DÜNYA DAİMİDİR,
ÖMÜR ƏMANƏT...
Adam var, görmək, səsini
belə eşitmək istəmirsən. Eləsi təsadüfən
qarşına, ürcahına çıxanda iyrənirsən,
bəxtindən küsürsən, yolundan geri
qayıdırsan. Adam da var, dünyasını dəyişsə
belə daim gözlər onu axtarır, səsini-sözünü
dinləməyə mənəvi ehtiyac duyulur. Onlardan biri də
qeyrətli, alicənab, el-oba qədri bilən, ömrü boyu
əyilməyən, sınmayan, yarınmayan, şər-şəbədə
danışmayan, yediyi çörək, içdiyi su qədər
doğma xalqının qədrini bilən, şərəfini
uca tutan həssas duyumlu, zərif qəlbli, kövrək ürəkli
jurnalist Elmira xanım Əhmədova olub.
İlk öncə onun
haqqında tanınan jurnalist Bəxtiyar Sadıqovun "Həqiqət
və yalan" bədii-publisistik kitabından bu fikirləri
oxucu diqqətinə çatdırıram: "Elmira, bilirik, həyatın
ağır, çətin keçmişdi. Anasız
böyümüşdün... Müharibədə qəhrəmanlıqla
döyüşən, üç "Şöhrət"
ordeninə layiq görülən atanla fəxr edərdin. Biz də
"qəhrəmanın qızı" kimi səninlə fəxr
edərdik! Amma səni bizə sevdirən təkcə bu
deyildi. Çox kişilərin həsəd aparacağı mərdanəliyin
vardı. Kimsəyə əyilməz, vüqarını
sındırmazdın. Əla qiymətlərlə
oxuyardın. Universitetin jurnalistika fakültəsini fərqlənmə
diplomu ilə bitirdin. Deyib-gülməyindən, şən
zarafatından qalmazdın. Cingiltili gülüşün indi də
qulağımdadır, bacım! Bizi qüssələnməyə,
bikef qalmağa qoymazdın. Kin-küdurət nə olduğunu
da bilməzdin. Sən alicənab və küdurətsiz idin, Elmira!"
Mərhum Elmira
xanımla ötən əsrin 70-ci illərin sonlarında
iş yerimdə - o zamankı Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
tanış olmuşdum. O, bu ünvana yenicə gəlmiş, əmək
fəaliyyətinə başlamışdı. Olan-olub, daha
gizlətməyə dəyməz, amma bəxti gətirməmişdi.
Yaradıcı redaksiyalara
yox, onu bölgə müxbirləri
ilə əlaqə şöbəsinə qəbul
etmişdilər. Haqsızlığamı,
etinasızlığamı görə bir dəfə də olsun onun incikliyini,
gileyini eşitmədim,
küsməsini görmədim.
Qısa müddət ərzində mehriban, səmimi dost olmuşduq. Hər dəfə rastlaşanda, görüşəndə olduqca
xoş ovqatla soruşardı: "Qardaş,
nə var, nə yox, işlərin,
yaradıcılığın necədir?" Onun bu sualını xatırlayanda indi də canıma üşütmə, vəlvələ
düşür. Özümdən
asılı olmayaraq, guya ona cavab
verirmiş kimi deyirəm: "Çox sağ ol, bacım,
Yaradanımız ürəyincə
versin. Əhvalım, işim, övladlarım da yaxşıdır. Tanrı səni qorusun". Heyif, təəssüf ki, qorumadı. Ömrünün,
yaradıcılığının, populyarlığının ən
bəxtəvər çağlarında...
Yox, əlim gəlmədi yazmağa. O, tanıdığım gündən bir həmkar kimi həmişə mənimlədir.
Ürəyindən keçənləri
gah sifət mimikaları, jestləri, gah da mənə
- qardaşdan irəli
bildiyi dostuna çatdırardı. Onun
xəyalı ilə yaşamaq mənim üçün olduqca çətin, həm də xoşdur...
Elmira həddən
artıq mütaliəyə meyilli idi. İş
gününün çox saatlarını Komitənin
kitabxanasında keçirərdi. Gündəlik qəzetləri,
zövqünü oxşayan, könlündən keçən
bədii əsərləri oxuyardı. Zərif, həssas
duyumlu qələm sahibi idi. Publisistik yazıları
mütəmadi olaraq
"Azərbaycan müəllimi",
"Azərbaycan gəncləri",
"Bakı" qəzetlərində
dərc olunardı. Amma televiziya verilişləri hazırlamaq
onun bəxtinə çıxmamışdı. Bunun
da səbəbləri
vardı. Ən əsası, o zamanlar gənc əməkdaşlara, demək
olar, qayğı az idi. Elə ki, bənzərsiz şəxsiyyət, oxşarsız
iş üslubu olan mərhum Elşad Quliyev Komitə sədri vəzifəsinə təyin
olundu, gənclərə
qarşı müəyyən
qadağalar da yavaş-yavaş aradan götürüldü. Elmira
qısa müddətdə
işıqlı təfəkkürü,
nümunəvi yaradıcılığı ilə
sayıldı, seçildi,
şöhrət qazandı.
