Zəlimxan Yaqub poeziyası rus dilində
Şair Allahın həm ən xoşbəxt, həm də ən bədbəxt bəndəsidi. Xoşbəxt bəndədi ona görə ki, milyonların içərisindən seçilib, bədbəxt bəndədi ona görə ki, bu seçim heç də ona xoş, rahat ömür vəd etmir, o, artıq dünyaya gəldiyi gündən əzab dolu həyat yaşamağa məhkumdur. Şair bəlkə də zahirən kimlər üçünsə dərdsiz-sərsiz, arzularına çatmış kimi görünə bilər, amma bu, zahirən belədi, şairin zahirindən fərqli olaraq, özündən başqa heç kimin görə bilmədiyi daxili qaysaq bağlamayan yaralarla üst-üstə, qalaq-qalaq yığılıb şirələnən dərdlərlə doludu.
Yəqin elə bu səbəbdəndi
ki, nəsrdən fərqli olaraq, nəzm tərcüməyə
çox çətin
gəlir. Ürəyin o ağrısını necə tərcümə edəsən? Həm də
danışılan sözü
başqa dildə səsləndirmək deyilən
sözü səsləndirməkdən
belə demək olarsa, daha rahatdı.
Azərbaycanın xalq
şairi Zəlimxan Yaqubun bu yaxınlarda
Moskvada çapdan çıxmış nəfis
tərtibatlı "Sazın
rəvayətləri" kitabı
tanınmış şair-tərcüməçi
Səyavuş Məmmədzadənin
tərcüməsində təqdim
olunub. Təpədən-dırnağacan milli, çeşmələrimiz
qədər duru, dağlarımızın havası
qədər təmiz,
aydın dili olan şairin poeziyasının ruscada necə təsir bağışlayacağı, o koloritin itib-itməyəcəyi
kitabı oxumazdan öncə oxucunu bir qəribə maraq içində saxlayır. Çünki sərbəstdən fərqli olaraq, ritmə, musiqiyə daha meylli heca
vəznini özgə
dilə gətirə bilmək, necə deyərlər, hər tərcüməçinin hünəri
deyil. Amma nə yaxşı
ki, Səyavuş Məmmədzadə bu hünəri göstərə,
Zəlimxan Yaqub poeziyasını bütün
mənzərəsiylə rus
oxucusuna təqdim edə bilib.
Nəşrə ədəbiyyatın, xüsusən,
aşıq poeziyasının
və ümumtürk folklorunun mükəmməl
bilicisi Zəlimxan Yaqubun şeirləri, həmçinin, "Sazın
rəvayətləri" və
"Eşit məni, Amerika" adlı iki poeması daxil olub. Qeyd edək
ki, bu kitab MDB ölkələri arasında mədəni əlaqələrin
inkişafı proqramı çərçivəsində
işıq üzü görüb.
"Dayansan daş, söykənsən quş
olarsan, ey İnsan!
...Doxsanıncı
illərin ortalarında
mənə bütün
türk dünyası
boyu qarış-qarış
gəzmək, qoca Şərqin müqəddəs
yerlərində olmaq xoşbəxtliyi nəsib oldu. Borçalının Kəpənəkçi
kəndindən başlanan tale yolum Altay dağlarına qədər
uzandı, Tyan-Şan ormanlarına ucalıb Almatıdan
keçdi, Təbrizə, Tehrana, İstanbula çatdı,
yenidən Şərqə - Pekinə, Şanxaya döndü,
böyük Çin səddi üzərindən aşdı,
sonra Məkkə, Mədinə, Ciddənin qapıları
üzümə açıldı, bir vaxt baxıb
gördüm ki, minillik "Manas"ın ruhu gəzən
qırğız torpaqları gəlişimi salamlayır... Amma
harda olsam da, hara getsəm də həmişə doğma
ocağım Bakının, ana ocağım
Borçalının, cəmi Azərbaycanımın
izaholunmaz, məhrəmliyi, doğmalığı, gözəlliyi,
məni geriyə - özünə çəkib.
Bu səfərlər,
görüşlər, təəssüratlar
ruhumdan və yaddaşımdan izsiz ötüşmədi, şeirlərimin
üfüqlərini daha
da genişləndirdi,
hiss və həyəcanlarıma
yeni çalarlar qatdı.
Mən həmişə Azərbaycandan
dünyaya baxmışdım,
indi isə dünyadan Azərbaycana baxırdım. Və mənim gözlərimdə
Azərbaycan adlı tarixi torpaqlar, bu torpaqlardakı ümumbəşəri
dəyərlər tamamilə yeni məna və çalarlar
aldı".
"Kitaba
dəvət" adlı
bölümdə Zəlimxan
Yaqub həm də önsözün müəllifi kim
çıxış edir.
Şair bu nəşrin daha geniş və əhatəli oxucu
dairəsini nəzərə alaraq öz vətəndaşlıq
borcunu da unutmur, oxucuya sırf poetik bir kitab təqdim etsə də,
hamımızın yaralı yeri olan Qarabağ dərdini də
ürək ağrısıyla dilə gətirir:
"Ötən əsrin sonunda Sovet İttifaqının
süqutu və Ermənistanın Azərbaycana
qarşı saysız-hesabsız
dinc sakinin ölümüylə nəticələnən
işğalçı siyasəti
məni - bu vaxtacan nikbin, lirik şeirlər yazan şairi doğma xalqımın ağrısını, haqq
səsini ucaltmağa sövq etdi. Öz xoşbəxtliyini
başqasının bədbəxtliyi üzərinə qura
bilməzsən. Himayədarı nə qədər
böyük olsa da, bizim başa bəla qonşularımız
bunu başa düşməlidir".
"Eşit məni, Amerika" poemasında isə Zəlimxan Yaqub milli hüdudları
aşaraq, dünyanı,
insanlığı narahat
edən bəşəri
dərdlərlə baş-başa
qalır.
İnanırıq ki, adını artıq çoxdan Azərbaycan poeziyasına möhürləmiş Zəlimxan
Yaqub şeiriyyatını
rusdilli oxucu da dərin maraqla
qarşılayacaq.
Gündüz
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 23.