SƏMƏNDƏR İŞIĞI, YAXUD DOST HƏSRƏTİ...

 

Onun haqqında düşünmək, bildiklərimi, gördüklərimi xatırlamaq həm şərəfdir, həm də çətindir. Acılı-şirinli xatirələrimi yazmaq isə sanki məngənədir: məni sıxır, zillət verir. Ağlamaq istəyirəm, bəlkə qəm yüküm bir az yüngülləşdi. Bacarmıram. Çünki şirin səsiylə, ifadəli baxışlarıyla, boyu-buxunuyla canlıymış kimi dayanır qənşərimdə. Elə ürəkdən gülür, ifadəli gözləriylə üzümə elə baxır, qalıram məəttəl. Bəzən şirin xəyal da acı həqiqəti unutdurur. Neyləyə, nə edə bilərəm, onsuz darıxıram, yadıma düşəndə tüstüm təpəmdən çıxır. Amma Tanrının alın yazısını, qismət payını pozmağa qüdrətim, imkanım çatmır. Vaxt-bivaxt haraylasam, çağırsam da səsim-ünüm ona yetmir. Bəs neyləyim? Axı, qardaşdan irəli bildiyim İNSANIN əbədi ayrılığına inanmıram!? Yaxşı deyiblər: ağlamaqla, sıtqamaqla, hətta od tutub yanmaqla gedən qayıtmaz. Bilirəm, Səməndər də daha gələn deyil. Bircə güvənc yerim var: sənət qədri bilənlərə ərməğan etdiyim bu nisgilli yazım bəlkə təskinliyim oldu.

İlk tanışlıq. Qırx il əvvəl, paytaxtımızın çayxanalarının birində sonralar populyar rollar ifaçısı, respublikanın xalq artisti kimi tanınan Rasim Balayevlə yanaşı əyləşmişdik. Hər ikimiz taleyimizdən gileylənirdik ki, niyə əmimiz-dayımız yoxdur? Niyə işsizlik, avaraçılıq bizi sıxır? Düzdür, Rasim nisbətən çılğın deyildi. Ümidlə yaşayır, gələcəyə inamla baxırdı. Mən: "Ay Rasim, həyatdan yaman bezmişəm. Daha dözə bilmirəm" - demişdim ki, üzünü ilk dəfə gördüyüm, hündürboy, enlikürək bir adamdan hənirti eşitdim: "Ə, acqarına nə qədər çay hörtlətmək olar?" Sağa-sola boylandım, müraciət bizə idi. Həmin şəxsin də Səməndər Rzayev olduğunu bildim, tanış olduq. İkimizdən də daha çox o, danışır, deyib-gülürdü. Qəfildən soruşdu: "Ə, sən də Ağsudansan?" Cavabımı baxışlarımdan oxuyub: "Nə yaxşı ki, ordan deyilsən. Ağsuluların taleyi o səmtə gedən yolun döngələri kimi enişli-yoxuşludur. Üzü aşağı düşəndə sevinirsən, üzü yuxarı qalxanda ağırlaşırsan..." - dedi.

Onun bu fikrinin məntiqini sonralar anladım. Yəni üstüörtülü məsləhət verirdi ki, ömür yolu enişli-yoxuşludur, gərək ehtiyatlı, diqqətli olasan. İnsan taleyindən gileyləndikcə daha da dözülməz dərdə düçar olur. Sabahlar barədə düşünməklə yanaşı, gərək bu günündən gələcəyə inamla baxmağı da bacarasan. Bəlkə elə bu fikrin təsdiqi kimi ilk tanıdığım şirin ləhcəli, cüssəli Səməndər yenidən dilləndi:

- Ə, bu çayın pulunu kim verəcək? Görürəm, ikiniz də qəpiyə güllə atırsınız. Sən öl, pulu mən verəcəm. Yaxın günlərdə də bəxtiniz üzünüzə güləcək. Amma heç vaxt Tanrınıza təpik atmayın!..

İllərdən bəridir onun İlahi dərgahına etiqadını, sevgisini unuda bilmirəm. Həmin görüşdən bir neçə gün sonra məni Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə (indi QSC-dir) işə qəbul etdilər. Rasim Balayev isə mərhum Həsən Seyidbəyli tərəfindən "Nəsimi" filmində baş rola dəvət aldı.

