"Nobel mükafatı almış yazıçıdan yaxşı yaza biləcəyimi hiss elədim"

 

YAZIÇI-JURNALİST TALEH ŞAHSUVARLI: "ƏMİNƏM Kİ, YAZACAĞIM ROMAN NOBEL MÜKAFATI KOMİTƏSİNİN BEYNİNİ MƏŞĞUL EDƏCƏK"

 

- Siz ilk əvvəl Azərbaycan mətbuatında siyasi şərhlər yazan jurnalist kimi tanınmısınız. Siyasi fəaliyyətlə məşğul olduğunuz dövrdə tez-tez partiya dəyişmisiniz. Sonralar siyasətlə məşğul ola-ola, "Praqma" İctimai Siyasət Mərkəzi yaratmısınız. İndi isə adınız tez-tez ədəbi polemikalarda hallanır. Postmodernist romanlar, şeirlər, ədəbi tənqidlə bağlı məqalələr yazırsınız. Jurnalistika-siyasət-ədəbiyyat yolu hansı nöqtədə kəsişdi, yaxud ayrıldı?

   - Siyasi fəaliyyətim haqqında qısaca onu deyə bilərəm ki, mən qeydiyyatdan keçmiş siyasi partiya kimi yalnız AXCP-nin üzvü olmuşam. Partiya-filan dəyişməmişəm. AXCP parçalananda Elçibəyi müdafiə edən bütün cəbhəçilər kimi "klassiklər" qanadında təmsil olunmuşam. "Klassiklər" qanadı məndən asılı olmayan səbəblərə görə tənəzzülə uğradı və o zaman mən Fazil Qəzənfəroğlunun çağırışına dəstək verərək daha bir dəfə Elçibəy platformasının dirçəldilməsinə çalışdım. Sonra hərbi xidmətə getdim, qayıdandan sonra sırf ictimai fəaliyyət göstərməyə qərar verdim. Bu da ondan irəli gəlir ki, Azərbaycan siyasətində partiyalar normal funksiyalarını yerinə yetirə bilmirlər.

   Mənim yazıçı və siyasətçi olmaq istəyim bir hadisə ilə bağlıdır. 1990- cı ildə Milli Məclisə seçkilər keçirilirdi. O zaman yazıçı Elçin Əfəndiyev Bərdə kənd dairəsindən namizədliyini irəli sürmüşdü. Mən o zaman kənddə orta məktəbin son sinfində oxuyurdum. Məktəbdə Elçin Əfəndiyevlə görüş keçiriləcəkdi. Həmin görüşdən əvvəl mən təsadüfən Elçin Əfəndiyevin ətrafındakı adamlarla məktəbin uzun, qaranlıq koridoruyla keçdiyini gördüm. O mənim həyatda rast gəldiyim belə desək, ilk böyük adam, yazıçı idi. O qaranlıq koridorda Elçin Əfəndiyev mənə əsl ziyalı, işıqlı adam təsiri bağışladı. Məhz həmin anda həm yazıçı, həm də millət vəkili olmaq xəyalına düşdüm. Yazıçılıq məsələsində həmişə gözləməyi üstün tuturdum. Bilirdim ki, əvvəl-axır nəsə yaradacam. Amma bunu nə vaxt edəcəyimə qərar verə bilmirdim. "Qurdlar vadisi" serialına baxandan sonra "Qurdlar vadisi-Azərbaycan" layihəsini yaratmaq istəyirdim, amma Azərbaycanda ədəbiyyatın kino həlli olmadığına görə bu fikrimdən hələlik vaz keçmişəm. Gələcəkdə sifariş olsa, bu ideyamı reallaşdıraram.

   Məni ən çox hərəkətə gətirən Orxan Pamuk oldu. Ona görə yox ki, o, Nobel mükafatı alıb. Ona görə ki, Nobel mükafatı almış yazıçıdan yaxşı yaza biləcəyimi hiss elədim. Orxan Pamuk böyük yazıçı olmasına rəğmən, əlçatmaz deyil. Məsələn, onun əsərləri rəng və dil assosasiasının vəhdətidir. Mənim fikrimcə, ondan neçə il qabaq rənglər haqqında ən dolğun şeirləri Rəsul Rza yazıb.

