Blokada
Təzə söz deyil - vaxt elə sürətlə
keçir ki, heç göz açmağa macal tapmırsan. Yanvar bitdi, qarşıda ilin ən qısa
ayı gəlir. Onu da elə-belə, tələm-tələsik yola salacağıq. Fevralın
ilk günlərindən
birində, daha dəqiq desəm, fevralın 2-də ölkəmizdə Gənclər
Günü qeyd olunacaq. Əslində gənclər normal yaşamağı öyrənə
bilsəydilər, ilin
hər günü onların olmalı idi. Ancaq əhalisinin
çox faizi gənclər olan ölkələri elə günə qoyublar ki, orda gənclərdən
nəsə gözləmək
müşkül duruma
gəlib. Tərtəmiz
beyinləri çeşidli
zibillərlə doldurmaq
çox asandı və bu da
dünya siyasətinin
uğurla həyata keçirilən bir parçasıdır. Bir qrup cəhalətin cəngində, bir qrup uyuşdurucu şəbəkələrin qurbanı,
bir qrup insan alverçilərinə
xidmət edir, gözlərində işıq
görə biləcəyimiz
bir qrup da imkansızlıqdan özlərini realizə edə bilmirlər. Heç nəyi bəzəyib-düzəməsək,
gerçəklik budur.
Hələ ki idarəetmə sistemi vahid bir rejimin
yetişdirmələrinin əlindədir.
Hələ ki qorxu yoxdur, bəs
sabah? 20 ildən sonra sükan kimin əlində olacaq? Biri İstanbulda,
biri Londonda, biri Moskvada, biri də nə
bilim harda oxuyub gələnlər eyni kursla hərəkət
edə biləcəklərmi?
Mən hələ burda ağ rəngli ağaların bizə sırıdığı müxtəlif
təhsil sistemlərinin
fəsadları ilə
çabalayanlardan danışmıram.
İnsanın harda oxumağı onun gələcəyinə çox
böyük təsir edir, bütün həyatına öz möhürünü vurur.
İndi deyirik ki, o vaxt
Stalin xariclə hər hansı bir əlaqəsi olan adamları güllələyirdi. Mərkəzləşmiş
dövlət yaratmaq istəyirsənsə və
bu dövlətin vətəndaşlarını eyni
ideyaya, eyni əqidəyə xidmət
etdirmək istəyirsənsə,
başqa çarə
ola bilməz. Bir dəfə yadımdadı ki, Barat Şəkinskaya ilə Ülvi Rəcəb haqqında söhbət edirdim. Və sözarası onun "pantürkist" olub-olmadığını
da soruşdum. Barat xanım özünəməxsus duzlu
dili ilə dedi ki, "pan olduğunu bilmirəm, amma türkist idi, çünki İstanbulda
təhsil almışdı,
qulaq asdığı
mahnılar türk mahnıları idi, oxuduğu şeirlər türk şairlərinin şeirləri idi. O vaxt da belə
şeylərə görə
adamı tuturdular".
Elə anlaşılmasın
ki, zülmə haqq qazandırmaq istəyirəm. Yəni demək istədiyim odur ki, müəyyən
məqsədə çatmaq
üçün qurban
verilməlidir.
Ötən əsrin
dünya tarixinə ötəri nəzər salsaq, demək
olar ki, yenidən dirçəlməkdə olan bütün
köhnə imperiyalarda eyni proseslər gedib. Baxın - Almaniya,
Rusiya, Türkiyə, İran və s. Əvvəl inqilablar
olur, rejim dəyişikliyi gəlir, dalınca repressiyalar,
sonradan dinc quruculuq illəri. Eyni ssenari ilə hər şey təkrarlanır.
Təbii ki, kim güclüdür, o, başını
saxlayacaq. Daha doğrusu, kimin başı daha yaxşı
işləyir, ayrı yerlərini də saxlayacaq. Və kimin
başı yaxşı işləyir - soxulcandan, həşəratdan
içki düzəldib yüz ildi bəşəriyyəti
dolayan şirkətlərin. Həmin yerlərdən olan
yüksək çinli bir məmurun peyğəmbərcəsinə
dediyi məşhur bir kəlam var: "O yerlərə ki
"Jeans" və "Coca-cola" girib, oralar zatən
bizimdi, ta pul töküb işğal etməyə nə hacət?"
Yəni gördüyünüz kimi əhali nisbətində gənclər
üstünlük təşkil edən ölkələrin
işğalı birinci beyin işğalından
başlayır. Beyinlərin yuyulmasından başlayır.
