Zərif duyğular tərənnümçüsü

 

Qısa məlumat: Allahyarova Vəfa İbrahim qızı.

 

1994-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1982-ci ildən "Kirpi", "Göyərçin", "Pioner" və "Azərbaycan qadını" jurnallarında çıxış edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1990). Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasının baş müəllimidi. İki övlad anasıdır.

Bu da baxtın, taleyin işidi. Yeni iş yerimdə incəsənət məcmüəsinə material hazırlayarkən zahirən çox gözəl, hərəkət və davranışından mərifət tökülən qadın-rəssamla, Vəfa Allahyarova ilə tanış oldum. Tanış oldum deyəndə ki, Vəfa xanımın məcmuəyə təqdim etdiyi "Akvarelin tarixi" məqaləsi elmi təhlili, axtarışı ilə diqqətimi cəlb etdi. Müəllif boyaqkarlığın akvarel növünə, onun texnikasına aid ədəbiyyat, əsrlər boyu sənətin bu sahəsiylə məşğul olan rəssamlardan və bu rəssamların əsərlərindən bol-boluna danışır. Müəllif oxuculara akvarellə bağlı ensiklopedik məlumatlar verməklə yanaşı, həm də tarixən bu janrda yaranan əsərlərin də geniş təsnifatını vermişdi.

Deyim ki, Vəfa xanım orta məktəbdə başqa fənlərdən zəif idimi, aşağı qiymətlər alırdımı? Yox. O, çox asanlıqla özünə başqa ixtisası da seçə bilərdi: müəllimə, memar, psixoloq, həkim. Hə, bu qara göz, qara qaş orta məktəb məzunu, ürəyi arzularla dolu gənc başqa ixtisaslar dalınca da gedə bilərdi. Amma, fikri, xəyalı göylərdə dolaşan Vəfanın ürəyinin bir küncündə, heç kəsin əl çatmadığı bir yerində sirli, heç kəsin bilmədiyi niyyət də vardı. Sonralar tale onu Y.Qaqarin adına pionerlər və məktəblilər sarayına gətirib çıxarır. O, burada sənətin adi, ibtidai qanunlarını öyrənir.

Haşiyə: Öz otağında, Rəssamlıq Akademiyasının gecə-gündüz təmir edilən dəhlizlərində tez-tez Vəfa xanımla görüşürdüm. Fikrim vardı onun sənəti, əsərləri barəsində geniş məqalə yazım. Yaratdığı əsərlərin təsnifatını, üslub və ifadə xüsusiyyətlərini oxucuların diqqətinə cəlb edim. Necə deyərlər məqalə bir az sanballı olsun. Amma söhbətimizin axarı dəyişdi, qabaqca düşündüklərimdən, fikirləşdiklərimdən əsər-əlamət belə qalmadı. Və hər ikimiz bu axardan yan keçə bilmədik və bir də baxıb gördük ki, söhbətimizin sonudu.

- Həyatda, dünyada elə mətləblər var ki, onu sözlə, əl-qol hərəkətləriylə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, həyatda elə məqamlar var ki, o sözə, ifadəyə gəlmir. Gərək onlara başqa səmtdən, başqa bucaq altından yanaşasan.

Belə olan halda fikirləşməyə, düşünməyə məcbursan: predmetə, materiala necə yanaşasan? Janrlar da məhz belə məqamlarda yaranır. Hərə bir sahəni - kimi musiqini, kimi sözü, başqa birisi isə təsviri-sənəti, fırçanı seçir. Baxır insanın daxili necə qurulub, onun kodu, düşüncə tərzi - bütün bunlar həlledici məqamlardı.

- Vəfa xanım, təsviri-sənətin janrları çoxdu, niyə məhz qrafikanı seçmisiniz?

- Əvvəlcə sənədlərimi rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə verdim. Lazım olan balları toplaya bilmədim. Sonralar isə sənədlərimi qrafika şöbəsinə verdim. Və xoşbəxtlikdən həmin il də qəbul oldum.

Bilirsiniz, gözəlliyi, xüsusilə də həyatın, insanların gözəlliyini adi insanların duya, hiss edə bilmədiyi mətləbləri sənətin diliylə ifadə etmək çətindi, əzablıdı. Məncə gözəllik hər şeyin zirvəsidi. Yaxınlarını, ananı sevmək də bu qəbildəndi. İnsan daima bu istiqamətdə işləməlidi, heç olmasa buna can atmalıdı.

Təsviri-sənətin bütün sahələrində qrafika, qrafik ünsürlər var: boyaqkarlıqda, heykəltəraşlıqda.

