MƏRYƏM ƏLİZADƏ - 60

 

TƏBRİKLƏR

 

***

 

Bizim xalq rəssamı Nazim Bəykişiyev deyir ki, Məryəmlə Fuad görüşəndə gözlərində elə bir qığılcım hiss olunur ki, elə bil tələbə vaxtlarındakı kimi görüşürlər. Burada bir həqiqət var. Bizim Məryəm xanımla münasibətlərimizdə qəlplik yoxdur. Bu, əgər kənardan da, xüsusilə rəssam gözü ilə hiss olunursa, demək biz münasibətlərimizdə o tələbəlik dövrünün paklığını, saflığını qoruyub saxlaya bilmişik. Məryəm xanımın adı bu gün Azərbaycan sənətşünaslığında xüsusi bir nüfuza malikdir. Bu, təkcə mənim fikrim yox, teatr sənəti ilə ciddi məşğul olan hər bir insanın fikridir. Mən hətta deyərdim ki, Məryəm xanımın adı imzası Azərbaycan sənətşünaslığında bir brenddir. Ona da Məryəm xanım işinə olan hədsiz tələbkar ciddi münasibəti ilə nail olub. Məryəm xanımın imzası olan hər bir məqalə haqqında demək olar ki, o heç vaxt qərəzli olmayacaq. Çünki Məryəm xanım öz imzasına hörmətlə yanaşan bir alimdir. Mən belə bir insanla tələbə yoldaşı dost olduğum üçün qürur hissi duyuram. Məryəm xanım öz müəllimləri Tofiq Kazımov Cəfər Cəfərovun tələbəsi adını şərəflə daşıyır.

 

Fuad Poladov

 

Xalq artisti

 

SƏNƏT AVTORİTETİ

 

Teatr aləmində elə şəxsiyyətlər var ki, onların zövqü, fikri mənim üçün çox vacibdir, hətta yazdığım əsərlərin onlar tərəfindən qiymətləndirilməsinə, türklər demiş, aşırı həssaslıq göstərirəm. Etiraf edim ki, çox vaxt bədii keyfiyyətindən bir az nigarançılığım olan əsərlərimi onların oxumalarını, o əsərlər əsasında qoyulmuş tamaşalara baxmalarını istəmirəm. Belə insanlardan biri görkəmli teatrşünas alimimiz, professor Məryəm xanım Əlizadədir.

Məryəm xanımın ilk oxuduğum yazısı "AzDrama"nın "Adsız ulduz" tamaşasına həsr etdiyi resenziyası olmuşdu, axırıncı yazısı isə "Yuğ" teatrının "Birinci akt"ına teatral şərhi. Bir-birindən azı otuz illik məsafə ilə ayrılan bu iki məqalə arasında onlarla resenziyalar, fundamental elmi əsərlər, monoqrafiyalar, elmi məruzələr, mühazirələr, çıxışlar, ideyalar, layihələr meydana gəldi. Bir çoxları ilə yaxından tanış olduğum bu əsərlər teatrşünaslığımızın daha çox xronoloji məlumatlar toplusu müstəvisindən yeni istiqamətə - intellektual təhlil istiqamətinə yönəldilməsində, teatr tənqidçiliyində yüksək bir plankanın - səviyyənin yaradılmasında, ümumilikdə teatr mədəniyyətimizin varolmasında, inkişafında müstəsna rol oynayıblar. Bu gün Azərbaycan teatrşünaslığında formalaşmış sabit bir Məryəm Əlizadə üslubu var ki, onu başqaları ilə qarışıq salmaq mümkün deyil.

Məryəm xanımın ad günü münasibəti ilə yazdığım bu sətirləri onun oxuduğum ilk və hələlik son resenziyaları ilə başlamağım təsadüfi deyil: əgər "Adsız ulduz"a həsr edilən yazıda gənc müəllifin istedadını, teatr biliyini göstərmək, imzasını yaddaşlara həkk etmək istəyi özünü qabarıq şəkildə göstərirdisə, "Birinci akt"a yazılan gözəl şərhin əsasında artıq özünü çoxdan təsdiq etmiş sənət avtoritetinin yüksək teatral intellekti ilə yanaşı tamaşanın müəllifinə, istedadlı aktyor ansamblına, ümumilikdə "Yuğ"a düşünülmüş, dərk edilmiş dərin məhəbbəti dayanır. Əlbəttə bir-birindən otuz illik zaman kəsiyi ilə ayrılan bu yazıların ümumi müsbət cəhətləri çoxdur, amma bir cəhət mənim üçün çox vacibdir: səmimiyyət, materiala azad münasibət. Təcrübə göstərir ki, həmişə səmimi, obyektiv tənqidçi olmaq çətin peşədir, özü də olasan hər bir cəhətdən çox həssas teatr sənətinin tənqidçisi.