***
"Gənclər
Günü" ərəfəsində bu sahəyə cavabdeh
qurumlar müxtəlif nominasiyalar üzrə fərqlənən
gəncləri həvəsləndirmək üçün
müsabiqə keçirərək mükafat-zad veriblər. Seçim
hansı prinsip üzrə olub, xəbərim yoxdu, amma
alqışlanası tədbirdi. Və bu tədbiri
işıqlandıran TV-nin aparıcısı belə bir
nominasiya da təklif edir: "İlin ən vətənpərvər
gənci"(?) Mənə qaranlıq qalan budur ki, bu
nominasiyanı hansı aparatla, hansı şkala ilə müəyyən
etmək olar? Və ən vətənpərvər gənci necə
ölçmək olar? Görüntü belədi - neçə
illər tərkibində yaşadığımız dövlətin
ideologiya tarixindən heç nə öyrənə bilmədik
və indi də beyinlərimiz elə blok olunub ki, bu
blokadanı yarmaq üçün böyük bir ordunun
görəcəyi işdən artıq çalışmaq gərəkəcək.
... Yanvarın son günlərində
ruslar Leninqrad blokadasının bitməsinin 65 illiyini təntənə
ilə qeyd etdilər. Bizim KİV-lər susdu. Görəsən
niyə? Axı bu şəhər uğrunda gedən
döyüşlərdə minlərlə azərbaycanlı
da vuruşub, həlak olub. Sovet İttifaqı Qəhrəmanı
adını alanlar da var. Məmməd Rahimin "Leninqrad
göylərində" poeması həmin səmada həlak
olan Hüseynbala Əliyevə həsr olunub. Bu günün gənclərinə
xatırlatma eləmək olmazdımı? Ən azından
döyüşçü rəşadəti kimi. Həmin bu
şəhərdə aclığın, soyuğun,
ölümün tüğyan elədiyi günlərdə
Nizaminin 800 illik yubileyi keçirilib. Həmin bu şəhərin
hərbi qospitallarının baş həkimi, məşhur rus
təbibi Mixail Tuşinski olub (Kərim bəy Mehmandarovun
oğlu). Tuşinski sonradan Leninqradda təhsil alan nə qədər
azərbaycanlıya dəstək olub. Lap bütün
bunları qoyaq bir tərəfə - ən azından unikal hərb
tarixini öyrənmək baxımından Leninqrad
blokadasını yada salmaq olardı...
***
Hitlerin "Barbarossa" planına
görə, 1941-ci ilin 3-4 ayı ərzində Sovet
İttifaqı bütünlüklə işğal olunmalı
idi. Leninqradın ələ keçirilməsi bu planın tərkib
hissələrindən biri idi. Leninqradın itirilməsi həm
hərbi, həm də siyasi baxımdan yolverilməz idi. Baltikyanı
zolaq və Baltik donanmasının almanların əlinə
keçə biləcəyi düşüncəsi, həm də
Oktyabr inqilabının beşiyi olan şəhərin
xüsusi rəmz sayılması Leninqrad uğrunda mübarizəni
xüsusilə amansızlaşdırırdı. 1941-ci ilin 8
sentyabrında alman, fin və ispan ordu hissələri şəhəri
hər tərəfdən mühasirəyə aldılar. Yeganə
yol Ladoqa gölü vasitəsilə gedilən yol idi ki, o da
artilleriya atəşi mənzilində idi. Üzü
qışa getdiyindən evlərin qızdırıla bilməməsi,
aclıq əhalinin kütləvi məhvi ilə nəticələnirdi.
İlk vaxtlar aclıqdan əziyyət çəkən əhalinin
"Böyük torpaq"a evakuasiyası zamanı toxluqdan
ölmə faktları həkimlərə bu sahədə
böyük təcrübə qazandıra bildi. Blokada həm də
şəhər təsərrüfatını idarə edənlərə
ekstremal şəraitdə işləmək üçün
hərtərəfli dərs oldu. Belə bir fakta diqqət yetirək.
Kütləvi aclıq zamanı şəhərdə heç
bir kütləvi epidemiya qeydə alınmamışdı. Baxmayaraq
ki, şəhərin bütün infrastrukturu iflic vəziyyətində
idi. Bir tərəfdən burda bəlkə də 41-42-ci illərin
sərt qışı "köməkçi" amil ola
bilmiş, digər tərəfdən isə şəhər
icra aparatının, tibb xidmətinin gördüyü effektiv
profilaktik tədbirlərlə bağlı idi.
