm və
1925-ci ildən Azərbaycan rayonlarında
çalışıram. O qədər də çox olmayan ev əmlakımı özümlə
daşımaq imkanım olmadığından onları
Bakıda yaşayan qardaşım Məmməd Vəkilovun mənzilində
saxlamışdım. Qardaşımın oğlu, Karl Marks adına Xalq Təsərrüfatı
İnstitutu hüquq fakültəsinin keçmiş dekanı
Mustafa Vəkilov onunla eyni mənzildə yaşayırdı.
Mərhum ərimin
arxivi də mənim əşyalarımın arasında idi. Firidun
Köçərlinski Qori Müəllimlər
Seminariyasının keçmiş müəllimi, sonralar Qazax
Müəllimlər Seminariyasının direktoru olmuşdu və
onun arxivində çoxlu qiymətli ədəbi materiallar
vardı. O cümlədən: Mirzə Fətəli
Axundovun əlyazmaları, Sabirlə ədəbi səciyyəli
yazışmalar, "Molla Nəsrəddin"lə
yazışmalar, Köçərlinin öz yazıları,
müxtəlif ədəbi xadimlərdən alınmış
bolluca materiallar.
10 noyabr 1937-ci
ildə Mustafa Vəkilov NKVD tərəfindən həbs edilərkən
ona aid materiallarla birgə mənim ərimin arxivini də
götürmüşlər. Bu barədə mən
yenicə xəbər tutmuşam. Xahiş
edirəm mənə cavab verin ki, göstərilən arxivi nə
vaxt geri ala bilərəm".
Arakelyan, Ambursumyan, Qriqoryan,
Qalustyan, Manukyan və bir sürü bu cür
"yan"ların "məsum" imzaları KQB qovluqlarındakı
eyni məzmunlu aktların altında tez-tez görünür:
"Şahidlik edirik ki, iştirakımızla filankəsin
arxivində olan sənədlər, kitablar, şəkillər
və yazılar yandırıldı. Onunla əlaqədar
bu akt tərtib edildi".
Vəssalam.
Kibriti
çaldılar.
Bir tonqal
alışdı.
Cavidin əsərləri
kül oldu.
Kibriti
çaldılar.
Müşfiqin
kitabları, əlyazmalarının ocağı şölələndi.
Kibriti
çaldılar.
Əhməd Cavadın, Salman
Mümtazın, Seyid Hüseynin, hansı alimlərin, hansı
yazıçıların, hansı ziyalıların heç
vaxt bir başqası tərəfindən yaradıla bilinməyəcək
əsərləri bir neçə an içində
qayıdışsız məhv olub getdi.
Yox, o əziz Vətən
balaları sadəcə güllələnməyiblər.
Cordano Bruno
kimi, onların hər biri, əslində, tonqalda
yandırılıb.
Firidun bəy də
yalnız 1920-ci ildə öldürülmədi.
O vaxt onu sadəcə güllələmişdilər.
1937-ci ildə
isə Firidun bəyi, həm də tək onu yox, onun arxivinə
sığınmış onlarca şairi eyni bir tonqalda
alışdırıb kül etdilər.
***
Hər ehtimala
qarşı Mustafa Vəkilovun Milli Təhlükəsizlik
Nazirliyinin arxivindəki cinayət işini vərəqlədim. Kollektiv cinayət
işidir. Guya Xalq Təsərrüfatı
İnstitutunda əksinqilabi antisovet trotskiçi təşkilat
yaratdıqlarına görə 5-i birdən tutulub. Mustafa
Vəkilov, Yusif Rəhimli, Məcid Quliyev, Akop Akopov, Vladimir
Akopov.
