Səxavətlə xərclənən
ömür
Nizami Məmmədov
filologiya elmlər doktoru - Bakı Slavyan Universitetinin "Azərbaycan
ədəbiyyatı" kafedrasının professoru, Azərbaycan
Beynəlxalq Universitetinin "Rus dili və ədəbiyyatı"
kafedrasının müdiridir.
Nizami müəllim
geniş spektrli zəka sahibidir. Onun leksikonu son dərəcə
zəngin və rəngarəngdir. Gözəl natiqlik məharətinə
malik olan Nizami müəllim, bəlağətli
danışmağa üstünlük verəndir də.
Nizami müəllimin bu
və ya digər elmi və ya bədii əsər barədəki
mülahizələri, miqyasından asılı olmayan
auditoriyanı özünə cəlb etməyə, onun diqqətini
yetərincə məşğul etməyə qadirdir.
O, söhbətin
predmetini məzmunlu məcraya yönəltməklə fikrini
dolğun və lokanik şəkildə çatdırmağa
çalışan müasir təfəkkürlü, proqmatik
düşüncəyə malik nadir ziyalılarımızdandır.
Nizami müəllim zəhmətkeş,
barmağı qabarlı və məhsuldar alim və ədibdir.
O, bir sıra elmi monoqrafiyaların, 300-dən artıq məqalənin,
11 dərslik və dərs vəsaitinin və bir neçə
bədii kitabın müəllifidir. Onun nasirliyi ilə
yanaşı şairliyi də var. O, nəsrdə öz
sözünü deyə bildiyinə əmindir, lakin
"şeirlə ciddi məşğul olsam, burada da yadda qalan
nümunələr yarada bilərəm", deyir.
Masamın üstündə
Nizami Tağısoyun müəllifi olduğu və 2009-cu ilin
sentyabr ayında öz avtoqrafı ilə mənə
bağışladığı 8 adda müxtəlif janrlı
kitabları yer alır.
Nizami Tağısoyun
"Axtaracaqsan məni"(Bakı, "Araz"-2000) adlı
kitabını vərəqləyərkən müəllifin
müxtəlif illərdə qələmə
aldığı şeir nümunələri ilə
üz-üzə qalırsan. Kitab 5:- müəllifin əziz
anasına ithaf etdiyi "Vətən məhəbbəti",
"Sevgi şərqiləri", "Dostlarıma",
"Kövrək duyğular" və "Poemalar"
bölmədən ibarətdir. Kitabda yer almış şeirlər
təmiz hislərin, ilıq nəfəsin, kövrək
pıçıltıların hədsiz sevgisinin məhsuludur
desəm, heç də yanılmaram.
Bax bu misralarda deyildiyi kimi: -
...Çaylar şır-şır axacaq,
Güllər ətir saçacaq.
Kəndə toy qurulacaq,
Axtaracaqsan məni.
Məni çox
ancaqsan,
Yollara baxacaqsan.
Ürəkdə yanacaqsan,
Axtaracaqsan məni...
Nizami Tağısoyun
növbəti şeirlər toplusu "Bəlkə dünya
öz yolunu çaşıbdı"(Bakı, "Azərnəşr"-2004)
adlanır.
Bu kitaba müəllifin
müxtəlif illərdə yazdığı şeirləri
və "Təzadlar" adlı poeması daxil edilmişdir.
Kitabda müəllifin
sevgi nisgili və Vətən yanğısı daha qabarıq
şəkildə hiss olunmaqdadır.
Kitabdan bir şeir parçasına diqqət yetirək:
...Beş yerə paylanıb Vətən
torpağı,
Tutub dörd bir yanı qaniçən yağı.
Talanıb bağçası, bostanda tağı,
Dünya məndən aldığını bilirəm,
Amma mənə verdiyini bilmirəm...
Nizami Tağısoyun Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Azad Nəbiyevin elmi redaktorluğu, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü-professor
Nizami Cəfərovun və filologiya elmləri namizədi
Ağaverdi Xəlilin rəyçi olduqları və filologiya
elmləri namizədi, dosent Rüstəm Kamalın "Ön
söz"ü ilə başlayan və "Mütərcim"
nəşriyyatında 2009-cu ildə nəşr edilərək
oxuculara təqdim olunmuş növbəti kitabı
"ŞİLYAN: özü-sözü - çeşmənin
gözü" adlanır.
Bu kitabı müəllif
- "el-oba gözündə kişiliyi, mərdliyi və dəyanəti
ilə tanınan, daim düzlüyü ilə ucalan Şilyanın
müdrik ağsaqqallarına, dili bayatılı, sinəsi
nağıllı ağbirçəklərinə oğul
sevgisiylə ithaf" etmişdir.