- Akvarelmi, qrafikmi əsərlər üzərində işləyən zaman hiss və duyğularınızı necə cilovlayırsınız? Fikrimi başqa şəkildə də ifadə etmək istəyirəm. Əsər üzərində işləyən zaman hansı hisslər keçirirsiniz? Belə incə, ancaq və ancaq yaradıcı adamlara xas məqamlar, emalatxananız haqda.

- Əvvəl-əvvəl yaman əziyyət çəkirdim. Düşündüyüm süjetlərin əvvəlini, axırını bir sapın üstünə yığa bilmirdim. Məqamlar, detallar pərakəndə şəkildəydi. İstədiyim bütövlüyü, tamlığı, vəhdət və harmoniyanı yarada bilmirdim. Təcrübəm, səriştəm artdıqca bu məsələlər də öz axarına düşdü. Düşündüklərim, təcrübə və inadkar zəhmət sayəsində cilalanırdı, kamilləşirdi.

Sırf yaradıcılıq, kompozisiya məsələlərindən savayı gərək texniki vərdişlərə də yiyələnəsən. Bütün bunlar üçün gərək müəyyən vaxt keçə. İllər hər şeyi yerbəyer edir.

- Mən biləni siz klassik ədəbiyyat nümunələrinə də müraciət etmisiniz. "Kitabi-Dədə Qorqud" dastanına, Füzulinin "Leyli və Məcnun" poemasına. Maraqlıdı, sizi bədii söz abidələrinə cəlb edən nədir? Hətta, sizin islam dəyərlərinə həsr edilmiş illüstrasiyalarınız da mövcuddur.

- Söhbətimizin əvvəlində deyildiyi kimi, mən hələ orta məktəb şagirdi, tələbəykən müxtəlif karikatura və qrafik illüstrasiyalarla mətbuatda çıxış etmişəm. Hələ erkən vaxtdan dövrü mətbuatda çıxış etmək mənə nə verib?

İlk növbədə oxucularla, tamaşaçılarla kontakta girmişəm, onların nəfəsini hiss etmişəm. Bunlar az əhəmiyyətli məsələlər deyil.

O ki qaldı mənim "Kitabi-Dədə Qorqud" dastanına, "Leyli və Məcnun" poemasına müraciət etməyimə. Hər iki əsərdə rəssam üçün maraqlı məqamlar çoxdur. Hər bir rəssam özünü belə bir aləmdə sınamalıdı. Hər iki əsərdə düşünən sənətkar üçün əl-qol atmağa geniş meydan var: hadisələr, boylar, insanlar, obrazlar.

- Bəlkə də bütün bunlar sizin şəxsi keyfiyyətinizdən irəli gəlir. İş elə gətirib ki, siz həmişə istedadlı və maraqlı sənətkarlar əhatəsində olmusunuz. Onlar sizin bir rəssam kimi inkişafınıza, istedadınıza qayğı göstəriblər. Belə sənətkarların diqqət mərkəzində olmaq hər adama qismət olmur.

- Hə, tale mənə respublikanın xalq rəssamları Mikayıl Abdullayev, Ömər Eldarovla ünsiyyətdə olmağı, bir yerdə fəaliyyət göstərməyi qismət edib. Böyük sənət magistralına çıxmaq üçün onların qayğılarını, köməklərini hiss etmişəm. Hətta, rəhmətlik Mikayıl müəllim mənə rəssamlar ittifaqına qəbul olmaq üçün zəmanət də verib. Həmin zəmanəti oxucuların diqqətinə cəlb edirəm. O, həmin zəmanətdə yazırdı:

"Vəfa İbrahim qızını, gənc rəssamı, istedadlı qrafiki hələ uşaqlıqdan - Y.Qaqarin adına pionerlər və məktəblilər Sarayından tanıyıram... Odur ki, onun ibtidai, orta məktəbdə, Ə.Əzimzadə adına rəssamlıq məktəbində və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldığı illər belə, bilavasitə mənim müşayiətimlə keçmişdir. Qeyd etməliyəm ki, mənim dərs dediyim institutun rəssamlıq fakültəsində, 1990-cı ildə ən uğurlu diplom müdafiəçilərindən - məzunlarından biri gənc Vəfa olmuşdur.

O, çox erkən vaxtdan başlayaraq sərgilərin iştirakçısı olub. Bakı, respublika rəssamlıq sərgilərinin fəal iştirakçısı olaraq, sənətsevərlərin hüsn-rəğbətini qazanmışdır. Vəfa Allahyarova əsl rəsm ustasıdır. Formanı çox yaxşı hiss edir. Plastikanı gözəl duyur. Onun qurduğu kompozisiyalarda bütün bu cəşətlər vəhdət yaradaraq uğurlu nəticələr verir. Vəfada əsl rəssam zövqü vardır. Rəssamın mövzu dairəsi genişdir. Yaradıcılığında həm klassik, həm də müasir poeziyaya cəsarətlə müraciət edir.