Bu, KQB arxivlərində
rastlaşdığım ən anlaşılmaz işlərdən
biridir. Əvvəlcə
onlara 5 il iş verilir, sonra təzədən
baxıb müddəti 15 ilə qaldırırlar, kiminə
ölüm hökmü çıxarırlar, sonra yenidən
araşdıraraq yenə 5 illik cəzaya qayıdırlar, bir
ara tutulanların əks-sədası Qazaxıstandakı həbs
düşərgələrindən gəlir.
Və Mustafa Vəkilovun
da sovet həbsxanasında və sürgündə deyil,
mühacirətdə olması, 1950-ci illərdə elə
qürbətdə dünyasını dəyişməsi məlumdur.
Canını
necə qurtara, bu tələdən hansı möcüzəylə
qurtula bilmişdi?
O cinayət işi nəinki
bu suala cavab verir, əksinə, sirrə sirr artırır.
Bəlkə
hansısa qüvvə o işdə adı keçən erməniləri
qoruyurmuş və onların hesabına bu birilər də
nicat bulublarmış?!
Yalnız dərinə
gedə bilməyən fərziyyələr söyləmək
mümkündür, əsl səbəbsə gorbagor KQB
labirintlərinin məchul dalanlarında əriyib itir.
***
Beləliklə, qəbul
olunmuş qayda üzrə Mustafa Vəkilov da həbs edilərkən
şahidlərin iştirakı ilə axtarış protokolu tərtib
edilir.
Bir neçə
xüsusi əhəmiyyət kəsb etməyən əşyasının,
vəsiqələrinin adı yazılıb orada.
Ümumən həmin
sənədlər çox vaxt şərti səciyyə
daşıyıb.
NKVD
bayquşlarının nə vaxtı, nə hövsələsi
vardı ki, apardıqlarını müfəssəl təsvir
edəydilər.
Əlyazmalar, fotolar, kitablar
daşınanda və onları protokolda əks etdirəndə
adətən "bir kisə", "iki çamadan",
"üç çanta"... deyə yayğın şəkildə
qeydə alıblar.
Paris
Universitetinin hüquq fakültəsini bitirmiş, Azərbaycan
Xalq Cümhuriyyəti dönəmində - 1919-cu ilin
sonlarında xaricdə təhsil almağa göndərilən
76 gəncdən biri olmuş Mustafa Vəkilovgildə 1937-ci
ilin 10 noyabr gecəsində aparılmış
axtarışı əks etdirən protokolda Firidun bəyin
arxivi haqda əsər-əlamət yoxdur.
Görünür,
Badisəba xanım bu təşkilata Firidun bəyin əlyazmalarının
tapılması ümidi ilə bir yox, bir neçə dəfə
müraciət edib.
21535 saylı cinayət
işinə 1940-cı il sentyabrın 23-də
tərtib edilmiş bir arayış da tikilib: "Mustafa Məmməd
oğlu Vəkilovun həbsi zamanı onun əmlakının təsviri
aparılmayıb".
Necə yəni
aparılmayıb!
Burdan-bura yalan
yazırlar.
Halbuki 1937-ci ilə
aid bir yox, 2 təsvir aktı var. Hər ikisində də ciddi
diqqətə layiq olmayan əşyaların adı keçir.
Qalstuk, köynəkçün
qol düyməsi və bu qəbildən olan xırda-para. Yəqin
1940-cı ildəki arayış elə Badisəba
xanımın müraciətlərinə birdəfəlik
"yox" cavabı verməkçün tərtib edilib.
Olanları onsuz da elə
gətircəyin yox etmişdilər.
***
...Firidun bəyin
yazışdığı şairlərdən biri də Naseh
təxəllüslü Ağəli bəy Əfəndizadə
idi.
Köçərlinin
təvəqqesilə o, şamaxılı şairlər barədə
bilgiləri, əsərlərindən örnəkləri
vaxtaşırı cəmləyərək Firidun bəyə
yollayırmış. Bir dəfə o, Nasehin şeirlərini də
zərfə əlavə edir.
Firidun bəy
bu qoşquları çox bəyənir, dərhal həmin
şairin başqa şeirlərini və haqqında məlumatlar
istəyir.