Leninqrad və ətraf
rayonların ərazisi o vaxtlar təxminən 5 min kv.km-ə bərabər
idi. Bu ərazini qorumaq üçün nə ordu hissələri,
nə də silah çatışırdı. Almanlar şəhərin
10 kilometrliyində dayanmışdılar. Yerli hakimiyyət hərbi
zavodların partladılması və Baltik donanmasının
batırılması əmrini almışdı. Düşmənin
irəliləməsini saxlamaq üçün ən ciddi tədbirlərə
əl atılırdı. Mövqeyindən azacıq geri
çəkilən komandir və əsgərlər güllələnirdi.
Məhz bu şəkildə hücumun qarşısı
alına bildi. Tank istehsal edən hərbi zavodları
bombardmandan qorumaq üçün şəhərdə
şayiə yayılmışdı ki, həmin zavodlarda alman əsirləri
işlədirlər. Eyni şayiələri NKVD binası ilə
də sınaqdan keçirəndə almanların buna
inanıb həmin yerləri dağıtmadığı məlum
olmuşdu. Qurudan hücumun bir nəticə vermədiyini
görən almanlar bombardmanları, artilleriya zərbələrini
intensivləşdirməyə başlayırlar. Şəhərdə
yanğın törətmək üçün minlərlə
yandırıcı bomba atılır. Leninqradın əsas ərzaq
anbarları dağıdılır. Bu acı dərs şəhər
icra strukturlarına ərzaq ehtiyatlarını az-az və
müxtəlif yerlərdə gizlətmək təcrübəsini
də qazandırır. Almanların əsas məqsədi
şəhəri aclıq yolu ilə çökdürmək
idi. Quru mühasirədə olduğundan hava yolu ilə ərzaq
daşınması şəhərin qida ehtiyaclarını
ödəmirdi. Amma ilk vaxtlar əsas tələfat aclıqdan
yox, bombardmanlardan idi. Bunun da çarəsi tapıldı. Əzəl
günlərdən şəhərin müxtəlif yerlərində
quraşdırılan 1500 səsgücləndirici əhalini
hava həyəcanından xəbərdar edirdi. Leninqrad
blokadasının tarixinə düşmüş məşhur
Metronom sürətli ritmlə hücumu, sakit ritmlə
hücumun bitdiyini bildirirdi.
1942-ci ilin sərt
qışı öz sözünü deməyə
başlayır. Bu dövrü yaşamış "blokadniklərin"
(ifadəni tərcümə etmək istəmədim) xatirələrindən:
"Ölüm elə adiləşib ki... Əvvəlcə
heç nə ilə maraqlanmırsan, sonra yatağa
uzanırsan və səhər qalxmırsan. Şəhərin
hakimi ölümdü. Bu gün mən küçə ilə
gedəndə irəlidə ayaqlarını güclə
sürüyən birisinə diqqət elədim. Sir-sifəti
göyərmişdi. Fikirləşdim ki, yəqin tezliklə
öləcək, üzündə ölümün kölgəsi
var idi. Elə bu an yerə çökdüyünü
gördüm. Yaxınlaşanda artıq keçinmişdi.
İnsanlar o qədər zəifləyiblər ki, ölümə
müqavimət də göstərmirlər. Ölüm yatmaq
kimi olub. Ətrafdakı yarımcanlar isə heç kimə
baxmaq da istəmirlər. Hamı öz saatını gözləyir.
Səhər evdən çıxanda meyitlərlə
rastlaşırsan, qapının ağzında, küçədə.
Yığışdıracaq kimsə də yoxdu. Uzun zaman
ortalıqda qalırlar".
42-ci ilin yanvar-fevral ayları
blokadanın ən kritik dövrü kimi qiymətləndirilir.
Hər gün təxminən 4 minə yaxın adam
ölür. Və ölən kişilərin sayı
qadınlardan qat-qat artıqdı. Şəhərin baş həkimi
Mixail Tuşinskinin Bakıdakı bacısı Məhbubə
Mahmudbəyovaya yazdığı məktubdan sətirlər:
"Dünyada hadisələr elə sürətlə
inkişaf edir ki... İnsanlar, bütöv bir ölkə,
xalqlar, milyonların əməyinin bəhrəsi, dəyərlər,
mədəniyyət abidələri - hər şey göz
qırpımında məhv olub gedir. Bu günlərdə xəbər
tutdum ki, Puşkinin Mixaylovskidəki məzarüstü abidəsi
dağıdılıb. Müharibənin dəhşətləri
içində bu, xırda bir şey kimi görünə bilər,
amma məni çox ağrıtdı. Biz burda əlahiddə
vəziyyətdə yaşayırıq. Anlamaq
üçün burda yaşamaq lazımdı. Ancaq bircə dəqiqə
də olsun burdan getməyi düşünməmişəm.