 

Əli Əmirli

 

AZƏRBAYCAN TEATRININ MƏRYƏMİ

 

(şünaslığın apologiyası)

 

İnsanlığa məlum ən gözəl qadın adlarından biridir Məryəm. Elə ki bu adı tələffüz edirsən, sanki dünya həməncə sakitləşir, mülayimləşir, həlimləşir. "Məryəm" sözü su kimi axıcıdır, hecaları güzgüvaridir, qafiyəlidir. Həqiqətən, bu ad çox zərifdir, ipək qismindədir, yumşaqdır. Gəl, bir olmasın da: fikir verin, görün bir şəcərəsi haradan gəlir; qədim-qədim mətnlərdən, müqəddəs kitablardan, qutsal əfsanələrdən. Məryəm sadəcə ad deyil, qadınlığa işarədir, qadınlığa eyhamdır: qadınlığın simvoludur, ikonik təsviridir; kişisəl toplumda qadın idealının təcəssümüdür. Kişilər Məryəmi ona görə düşünüb yaradıblar ki, qarşısında diz çöksünlər, sevgilərini, sədaqətlərini etiraf etsinlər, onun mərhəmətini qazansınlar...

Ol səbəbdən fərqi yoxdur ki, Məryəmin yaşı neçədir; əlli ola bilir, yüz , min . Amma o, həmişə gözəl cavandır.

Bizim şünaslığın da bir Məryəmi var: Əlizadə Məryəmi. Aprelin 10-u ad günüdür bu qadının. Bağ vaxtı olsaydı, bir salxım şanını buluda büküb hədiyyə yollardım ona. Hələ ki yazdır mən, əzizim Məryəmi, teatrşünaslığın xanımı Məryəmi qədər təbrik eləsəm, yenə azdır. Deyəcəyim təriflər, təbriklər üçünsə bəlkə bir saz çatışmır. Çünki biz uzun yol gəlirik birlikdə bu yolda bir-birimizi yaxşı tanımışıq. Ona görə haqqım var söyləyim ki, günümüzün teatrşünasları içində Məryəm Əlizadə kimisi yoxdur. Azərbaycanda teatr fikri tarixinin ən mühüm fiqurlarından biri, milli peşəkar teatrşünaslığın elmi-analitik müstəvisinin müəllifi Cəfər Cəfərovun əlindən su içmiş tələbələrin sayı yetətincədir. Ancaq onun yadigarı birdənədir: Əlizadə Məryəm. bu insan müəlliminin layiqli davamçısıdır. Belə ki, o, müasir Azərbaycan teatrının cikini bilir, bikini ; tarixini bilir, nəzəriyyəsini . Gərçi bilməsəydi "Teatr: seyr sehr" adlı mükəmməl bir elmi-nəzəri araşdırmanı ərsəyə gətirməzdi ki? Cəmi 352 səhifədən ibarət bu monoqrafiyanı "söküb" təzədən cild-cild kitablara yığmaq mümkündür. Nədən ki, bu tədqiqatda hər şey son dərəcə lakonik, yığcam dürüst cümlələrlə fikir bloklarına yığılıb. Bu fikirlər çözüldükcə çözülür, mətləblər xırdalandıqca isə Azərbaycan teatrının dipdiri mənzərəsi canlanır göz önündə. İndi Siz deyin: belə bir kitabın müəllifini, özü həmin müəllif sənin həmkarın ola-ola, alqışlamamaq, təbrik eləməmək, onun ünvanına yağış kimi xoş sözlər yağdırmamaq rəvadırmı? Əsla. Azərbaycan teatrlarının hamısı Məryəm xanımı öz doğması, öz "evinin" içi sanır. Baxmayaraq ki, Məryəm Əlizadə həmişə özündə latent formada güclü tənqidi pafos gəzdirir. Bir zamanlar onun elə tənqidi məqalələri olub ki, ətrafa səs salıb, mis kimi cing-cing cingildəyib, teatr aləmində oxunub, əldən-ələ ötürülüb... isə... Əlizadə Məryəm yaradıcılığının özü bir tədqiqat obyektidir...

