BİR REGİONUN MƏNZƏRƏSİ

 

Son illər dünyanı bürüyən iqtisadi böhran ölkəmizdən də yan keçməyib. Amma buna baxmayaraq, dünyanın tanınmış, nüfuzlu təşkilatlarının hesabatlarında həmin iqtisadi böhrandan çıxmaq gücünə və rəqabət gücünə görə ölkəmiz dünya ölkələri arasında 51-ci yerə layiq görülüb. Eyni zamanda keçmiş SSRİ məkanında Azərbaycan liderlik hüququ qazanıbdı. Bu faktlar təsdiq edir ki, ölkəmiz dünyanı bürüyən iqtisadi böhranın bütün həmlələrinə təkcə tab gətirməmiş, həm də onun müəyyən mənada dəf edə bilmişdi. Təbii ki, bu işdə ölkə rəhbərliyinin, Azərbaycan iqtidarının düşünülmüş, məntiqli idarəetmə eyni zamanda iqtisadiyyatı sistemləşdirmək imkanları başlıca rol oynamışdı. Ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilmiş toplantıda ölkə prezidenti İlham Əliyev cənabları vurğulamışdı ki, "il ərzində Azərbaycana 9,2 milyard dollar investisya qoyulmuşdur ki, bunun da 7,3 milyard dolları daxili sərmayədi".

Dövlətin iqtisadi gücü təbii ki, daha çox öz daxili imkanlarından qaynaqlanır. Gətirilən rəqəm bu gücün təkcə böyüklüyünü deyil, həm də onun çoxşaxəli olmasını biruzə verir. Yəni təkcə ölkə həyatının müəyyən bir sahəsi deyil, əslində bütün sahələri həmin o iqtisadi gücdən qaynaqlanır və bu da inkişafın stimullaşdırılmasına, onun gücünün artmasına xidmət edir. Bütün bunlar ölkə miqyasından regionların, bölgələrin payına bölüşdürüləndə burada hər bir regionun imkanlarını inkişaf prespktivlərini və nəhayət əldə olunmuş nəticələri bir tablo kimi göz önündə canlandırır. Məhz bu baxımdan yanaşanda Azərbaycan regionları içərisində Balakənin də öz yeri, öz payı vardı.

2010-cu ilin ölkəmizdə "Eklogiya ili" elan edən ölkə rəhbərliyi bu layihənin gerçəkləşdirmək üçün hər bir bölgə qarşısında konkret tapşırıqlar qoymuşdu. Yəni Azərbaycanın regionları paytaxt da daxil olmaqla ilin ekoloji baxımdan daha saf, daha prespektivli olması üçün müəyyən layihələri gerçəkləşdirməlidir. Bu işdə iməcliklərin keçirilməsi, xalq hərəkatı formasının geniş vüsət alması, eləcə də ayrı-ayrı əmək kollektivlərinin, ailələrin layihənin gerçəkləşdirilməsinə cəlb olunması xüsusi mahiyyət kəsb edir. Elə bu baxımdan da boş sahələrdə, həmçinin müxtəlif səbəblərdən qurumuş, fəaliyyətdən dayanmış yaşıllıqların bərpa edilməsində önəmli addımların atılması vacib sayılır.

Təbii ki, görülən işlərdə regionlar arasında Balakənin də xüsusi yeri var. Təkcə 2009-cu ilin noyabr-dekabr aylarında rayonun Katex-Poşbinə magistral yolunun kənarında 20 min, açıq ərazilərdə isə 50 min ağac əkilmiş və bu ağacların qorunması məqsədi ilə onların ətrafında dayaqlar və tikanlı kollar basdırılmışdı. Eləcə də rayon ərazisində ki, mövcud meşə fondunun qorunması və bərpa edilməsi üçün müvafiq işlər görülmüşdü. İl ərzində 25 hektar meşə əkini aparılmış, bundan əlavə 20 hektar sahədə tinklik salınmış, 500 min ədəd müxtəlif cinslərdən olan əkin materiallarına aqrotexniki xidmətlər göstərilmişdi.

