ZÜLFÜQARNAMƏ

  

   Bu da bizə bir lütfüdü Allahın,

   Gözəl keçdi səfərimiz Zülfüqar.

   Sən Tehrandan, mən Bakıdan yetişdik,

   Təbriz oldu şəhərimiz, Zülfüqar.

  

   Qurban olum Təbrizinə, Ərkinə,

   Ağıl çatmaz rəbbimizin dərkinə.

   Küləklərmi aldı bizi tərkinə?

   Ləngimədi kəhərimiz, Zülfüqar.

  

   Tarix gördük qayasında, daşında,

   Qala olduq qayaların qaşında,

   Babək oldu hər söhbətin başında,

   Saf kişimiz, saf ərimiz, Zülfüqar.

  

   Necə sığım, sığışdırım beş günə,

   Duyğularım dönüb selə, daşqına.

   Adı bəlli Alp ərənlər eşqinə

   Allah oldu sipərimiz, Zülfüqar

  

   Öz hökmü var hər ayın da, günün ,

   Qol bağladım Xətainin önündə.

   Ömrümüzün ən müqəddəs günündə,

   Şahdan gəldi təpərimiz, Zülfüqar.

  

   Dildə nəğmə, başda hava, gözdə yaş,

   Ziyarətim Xəstə Qasım, Tikmədaş.

   Şair gəldi, türbəsinə əydi baş,

   Yüngülləşdi kədərimiz, Zülfüqar.

  

   Səttarxandı qətiyyətim, qeyrətim,

   Xiyabani təfəkkürüm, sərvətim.

   Min il keçsə tükənməzdi nemətim,

   Dad verəcək bəhərimiz, Zülfüqar.

  

   Şair olan ilahidən səs dilər,

   O sədanı hər ucalan kəs dilər.

   Gül-çiçəklə qarşımızı kəsdilər,

   Cənnət oldu Əhərimiz, Zülfüqar.

  

   Gəlib çatdı dost vədəsi, dost anı,

   Könüllərdə Şəhriyartək dost hanı.

   Əl-əl gəzdi "Heydər baba dastanı",

   Ölümsüzdü əsərimiz, Zülfüqar.

  

   Yerə-göyə, dağa-daşa qovuşduq,

   Arzumuza başdan-başa qovuşduq,

   İki qardaş Üç qardaşa qovuşduq,

   Səhənd oldu səngərimiz, Zülfüqar.

  

   Dost gücünü ərəndə bil, Ərdə bil,

   Üç gözəldi Təbriz, Əhər, Ərdəbil.

   Hər görüşdə dağ çəkmişəm dərdə, bil,

   Sevinc olub nəmərimiz, Zülfüqar.

  

   Çiyinlərdən həsrət adlı yük enməz,

   Əl tutmasaq o həsrətlər tək enməz.

   Elin səsi, xalqın gücü tükənməz,

   Birlik olsun səmərimiz, Zülfüqar.

  

   Sevilənlər sadalandı, seçildi,

   Gözümüzdən haqqın nuru saçıldı.

   Heç bilmədik səhər vaxt açıldı,

   Hardan gəldi səhərimiz, Zülfüqar.

  

   Həvəsimiz həvəsi idi o gecə,

   Hamı isti nəfəs idi o gecə,

   Bir orduya əvəz idi o gecə,

   Bizim bircə nəfərimiz, Zülfüqar.

  

   Sevən güldü, sevilən ləl, yar inci,

   Tapa bilsən hər söhbətdə var inci,

   Oxunanda "kərəm köçdü", zarıncı,

   Boğdu bizi qəhərimiz, Zülfüqar.

  

   Sınıq körpü bizim sınan belimiz,

   Xudafərin kökdən düşən telimiz,

   Qanlı Araz gözdən axan selimiz,

   Belə gəldi qədərimiz, Zülfüqar.

  

   Sevinəcək əcdadımız, cəddimiz,

   Savalan tək düzələcək qəddimiz.

   Dağılacaq hasarımız, səddimiz,

   Söküləcək çəpərimiz, Zülfüqar.

  

   Kəleybəri ürəyimə köçürdüm,

   Bastamlını varlığımdan keçirdim.

   Görən, Allah, nəyi gözdən qaçırdım,

   Harda oldu xətərimiz, Zülfüqar.