 

Aydın Talıbzadə

 

Onun tanrısı

 

Məryəm Əlizadə sevgi ilə möhürlənib - bunu hələ tələbəlik illərindən özüm üçün müəyyənləşdirmişdim. Əvvəl-əvvəl təəccüblənirdim və nə gizlədim, inanmırdım: kurs yoldaşlarını... müəllimləri... dərsləri... məşğələləri... bu qədər də sevmək olmaz axı! Sən demə, olar və sən demə, bu sevgini o qədər də gül-çiçəkli olmayan həyat yolu boyu qoruyub bəsləmək də olarmış. "Xanımların yaşlarını dilə gətirməzlər" - bu deyimlə razı olmasam da, ona riayət edəcəyəm. Halbuki, demək istədiyim qənaət məhz yaşla bağlıdır. Demək istəyirəm ki, ağbirçək sinninə çatmış Məryəm xanım yenə də sevgi ilə yaşamaqdadır: indi o, tələbələrini... aspirantlarını... həmkarlarını sevir, indi də o, sevə-sevə auditoriyaya girir və sənətinə olan sevgidən pay paylayır. Pafoslu səslənsə də, deməliyəm ki, o, doğma Azərbaycan mədəniyyətini və incəsənətini artıq müdrikliklə aşılanmış sevgi ilə sevir, milli teatrı isə ərköyün bir övlad kimi sevərək, onun inkişafından ötrü iş görməkdən usanmır. Və buna görə də Məryəm xanım onu yaxından və uzaqdan tanıyan hər kəsdən ötrü gözəldir! Böyük yazar və düşünər zamanında demişdir ki, bəs, narahat olmayın, dünyanı gözəllik xilas edəcək. Dünyanı bilmirəm, amma Məryəm xanımın gözəlliyi illərdir teatr icmamızı qoruyur, onu tənəzzüldən xilas edir.

 

O, bizə çox gərəkdir, çünki onun Tanrısı - gözəllikdir, sevgidir.

 

Vaqif İbrahimoğlu

 

Azərbaycan Dövlət YUĞ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi, professor

 

***

 

Məryəm xanım mənim ilk gənclik illərimin dostudur. İncəsənət İnstitutunda bir yerdə oxumuş, insititutu bitirdikdən sonra Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun "Teatr və Kino" şöbəsində bir müddət birgə çalışmışıq. Sonradan iş yerlərimiz ayrılsa da, ömür yollarımız ayrılmayıb. Biz bu gün də bir yerdəyik. Bizim dostluğumuzda heç vaxt umu-küsüyə, giley-güzara, xırda hisslərə yer olmayıb. Ona görə də bu dostluğun ömrü uzun olub.

Məryəm xanım teatr fədaisidir. Onun bütün həyatı teatra bağlıdır. Mənə elə gəlir ki, biz teatrşünasların içində Məryəm qədər teatra bağlı adam çox az tapılar. Məsələn, mən sənətimlə yanaşı, poeziyaya, folklora, təsviri sənətə daha çox meylliyəm, amma Məryəm xanım teatrı o qədər sevir ki, indi daha ondan tənqid də yaza bilmir. Teatra, teatr adamlarına sayğı hissi, sevdiyi sənətə sədaqət onun böyük sənətinin, yaradıcılığının mayasını təşkil edir. Yaradıcı adamlar iki müstəvidə yaşayırlar: ruhi və cismani qatda. Məryəm əsasən ruhi qatda yaşayır. Onun çox vaxt ruhi qatda yaşaması bizim teatrşünaslığımızda dəyərli əsərlərin yaranmasına səbəb olur. Məryəm yaxşı dost, sədaqətli insan, gözəl müəllim, dostlarının, əzizlərinin yolunda yarpaq kimi əsən kövrək bir xanımdır. Mən ona nə arzu edə bilərəm? Özünü sənətə həsr etmiş bir insana layiq olan bütün zirvələri fəth edib, bütün adları alıb. Qoy Allahın verdiyi ömrü sağlam yaşasın, könül rahatlığı, qulaq dincliyi tapsın, ən böyük sevgisi olan teatrda öz istədiyini görə bilsin. Axı teatr həyatımızın aynasıdır... Və uşaqlıq illərinin keçdiyi, sevə-sevə söhbət açdığı ana vətəni Şuşaya bir də dönə bilsin, gedəndə bizi də özü ilə aparsın.

 

 

Kəmalə Cəfərzadə

 

Teatr Xadimləri İttifaqının  Məsul katibi

 

***

 

Bu gün Azərbaycan teatrşünaslığının tanınmış simalarından olan Məryəm Əlizadəni, uşaqlıq illərindən tanıdığım bu xanımı düşünməyin özü xüsusi bir ovqat yaradır, xoş duyğular yaşadır.