   - Belə böyük iddiaların arxasında böyük də ədəbi potensial olmalıdır axı... Nəyə əsaslanıb ondan daha yaxşı yaza biləcəyinizi düşünürsüz?

   - Bu iddianın arxasında ilk növbədə mənim intellektim dayanır. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. Mənim jurnalistikadan gələn yazı texnikam var. Ən başlıcası isə bu xalqın təhtəlşüurunu və dil qatlarını bilirəm. "Babəkin canlanması" romanından cəmi üç parça çap etdirmişəm. Artıq bu hissələr ədəbi mühitdə sensasiya doğurub. Mən orada "T" hərfindən istifadə eləməmişəm. Bu ədəbi fəndin özü Azərbaycan ədəbiyyatında yenilikdir.

   - Niyə məhz postmodernist? Ona görə ki, dünya ədəbiyyatının çoxdan keçdiyi bu yol Azərbaycanda indi dəbdədir?

   - Yox, mən bunu dəblə bağlamazdım. Sadəcə, mənim cəmiyyətə mesajlarım, demək istədiklərim postmodernizmin ruhuna uyğundur. Mən dil oyunlarını, postmodernist ironiyanı, mətnlərarası əlaqəni yaxşı bilirəm. Hərdən saytlarda yazılarıma müxtəlif məzmunlu şərhlərin yazılması da məni narahat eləmir. Mən nifrətə sevgidən daha yaxşı hiss kimi baxıram. Kiminsə qıcıqlanması mənim üçün daha yaxşı informasiyadır. Mənə sevgidən çox, nifrətin daşıdığı informasiya daha çox şey verir.

   Babəkin canlanması" romanında səslərin bir-birini izləməsi hadisəsi var. Yazıçı orijinallığı budur. Buna anafora da demək olar. Bütün mətn belə anaforalarla zəngindir. Romandakı ədəbi priyomlar Azərbaycan ədəbiyyatında yenilikdir.

   - Hələ tam şəkildə çapa vermədiyiniz "Babəkin canlanması" romanı nədən bəhs edir? Niyə məhz Babəki canlandırmağı qərara aldınız?

   - Romanda 1200 ildir ki, Babəkin canlanmasını gözləyən gizli Xürrəmi təşkilatından bəhs olunur. Bu, yəhudilərin "Kabala" inancına və Mason örgütünə, italyanların "Karbonari" təşkilatına, ABŞ-da ata və oğul Buşların üzvü olduqları "Sümük və kəllə" qurumuna dəng gələn mistik, konspirativ və tarixə yön verən bir Azərbaycan lojasıdır. Romanda həmin lojanı şərti olaraq "Qan və üz" adlandırmışam. Lojanı isə Əsl Yolçular Məclisini reinkarnasiya etmiş Babək hesab olunan Azin Kürəçi idarə edir. Burada maraqlı faktlar yer alıb. Azin Kürəçi Bərdədə, Ağdaşda, Qazaxda, Qəbələdə, Laçında, Təbrizdə, Kəleybərdə, Ermənistandakı Tatev kilsəsində, Türkiyənin Kütahya şəhərində sirləri açmağa cəhd edir. Təbii ki, Azin Kürəçi nəzarətdən kənar deyil və onun fəaliyyətini mistik təşkilatlar və xüsusi xidmət orqanları izləyir və oxucular üçün maraqlı olan nəticələrə gəlirlər. Romanda həm də reinkarnasiya etmiş Babəkin Bəzz qalasına dönüşü də işıqlandırılıb. Romanda Xürrəmilər hərəkatı ilə Skandinaviya vikinqləri arasında paralellər apararaq yeni tarixi baxış ortaya qoymuşam. Mənim fikrimcə, Azərbaycanın qədim heterodoks təlimi olan xürrəmilik dünyadakı "New age" dini axını ilə birləşən ilk konsepsiyadır. Əsərdə Azərbaycanın iqtisadi, sosial, mədəni problemlərinə xaos nəzəriyyəsindən və qloballaşma nöqteyi-nəzərindən yanaşmanı ifadə etmişəm. Güman edirəm ki, qeyri-adi süjet xətti, mükəmməl dil və postmodernist üslub oxucuları maraqlandıracaq. Sualınızın ikinci hissəsinə gəlincə, ona görə məhz Babəki canlandırmışam ki, o, işığın simvoludur. Babək dedikdə, il olaraq ağlımıza Rasim Balayevlə Amaliya Pənahovanın oynadığı film gəlir. Halbuki o film əslində Babəki "öldürməyə" xidmət edib. Babək tarixən ziddiyətli şəxsiyyət olub. Kürdlər deyir Babək bizimdi, türklər deyir bizimdi, hətta bir az axtarsaq, onun Skandinaviyadakı vikinqlərlə də yaxınlığını tapmaq olar. Çünki vikinqlərlə Babək hərəkatı arasında çox ciddi bağlar var. Babək tanrılara xas qoruyuculuq, yıxıcılıq və yaradıcılıq funksiyaları daşıyan bir lider olub. Romanda Babək sözünün etimologiyasını da izah eləmişəm. Babək sözü əslində "baş bəy" deməkdir. O əsl bəy olub. Əsərdə əsasən bunu verməyə çalışmışam. Nəzərdə tutmuşam ki, "Babəkin canlanması" romanım tam şəkildə çap olunandan sonra özümü bir illik dincə qoyum. Roman məni yaman yorub. Bundan sonra adını çəkmək istəmədiyim xarici bir ölkəyə səfər edəcəyəm və bu səfərdən sonra daha bir roman yazmağa başlayacam. Əminəm ki, yazacağım roman Nobel Mükafatı Komitəsinin beynini məşğul edəcək. Ümumiyyətlə, həyatım boyu bir neçə roman yazmağı planlaşdırıram.