  

   Gözlər güldü, yoxa çıxdı xəzanlar,

   Aynalıda dil-dil ötdü ozanlar.

   Şair oldu yazmayanlar, yazanlar,

   Varaqlandı dəftərimiz, Zülfüqar.

  

   Unudulmur heyrət anı, sehr anı,

   Səsim tutdu dağı, düzü, səhranı.

   Sorağımız silkələdi Tehranı,

   Dostdan gəldi xəbərimiz, Zülfüqar.

  

   Qəlbə uçmuş saray deyib ağlama,

   Haray çəkib, haray deyib ağlama,

   O tay, bu tay deyib ağlama,

   Qarşıdadı zəfərimiz, Zülfüqar.

  

   Zəfər bizə ruhdan, qandan gələcək,

   Ulu addan, uca şandan gələcək.

   Neçə-neçə Zəlimxandan gələcək,

   Hünərimiz, təpərimiz, Zülfüqar,

   Qarşıdadı zəfərimiz, Zülfüqar.

  

   TƏBRİZ

  

   Dedilər Bakıdan qonağın gəlir,

   Söz gəzdi dodaqdan-dodağa, Təbriz.

   Uçdum Savalana, qondum Səhəndə,

   Səs düşdü bu dağdan, o dağa, Təbriz.

  

   Küləklər köhləni, qayalar nalı,

   Yeddinci göydəydi şairin halı,

   Qoşa qanad bildim Eynal-Zeynalı,

   Sığmadım eyvana, otağa, Təbriz.

  

   Duyğular dayaza, dərinə düşdü,

   Yolum şəhərlərin pirinə düşdü,

   Axır ki, ürəyim yerinə düşdü,

   Oldum səndən ötrü sadağa, Təbriz.

  

   Dərələr keçirdim, dağlar aşırdım,

   Duyğular selində aşıb-daşırdım.

   Çoxdan bu səfərə hazırlaşırdım,

   Kəsirdi yolumu qadağa, Təbriz.

  

   Yurda səpələndi mənim hər param,

   Elə bil sağaldı yüz illik yaram.

   Səndən ayrılsam da sənsiz olmaram,

   Qonaram hər kökə, budağa, Təbriz.

  

  

   ŞƏHRİYAR QƏZƏLİ

  

   Haqdan ilham alanların meyvə sözü, bar qəzəli,

   Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.

  

   Arı ilə çiçək kimi öpüşür dodaq-dodağa,

   Diqqət elə, necə çəkir qəzəl tarı, tar qəzəli.

  

   Xanəndənin nəfəsindən bal süzülür dodaqlara,

   Ruhlara şərbət dağıdır yar qoşması, yar qəzəli.

  

   Dilində söz, qəlbində köz, ruhunda meydan gətirər,

   Məclisi-meyxanə üçün hər şairin var qəzəli.

  

   Gün qədər dəyir dəysin, qaralda bilməz ağlığı,

   Nazlı yarın sinəsində qərar tutub qar qəzəli.

  

   Dedim bu gün yar eşqinə əyləşim bir qəzəl yazım,

   Zəlimxanı sehrə saldı Ulu Şəhriyar qəzəli.

  

  

   XUDAFƏRİN

  

   Qəlbi sınıq gördüm Xudafərini,

   Bağrı yanıq gördüm Xudafərini,

   Gözü qıpıq gördüm Xudafərini,

   Tarixdən aldığı zərbələrə bax,

   Alnı çapıq gördüm Xudafərini.

  

   Boyun bükən gördüm Xudafərini,

   Dizə çökən gördüm Xudafərini,

   Ciyər sökən gördüm Xudafərini,

   Araz göz yaşıdı, sulanıb gedir,

   Qan-yaş tökən gördüm Xudafərini.

  

   Xeyli var, sevinclə aram sərindi,

   Xeyli var sağalmır, yaram dərindi.

   Keçdi iki yüzü illərin sayı,

   Fürsət düşmənindi, meydan sərindi.

  

   Yaxşı bax içimə, ay Vətən oğlu,

   Yaxşı bax köçümə, ay Vətən oğlu,

   Zəlimxan özü xaraba qalmış,

   Tağları sökülmüş Xudafərindi.

  

  

   Zəlimxan YAQUB

 

   Ədalət.- 2010.- 3 aprel.- S. 20.