Səməndərli günlərim. Dünya şöhrətli teatr xadiminin fikridir: "Həyat səhnədir, biz onun aktyorlarıyıq". Yaşamaq, özünün milli dəyərlərini peşənlə, əməlinlə sübut etmək üçün çox cəfalarla üzləşirsən. Bəzən sınırsan, əyilirsən, küsürsən, inildəyirsən. Yaxud yalandan gülürsən. Özünü dünyanın ən bəxtəvər canlısı hesab edirsən. Amma... Bu da məşhur bir kəlamdır: "Zəmanə məni məcbur etdi it kimi hürəm, vəhşi kimi ulayam". Xalq artisti, milli teatrımızda xarakterik rolların bənzərsiz ifaçısı, mərhum Ağasadıq Gəraybəylidən dəfələrlə eşitmişəm: Aktyor peşəsi səhnə üçündür, evi, ailəsi üçün yox!

Səməndər bu baxımdan örnək olası sənətkar idi. Qıymazdı balasının ayağına daş dəysin, ömür-gün yoldaşının üstünə milçək qonsun. Vücuduyla, şəxsiyyətiylə çoxlarına nümunə idi. Bir də görərdin gülür, inanın, o gülüş deyildi: sifətini turşutmadan çəkdiyi nalə, hönkürtü idi. Taleyindən, bəxtindən narazı kimi yox. Zamanın haqsızlığına, ədalətsizliyinə qarşı ironik gülüşü ilə münasibət bildirərdi. Anlayanlar onu sinələrinə sıxardı, biveclər isə elə belə baxıb keçərdilər. Bəxti, aktyorluğu ona pay vermişdi ki, ətrafındakılar, peşə-sənət dostları ondan ibrət götürsün, baxsın, öyrənsin. Onun Akademik Milli Dram Teatrının səhnəsində oynadığı rolların adlarını saymaq, sadalamaq istəmirəm. Maraqlananlar bilirlər. Lakin burasını mütləq qeyd etməliyəm: səhnə Səməndərin yaraşığı, sağlam əqidəsinin təsviri, tərənnümü idi. Həyatda deyə bilmədiyini - şikayətini, incikliyini, küsüb-barışmağını səhnədə nümayiş etdirərdi. Bəzən yaratdığı obrazın fikir məkanından kənara çıxa bilmirdi. Belə vəziyyətdə baxışlarıyla, sifət mimikalarıyla, əl-qol jestləriylə məqsədini tamaşaçılara çatdırardı.

Dövrün əksər teatrşünasları ən oxunaqlı qəzet-jurnallarda Səməndərin ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən əhatəli məqalələrlə çıxış edərdilər. Onlardan birini - məşhur pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun bu qeydləri heç yadımdan çıxmır: "Səməndər Rzayev obrazlar qalereyası yaradır. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm". Bir daha xatırladıram: bu dəyərli qiymət ömrü boyu əyilməyən, bütöv xarakter sahibi, unudulmaz Mehdi Məmmədova mənsubdur. Doğrudan da zər qədrini zərgər bilərmiş. Hər ikisinin ruhu şad olsun.

Milli Teatrımızın tərəqqisinə, tanınmasına can yandıranlardan biri də xalq artisti, sevilən pedaqoq, bənzərsiz rejissor mərhum Tofiq Kazımov olub. Onun sevdiyi, əzizlədiyi tələbələrin arasında Səməndər Rzayev də vardı. O, Səməndərin xatirini qədərsiz istəyirdi. Elə ilk dəfə quruluş verdiyi tamaşada gənc aktyoru səhnəyə çıxardan da Tofiq müəllim olmuşdur.

Səsin də rəngi, dadı olarmış... O səsi Yaradanımız Səməndərə var-dövlət, rahat mənzil, villa əvəzinə pay vermişdi. Doğrudur, o, bu vergidən qürrələnərdi. Lakin yerli-yersiz öyünməzdi, başını dik tutub lovğa-lovğa gəzməzdi. Dövlət radiosunda hazırlanan, dinləyicilərin hər sayını maraqla, intizarla gözlədikləri "Bulaq" xalq yaradıcılığı verilişinin efirdə ilk dəfə səslənməsindən yarım əsrdən çox vaxt keçir. Və onun ilk yaradıcılarından biri Səməndər Rzayev də artıq aramızda yoxdur. Amma nə veriliş unudulur, nə də onun aparıcıları. Mərhum aktyor oxuduğu bayatını, qoşmanı, yaxud hansısa bir rəvayəti elə həzin, kövrək, şirin səsləndirərdi, sözlə təsvir olunan mənzərə, obraz göz önündə canlanardı. Səməndərin səsi eşidənləri ovsunlayardı, xoş arzulara doğru aparardı. Çünki o səsdə həzinlik, sərtlik vardı. Ana laylası qədər şirin, ata zəhmi qədər qürurlu, qətiyyətli!

