BİR ŞAHMAR ƏKBƏRZADƏ...

 

Vaqif Bayatlı Ödərin ilahi bir misrası var. Onu dahi rəssam Səttar Bəhlulzadə haqqında deyib:

 

Ölsəydi

Bu dünyanın qara torpaqları

Dolduramazdı qocanın üz qırışlarını

Ölmədi

Su kimi çəkilib torpağa getdi...

 

Və mənə elə gəlir ki, doğrudan da böyük insanlar, saf daş suyu kimi insanlar, qeyri-adi insanlar Vaqifin Səttar Bəhlulzadə haqqında dediyi kimi, ölmürlər, su kimi çəkilib torpağa gedirlər.

Və saf daş suyu kimi olan Şahmar Əkbərzadə də ölməyib, su kimi çəkilib torpağa gedib. Payızda külək olub bu Vətəni dolaşır, üzümüzü-gözümüzü oxşayır. Qışda qar olub bu torpağı öz ruhuyla bələyir. Yazda çiçək olub, ot olub göyərir, bulaq olub qaynayır. Yayda da çəkilir Kirsin, Dəlidağın qoynuna bir yorğunluğunu alır.

Şahmar təpədən-dırnağa ruhuyla-qanıyla, canıyla, boy-buxunuyla, comərdliyi ilə bütöv bir türk kişisi idi, türk oğlu türk idi. Ədasıyla, danışığıyla, yerişi- duruşuyla, baxışıyla da fərqlənirdi hamıdan. Səsində də qəribə bir əzəmət var idi. Tanrı ondan çox şey almışdı, ata qucağının nə olduğunu bilmədən atasını almışdı, körpəliyinin sevincini, uşaqlığının uşaqlığını almışdı. Yəni uşaqlığının dadını çıxarmamış həyat onu birbaşa gənclik dövrünə qədəm basmağa məcbur eləmişdi. Evin dirəyinə çevirmişdi, ailənin dirəyinə çevirmişdi, amma Tanrı ona aldıqlarından on qat çox şey vermişdi. Yuxarıda saydıqlarımı vermişdi və bir də Tanrı öz ağlından Şahmara pay göndərmişdi, öz ruhundan Şahmara pay göndərmişdi, öz saflığından Şahmara pay göndərmişdi.

Şahmar Qarabağın özüydü. Qarabağı heç vaxt görməmiş və heç vaxt görməyəcək hər hansı bir adam Şahmarla bircə saat söhbət etsəydi Qarabağı min ildi görmüş, min ildi Qarabağda yaşamış bir insana çevrilə bilərdi. Qarabağ Üzeyir Hacıbəyovun əsərlərində necə təcəssüm edirsə, Qurban Pirimovun barmaqlarında necə təcəssüm edirsə, Qədir Rüstəmovun səsində necə təcəssüm edirsə, İsa bulağının suyunda, Şuşanın havasında, Dəlidağın yağışında, qarında necə təcəssüm edirsə Şahmar Əkbərzadə də elə təcəssüm edir. Xudu Məmmədov necə Qarabağın özüdürsə, Şahmar Əkbərzadə də eləcə Qarabağın özüdür. İndiki zamanda ona görə yazıram ki, axı yuxarıda dedim ki, saf daş suyu olan insanlar ölmürlər, Səttar Bəhlulzadətək su kimi çəkilib torpağa gedirlər.

Atam qardaşı oğlu Şahmarı biz övladlarından ayırmadığı kimi, aramızda elə böyük yaş fərqi olmasa da Şahmar da məni öz övladlarından ayırmırdı. Yəni məni əmisi oğlu, deyək ki qardaşı kimi yox, öz övladları kimi sevirdi və qoruyurdu. Mənim ədəbiyyata gəlməyimdə atamın, atamın anası Əsmət nənəmin nə qədər rolu varsa, Şahmarın da elə bir o qədər rolu var. Və mənim ailəmin də ilk xeyir-duasını Şahmar verib, elçi kimi Məmməd Arazın qapısını ilk dəfə ərklə döyən Şahmar Əkbərzadə olub. Nişan üzüklərimizi də Şahmar taxıb. Nişanımızın, toy məclisimizin də ağsaqqalı Şahmar olub.

