AY VƏTƏN

  

   Ovcumda olanım sənin,

   Olanım qalanım sənin.

   Başına dolanım sənin,

   Başın sağ olsun, ay Vətən.

  

   vermişdin, almısan,

   Boyum üstə ucalmısan.

   Kim deyir ki, qocalmısan,

   Yaşın sağ olsun, ay Vətən.

  

   Göz qoymuşuq gözümüzə,

   Çoxmu döydük dizimizə.

   Qaya düşdü izimizə,

   Daşın sağ olsun, ay Vətən.

  

   Könlüm yenə səni arar,

   Qopsa tufan, yağsa da qar.

   Hələ ki, yaz ümidim var,

   Qışın sağ olsun, ay Vətən.

  

  

   YERİNDƏ DEYİL

  

   Uzunu, eni bilinmir,

   Arxası, önü bilinmir.

   Bilinmir yönü bilinmir,

   Ürəyim yerində deyil.

  

   Buzda donub, qarı qalıb,

   Xəzan vurub, barı qalıb?

   Yarısı yox, yarı qalıb,

   Ürəyim yerində deyil.

  

   Canımda aşınan yerdi,

   Harasa daşınan yerdi.

   Yaşayan, yaşanan yerdi,

   Ürəyim yerində deyil.

  

  

   DAĞLARA-DAĞLARA

  

   Göylərə qərq olub gözüm,

   Buludlar göydə bir düzüm.

   Yerə dikilib göy üzüm,

   Enim dağlara-dağlara.

  

   Tənhalıq boyuna düşüb,

   Qar fəsli yayına düşüb.

   Hələ ki, oyuna düşüb,

   Dönüm dağlara-dağlara.

  

   Gələn gələr, gedən ötər,

   Ayrılıq ölümdən betər.

   Tanrım desin:haçan yetər,-

   Ünüm:dağlara-dağlara.

  

   Bu yerdə izim var deyin,

   Gəlməyə üzüm var deyin.

   Ay Dəmir sözün var deyin,

   Mənim: dağlara-dağlara.

 

 

   Dəmir ÇEŞMƏLİ

 

   Ədalət.- 2010.- 3 aprel.- S. 22.