"ÜRƏK YANMASA..."
Son illər müxtəlif mətbu orqanlarda imzası tez-tez görünən şair Vahid Əlioğlu özünün
sayca 4-cü kitabını
belə aldırdı:
"Ürək yanmasa..."!
Bəli, xalqımızın
da müdrik kəlamlarının içərisində
oxşar bir fikir var və
onu da şairlərimiz
də müxtəlif məqamlarda, öz poetik sözlərinə çeviriblər. Və vurğulayıblar ki,
"gözdən yaş
çıxarmı ürək
yanmasa"...
Bəli, həqiqətən
ürək yanmasa, ürək ağrıları,
acıları, sevincləri özününküləşdirə
bilməsə çətin ki, o yansın və onun
yanğısı, onun işığı neçə-neçə
ürəklərə, neçə-neçə ünvanlara
işıq salsın. Həmin işığın şöləsində
də dünyanın dolaşıq düyünləri
görünsün və çözümünə can
atılsın...
Bax, bütün bu mənalarda
masamın üstündə olan "Ürək yanmasa..."
kitabının arxa üz qabığında diqqətimi
çəkən misralar əlimdən tutub məni bu kitabla
baş-başa qalmağa apardı.
Yaşamaqdan kim doyar?
Ürək sevgi arzular.
Bu məzə, bu mey ki var,
Gözəl çağlar üçündü.
Həqiqətən dünyanın
ən gözəl nemətləri, ən gözəl mənzərələri
can ağrıyanda, könül
çırpıntıları dağa-daşa dəyib ayaqlara düşəndə
heç nəyə yaramır. Öz ilkin mənasını
sübut edə bilmir, gərəksizləşir,
mənasızlaşır. Şair Vahid Əlioğlu da məh məzənin
də, meyin də, eləcə də digər gərəkli olan hər şeyin sağlam bədənə,
sağlam ruha gərəkli olduğunu poetik dildə ifadə edibdi. Başqa bir şeirində müəllif
yazır:
Çəkmək olmur eşq dağını,
Hardan alım sorağını?
Bülbül uçdu...gül bağını,
Vurdu xəzan, mən neyləyim?
Zənnimcə,
buradakı "mən neyləyim?" deyimi heç də
şairin və yaxud da bu mənzərəni seyr edənin
acizliyi, imkansızlığı anlamında təqdim edilməyib.
Əksinə, burda şair özünün də həmin o
solan gül bağının bülbülü kimi təqdim
edir. O da həmin acını yaşayır və bunu da sonda
Tanrı yazısı kimi təqdim edərək hər kəsin
tale hökmünə bu və ya digər şəkildə
boyun əydiyini dilə gətirir.
Vahid Əlioğlu
müxtəlif mövzularda yazdığı və bir kitabda
topladığı şeirlərdən digərində oxucuya
üz tutaraq az qala böyük bir etirafa gedir. Elə bir etiraf
ki, o sənətin, barmaqların, mizrabın
ecazkarlığından xəbər verir:
Hər dərdi doğması, sanan Ədalət,
Ürəkdən od tutub, yanan Ədalət,
Kərəmi düşünüb, anan Ədalət,
Bir "Yanıq Kərəm"i çaldı,
ağladım.
Və yaxud başqa bir
şeirində özü-özünə
pıçıldadıqlarını misralara çevirir:
Daha ömrün çoxu gedib,
Yay dartılıb, oxu gedib.
Gözlərindən yuxu gedib,
Döz, ay Vahid, döz, ay Vahid!
Şeirlərdən,
poemalardan ibarət olan "Ürək yanmasa..." kitabı
"Adiloğlu" nəşriyyatında müəllifin
özünün ön sözü ilə işıq
üzü görüb və bu kitabda həm də müəllifin
musiqi bəstələnmiş mahnı mətnləri də
toplanıbdı. Oxucular kitabla yaxından tanış olanda
tanınmış ifaçılırımızın səsləndirdiyi
həmin mahnıların sözlərini dərhal
xatırlayırlar. Ümumiyyətlə, Vahid Əlioğlu
yaradıcılığında təbiət, saf məhəbbət,
reallıq və Vətən sevgisi çox səmimi bir şəkildə
tərənnüm edilir. Ümumiyyətlə, müəllif nə
yazır yazsın, şeirlərin hamısında öz dəsti-xəttini,
öz üslubunu qoruyub saxlayır. Zənnimcə, bu da onun ən
böyük uğurudu. Və bir də, onun özünün də
dediyi kimi, gəlimli-gedimli dünyada göstərilən hər
bir xidmət təmənnasız, yadda qalan və daha çox
da əbədi olmalıdı. Çünki onlar həmişə
sahibini xatırladır. Axı:
Dərdlilər deyib-gülməz,
Eh, sevinc nədi bilməz.
Çıxan can geri gəlməz,
Dünya sağlar üçündür.
"Ürək
yanmasa..." kitabı Alim Məhərrəmlinin
redaktorluğu ilə çox nəfis şəkildə tərtib
edilməklə sözü duyan, sözlə yaşayan,
sözün xəstəsi olan sağlar üçün
yaxşı bir hədiyyədir. Düşünürəm
ki, bu hədiyyə öz ünvanına gedib
çatacaqdı.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 10 aprel.- S. 23.