Bilirəm ki, burda lazımam, gərəkliyəm. Bilirəm
ki, hara getsəm də rahatlıq tapmayacam. Özümdən
ki qaça bilməyəcəm. Oğlumun ölümü ilə
heç cür barışmıram. Bizim blokada şəraitində
necə yaşamağımızı soruşursansa, bunu
sözlə anlatmaq mümkün deyil". Bu məktubu
hansısa ideoloji kitabdan oxumamışam. Kərim bəy
Mehmandarovun nəvəsi rəhmətlik Elmira xanım ailə
arxivindən vermişdi bunları mənə. Yəni
ölümlər içində çarpışan, yeganə
oğlunu da itirmiş həkimi Puşkinin abidəsinin
dağıdılması ağrıdırsa, həmin milləti
aclıqla, soyuqla imtahana çəkmək olmayacaq. Əsas məsələ
ruhdu - onu işğal eləyəndən sonra hər şey
dağılacaq, necə ki dağıldı...
Yəni "Jeans" və
"Coca-cola" girən yerə ordu salmağa nə hacət?
Stalinə nə qədər qara yaxsalar da blokada şəhərində
Nizamiyə 800 illik yubiley keçirən adam dəli deyildi. Ruhu
saxlamaq lazım idi. Bu gün bizim ruhumuzun
daşıyıcısı kimdi? Oxudunuz, bütün
informasiya vasitələri onun ad günündən necə vəchlə
yazdılar, göstərdilər. Hansı şairə belə
dəbdəbə qismət olur günümüzdə?
İndi siz deyin, kim daha çox blokadadadı? ... 1943-cü
ilin yanvarında Qızıl Ordu blokadanı yarmağa müvəffəq
oldu. Ladoqa gölünün ətrafı ilə 12 kilometr ərazi
təmizləndi. 12 kilometr sizə az görünməsin. Hər
kilometr neçə min cana başa gəlirdi. 44-cü ilin
yanvarında isə şəhər mühasirədən tamamilə
çıxdı. 900 günlük blokadanın nəticələri
- sivil əhali arasında 1 milyon itki. Bunun 97 faizi aclıqdan, 3
faizi bombardmandan. 1 milyon əsgər həlak olub, mədəniyyət
abidələrinə ciddi ziyan dəyib. Prussiya kralının
I Pyotra bağışladığı məşhur "Kəhrəba
otaq"ı almanlar şəhərdən
çıxarıblar, indiyə qədər də harda
olduğu bilinmir. Amma Putin həmin abidəni yenidən
olduğu kimi bərpa etdirdi. Rəmzi mənası var axı,
ruh məsələsi...
Mənə görə
ümumi tarix, ümumi coğrafiya deyilən bir anlam var. Leninqrad
blokadası həmin əraziyə daxildi. Deyək ki, Məmməd
Rahim öz poemasında bir qəhrəmanın adını əbədiləşdirmişdi.
(Bu da bir sualdı -orta məktəbdə öyrədilirmi həmin
dövr?) Amma adını bilmədiyimiz nə qədər qəhrəman
II Dünya müharibəsində can qoyub. Həmin müharibənin
dərsləri, təcrübəsi var. İdeoloji silah daha
qorxuludu, heç gözləmədiyin yerdən vurur səni. Ekranlardan
bizə baxan məqsədsiz, amalsız, əqidəsiz,
hallı gözlər, heç bir şəxsiyyət
tanımayan beyinlər daha faciəlidi. Gənclərimiz
savaşdakından daha çox məhv olur. Fərqi nədi,
SPİD-dən, uyuşdurucudan, sərxoş adamların
bıçağından, şəxsiyyət
deqradasiyasından. ...
Yanvarın son günlərində
ruslar Leninqrad mühasirəsinin yarılmasının 65
illiyini qeyd etdilər. Xatırlanası tarixdi, hər kəs
üçün. Fevralın 2-də gününü qeyd edəcəyimiz
gənclər üçün isə ikiqat tarixdi. Vətənpərvər
gənc anlayışını hesablamaq, ölçmək
üçün heç bir aparat icad olunmayıb. Tarixi bilmədən,
hardan, nələrdən keçib gəldiyini bilmədən
nəyəsə bağlanmaq da mümkün deyil. Gəlişigözəl
sözlər deyil bunlar. Biz ağ rəngli ağaların
ağ ölümlərinin mühasirəsindəyik. Bizim
üçün Blokada bitməyib.
İradə Tuncay
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 21.