SÖNMƏYƏN ULDUZLAR
O, xalqının
fədaisiydi
Düz 140 il bundan öncə dünyaya gəldi... 140 il bundan öncə Tiflisdə Azərbaycan xalqının həyatında bir günəş olan insan doğuldu. Doğulduğu şəhərdə də ruhani məktəbində təhsil aldı. Sonra Qori seminariyasını bitirdi, müəllim oldu. Təhsili ilə, qayğıkeşliyi ilə, hadisələrə münasibəti ilə hər kəsdən seçilən bu insanın adı Nəriman idi. O Nəriman ki, Azərbaycan xalqı onu həm də "doktor Nəriman" kimi çağırır, bu adla əzizləyirdi. Bu isə gələcəkdə, hələ bir neçə il sonra olacaq idi. Ona qədər Nəriman Nərimanov Borçalı qəzasının Qızılhacı kəndində müəllim işlədi. Amma yaxşı deyiblər ki, "balıq dəryada böyüyər". Nəriman Nərimanovu da Bakı özünə çəkirdi. O da Bakıya üz tutdu. Təkcə böyümək üçün yox, həm də xalqına özünün və xalqının böyüklüyünü sübut etmək üçün.
İlk olaraq, Azərbaycanda, o cümlədən onun paytaxtında qiraətxana açdı. Xalq üçün olan bu qiraətxanada insanlar gündəlik mətbuatla, dünyada baş verən hadisələrlə təmasda olmağa, bilgilər əldə etməyə başladılar. Bu o vaxtlar idi ki, hələ Rusiyada inqilab baş verməmişdi. Bax belə bir zamanda Nəriman Nərimanov artıq özünün diqqətiçəkən bədii yaradıcılığı ilə də gündəmə gəldi. İlk öncə 1895-ci ildə "Nadanlıq" pyesini yazdı. Onun ardınca elə həmin ildəcə "Dilin bəlası" ortaya çıxdı. Qələmə möhkəm sarılan gənc müəllif bu əsərlərin ardınca "Bahadır və Sona", "Nadir şah" kimi möhtəşəm əsərlərini ortaya qoydu. Maraqlı burasıdır ki, "Bahadır və Sona"nın həyatı, əsərdəki mühit, baş verən hadisələr, Qarabağ müharibəsinin ilk illəri ilə vəhdət təşkil edir. Sanki həmin hadisələr bu günümüzün, bu günkü erməni işğalının, erməni vəhşiliklərinin real təsvirinə çevrilibdi. Hadisələrin xronikası məhz həmin illərdə də üçüncü bir qüvvənin oynadığı rolu bu gün də təkrar etdiyini göstərir.
Nəriman Nərimanov gənclik illərinin belə bir qaynar çağında
xalqın ümid yeri olan böyük
xeyriyyəçi Zeynalabdin
Tağıyevin özəl
dəstəyinə üz
tutur. Məhz bu xeyirxah insanın
ayırdığı maliyyə
yardımı hesabına,
yəni 205 ədəd
qızıl onluq hesabına tibbi təhsil ala bilir və ən maraq məqamlardan biri də odur
ki, Nəriman Nərimanov bu maliyyə yardımını
borc şəklində
qəbul edir və sonuncu 25 manat borcunu da
Zeynəlabdin Tağıyevə
ölümündən bir
qədər əvvəl
ödəyə bilir
(Xatırladaq ki, Zeynəlabdin Tağıyev
məhz Nəriman Nərimnovun qayğısı
sayəsində özünə
aid olan Mərdəkandakı
bağ evində
1924-cü ildə 101 yaşında
vəfat edib).
Artıq ictimai həyatda özünü ədibi, jurnalist kimi tanıdan Nəriman Nərimanov siyasi hadisələrə də müdaxilə etməyə başlayır. Tez bir zamanda o Azərbaycanda aparılan milli azadlıq, müstəqillik uğrunda mübarizənin sıralarında öz yerini tutur. Və bu azadlıq eşqi onu bəzən yanlış yollara da aparıb çıxarır. Təssüf ki, bütün həyatını xalqına, Azərbaycanın müstəqilliyinə həsr edən, xalqının əsl fədaisi olan Nəriman Nərimanov sonradan bolşeviklərin təsir dairəsinə düşür. Təbii ki, burda da əsas bir məqam var idi. O da bolşevik-kommunistlərin ideyaları, onların guya xalqlara azadlıq və bərabərlik verəcəkləri barədə olan gurultulu mübarizə üsulları idi. Nəriman Nərimanov da məhz xalqını azad və müstəqil görmək istəyirdi. İdeya qurbanı olan bu böyük insan Bakıda sovet hakimiyyəti qurulandan sonra bolşevik kommunistlərin həyata keçirdikləri qətliyamları, amansız qərarları və bütövlükdə bu torpağın əsl sahiblərinə olan ögey münasibəti görəndən sonra, yanıldığını, səhv etdiyini anladı. Amma artıq gec idi. Odur ki, bu böyük fədai sona kimi getməyi qərara aldı və ilk olaraq Moskvaya Leninə məktubla müraciət edib baş verənlər barədə onu xəbərdar etməklə həyata keçirilən tədbirlərin vəd olunan ideyalarla üst-üstə düşmədiyini açıb göstərdi.
