RƏSUL RZA ÖMRÜNDƏN
DAMLALAR
Sənətkar
ömrünü, yaradıcı insanın
düşüncə tərzini, həyata,
cəmiyyətə, müxtəlif hadisələrə,
sənətə münasibətinii öyrənmək
baxımından ən yaxşı mənbə onun öz
əsərləri, məqalələri,
çıxışları, xatirələridir. Ancaq dünyasını dəyişən
qələm sahibinin ömürlüyündə baş
verən hər kiçik hadisə, söhbət, ştrix belə həmin insanın şəxsiyyətinin
bütövlüyünü göz önündə canlandırmağa bu və ya digər
dərəcədə yardımçı
olur. Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Dövlət Mükafatı
laureatı Rəsul Rza istər şəxsiyyəti, istər
əsərləri, istər
ictimai həyatdakı
yeri və rolu ilə həmişə
gündəmdə olan
nəhəng şəxsiyyətlərdəndir.
XX əsr Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin formalaşmasında,
yeni istiqamətdə formalaşmasında Rəsul
Rzanın özünəməxsus
xidmətləri danılmazdır.
Özümü
xoşbəxt hesab eləyirəm ki, bu görkəmli
şəxsiyyətlə az da olsa ünsiyyətdə
olmuşam, onun çıxışlarını,
söhbətlərini, tövsiyyələrini dinləmək
mənə də nəsib olub.
Rəsul Rzanın
adını hələ orta məktəbdə oxuyarkən
eşitmişdim, dərslikdə verilən şeir və
poemalarından parçaları oxuyub
əzbərləmişdim. Ancaq təəssüf ki, o zaman Rəsul
Rza sənətinin sirlərindən baş çıxarmaq səviyyəsində
deyildim. Digər tərəfdən, müəllimlərimiz
heç onun yaradıcılığını sevdirməyə cəhd də göstərməmişdilər.
Təəssüf ki, ali məktəb auditoriyasında da Rəsul Rzanın yaradıcılığına həsr
olunmuş mühazirə
mənim biliklərimə
heç nə əlavə eləyə bilməmişdi. Ancaq qəribə bir təsadüf maraq selmi Rəsul Rza yaradıcılığının
üstünə çevirə
bildi. O zamanki APİ-də tarixdən seminar məşğələsi
aparan gənc bir müəllim, Bəşir Quliyev şeir yazdığımı
biləndə tənəffüslərdə
mənimlə ədəbiyyat
haqqında söhbət
eləyirdi. Bir dəfə necə
oldusa, Rəsul Rza yaradıcılığından
söz düşdü.
Mənim novator şair kimi tanınan bir insanın yaradıcılığına
laqeyd münasibətim
Bəşir müəllimin
diqqətindən yayınmadı.
Dedi ki, Rəsul Rza böyük şairdir, mütləq onun əsərlərini tapıb oxu. Söz
verdi ki, məni dostu Fikrət Qoca ilə tanış edəcək
Dərsdən sonra kitab
mağazasından Rəsul Rzanın "Duyğular və
düşüncələr" kitabını alıb
oxumağa başladım və etiraf edim ki, bu kitab mənim ədəbiyyat
haqqında duyğu və düşüncələrimi
əhəmiyyətli dərəcədə dəyişdi. Bu kitabı oxuyandan sonra nəinki Rəsul Rzanın, eləcə də o zaman yaradıcılıq
nümunələri birmənalı
qarşılanmayan, adları
Rəsul Rza ədəbi məktəbinin
davamçıları kimi
çəkilən Əli
Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər
Salahzadə, İsa İsmayılzadə kimi şairlərin də yaradıcılıq
nümunələrini mütaliə
etməyə başladım.
Etiraf edim ki, ədəbi
zövqümün formalaşmasında
oxuduğum yeni tipli şeir nümunələri çox
böyük rol oynadı. Şeirlərini
ilk dəfə Rəsul Rzanın tərcüməsində oxuduğum
böyük ispan şairi Federiko Qarsia Lorkanın yaradıcılığına marağım
gücləndi. Sonralar
məndə Lorkanın
şeirlərini dilimizə
çevirmək arzusu
baş qaldırdı...
Rəsul Rzanın
əsərlərini maraqla oxusam da, ədəbi
məclislərdə, iclaslarda
çıxışlarını dinləsəm də, onunla
görüşmək, söhbətləşmək
səadəti mənə nəsib olmamışdı. Yerevanda əsgərlikdə olanda Rəsul müəllimin ünvanına bir neçə sərbəst
şeir göndərmişdim. Əsgərlikdən
sonra "Gənclik"
nəşriyyatına getmişdim.
Ələkbər Salahzadə
mənə deyəndə
ki, Rəsul müəllim sənin şeirlərini nəşr
etmək üçün
bizə təqdim eləyib, sevincimin həddi-hüdudu yox idi. O şeirlərdən biri "Arzu" adlanırdı və
məzmunu belə idi:
"Araz" kinoteatrında
baxanda kinolara,
könlümə çəkilməmiş
filmlər düşür ara-sıra.
Qəhərlənirəm bir az da,
Gün o gün olsun ki,
"Birlik" sənədli filminə
baxım "Araz"da...
