Ayrılıq uzun sürdü...
Xoş gəldin, Nazim
Hikmət!
Yanvar ayının daha bir günü
əlamətdarlığı ilə tarixə yazılıb. Bu ay unudulmaz Nazim Hikmətin həm vətəndaşlığının
bərpa olunması ilə yadda qaldı, həm də şairin 107 yaşı tamam olması ilə. 1951- ci ildə əlindən
alınmış vətəndaşlığı
ölümündən 46 il
sonra Nazim Hikmətə geri qaytarıldı. "Türkiyə
Nazimi bağışladı"...
Nəyə görə
küsmüşdü axı
və nəyə görə də bağışlamalı idi?!
Anadolu türklərinin
təbirincə desək, dövrünün aydını
kommunist olduğu üçün vətənində təqiblərə
məruz qaldı. Ürəyinə
sığdırdığı ürəyi kimi böyük məmləkətində
şairə bir qarış yeri də çox görüb həbsxanalarda
süründürdülər. Onu qarabaqara izləyən polislərə:
"Yapmayın, ben burda cocuklarımın ekmek parası
için didinip duruyorum, siz hala benim peşimdesiniz" - deyən
şairin dəfələrlə etirazına baxmayaraq,
ömrünün ən gözəl illərini həbsxanalarda
çürütdülər kommunist olduğu
üçün. Gəncliyinin romantik saflığı ilə
anladığı və qəbul etdiyi, Mayakovskinin şeirlərindən
sevdiyi kommunizm rejiminin əslində amansız terror
maşını kimi xalqların mənliyini əzib
üstündən keçən bir quruluş olduğunu
sonradan dərk etsə də gec olur. Memleketimi seviyorum:
Çınarlarında kolan vurdum, hapisanelerinde
yattım.
Hiçbir şey gidermez iç
sıkıntımı
Memleketimin şarkıları ve tütünü gibi...
Vətəndaşlıqdan
çıxarılsa da çoxları kimi məmləkətini
ancaq şəxsiyyət vəsiqəsində gəzdirənlərdən
deyil, məmləkəti içində, özündə,
ürəyində gəzdirənlərdən idi Nazim Hikmət.
Bu vətəndaşlıq xəbərinə
mətbuatda münasibət
bildirənlər oldu. Türkiyə
mətbuatında - 14.01.2009 tarixli "Aygazete"də
Namiq Kamal Zeybəksə: "Nazım
Hikmetin Moskovadakı görkemli mezarının
kazılıp, bedeninden
geri kalanların Türkiyede bir mezarlığa gömülmesinin
kime yararı olacak? "Anadoluda
bir mezarı olsun" diyorsanız, bir çinar dikin ve yanında
bir mezar yapın, başına bir taş
dikin, Nazımın şiirlerinden taşın
dörd yerine yazın. Daha iyi olmazmı?
Benim aklıma bunlar geliyor, sizin aklınıza kemikleri taşımakdan başka bir şey gelmiyormu?
" - söyləyərək
fikrini bildirdi.
Nə çinar əkdik
şairin adına, nə də bir başdaşı əvəzi
bir daş qoyub üstünə Nazim Hikmət şeirləri
yazmadıq. Əlacımız olsaydı məzarını da
Fəxri Xiyabanda qazdırardıq Nazim Hikmət
üçün. Amma bir həqiqət var Azərbaycanda. Təzələnən
hər nəslin nümayəndəsi, istər yaşlı,
istər orta, istər gənc bu şairin şeirlərində
sevdi türkcəni. Siz Nazim Hikməti haraya "gömüb
gömməmənizi tartışın", mənim Anadoludan
soydaşlarım, biz əbədi olaraq qəlblərimizə
gömdük Nazim Hikməti.
Sen şimdi yalnız saçımın akında,
Enfarktinde yüreyimin,
Alnımın cizgilerindesin memleketim,
Memleketim,
Memleketim...
Saçında, ürəyində,
alnının qırışlarında məmləkətini
yaşadan şairin "bedeninden geri kalanlarında -
kemiklerinde" sızıldayır Türkiyə həsrəti.
Onu vətəndaşlıqdan məhrum edənlərə və
indi vətəndaşlığını geri qaytaranlara
şairin o zaman verdiyi tutarlı cavabı indi də kəskin və
tutarlıdır.
Kardeşlerim,
Bakmayın sarı saçlı olduğuma
Ben Asyalıyım.
Bakmayın mavi gözlü olduğuma
Ben Afrikalıyım.
Ağaclar kendi dibine
Gölge vermez benim orda
Sizin ordakılar
gibi...
Şairlər nəinki məmləkətinə,
heç dünyaya da sığmırlar axı. Dərisi soyulan Nəsimi "məndə sığar iki cahan, mən
bu cahana sığmazam" dedi. İlahi, görəsən bu millətin təqiblərə
məruz qalan, dərisi soyulan, dar ağacından asılan, sürgünlərdə
işgəncələr verilən
şairləri qədər
ikinci başqa millətin şairləri də varmı yer üzündə?!
Olsa da saya gələcək
qədər.
Dünyaya, cahana sığmasa da bir türk üçün
evinin çəpərindən
o yana qürbət
sayılıb və evinə geri dönə bilməyəndə
hər yer qürbətə çevrilir,
bu dünyaya sığışa bilmir.
Odur ki, şairlər bəşəriyyətin
olsa da qürbət
torpaqlarında uyuyan bir Türk şairinin
doğma məmləkəti
üçün hətta
qəbirdə belə
sümükləri sızıldayır,
Namiq Kamal Zeybek əfəndi...
Böyük sənəti
ilə sağlığında
heyranlarının ürəyində
səltənətini qursa
da, nə vaxtsa geri dönəcəyi
Türkiyəsindən bu
sözləri eşitmək
istəyi ilə ümidini itirmirdi Nazim Hikmət: Hoş geldin! Ayrılık uzun sürdü.
Özledik. Gözledik...
Hoş geldin!
Biz Bıraktığın
gibiyiz.
Ustalaşdık bir az
daha
Taşı kırmakta,
Dostu düşmandan
ayırmakta...
Hoş geldin. Yerin hazır. Hoş
geldin!
Üstündə
gəzdiyi, çörəyini
yediyi yurdunun say - seçmə oğullarını
qətlə yetirən
ermənilərdən uydurma
soyqırıma görə
üzr istəyən kimsələri niyə
"Vətən xaini"
adı ilə Türkiyədən sürgün
edib vətəndaşlığını
əllərindən almırlar
axı? Nə isə... Gözün aydın, Nazim Hikmət! Deyirlər, məmləkətin Səni
gözləyir...
Afaq Mustafa
525-ci qəzet.- 31 yanvar.- S. 19.