Təbii ki, şərqin günəşi sayılan, Qafqazda böyük nüfuza malik olan Nəriman Nərimanovu elə-belə hadisələrin mərkəzindən götürüb kənara qoymaq, təcrid etmək mümkün deyildi. Ona görə də Moskva Nərimanovun azadlıq istəklərini elə Moskvadaca boğub öldürmək qərarını verdi. Bu işdə Bakı kommunistlərinin, Nərimanov əleyhidarlarının xüsusi xidməti danılmazdır. Guya "irəli çəkilən", "böyük vəzifəyə aparılan" Nərimanov Kremlə aparıldı. Qəribədir ki, öz himayədarı Zeynalabdin Tağıyevdən arasında 50 ildən artıq yaş fərqi olan Nəriman Nərimanov cəmi bir il sonra, yəni 1925-ci ilin mart ayının 19-da Kremldə müəmmalı şəkildə dünyasını dəyişdi.
İndi tarixi saf-çürük etmək, onu süzgəcdən, ələkdən keçirmək maraqlı bir mövzuya, əyləncəyə, hətta özünüreklama çevrilib. Bəzi tarixçilər, siyasətçilər və hətta qələm adamları Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyi tarixində xüsusi, danılması mümkün olmayan xidmətləri və yeri olan Nəriman Nərimanovun həyatına kölgə salmaq istəyir. Amma həmin şəxslər unudurlar ki, məhz Nəriman Nərimanovun sayəsində Azərbaycan bir dövlət olaraq tanındı və bərqərar oldu. Məhz onun xidmətləri hesabına Bakı Rusiyanın hansısa bir şəhəri statusundan xilas edildi. Məhz onun əzimkarlığı hesabına Şaumiyanın başçılıq etdiyi, sonra isə onun havadarlarının davam etdirdiyi qətliyamların, talanların qarşısı alındı. Məhz onu bir həkim, bir ədib kimi həm Azərbaycan vətəndaşlarına mənəvi, həm də fiziki sağlamlıq, saflıq bəxş etməsi danılmaz gerçəklikdi. Digər tərəfdən Nəriman Nərimanov Ermənistanın Azərbaycana qarşı olan böyük iddialarının da qarşısında sipər olmuşdu.
Bəli, bu bir həqiqətdir
ki, Nərimanov kommunist ideyalarına inanıb. Bolşevik Rusiyasını xilaskar
kimi görüb.
Qırmızı inqilaba ümid
bağlayıbdı, amma
onun xidmətləri paralel olaraq həmin o inandığı,
ümid bağladığı
imperiya yuvasının
Azərbaycan üçün
planlaşdırdığı bir çox təxribatların, istəklərin
qarşısını alıbdı.
Deməli, Azərbaycan
xalqı ötən
100 illikdə təkcə
özünün deyil,
müsəlman şərqinin
tarixinə də məhz digər böyük şəxsiyyətlərlə
yanaşı, Nəriman
Nərimanov kimi bir fədai ilə də töhvə veribdi. Bu elə bir
fədaidir ki, o bütün zamanlarda öz işığını
saçacaq. Çünki o sönməyən ulduzdu.
Həm həkim, həm ədib, həm siyasətçi, həm ziyalı, həm də şəxsiyyət kimi. Həm ziddiyyətli, həm
də bütöv Nəriman Nərimanov.
Təəssüf ki, biz bəzən
hisslərə qapılır,
gerçəklikləri olduğu
kimi görə bilmirik. Nəriman Nərimanovun adına,
abidələrinə, şəxsiyyətinə
olan soyuq münasibət, qısqanclıq
zənnimcə, yol verilən deyil. Bunu tarix də bizə
bağışlamaz. Çünki o tarixin ən diqqəti çəkən
səhifələrindən birinin müəllifidi.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 14 aprel.- S. 3.