Mirzə Cəlil sevdası
Bu yaxınlarda Naxçıvan
universiteti tərəfindən
əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin tərtibçiliyi və ön sözü ilə çap olunmuş Qulam Məmmədlinin Molla Nəsrəddin salnaməsi
Mirzə Cəlil Məmmədquluzadənin ədəbi-bədii
fəaliyyətinin, "Molla
Nəsrəddin" jurnalının
mətbuat tariximizdəki rolunun aydınlaşdırılmasında mühüm əhəmiyyət
kəsb edir. Müəllif salnamənin
adından bəhs edərək yazır:
"Kitab sadəcə
olaraq dırnaq arasına alınmadan - Molla Nəsrəddin adlandırılmışdır. Burada biz onu
əsas götürmüşük
ki, ədib yazılarında, ifadələrində,
çıxış və
söhbətlərində özünü
çox vaxt Molla Nəsrəddin adlandırdığı kimi
onun dostları, məsləkdaşları, hətta
rəsmi dairələrdə
belə onu Molla Nəsrəddin deyə çağırmışlar."( Məmmədli Q. Giriş // Molla Nəsrəddin (salnamə).
"Əcəmi", Naxçıvan,
2009. səh. 13.)
Salnamənin tərtibçisi
ilk dəfə olaraq bir sıra gizli imzaların və
materialların Mirzə Cəlil Məmmədquluzadəyə
aid olduğunu irəli sürmüş və bunu salnamənin
giriş hissəsində qeyd etdiyi arqumentlərlə əsaslandırmışdır.
Salnamənin Cəlil Məmmədquluzadənin həyat və
fəaliyyətinin, eləcə də "Molla Nəsrəddin"
jurnalının tarixinin öyrənilməsində
mühüm rolunu, onun bu qəbildən olan əsərlərdən
əsas fərqini salnamə janrının tələblərinə
uyğun olaraq hadisələrin baş verdiyi il, ay və
günlərin ardıcıl sadalanması kimi anlamaq
düzgün deyil. Tədqiqatçı salnamədə
yalnız faktları sadalamır, yeri gəldikcə həmin
faktlara şərh verir, onları izah edir. Məsələn,
Molla Nəsrəddin jurnalının yaranması haqqında
danışılarkən çox zaman Cəlil Məmmədquluzadənin
"Xatiratım" əsərinə əsaslanaraq onun Tiflisdə
çıxan "Kukureku" jurnalından təsirləndiyi
danılmaz fakt kimi qeyd olunur. Qulam Məmmədli isə salnamədə
bunu doğru olmadığını söyləyir və
fikrini faktlarla əsaslandırır: "1906-cı ilin əvvəllərində
"Vozrojdenye", "Baku", "Həyat", "Novoye
obozreniye", "Kavkazskoye utro", "Tərcüman",
"İrşad" və digər qəzetlərin
Naxçıvan ziyalılarından Cəlil Məmmədquluzadənin
Tiflisdə "Molla Nəsrəddin" adlı şəkilli
yumorostik-satirik jurnal çıxaracağını xəbər
verdikləri zaman "Kukureku" jurnalı hələ yox idi
və Mirzə Cəlil olmayan jurnalı görüb, onu
nümunə kimi götürə bilməzdi." (Məmmədli
Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi",
Naxçıvan, 2009. səh. 68.)
Q. Məmmədli
yalnız "Molla Nəsrəddin" jurnalı barədə
materialları və Cəlil Məmmədquluzadənin həyat
və yaradıcılıq yolu haqqında faktları toplamaqla
kifayətlənməmiş, həmin dövrdə ədəbi-mədəni
mühitdə baş verən hadisələr və onların əks-sədası
haqqında digər mətbuat orqanlarında dərc olunan xəbərləri
və məlumatları da araşdırmışdır:
1905, 22 iyul.
"Baku" qəzeti
yazır: " "Novoye obozreniye" qəzetinin dediyinə
görə, Tiflisdə yaşayan müsəlmanlar müsəlman
klubu açmaq qərarına gəlmişlər. Bu klubun məqsədi
əsas etibarı ilə maarif işlərinə xidmət etməkdir.
Quranın qədəğən etdiyi qumar oynamaq və
içki kimi işlər klubda olmayacaqdır. Klub
üçün seçilmiş komissiya heyətinə
mollalar da daxil edilmişdir. (Məmmədli Q. Molla Nəsrəddin
(salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh.
54.)
1906, 2 iyul.
"İrşad", N
155. Bakıda zəbt edilmiş satirik jurnalların polis məmurları
tərəfindən qəzet satan uşaqlara ucuz qiymətə
satılıb, pulu polislər tərəfindən mənimsənildiyini
xəbər verir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə).
"Əcəmi", Naxçıvan, 2009. səh. 82.)
Salnaməçi
"Molla Nəsrəddin" jurnalına istinad edən
jurnallardakı materialların dəqiqliyini də
yoxlamışdır:
1906, 9 noyabr
"İrşad", N
260. "İrəvandan məqaləsinin müəllifi "Qəmli"
dövlət dumasına seçkilərə ciddi
hazırlaşmaqdan danışaraq sözlərini kinayə ilə
qurtarıb yazır: "Molla əminin məcmuəsinin 16 may
tarixli 11-ci nömrəsini oxuyub, əməl edib, Dumada bir kəlmə
də danışmasın."
