ULDUZ

 

İmzası qəzet və jurnallardan, eləcə də kitablarından öz oxucularına tanış olan Qələndər Xaçınçaylının 15 aprel doğum günüdü. Bu münasibətlə Qələndər Xaçınçaylını təbrik edir, ona yaradıcılığında da, həyatda da uğurlar arzu edirik. Tanrı onu və bütün xalqımızı Qarabağlı günlərə qovuşdursun.

 

Ay ulduz gəzənlər

Ulduz gəzənlər,

Döşünə, çiyninə

Ulduz düzənlər

Ulduzlar çiynimdə

Ağırlıq edir

Səni də yanasan

ay ulduz doğan,

ay ulduz doğan

Ulduzlar göydə də

oğurluq edir.

 

 

SONRA DA...

 

Mən çıxdım

Yeddinci qatına göyün,

Oradan altıncı

Qıtını gördüm,

İnana bilmədim

Öz gözlərimə.

Oradan kökünü,

Zatını gördüm.

Sonra aşiq olub

Düşdüm dalınca,

Sonra da alışıb

Mən od olunca

Aldatdı yalançı

İşığı məni...

 

 

BİR GÜN GƏLƏCƏK

 

Gözlənən gün gələcək

Biz zəfər çalacağıq

Anamız Qarabağı

Düşməndən alacağıq

Onda Cıdır Düzündə,

Göyün cazibəsində

Üç rəngli bayrağımız

Yenidən yüksələcək

Xan qızı Natəvanın

Baxıb üzü güləcək.

 

 

Qələndər Xaçınçaylı

 

Ədalət.- 2010.- 15 aprel.- S. 7.