Müəllif bu
kitabın, el-oba sevgisiylə yaşayan, el sözünü
yüksək dəyərləndirən, el deyiminə hörmətlə
yanaşan insanlar üçün nəzərdə
tutulduğunu qeyd etməklə, kitabda Şilyan və
şiyanlılar haqqında tarixi-etnoqrafik məlumatlar,
şlyanlıların alqışları,
qarqışları, andları, sınamaları, and, inam yerləri,
ayamaları və ləqəbləri, bayatıları, lətifələri,
uşaq oyunları, Azəri türkcəsinin Şilyan şivəsi,
yerli dialektdə işlənilən söz və ifadələrin
özəllikləri, folklor nümunələri, Şilyan
şairlərinin yaradıcılığından verilmiş
örnəklər və Şilyanın təpərli kişilərinin
həyatından səhifələr ilk dəfə çap
edilib, oxucuların zövqünü oxşamaqla, onların
şilyanlıların qeyri-adi müşahidəçilik
qabiliyyətinə, müdrikliyinə, baməzəliyinə və
hazırcavablığına maraqlarının bir az da
artıracağına ümid bəsləməklə qələmə
alınmışdır.
Nə az, nə
çox, bax beləcə tanıyıram 60-ı xırıd
eləmiş təəsübkeş həmyerlim, əziz
dostum, peşəkar pedaqoq, istedadlı qələm sahibi, həmkarım,
nasir, şair, tənqidçi, folklorşünas, ən önəmlisi
isə gözəl insan, dəyərli vətəndaş,
nümunəvi ailə başçısı,
qayğıkeş ata və nəvəcanlı baba - Nizami
Tağıoğlunu.
60 il azdırmı,
çoxdurmu!? Hər halda bunu Ulu Tanrımız bizdən daha
yaxşı bilir.
Mənim fikrimə gəldikdə
isə 60 il tarix baxımından - kiçik bir an, zaman
baxımından - yaşanılan həyat payı, ömür
baxımından - gəldiyin yolda buraxdığın, səni
yaddaşlara yaza biləcək bir iz(əməl, iş və
s.), şəxsiyyət baxımından isə, "səndən
sonra" rəhmət və ya ... sahibi olmaqdır.
Başqa sözlə desək,
hər yaşanılan gün, insanın ilk növbədə
özünün-özünə, bütövlükdə isə
içərisində yaşadığı cəmiyyət
qarşısında ciddi bir hesabatıdır.
Nizami Tağısoyun 60
illik "hesabat"ı "Balans komissiyası" tərəfindən
qəbul ediləcəkmi? Mübaliğəsiz - "HƏ"!
Çünkü bu "hesabat"ın DEBETi ilə
KREDİTi "öpüşür", maliyyəçi dili
ilə desək. Bu da sevgidən, həyat eşqindən
yaranır. Nizami Tağısoyun sevğisi isə öz
içinə sığmayan asimanə bir eşqdir. Deməli,
həyatın davamına həm lüzum var, həm də buna
Nizamisevərlərin mənəvi ehtiyacı və təlabatı
var.
Allahın nursifətli bəndəlrindən
olan Nizami Tağıoğlu!
Şəstlə, səxavətlə
xərclə ömürü, Allahın verdiyi ömür
payını, elə Allahın özü üçün,
özün üçün, bir cıqqan da bizlər
üçün!..
Allah qismətinə
oldun şükürlü,
Təbindir çağlayan
Arazlı-Kürlü.
İbrətli sözlərin
işıqlı-dürlü-
Qamətin ortaboy,
sevgin ucaboy,
Alim, ədib,
şair dostum,
Tağısoy.
Kim nəyi əkibsə,
onu biçəcək,
Kim nəyi "çəkdirib",
onu çəkəcək.
Sənin arzulaın kama
yetəcək-
Diləyin, niyyətin
qol açsın boy-boy,
Alim, ədib,
şair dostum,
Tağısoy.
Xoş işdir, əməldir sənin
"oyun"un,
Qucubdur nəvələr qolun,
boyunun.
Təri soyumamış övlad
toyunun-
Gözləyir babanı hələ
neçə toy,
Alim, ədib,
şair dostum,
Tağısoy.
60 nə yaşdır
ki,
"orda" durasan,
Gərək yaşıdları yolda
yorasan.
Çox işlər gözləyir səni,
arasan-
Bu gözəl dünyadan
nə usan, nə doy,
Alim, ədib,
şair dostum,
Tağısoy.
Bağlama qəlbini
hər ötən kəsə,
Yaxın tut üzünü
doğma nəfəsə.
Qədrini qohumun,
dostun bilməsə-
Meydanlı səs verər səsinə,
"hoy-hoy",
Alim, ədib, şair dostum,
Tağısoy.
FƏXRƏDDİN MEYDANLI
Ədalət.- 2010.- 15 aprel.- S. 6.