Qeyd: Müəllif səhv
edir. Bu məsələ 16 iyun tarixli jurnaldadır. (Q.M.) (Məmmədli
Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi",
Naxçıvan, 2009. səh. 91.)
Qulam Məmmədli Molla
Nəsrəddin jurnalının dövri mətbuata təsiri,
onun ardıcılları və hətta piratları haqqında
da maraqlı faktlar aşkara çıxarmışdır:
1907, 16 noyabr
"Tərcüman",
N 74. "Molla Nəsrəddindən alınmış
Qazancımız felyetonu eynilə çap edilmişdir.(Məmmədli
Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi",
Naxçıvan, 2009. səh. 134
1909, 23 may
"Vəqt" qəzeti
jurnalın növbəti nömrəsində Kazan, Orenburq və
Səmərqəndə aid xəbərləri eynilə
çap etmişdir. (Məmmədli Q. Molla Nəsrəddin
(salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh.
172)
1914, 22 fevral
İrəvanda "Ləklək"
adlı satirik jurnalın birinci nömrəsi
çıxmşdır. Bu jurnal "Molla Nəsrəddin"
yolu ilə gedəcəyini baş məqaləsində qeyd
etmişdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə).
"Əcəmi", Naxçıvan, 2009. səh. 272)
1914, 20 sentyabr
İstambulda "Nəsrəddin
xoca" adlı həftədə iki dəfə olmaqla satirik
jurnal nəşrə başlayır. Bu, "Molla Nəsrəddinə
oxşadılaraq səkkiz səhifəlikdir. Redaktoru Ə.
Heydərdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə).
"Əcəmi", Naxçıvan, 2009. səh. 283)
1916, 22 aprel
"Tərcüman",
N 90. "Bəsirət" qəzetinin 16 aprel tarixli nömrəsində
"Molla Nəsrəddin"ə məqaləsi eynilə
çap edilmiş, lakin mənbə göstərilməmişdir.
(Məmmədli Q. Molla
Nəsrəddin (salnamə).
"Əcəmi", Naxçıvan,
2009. səh. 298)
1916, 16 oktyabr
"Dijiqit", N 27.
8-ci səhifədəki karikatura "Molla Nəsrəddin
" jurnalının keçmiş nömrələrindən
götürülmüşdür. (Məmmədli Q. Molla Nəsrəddin
(salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh.
316.)
1916, 6 noyabr
"Dijiqit", N 30. 8-ci
səhifənin aşağısındakı şəkil məxəz
göstərilmədən "Molla Nəsrəddin"
jurnalından götürülmüşdür. (Məmmədli
Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi",
Naxçıvan, 2009. səh. 316)
Salnaməçi zərgər
dəqiqliyi ilə işləyərək kiçik bir
faktı belə gözdən qaçırmamağa
çalışmışdır. O, M. T. Sidqiyə yazılan
məktublarda Mirzə Cəlilə kimlər tərəfindən
salam göndərildiyini də salnaməyə daxil etmişdir.
Həqiqətən də bu faktlar ilk baxışdan kiçik
görünsə də bunlar ədibin kimlərlə
yoldaşlıq və dostluq etdiyi haqqında mühüm məlumatlardır:
1900, 2 sentyabr
Qurbanəli Şərifov
Məhəmməd Tağı Sidqiyə yazır: "...mənim
yeganə dostum olan Cəlilin qulluğuna mənim
salamımı yetir. Amma bir-birinizin qədrini bilin. Allah eləməsin
ki, aranıza ayrılıq düşsün..."
4 oktyabr
Kərbəlayı
Cabbar Əsgərov Naxçıvana Məhəmməd
Tağı Sidqiyə yazır: " Böyük
qardaşım Mirzə Cəlil ağaya mənim
salamımı yetir. Deyin ki, qardaşlarımın işləri
haqqında ondan çox razıyam..."
8 dekabr
Kərbəlayı
Cabbar Əsgərov və Ağalar Qədimov Şuşadan
Naxçıvana Məhəmməd Tağı Sidqiyə
yazırlar: "... Mirzə Ələkbər Ağanın
qulluğuna, xüsusilə Mirzə Cəlil ağanın
qulluğuna salamım var..." (Məmmədli Q. Molla Nəsrəddin
(salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh.
38. )
Beləliklə,
yuxarıda qeyd etdiyimiz faktlar Qulam Məmmədlinin Molla Nəsrəddin
salnaməsinin ədəbiyyatımız, tariximiz və
ümumən mədəni irsimizin öyrənilməsində əhəmiyyətli
mövqeyə malik olduğunu və bu sahədə "ana
kitab"lardan biri hesab oluna biləcəyini bariz şəkildə
sübut edir.
Elnarə Qaragözova
Ədalət.- 2010.- 10 aprel.- S. 23.