Elə burda məşhur pedaqoq, professor Şirməmməd
müəllimdən eşitdiklərimi
xatırlayıram: "Özünü
jurnalist adlandıranlar
çoxdur. Nə olar, qoy adlandırsınlar.
Axı, hər parıldayan qızıl deyil. Elmiranın istedadı, cəsarəti,
qeyrəti, jurnalist məharəti 300 illik şər imperiyasının
süqutunun başlandığı,
quduzlaşıb kinini,
nifrətini xalqımızın
üzərinə tökdüyü
qanlı yanvar günlərində, çoxunun
meydanı tərk etdiyi zaman üzə
çıxdı". Zərgər
dəqiqliyilə verdiyiniz
qiymətə görə
çox sağ olun, sevimli, əziz professor.
Ötən əsrin səksəninci
illərin sonlarında ermənilər yedikləri çörəyi,
tərəfimizdən gördükləri bütün
yaxşılıqları büsbütün unudub, gecə-gündüz
ərazilərimizə aramsız, amansız basqınlar etməyə
başladılar. Belə çətin, dözülməz ərəfədə
Elmiranın çoxdan arzuladığı qismət
ürcahına çıxdı. Onu dünyada məşhur
olan "Azadlıq" radiosu ilə əməkdaşlığa
dəvət etdilər. Xalqımızın çətin
günlərində o, əzablara, əziyyətlərə
qatlaşdı, milli faciəmizi analitik təhlillərlə
yer kürəsinin hər diyarına yayımladı. Erməni
haqsızlığı, vəhşiliyi onun ifadələrində,
səsində əyani təsvirlər kimi dinləyicilərin
gözləri önündə canlanardı. Bir fakta istinad edirəm:
90-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə
başımıza gətirilən milli faciə zamanı
Elmiranın fəryadı, naləsi, hay-harayı
analarımızın, bacılarımızın, gəlinlərimizin,
yetim qalmış uşaqlarımızın ümumiləşmiş
mənzərəsi idi. O, əlindəki mikrofonu sovet ordusunun
zirehli texnikasından, qəddar döyüşçülərindən
üstün bilirdi. Baş vermiş qanlı olaylara
aydınlıq gətirər, şərh verərdi. Vətən,
xalq sevgisi onu əsla məqsədindən, niyyətindən
çəkindirməzdi. Şəxsən
mən onun timsalında qeyrət, hünər simvolu görürdüm.
Elmira həddən
artıq xoş, şux ovqatlı insan idi. Varlığında
əsla kin-küdurət, qəm-qüssə gəzdirməz,
saxlamazdı. Amma... 20 yanvar faciəsi - gördüyü
günahsız, qəbahətsiz tökülən qanlar,
ahıllı-uşaqlı cəsədlər,
ana-bacıların saç yolmaları, sinə döymələri
onun canına, ürəyinə vəlvələ
salmışdı. Hələ bu az imiş kimi ata-baba yurd yerlərimizin
işğala məruz qalması, Xocalı faciəsi, şəhidlərimizin
sorağı onun təbəssümünü dodağında,
baxışlarını gözlərində dondurmuşdu. Günbəgün
saralır, solur, arıqlayırdı. Görənlər,
tanıyanlar tam əmin idi ki, o, ayaq üstə can verir. Nəhayət,
1998-ci ildə, zalım əcəl güclü
çıxdı... Yox, daha ardını yazmağa əlim gəlmir.
Bir az əvvəl bildirdiyim kimi axı, o, həmkar kimi həmişə
dostları, eyni zamanda mənimlədir!
Onun bu fikirləri isə
gecə-gündüz xəyalımda, xatirəmdə
canlanır: "Taleyi biz seçmirik. O bizi seçir. Biz
taleyin daşıyıcılarıyıq. Ancaq belə bir
imkan olsaydı, mən çox vaxt mərhəmətindən
naşükürlük etdiyim bu qəribə və mürəkkəb
taleyimi tərəddüd etmədən yenidən seçərdim..."
Yox, mənim bacım, bu, mümkün deyil. Özün həmişə
deyərdin: dünya daimidir, ömür əmanət!
Tanınan jurnalist, mərhum
Elmiranın tələbə yoldaşı Bəxtiyar
Sadıqov 3 mart 1998-ci il tarixdə "Azərbaycan" qəzetində
dərc olunmuş "Ölüm" sözü sənə
yaraşmır, Elmira" məqaləsini bu fikirlərlə
bitirib: "Sən ölümsüzlüyə, müstəqil
Azərbaycanın amalları uğrunda şəhidliyə
qovuşmusan! Həmişə səsini axtaracağıq!
Xalqımız hər il Yanvar faciəsinin ildönümündə
səni də anacaq, xatırlayacaqdır. Sən Azərbaycanın
faciəli günlərinin tarixinə düşən şəhid
oldun, bacım!" Mənim isə son qənaətim belədir:
sənin əziz xatirən yaddaşlara yazılıb. İkinci
ömrünü ruhən yaşayırsan, Elmira!
Telman MEHDİXANLI
Ədalət.- 2010.- 9 aprel.- S. 6.