NİYƏ YATIRSAN?

 

Çadır şəhərcikdə cavan bir oğlan dərdinə baş qoyub yatırdı...

 

 -1-

 

Dur, oyan, dərd-qəmini gör,

Ürəyimin nəmini gör.

Dərd bir taxıl zəmisidi,

Biçilməmiş zəmini gör...

 

Səndən qabaq gedən getdi,

Baş kəsildi, bədən getdi..

Yağı at oynadan yerə

Baban getdi, dədən getdi.

 

Yurdun yoxdu-bir zülümdü,

Kədərin dilim-dilimdi...

Yatdığın bəsdi, dur daha,

Yatmaq da bir cür ölümdü...

 

-2-

 

Səni bu günə salanlar

Səndən qabaq durdular ki

Bəxtinə özün söyəsən.

Sənə dəyə qurdular ki

Dəyə quranı öyəsən.

 

Şirin vədi, boş yalanı,

Yaraşıqlı, xoş yalanı,

Ümidinə xış yalanı

Çörək əvəzi yeyəsən.

 

İllərini yolubdu suç,

Ətə-qana dolubdu suç...

Öyrən kimin olubdu suç,

Tutub doyunca döyəsən.

 

Gümanını yedin, yatdın,

İmanını yedin, yatdın,

İnamını yedin, yatdın,

Yenə acsan deyəsən.

 

...Bu bürküdə, bu istidə,

Bu dumanda, bu tüstüdə,

müddətdi od üstündə

Niyə yatırsan, niyə sən?..

 

 

YAŞA, BİRTƏHƏR YAŞA

 

Baş-bədənin, göz-qaşın,

Qiymətidi söz başın,

Öz əlindi, öz başın

Yaşa, birtəhər yaşa.

Gecənin sözü gülməz,

Qap-qara gözü gülməz,

Dünyanın üzü gülməz,

Yaşa, birtəhər daha

 

Daş-çaylaq qiymətinə,

Şal-yaylıq qiymətinə,

At-ulaq qiymətinə,

Yaşa, birtəhər yaşa.

 

 

SEVƏNLƏRƏ YAZIĞIM GƏLİR

 

Elə bil dünyadan gecə keçibdi,

Mənim sevənlərə yazığım gəlir.

Özü bilmir ki, necə keçibdi,

Mənim sevənlərə yazığım gəlir.

 

Özündən uzağa düşüb...

vaxtı

Özünə dönməyə küçəsi yoxdu,

Ömürün bu çağı, yaşın bu vaxtı,

Tilsimə düşübdü qisməti, baxtı,

Gündüzü gecədi, gecəsi yoxdu;

Mənim sevənlərə yazığım gəlir.

 

Baş qoyur gecənin nazbalıncına;

Həsrəti gözündə yatır gecələr,

Dərdin dərd gölündə batır gecələr,

Gözündə ocaqlar çatır gecələr

Mənim sevənlərə yazığım gəlir.

 

Qara daşa dönür, dağı da qalmır,

Talanır bostanı, tağı da qalmır,

Gedir, gözlərinin yağı da qalmır,

Mənim sevənlərə yazığım gəlir.

 

Yolları gözüylə qucur, ağlayır,

Gözünün yaşını içir, ağlayır...

Ağlayır, özü bir cür ağlayır,

Mənim sevənlərə yazığım gəlir.

 

Boyuna, yaşına tənəm dünyanın,

Bu köhnə dünyanın, künə dünyanın...

Ən böyük yazığı mənəm dünyanın,

Mənim sevənlərə yazığım gəlir.

 

 

BİZ GÖRÜŞƏNDƏ

 

Özünə çəkəmməz hər qılıq bizi,

Qoynunda gizlədər qaranlıq bizi,

Vallah, sıxa bilməz ayrılıq bizi,

Əlləri üyüşər biz görüşəndə.

 

Gecə saçlarından çəkilər dara,

Göy üzü bələnər aydınlıqlara.

Demə ki, mən hara, göy üzü hara,

Ayla Gün görüşər biz görüşəndə.

 

Həsrəti yandırıb-yaxar, bilinməz,

Zamanı dördəlli sıxar, bilinməz,

Dünya altdan-altdan baxar, bilinməz,

Gözünə gün düşər biz görüşəndə.

 

Hayıl-mayıl qalar yam-yaşıl meşə,

Təklənən cığırlar düşər təşvişə.

Baxar, dillənəmməz şehli bənövşə,

Yenə bəndə düşər biz görüşəndə.

 

 

Rəşid FAXRALI

 

Ədalət.- 2010.- 7 aprel-. S. 7.