Naseh utancaqlıq və təvazö
ilə cavab yazır: "Onların müəllifi bəndənizdir..."
Dostluqları bir az da dərinləşir, ünsiyyətləri
bir az da artır.
Və Firidun bəyin Gəncədə
həbsxanada olduğu may-iyun günlərində, xüsusən
Gəncə üsyanı yatırıldıqdan sonra kişi qismindən yaşından asılı
olmayaraq kim salamat gözə sataşırdısa,
mümkün üsyançı kimi qəbul edilir, bir bəhanə
ilə güllələnirdi.
Oğlan
uşaqlarına, yeniyetmələrə də aman yoxdu -
küçədə-bayırda gözə dəyəni həbsxanalara
doldururdular.
Bu qədər
məhbusu tutacaq qədər həbsxana da yox idi.
Karvansara, məscid,
klub, tövlələr də dustaqları saxlamaqçün
istifadə edilirdi. Və kütləvi həbslərin
tüğyan etdiyi o günlərdə Firidun bəy yatan həbsxanaya
bir yeniyetməni də atırlar.
O, tanışlıq verəndə,
əslini, kimlərdən olduğunu söyləyəndə
Firidun bəy mütəəssir olur.
Bu 13-14
yaşlı oğlan Köçərlinin rəğbətlər
bəslədiyi Nasehin oğlu Cümşüd Əfəndizadə
imiş.
Qoca
vaxtlarında Cümşüd bəy Firidun bəylə
türmə görüşünün unudulmaz təəssüratlarını
yazıçı-tədqiqatçı Şəmistan Nəzirliyə
söyləyib.
Amma
Cümşüd bəy vaxtında elə Badisəba xanıma
da bir məktub göndəribmiş.
"Mən
sizin haqqınızda təsadüfən qatarda əlimə
düşən Nuxa qəzetindən oxudum. Həyat
yoldaşınız Firidun bəyi yaddan çıxara bilmirəm.
Qərara aldım ki, sizə onunla birgə
olduğum son günlər, son görüşlərim barədə
yazım.
O, qızıl kimi insan idi.
Məni
saxlayanda qıçımdan qundaqla vurmuşdular, yerimdən tərpənə
bilmirdim.
Doğma
balası kimi dizimi ovxalayırdı.
Cibində bircə
manat gümüş pulu vardı, onu da mənə vermişdi
ki, evə gedəndə gərəyin olar.
Elə həmin
pul karıma də yetdi. Buraxılanda Qazaxa qayıtdım. Pulum olmasaydı, ac-yalavac, zədəli ayaqla Qazaxa da
gəlib çıxa bilməyəcəkdim.
Diz
sümüyümdə o zədənin çatı qalıb.
İndi də soyuq
düşəndə həmin çat yeri
sızıldayır.
Sızıltı
başlananda Firidun bəyin dizimi ovxalamağı yadıma gəlir,
gözlərim dolur, elə bil yavaş-yavaş
sızıltı da öz-özünə çəkilir".
***
...Bəs tariximizi necə ovxalayaq,
yaralı dünənimizi necə sığallayaq ki,
sızıltısı azalsın?! Firidun bəyi
2 dəfə öldürmüşdülər. Bəd bəxtində üçüncü dəfə
öldürülmək də varmış. Onun xatirəsinin, əslinin-kökünün, nəslinin
izini yer üzündən silməyə qəzavü qədər
bir də əl qaldırdı. Birinci qətlinin
də, ikinci şəhidliyinin də baisi ermənilər idi.
Üçüncünü də onlar etdilər.
Şuşada, Firidun bəyin dədə-baba
yurdunda bir Köçərlilər məhəlləsi
vardı. Necə oldu görəsən?
Ondan indi nə qalıb?
Rafael Hüseynov,
30 yanvar, 2009
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 15-18.