   - Bir məsələ ilə bağlı da fikrinizi bilmək istərdik. Cəmi bir neçə ay öncə Seymur Baycanı Azərbaycanın böyük ziyalılarından biri kimi təqdim etmişdiniz. Amma bu günlərdə bir qəzetdə onu həm şəxsiyyət, həm də yazıçı kimi ittiham etmisiniz. Əvvəlki fikrinizdən daşınmağınıza nə səbəb oldu ki?

   - Onun haqqında səhv etmirəmsə, iki yazımda qeyd eləmişəm. Ancaq həmin yazılarımda onu heç də Azərbaycanın böyük ziyalısı kimi təqdim eləməmişəm. Mənim Seymura etirazım nədədir? Demokratiyadan danışa-danışa, saytlarda yazısına şərh verilməsinə qadağa qoyan Seymurun səsləndirdiyi fikirlərlə əməlləri arasında ziddiyyət var. Mən də Seymura başa salmaq istəyirəm ki, demokratiyadan danışan bir adam nəinki tənqidə, hətta təhqirə qarşı da dözümlü olmalıdır.

   - Tolerantlıqdan danışdınız. Amma romanınızın bir hissəsinin yayımlandığı saytlarda əsərə yazılan tənqidi iradlara çox dözümsüz yanaşdığınız sezilir...

   - Yox, mən təkcə tənqidə qarşı yox, qərəzə qarşı da dözümlüyəm. Mənim yeganə tələbim odur ki, fərqli düşüncələrimizi rahat şəkildə ifadə edək. Bədii tənqid əslində ciddi bir sahədir. Əsl tənqidçi odur ki, postmodernizmin qaydalarını mənim mətnimlə birgə qabağına qoysun və müqayisə aparıb tənqid etsin. Mən belə tənqidçinin arzusundayam.

   - Sözünüzdən belə çıxır ki, Azərbaycanda tənqidçi yoxdur?

   - Azərbaycanda dünya standartlarına uyğun gələn kritiklər olmasa da, yaxşı tənqidçilər var, sadəcə mənim mətnimi tənqid edə biləcək adam yoxdur. Bu mənada, mən Azərbaycanda tənqidçi tapmadım və artıq şübhələnməyə də başlamışam ki, deyəsən heç oxucu da yoxdur. Savadsız tənqidə gəldikdə isə, belə adamlar məni maraqlandırmır.

 

 

Sevinc Mürvətqızı

 

525-ci qəzet.- 31 yanvar.- S. 26.