"Azərbaycan Respublikasının Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Balakəndə ötən il 235 çarpayılıq xəstəxana kompleksi, sərhəd gömrük keçid məntəqəsi, idman kompleksi, 5 mərtəbəli otel binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli banada və 12 mərtəbəli çoxmənzilli yaşayış evində tikinti işləri aparılmış, "Gənglər evi"nin təməli qoyulmuşdu. Daxili imkanlar hesabına 24 metr uzunluğunda yeni körpü tikilmiş, Statistika idarəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdi. Ümumiyyətlə, rayonda Qarabağ əlillərinə, müharibə iştirakçılarına xüsusi diqqət göstərilir. Bu faktı sübut etmək üçün onlar üçün tikilən fərdi yaşayış evlərinin xidmətlərində dayanan sosial obyektləri xatırlatmaq olar. Eləcə də məhz həmin kateqoriyadan olan sakinlərə Yaponyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həkim məntəqəsinin də tikintisi başa çatdırılmışdı. Yerli əhəmiyyətli yolların təmiri, yenidən çəkilməsi istiqamətində də rayonda böyük işlər görülmüşdü.

Bu gün Balakəndə respublika əhəmiyyətli yolların da tikintisinə, bərpasına xüsusi diqqət yetirilir. Bu işdə tikinti materialı olaraq, rayon ərazisindəki imkanlardan istifadə olunur. Görülən işlərin təkcə keyfiyyəti yox, həm də kəmiyyəti də ürəkaçandır. Özü də bu işlərin görülməsində yerli kadrların, eləcə də işçi qüvvəsinin imkanlarından istifadə edilir. Bu da rayon sakinlərinin işlə təmin edilməsi istiqamətində diqqətiçəkən bir addımdır. Ötən hesabat ilində rayonda 11 min 715 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilmişdi. Nəticədə nəzərdə tutulduğundan xeyli artıq buğda, qarğıdalı, lobya, kartof, tütün və digər məhsullar toplanmışdı. Kənd təsərrüfatı məhsullarının istehsalındakı artım əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqla onların büdcələrini də möhkəmləndirmişdi. Maraqlıdır ki, istehsal olunan məhsulun 30,6 faizi heyvandarlığın, 69,4 faizi isə bitkiçiliyin payına düşür. Bu da insanların sosial durumunun hansı vəziyyətdə olduğunu öz-özlüyündə göstərir.

Kənd təsərrüfatı rayonu olmasına baxmayaraq, Balakəndə sənaye sahələrinə də diqqət yetirilir. Burada istehsal olunan sənaye məhsullarının 28 faizi dövlətin, 72 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Həmçinin tikinti işlərinin geniş vüssət alması göstərir ki, balakənlilər abadlığa da, yenidənqurmaya da xüsusi önəm verirlər. Aparılan tikinti-abadlıq işləri rayonun görkəmini də müasirləşdirir, onu həm region baxımından, həm də yaşayış ünvanı baxımından dəyərini artırır.

Bu gün Balakəndə səhiyyənin, təhsilin inkişafına ayrılan diqqətin rəqəmlərin dili ilə söyləsək onda görərik ki, bu bölgədə məktəb, səhiyyə tikintisinə xüsusi önəm verilir. Bu da həm insanların sağlamlığına, həm də onların mənəvi inkişafına dövlət qayğısının daha bir nümunəsidi. Ötən il bu rayonunu 170 nəfərdən artıq məzunu ali məktəblərə qəbul olunmuşdu. Səhiyyə işçiləri, təhsil nümunələri respublikanın müxtəlif mükafatlarına, fərqləndirici adlarına layiq görülmüşdü.

İndi Balakənə yolu düşən hər kəs buradakı inkişafdan, diqqətiçəkən yeniliklərdən məmnun qalır. Bu da Azərbaycan hökumətinin, ilk öncə isə ölkə başçısının Balakənə göstərdiyi xüsusi qayğının bariz nümunəsidir. Balakənlilər hər gün bu qayğıyla, bu diqqətlə əhatə olunur, onu hiss edir və bundan qürur duyurlar.

 

 

Hacı Elçin,

 

Ceyhun RÜSTƏMOV

 

Ədalət.- 2010.- 9 aprel.- S. 6.