Qəribədir ki, məktəbli Məryəmin çöhrəsindəki Mona Liza sayağı mənalı təbəssüm, gözlərindəki saflıq, baxışlarındakı mehribanlıq bu gün də Məryəm xanımla ünsiyyətdə olan hər kəsi təsirsiz buraxmır.

Bu gün artıq bizim, o hörüklü qonşu qız, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi olmasına baxmayaraq, yenə həmin illərdə olduğu kimi sadədir. Təbiətində zərifliyi, kübarlığı yaşatdığı kimi kişilərə məxsus mərdliyi, dəyanəti də yaşada bilir.

Məryəm xanımın tədqiqatları da onun şəxsiyyəti kimi təmkinli, tutumlu, mənalıdır. O, boğazdan yuxarı danışa bilmədiyi kimi, peşəkar təbiətinə toxunmayan mövzularda yaza da bilmir.

Nəhayət, Məryəm xanım əsl dostdur, munisdir. Qayğıkeşlik onun özündən qabaqda gedən başlıca xüsusiyyətidir.

Nazlanmağı sevən və ona yaraşan bu məziyyəti ilə yaşamaqdan usanmayan dostuma (qız qardaşıma) həyatda qazandığı bütün uğurlar halaldır.

 

İsrafil İsrafilov

 

Sənətşünaslıq doktoru, professor

 

Müdrik düşüncənin səmimiyyəti

 

Onu tanıyanda Məryəm adı mənim üçün tələbə yoldaşım anlamını verirdi. Bir kursda oxuyurduq və açığı, hələ kimin kim olacağı barədə heç düşünmürdük də. Qayğılı və qayğısız tələbəlik illərimizi yaşayırdıq. İllər ötüşdü və Məryəm xanım peşə və amal dostum oldu. Yəni, hərəmiz başqa-başqa iş yerlərində olsaq da, mətbuatda, televiziyada eyni sənət qayğıları və problemləri, sənət uğurları və uğursuzluqları barədə söhbət açırdıq. Tədricən cəmiyyət tələbə Məryəmi, dostum Məryəm xanımı kamil teatrşünas kimi tanımağa, onun fikirlərinə ehtiramla yanaşmağa başladı. Artıq uzun illərdir ki, "Məryəm Əlizadə" imzası teatr sənəti, səhnə sənətçiləri barədə dəqiq və qəti, həqiqi və xeyirxah, elmi və nəzəri əsaslı fikir söyləyən meyara çevrilib. "Məryəm Əlizadə" imzası həqiqətə ayna tutan fikir möhürü gücündədir.

Məryəm Əlizadə əsasən çağdaş teatr prosesi və bir də milli teatr poetikasının estetik-nəzəri səciyyələri ilə məşğul olur. Onun aydın düşüncə tərzinə, sözü son dərəcə ehtiyat və ehtiramla işlətməyinə, ən əsası isə müdrik alim düşüncəsinin səmimiyyətinə heyran qalmışam. Əslində, bu səmimiyyət Məryəm xanımın əsl-nəcabətindən, özünün xanım-xatınlığından, qadın kimi şahanəliyindən irəli gəlir. Tanıyanlar, onunla ünsiyyətdə olanlar bilirlər, yazıram ki, bilməyənlər də xəbər tutsunlar: Məryəm xanım dərs dediyi, professoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, rəhbərlikdən tutmuş adi tələbələrə qədər, hamının ehtiram və rəğbətini qazanıb. Günün hansı vaxtında rastlaşsan Məryəm xanımın çöhrəsi təbəssümlüdür, dostlarını "can" və "əzizim" kəlmələri ilə dindirir. Tələbələrilə baş-başa verib ana-bala söhbətini xatırladan fikir mübadiləsi aparır. Əslində, bu söhbət onların sənətə cəsarətlə kövrək qədəm qoymalarına zəmin yaradır. O, dərsdən əlavə də biliyinə, düşüncə tərzinə, eləmə həvəsinə inandığı tələbələrlə məşğul olur. Teatr tamaşalarına onlarla birgə gedir. Hər yerdə də "tələbələrimdi", deyə onları qürur və fəxrlə təqdim edir.

Baxdıqları barədə mətbuatda gözəl təhlili məqalələr, elmi resenziyalar yazır. Həmin yazılarda alimin səmimiyyəti və alicənablığı məni valeh edir. Bu səmimiyyət, bu müdriklik Məryəm Əlizadənin yaradıcılığının qranit sütunudur.

 

 

İlham Rəhimli

 

Ədalət.- 2010.- 10 aprel.- S. 12.