Texnologiya diapazonu da genişdir - ofert, akvatinta, sinkoqrafiya, rəng livinoqravyura və qarışıq texnikadan da məharətlə istifadə edir. Səmərəli və gənclik səxavətiylə işləyir... Onun bir xeyli dəzgah qrafik vərəqləri, illüstrasiyaları və ekelibrisləri tamaşaçıların xoşuna gəlir. O, özünə qarşı tələbkar və yeni-yeni sənətin bədii qatlarını axtarır".

- Akademik Ömər Eldarovun, rəssam Oqtay Sadıqzadənin də sizin haqda xoş sözlərini, fikirlərini eşitmişəm.

- "Sənətkar aləmi həmişə fərdi və şəxsidi. Buna ən yaxşı nümunə rəssam Vəfa Allahyarovanın yaradıcılığıdı. Rəssam, qrafik, bir sözlə, o, hansı janrda (karikatura, dəzgah qrafikası, kitab qrafikası) çalışırsa, çalışsın öz fərdi xüsusiyyətlərini, cazibəsini qoruyub saxlayır. Bütün əsərlərində estetik yönüm mövcuddur. Rəssam gözəl işlər yaratmağı bacarır. Hətta bu keyfiyyətlər onun karikaturasında da var. Müəllif karikatur süjetlərini yaradarkən ətrafda baş verənlərə gülür.

Onun kitab və dəzgah qrafikasını xüsusi qeyd etmək istəyirəm. Bunlar məzmunca dərin, gözəldi, həm də lirikdi. Vəfa formanı müxtəlif detallarla yükləyir, xətlər axıcıdı, çoxsahəlidi. Hətta, bəzi məqamlarda onlar şərq miniatürləriylə də səsləşir. Məncə, lirika onun yaradıcılığının əsas məziyyətidir".

Bax, bu sözləri Ömər Eldarov mənim haqqımda yazıb və buna görə də özümü xoşbəxt hesab edirəm. Sözün yaxşı mənasında kitab qrafikasını da Oqtay Sadıqzadədən öyrənmişəm.

- Heç sındığın, qəmə qapıldığın məqamlar olubmu?

- Olur. Amma, qəddimi yaxşı adamların köməyi sayəsində düzəldirəm. Çilik-çilik, para-para olmuş ürəyimi məni əhatə edən gözəl insanların gözəl əməlləri sayəsində bərpa edə bilirəm.

- Xeyir və şər mövhumlarına münasibətiniz?

- Şər nəticə etibarı ilə, gec-tez gedib dalana dirənir. Onun başqa çıxış yolu qalmır. Xeyir isə əksinə...

- Sizcə, incəsənətin insanlara təsiri varmı? Əgər varsa, bəs onda nə üçün həyatda, insanlar arasında bu qədər neqativ hallara, eybəcərliklərə rast gəlirik?

- Təəssüf ki, insanlar dünyanın o başından bizim günlərimizə gəlib çıxan sənəti, onun uğurlarını unudurlar. Gözəllik, xeyirxahlıq hisslərini, ənənələri yaddan çıxarırlar və gec-tez süquta uğrayırlar. Ölü nöqtədən kənara çıxa bilmirlər.

- Ürəyinizə yaxın Azərbaycan təsviri-sənət ustalarının adlarını çəkə bilərsinizmi?

- Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Çingiz Əzizov, Yusif və Rəsul Hüseynovlar.

- İndiki şəraitdə qadın sənətkarların ucalmağı, inkişaf etməyi çətindimi?

- Hər yaşın öz işi, missiyası var. Müəyyən, konkret yaş dövründə eləmədiklərini sonralar da edə bilməzsən. Ailəyə, uşaqlara sərf edilən vaxtını, qadın sənətkarların inkişafını guya ləngitdiyi fikriylə də razılaşa bilmərəm. Əksinə, ailə, övlada sərf edilən vaxt - bir növ inkişafa xidmət edir, qadın sənətkarın yaradıcılığına əlavə təravət, cazibə və tamlıq gətirir.

- Bəlkə "Ədalət" qəzetinin oxucularına gələcək planlarınız barədə məlumat verəsiniz.

- Fərdi sərgimi təşkil etmək niyyətindəyəm. İndiyə qədər yaratdıqlarımı, fikir və düşüncələrimi sənətsevərlərlə bölüşmək istəyirəm.

 

 

Nemət Veysəlli

 

Ədalət.- 2010.- 10 aprel.- S. 19.