Bakıdan Mərakeşə qədər yayımlanan Azərbaycan jurnalı

 

Bu gün "Molla Nəsrəddin"in 104 yaşı tamam olur

 

Azərbaycan satirik mətbuat tarixində müstəsna, eyni zamanda əvəzsiz yeri və rolu olan "Molla Nəsrəddin" jurnalının daha bir ildönümü arxada qaldı. İstər mətbuat tarixi, istərsə də özümüzü bir millət kimi tanımaq, daha dəqiq desək, dünyagörüşümüzə, mentalitetimizə və nələrə isə vaqif olmaq baxımından əsaslı mənbə olan "Molla Nəsrəddin" jurnalının ildönümünün diqqətdən kənarda qalması yolverilməzdir.

"Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında ətraflı bilgilər yetərincədir. Ancaq ədibin özünün qələmə aldığı "Xatiratım" bu sahədə ən etibarlı mənbələrdən biridir.

Tarixi sənədlərdə Cəlil Məmmədquluzadənin 1866-cı il fevral ayının 22-də Naxçıvan şəhərində doğulduğu göstərilir. Ancaq bu, dəqiq tarix deyil. Bunu Cəlil Məmmədquluzadə özü də etiraf edib: "Nə vaxt anadan olmuşam? Vallah bilmirəm, çünki bu barədə əldə heç bir sənədim və yazım yoxdur... Mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: o vaxtlar nə metrik dəftərlər var idi, nə də o vaxtlar atalar övladının doğulmaq yadigarını yazıya köçürməyi lazım bilirdilər. Mənim atam və anam da habelə. Bununla bərabər, bir neçə işarə ilə duya bilirəm ki, indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ya əlli altı ola, ya əlli yeddi ola, ya bəlkə də əlli səkkiz ola. Belə ki, yadıma rus ilə osmanlı davasını salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı buludları günbatan tərəfini elə bürümüşdü ki, guya orada bir yekə barıt anbarını od vurub yandırıblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki, orada qızaran Qars şəhərinin yanğısıdır. Yəni orada rus və osmanlı davasıdır. Amma həqiqət bu idi ki, o il doğrudan da rus osmanlı müharibəsi idi ki, biz, səkkiz-doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatı ancaq o qədər ola bilərdi. Bundan savayı yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə İkinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq olardım".

"Molla Nəsrəddin" jurnalından danışarkən, Cəlil Məmmədquluzadənin nə vaxtsa söylədiyi "Molla Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə özü yaratdı" sözləri tarixə düşsə də, eyni zamanda tarix sübut elədi ki, Cəlil Məmmədquluzadə bu sözləri con dərəcə təvazökarcasına dilə gətirib. Ən azı ona görə ki, bir əsrə yaxın zaman kəsiyini arxada qoyub gələn "Molla Nəsrəddin" bu illər ərzində təkrarsızlığını qoruyub. Zəmanə bu baxımdan nə qədər münbit olsa da, yeni bir "Molla Nəsrəddin" yaranmayıb. Halbuki "Molla Nəsrəddin"in üz tutduğu müsəlman qardaşları qətiyyən dəyişməyiblər. Yoxsa ötən əsrin əvvəllərində nəşr olunan "Molla Nəsrəddin" jurnalında işıqlandırılan mövzular bu gün öz aktuallığını itirərdi. Xatırladaq ki, Azərbaycanda, eləcə də Şərqdə hadisəyə çevriləcək satirik mətbu orqanın təməli "Tiflis, Varansovski küçəsi, nömrə 7" ünvanında qoyulub. "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi aprelin 7-də işıq üzü görüb. Jurnal fasilələrlə Tiflisdə (1906-1918), Təbrizdə (1920-1921), Bakıda (1922-1932) 25 il müddətində "Molla Nəsrəddin" jurnalının ildönümündə səslənəcək ən maraqlı fikirlər tədqiqatçılara məxsus olacaq. Bu məramla üz tutduğumuz müsahibimiz "Molla Nəsrəddin" jurnalının tədqiqatçılarından biri, filologiya elmləri namizədi Turan Həsənzadədir. Turan Həsənzadə ilk satirik mətbu orqanla bağlı fikirlərini mətbuata belə bölüşür:

