Müharibənin insan taleyindəki izləri
"İki" filmində
görünəcək
MƏQSƏD NURUN SSENARİSİ ƏSASINDA HACI HƏSƏNOVUN
EKRANLAŞDIRDIĞI FİLMİN ÇƏKİLİŞLƏRİ
YEKUNLAŞIR
Mədəniyyət və
Turizm Nazirliyinin "Bu meydan, bu ekran" mövzusunda
keçirdiyi "Ən yaxşı qısametrajlı bədii
film layihəsi" müsabiqəsi başa çatıb. Müsabiqədə
yeddi film müxtəlif nominasiyalar üzrə qalib olub. Filmlərdən
biri - Qarabağ mövzusunun
işıqlandırıldığı yeganə ekran işi
olan "İki"nin son kadrları çəkilir. Bu filmin
fevralın sonlarında təhvil verilməsi nəzərdə
tutulub. Filmin yaradıcı heyəti ilə söhbətimiz də
ssenari, çəkilişlər və çəkiliş
meydançasında baş verən maraqlı hadisələrlə
bağlı oldu. Doğrusu, yazını əvvəlcə
filmin son kadrlarının lentə alındığı
çəkiliş meydançasından reportaj kimi hazırlamaq
niyyətindəydim. Hər halda, ən azı mənim qədər,
oxuculara da reportaj vasitəsilə ədəbiyyatın zərrə-zərrə,
kadr-kadr filmə çevrilməsi prosesində
"canlı" iştirak etmək maraqlı olardı. Lakin
pis hava şəraitinin son çəkilişlərə imkan
verməməsi ucbatından həm özüm, həm də yəqin
ki, oxucular üçün də maraqlı olacaq çəkiliş
reportajı alınmadı. Ancaq bununla belə filmin əsas
yaradıcı heyəti ilə ayrı-ayrılıqda
görüşüb çəkilişlər barəsində
söhbətləşdik.
Ssenari müəllifi,
tanınmış yazıçı-publisist Məqsəd Nur
müsabiqədə qalib olmuş hekayəsinin mövzusu
haqqında söz açmazdan əvvəl layihə
haqqında məlumat verdi. Müsabiqəyə 49 ssenarinin təqdim
olunduğunu, onlardan ancaq 7-sinin seçildiyini qeyd edən
yazıçı hər qısametrajlı film
üçün Mədəniyyət və Turizm Nazirliyinin 30
min manat məbləğində vəsait
ayırdığını vurğuladı: "Müsabiqənin
şərtinə görə, ssenari müəllifi
üçün yaş fərqi yox idi, amma rejissorun
yaşı 35-dək olmalıydı". Yazıçının
sözügedən layihənin gənc rejissorların
özünü realizə etməsi üçün əhəmiyyətli
olduğunu bildirdi. M.Nur müsabiqəyə cəmi bir
neçə gün qalmış ssenarisini təqdim etdiyini
dedi: "Hekayəni film üçün hazır material şəklində
təqdim etdim. Ssenarim münsiflər heyəti tərəfindən
qəbul olunduqdan sonra nazir Əbülfəs Qarayev bizimlə
görüşdü, qaliblərə diplomlar verdi. Jüri
filmin Qarabağ mövzusuna aid olmasını xüsusilə təqdir
etdi. Mən Qarabağ müharibəsi zamanı hərbi
reportyor kimi çalışmışam, hadisələrin
içərisində olmuşam. Doğrusu, mənim həmkarlarım
həmişə deyirdirlər ki, niyə bu mövzuda
yazmırsan. Amma həmişə belə
düşünmüşəm ki, döyüşlər,
axıdılan qanlar, dəhşətli ölümlər barəsində
yazmaqdansa müharibənin insan taleyinə göstərdiyi təsiri
qələmə almaq lazımdır".
Ssenari haqqında
danışan yazıçı əsas mövzunun Qarabağ
savaşı ərəfəsində mühasirəyə
düşmüş kənddə yaşayan ibtidai sinif
şagirdinin həyatı ilə bağlı olduğunu
bildirdi: "Filmin baş qəhrəmanı öz müəlliməsi
və bacısı tərəfindən mənəvi-psixoloji təzyiqlərə
məruz qalır. Buna səbəb isə müəllimənin
məktəbdə yeni bir qayda qoyması olur: Dərsdən
qeyri-kafi alan şagirdin boynundan ağ vərəqə
yazılmış qiymət - "2" rəqəmi
asılacaq və bu şagird böyük tənəffüsdə
məktəb meydançasında gəzişərək,
başqalarının kinayə və atmacalarına dözməli
olacaq. Eyni zamanda ibtidai sinfin şagirdləri böyük siniflərin
iki alan şagirdlərinin üzünə tüpürəcəklər.
Amma böyük sinifdə Cəfərin böyük
bacısı da təhsil alır və o iki alanda Cəfər
bacısı və müəlliməsiylə
qarşılaşmalı olur. Cəfər bacısı tərəfindən
dözülməz basqılara, müəlliməsinin psixoloji
təzyiqlərinə məruz qalır".
Müəllifin bildirdiyinə
görə, bütün hadisələr kəndin mühasirədə,
atəş altında olduğu müddətdə baş verir:
"Film sadalanan şəraitdə böyüyüb-başa
çatmış Cəfərin təzə tikilmiş
binaların gözətçisi postunda durması ilə
başlanır. O, şəhərdə də rahatlıq tapa
bilmir, ətrafındakılar tərəfindən incidilir. Beləliklə,
baş qəhrəman dayandığı gözətçi
postunda öz ağrılı keçmişini, kəndini,
müəlliməsini, bacısını, ata-anasını
xatırlayır və film boyu naməlum bir adama zəng edib hər
dəfə eyni sualları verir". Ssenari müəllifinin
dediyinə görə, filmin tamaşaçı tərəfindən
daha maraqla izlənməsi üçün bu adamın kimliyi
yalnız filmin sonunda bəlli olur.