Məşhur "Kral Lir" bədii filminin dublyaj olunub dilimizdə səslənmə prosesini xatırlayıram. Lent əsərində əsas qəhrəmanın - Kral Lirin kadr arxasında "ifaçısı" Səməndər idi. Səslənmə başa çatdı. Filmə baxış keçirmək üçün Pribaltikadan nümayəndələr dəvət olunmuşdu. Bizim dildə bircə söz bilməyən, milliyyətcə latış olan rejissor Yan Puq əməlli-başlı mat qalmışdı. Handan-hana dilləndi: "Afərin! Bu səs obrazın xarakterini bütövlükdə açır" - deyib, Səməndəri yenicə çəkilişini bitirdiyi filmin səsləndirilməsi üçün Riqa şəhərinə dəvət etdi, onun yüksək qonorar alacağına vəd verdi. Amma Səməndər getmədi. "Ağ paltara qara yamaq yaraşmaz. Mən ana vətənimi dünyanın naz-nemətinə dəyişmərəm" - dedi. Ruhun şad olsun dostum, sən təpədən-dırnağınacan azərbaycanlıydı!

Görüş var, göz gülür... İyirmi beş il hazırda QSC-i adlanan teleradio şirkətində "Ədəbi-dram" verilişləri baş redaksiyasının əməkdaşı olmuşam. İşimlə əlaqədar həftənin ən azı beş günü Səməndərlə görüşərdik. O, ilk anda soyuqqanlı adam təsiri bağışlayardı. Əgər: "Ə, bu mənəm ey, Səməndərəm..." - deyirdisə, demək sənin gileyini gözlərindən duyurdu. Çox qəribə, qeyri-adi tonda pıçıldayardı: "Bu dünya qalmayıb ulu şahlara, zalımdan-zülümdən var ola bilməz..."

Onunla xeyli televiziya tamaşalarını, verilişlərini birgə hazırlamışdıq (indi onlardan bir çoxu videotekada saxlanılır). Həmişə telestudiyada çəkilişlərə gecikərdi. Ona irad tutardıq. Ovsunlu gülüşüylə çəkiliş qrupunu timlisə salardı. Mikrofon, kamera önündə mövzuya uyğun elə emosional, bilgili danışardı, onu qınamağımıza görə utanardıq.

Aktyorlar arasında mərhum Lütvəli Abdullayevdən sonra ən mərhəmətli, xeyirxah, özgəsinin kədərini ürəyində hiss edən, hətta tanımadıqlarının belə qayğılarına şərik çıxan Səməndər Rzayev olub. Təmənna ummazdı. Kim ona yaxınlaşıb "Kömək et, filan məmur məni get-gələ salıb" - deyərdisə, o adamla həmin ünvana gedərdi. Onun işini yoluna qoyardı. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq mərhumun xatirini hamı çox istəyirdi.

Ondan qalan yadigarlar. Estafet kimi əldən-ələ keçən belə unikal yadigarlardan ilkini onun səsidir. İkincisi, bənzərsiz ifa qabiliyyətidir. Barmaqla sayılası mümkün olmayan səhnə əsərlərində əsas rollarda oynayıb. 25-dən artıq bədii filmlərə çəkilib. 30-dan çox teletamaşalarda əsas obrazlar yaradıb. Xeyli əcnəbi bədii filmlərin dublyajında iştirak edib. Bunlar Səməndər zəhmətinin, sənətsevərliyinin ucalığı, şöhrət zirvəsidir.

Yoxluğun etirafı. Sonuncu yarım sərlövhəni düşünəndə yenə əzaba qatlaşdım. Məcburiyyət qarşısında qalıb inandım, yazdım ki, daha xalqımızın sevimlisi, teatr - söz sənətimizin iftixarı, respublikanın əməkdar artisti Səməndər Rzayev aramızda yoxdur. Küskün, incik, gileyli-gileyli qımıldanırdım ki, yadıma Həzrəti Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamı düşdü: "Bu iş bir haqq əmri olmasaydı, vədə tamam olmasaydı, sonra gələnlər əvvəl gələnlərə qarışmağa məhkum olmasaydı, sənin ölümünə daha çox yanardıq".

...Daha Səməndər işığı parlamır. Yüksəldiyi sənət ucalığı boş qalıb. Onun anım gününü qeyd edirik. Gücümüz, imkanımız müqəddəs ruhuna dualar oxumağa çatır. Təskinliyimiz isə budur ki, Milli Teatrımız yaşadıqca Səməndər Rzayev də dönə-dönə xatırlanıb, yad olunacaq.

 

 

Telman MEHDİXANLI

 

Ədalət.- 2010.- 1 aprel.- S. 7.