Tanrıya ağır getməsin, mənim üçün yeməyin heç bir fərqi yoxdur, ya plov olsun, ya da kartof qızartması, yəni yeməkdən ötrü yaşamıram, yaşamaqdan ötrü yeyirəm. Və yeməkdən də heç vaxt ləzzət almıram. Amma bircə yemək var ki, onu yeyəndə ləzzət alıram, o da pencər qovurması. Şahmar da bunu çox gözəl bilirdi. Bəzən həftədə iki dəfə zəng edirdi:

- Ə, əmoğlu, bajın yaxşı ispanaq qovurub dur gəl, özü də sarımsaq qatıqla.

Uşaqları da götürüb tərpənirdim Xırdalana. Əslində bu yemək də bəhanə idi, saatlarla söhbət edərdik.

Mən üzünü görmədiyim babamı atamın yox, daha çox Şahmarın söhbətlərindən tanımışdım. Çünki Şahmar babam haqqında elə şövqlə danışırdı ki, elə bilirdim qarşımdakı əmioğlu elə babamın özüdü. Mən insanın babasını bu qədər sevdiyinə təəccüb edirdim. Hərçənd ki, o da babamı elə çox görməmişdi.

Mən instituta girəndən atam mənim təlim-tərbiyə məsələlərimi Şahmara tapşırmışdı. Amma təəssüf ki, bir az çılğınlığım, bir az ərköyünlüyüm imkan vermirdi ki, Şahmarın tökdüyünün hamısını yığa bilim. Həyatda buraxdığım səhvlərə, nöqsanlara Şahmar atamdan da çox dilxor olurdu, hirslənirdi. Atamdan da çox o məni danlayırdı, söyürdü.

Bir dəfə yazmışdım ki, mən yalnız Tanrıdan, atamdan, bir də Şahmardan qorxuram. Atam rəhmətə gedəndən sonra iki qorxu yerim qalmışdı - Tanrı və Şahmar. Şahmar da su kimi çəkilib torpağa gedəndən sonra ruhuna bir məktub yazdım ki, əmoğlu, bəs indən belə məni kim döyəcək, kim danlayacaq, kim söyəcək?

Şahmarın həyatdakı fiziki yoxluğunu övladları qədər mən də hiss edirəm. Şahmarın fiziki yoxluğu övladlarına necə böyük bir zərbə vurubsa, mənə də bir o qədər zərbə vurub.

Mən Şahmarın şairliyi haqqında heç nə yazmıram. Şahmarın necə böyük bir şair olduğunu bu millət bilir. Bilməyənlər varsa, qəzetimizin bugünki nömrəsinin "Bayat" səhifəsində buyurub onun şeirlərini oxuya bilərlər.

Bu yazını da qəribə bir hadisə yazdırdı.

Srağagün həm dostum, həm də iş yoldaşım Babək Yusifoğluna həyatdan vaxtsız getmiş qardaşına başsağlığı vermək üçün Astaraya getmişdim. Və Astarada bir qəbristanlığa getdik. Babəkin qardaşının ruhuna da bir dua oxutduq. Kim olur-olsun qəbristanlığa girən kimi, həyatdan köçmuş bütün əzizləri gözünün qabağına gəlir. Və əgər ağlayırsa, yasına getdiyi adam üçün ağlamır, öz əzizləri üçün ağlayır. Və bu qəbristanlıqda apardığım müşahidədə qəribə bir mənzərənin şahidi oldum. Bəlkə yüzdən çox qəbri müşahidə elədim. Onların 90 faizdən çoxunun yaşı 50-55-i keçməmişdi və bəlkə də buna görə də əzizlərimin içində daha çox Şahmarı xatırladım. Hərçənd ki, anamı da cavan itirmişəm, qardaşımı da, amma bilmirəm nədənsə Şahmar gəldi gözümün qabağına. Çünki o da vaxtsız köçüb bu dünyadan. Qayıdarkən də yolboyu Şahmarı fikirləşirdim.

 

Və Şahmar haqqında bu bir neçə kəlməni yazdım.

Qoy bu da Şahmarın ruhuna oxunan bir dua olsun.

 

 

Aqil ABBAS

 

Ədalət.- 2010.- 10 aprel.- S. 1,3.