Görünür
Rəsul müəllimin diqqətini cəlb edən şeirin
məzmunu imiş. Burada qoyulan məsələ
o dövrün yaradıcı gəncliyini
düşündürən problem idi və
bizim nəsil həmin düşüncə
tərzinə görə
çağdaş ədəbiyyatımıza,
o cümlədən
də onun öncüllərindən biri
olan Rəsul Rzaya borclu idi.
O Rəsul Rzaya ki, "Dana və balaca qız", "Rənglər",
"Bağları qum
basır", "Pəncərə"
tipli şeirlərini,
"Qızılgül olmayaydı"
poemasını dönə-dönə
oxuyub müzakirə eləyir, hər misrada sətiraltı məna axtarırdıq...
Taleyim üzümə güldü. Qələm dostum, gözəl şair, təşkilatçı
Vaqif İbrahimin vasitəsi ilə böyük şairlə
- Rəsul Raza ilə şəxsən tanış oldum. Vaqif İbrahim Sumqayıtda Əli Kərim adına Poeziya klubunun açılmasına nail oldu və istedadlı
gəncləri bu klubun ətrafında birləşdirdi. Rəsul Rzanın
fəxri sədr kimi istər klubun Şahmat klubundakı açılışında,
istər "Dalğa"
mehmanxanasının restoranında
keçirilən poeziya
günlərində, istərsə
də bəzi məşğələlərdə iştirakı sevincimizə
sevinc qatırdı. Hamımız böyük
acgözlüklə onun
söhbətlərini,
tövsiyələrini dinləyirdik.
Bəzilərimiz Rəsul
Rza ilə birlikdə şəkil çəkdirmək şərəfinə
də nail olmuşduq.
Rəsul Rzanın
gənclərlə ünsiyyəti nəinki Sumqayıtda,
eləcə də respublikamızda ədəbi mühitin
canlanmasına böyük təkan verdi. Sumqayıt
ədəbi mühiti
bir növ ədəbi mübarizələr
meydanına çevrilmişdi.
Ən maraqlı cəhət bu idi ki, həmin
tədbirlərdə o
dövrün çox
görkəmli şair
və yazıçıları
da iştirak edirdilər. Ancaq etiraf edək ki, burdakı ədəbi mübarizənin,
çalxalanmanın önündə
də Rəsul Rzanın drijor çubuğu öz işini görməkdə
idi...
O vaxt mən
Sumqayıtdakı 23 nömrəli orta məktəbdə
dil-ədəbiyyat müəllimi işləyirdim. Könlümdən keçdi
ki, məktəbimizdə
Rəsul Rza ilə görüş təşkil edim. Ancaq bilirdim ki, Rəsul müəllimin işi çox olduğundan belə görüşlərə
gedə bilmir...
Fikrimi məktəbin
direktoru Minarə Tahirovaya dedim. Elə bil üzündə işıq yandı, ancaq o işıq tez də söndü.
Minarə xanım dedi ki, yəni
Rəsul Rza bizim məktəbə gələr?
İndi
respublikamızın Əməkdar müəllimi,
"Şöhrət" ordenli Prezident
təqaüdçüsü olan Minarə Tahirovanın bu
sualı təsadüfi deyildi. Çünki məktəbdə
bir neçə tanınmış şair
və yazıçılarla
görüş keçirmək
istəsək də,
son məqamda tədbirimiz
baş tutmamışdı...
Minarə xanımı
inamsızlığa məcbur
edən səbəb də elə bu idi...
Fikrimi Vaqif İbrahimə söylədim. O mənə dedi ki, Rafiq,
qəti söz vermirəm, ancaq çalışacam ki, Rəsul müəllimi onu sevən şagirdərin, müəllimlərin
görüşünə gətirim.
Vaqif İbrahimin
Rəsul Rzanın məktəbə gəlməyə razı
olduğunu söyləməsi sevincimizə sevinc qatdı. Böyük
həvəslə görüşə hazırlaşdıq,
ssenari yazdıq, uşaqlar şeirləri
əzbərlədilər...
15 fevral 1975-ci ildə
Rəsul müəllimlə məktəbdə
görüşümüz baş tutdu. Böyük şair kövrəldi, minnətdarlığını bildirdi, Minarə xanımın təşkilatçılığını,
Hökumə xanımın
məruzəsini, mənim
şeirimi təriflədi. Uçmağa
qanadımız yox idi...
O vaxta qədər çox ciddi bir adam kimi tanıdığım, hətta
sual verməyə cəsarət etmədiyim Rəsul Rza bizimlə, hətta şagirdlərlə çox
səmimi söhbət
edir, hətta zarafatlaşırdı da...
O günlərin xatirəsi
kimi bir neçə fotoşəkil
durur...Həmin şəkilləri böyük
şairimiz Rəsul Rzanın 100 illik yubileyi ərəfəsində
oxuculara təqdim edirəm.
Sonralar
"Göyərçin" jurnalının redaksiyasında
Gənc Yazıçıların Respublika Ədəbi Birliyi
fəaliyyət göstərməyə başladı. Həmin
birliyin rəhbəri Vaqif İbrahim, baş memarı isə
yenə də yaradıcı gəncliyə böyük
qayğı göstərən Rəsul Rza idi...
Ömür əbədi
deyil. Rəsul müəllim də öz dünyasını dəyişdi. Ancaq nə yaxşı ki, Rəsul Rzanın yaradıcılıq
nümunələri, tövsiyələri,
xatirəsi həmişə
bizimlədir...
Rafiq Yusifoğlu
Ədalət.- 2010.- 16 aprel.- S. 5.