- İstisnasız deyim ki, "Molla Nəsrəddin" Şərqin ən şöhrətli jurnalı olub. Bu, tək azərbaycanlı alimlərin fikri deyil, adını unutmuşam, bir fransız şərqşünası var, bu, onun sözləridir."Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər "Molla Nəsrəddin" satirik jurnalı kimi, dünya səviyyəsində ikinci bir jurnala rast gəlmədim". Və bütün bunlar hansı bir şəraitdə edilib? Çar imperiyasının geridə qalmış bir əyalətində. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ənənələrini əsas götürərək, inkişaf etdirən Mirzə Cəlil dəfələrlə özü də etiraf edir ki, "mövhumatı, cəhaləti tənqid eləmək elə bilirsiniz asandır? Onlara qarşı çıxmaq üçün biz bəzən həyatımızı da təhlükə altında qoyuruq". Bəs bu jurnalın özəlliyi nədədir? Dünya hadisələrindən tutmuş, cəhalət, mövhumat, məişət - elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın - mövzularını öz səhifələrində 25 ilə yaxın işıqlandıran, təhlil edən yeganə jurnaldır. Karikaturaları isə əsl sənət nümunələridir. Son dərəcə ustalıqla çəkilən bu şəkillərdə istənilən məğz savadsız insanlara belə çatdırılıb.

Təəssüf ki, hətta bu gün də "Molla Nəsrəddin" tam tədqiq olunmayıb. Xüsusilə Mirzə Cəlilin felyetonları lazımi səviyyədə araşdırılmayıb. Mən bu gün Cənubi Azərbaycandakı fəaliyyəti və ümumiyyətlə, ədibin bu mövzuyla bağlılığı üzərində dayanmaq istəyirəm.

Cənubi Azərbaycanda "Molla Nəsrəddin"in nəşrində Cəlil Məmmədquluzadənin əməyi daha çox olub. Jurnalın Tiflis nəşrindəki imzalarını saxlamaq naminə o, qələm yoldaşlarının əvəzinə onların imzası ilə məqalələr yazıb. Təsəvvür edin ki, hər nömrədə 8-9 felyetonu çap olunub. Mirzə Cəlil Təbriz mövzusuna həmişə xüsusi diqqətlə yanaşıb, Cənubla maraqlanıb. Onların azadlıq mübarizəsini alqışlayaraq, öz xidmətini göstərmək istəyində olub. O, Təbrizə gedəndə də, Şeyx Məhəmməd Xiyabani ilə görüşəndə də birinci növbədə "Molla Nəsrəddin"i nəşr etdirmək, bununla bərabər azadlıq mücadiləsində onlara kömək eləmək istəyib. Ancaq Mirzə Cəlilin Şeyx Məhəmməd Xiyabani ilə olan söhbətindən bir həftə sonra Xiyabani qəddarcasına qətlə yetirilir. Bu zaman Mirzə Cəlil çıxılmaz vəziyyətdə qalaraq geri dönmək istəyir. Lakin onun ətrafındakılar, maarifpərvər qüvvələr onu geri qayıtmağa qoymayaraq, jurnalın nəşrinə kömək edirlər.

Xatırladaq ki, "Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, O.Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

"Molla Nəsrəddin" jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsraddin onları oyatmağa çalışır. Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir.Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü "Dəllək" hekayəsi,"Lisan bəlası" felyetonu və dörd karikatura çap olunmuşdur.

Jurnal Iran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərmişdir.

 

 

Səbuhi

 

Ədalət.- 2010.- 7 aprel.- S. 7.