Nur filmdə Qarabağ
müharibəsinin arxa planda fon kimi qaldığını
bildirdi: "Müharibə və insan taleyinin birləşdiyi
filmdə savaş ikinci plana keçib, insanın taleyi
qabardılıb. Hekayənin əsas mahiyyəti ondan ibarətdir
ki, basqılar, təzyiqlər, psixoloji sarsıntılar
altında gələcəkdə Vətəni qoruyacaq əsgər
yetişdirmək olmaz. Əsərdə həmçinin
keçmiş sovet dönəmində, başqa sahələrdə
olduğu kimi, təhsildə də inzibati-amirlik sisteminin tənqidi,
sözügedən sistemin çürüməsinin
qabardılması önə çəkilib. Filmdə hadisələr
bir neçə xətt üzrə inkişaf etdirilib. Və
bu çoxxətli inkişafın fonunda müxtəlif insan
taleləri gündəmə gəlir. Filmin əsas qayəsi
odur ki, uşaqları incitmək olmaz, çünki onlar cəmiyyətə
mənəvi baxımdan təmiz, komplekssiz təqdim
olunmalıdır ki, gələcəkdə yaxşı vətəndaş
ola bilsinlər. Təhsildə, tərbiyədəki zor,
inzibati amirlik heç bir inkişafa apara bilməz. Əksinə,
bu cəmiyyətin mənəvi çürüməsinə
apara bilər. Qorxu, təhqir altında böyüyən
uşaq böyük şəxsiyyət ola bilməyəcək,
özü zorakılıq gördüyündən ətrafındakılara
qarşı da zorakılıq edəcək. Çünki
müharibənin yaratdığı uşaqlar qəddar,
kompleksli olurlar. Həm də müharibənin doğurduğu
ağrıların rezonansı özünü bir neçə
nəsil göstərir".
Filmin quruluşçu
rejissoru Hacı Həsənov bu layihədən əvvəl
bir neçə komediya filmində işlədiyini, ciddi film
olaraq "İki"nin onun üçün debüt
olduğunu qeyd etdi. Filmin çəkilişinin normal getdiyini
deyən H.Həsənov əsas çətinliklərinin Lənkəran
rayonunun Diryan kəndindəki çəkilişlər
zamanı ortaya çıxdığını
vurğuladı: "Hava şəraiti əlverişsiz idi. Üstəlik
Lənkəranın Diryan kəndinə nəqliyyat çox az
işlədiyindən çəkilişlər çətin
(bəlkə də romantik şəraitdə deyərdim)
keçdi. Dekabrın axırlarında,
yağıntının bol olduğu bir vaxtda - ayın 20-27-də
bir həftəlik çəkiliş zamanı, hələ dizəcən
olan palçığı da əlavə eləsək, oxucu
filmin hansı şəraitdə lentə alınmasını
tam təsəvvür edə bilər". Lakin çətinliklərə
baxmayaraq, çəkilişlərin ürəyincə
olduğunu vurğulayan rejissor sadəcə hava şəraitinin
lazımınca çalışmağa imkan vermədiyini
söylədi: "Hava şəraitindən başqa həm də
vaxtın azlığı müəyyən çətinliklər
yaratdı. Yaxşı olardı ki, filmi müxtəlif fəsillərdə
çəkəydik. Amma ekran işini fevralın sonunda təhvil
verməli olduğumuzdan çəkilişləri həmin
vaxtacan bitirməliyik".
Rejissor həmçinin
filmdə digər rolları canlandıran aktyorların da
işlərinin öhdəsindən uğurla gəldiklərini
vurğuladı: "Filmdə Amid Qasımov, Gülər Nəbiyeva,
Füruzə Balayeva, Mehriban Hüseynova, Şahin Həsənli,
Qabil Quliyev, Məqsudə Əliyeva, Məhəmməd Məmmədli
də tapşırılan rolları çox yaxşı ifa
etdilər".
Quruluşçu operatoru Rövşən
Quliyev ilk növbədə filmin ssenarisinin uğurlu
olduğunu vurğuladı: "Ssenarinin diqqəti çəkən
əsas cəhəti budur ki, müharibə var, açıq
şəkildə göstərilməsə də, fəsadları,
ağrıları filmdə əks olunur". Operator
xüsusilə baş rolu uğurla yaradan Mehdinin ifasını
təqdir etdi: "Mehdinin simasında gələcəyin
istedadlı aktyorunu gördüm. Uşaq olmasına baxmayaraq,
peşəkar aktyorlar kimi oynayırdı". İndiyədək
bir sıra bədii filmlərin çəkilişində
iştirak edən R.Quliyev tanınmış rejissorlardan Eldar
Quliyev, Yavər Rzayev kimi rejissorlarla işlədiyini
vurğulayaraq, Hacı Həsənovla işləməkdən
də məmnun qaldığını dilə gətirdi:
"Bu filmə qədər Hacı ilə tanış
deyildim. Biz bu film vasitəsilə işbirliyi qurduq və gəncliyinə
baxmayaraq, məndə onun çox istedadlı bir rejissor
olduğuna əminlik yarandı. Əgər Hacı mənə
növbəti dəfə birgə iş təklif eləsə,
məmnuniyyətlə razılaşaram".
Sevinc Mürvətqızı
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 22.