Bizim tarix

 

Azərbaycanın möhtəşəm tarixi

 

Müstəqilliyimiz belə başlayıb: İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilmiş iclasında qəbul olunmuşdur. Həmi gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətə çevrilib. Müstəqil Azərbaycan Dövlətinin idarə forması Xalq Cümhuriyyətidi olub. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmini ortaya qoyub.

 

Bəyannamədə daha sonra yazılır.

 

- Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

- Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

- Müəssisələr Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

 

Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi olsun!

 

28 may Azərbaycanın dövlətçilik bayramı, Şərqin ilk dünyəvi və demokratik dövləti olan Xalq Cümhuriyyətinin yarandığı gündür. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq.

 

İstiqlalımızın şəhid yolçuları

 

1918-ci il sentyabrın 15-də Cümhuriyyətimizi qorumaq və Bakını erməni işğalından azad etmək üçün Azərbaycana gəlmiş Osmanlı türk ordusunun 1130 əsgəri bu yolda canını fəda etdi.

Azərbaycanın tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimizin - Azərbaycan Xalq Cümhuriyyətinin özünün başkəndinə qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.

Nə yazıqlar ki, bizlər illər uzunu, tariximizin bütün şanlı səhifələri kimi, bu qəhrəmanlıq salnaməsindən də bixəbər olmuşduq. Və nə mutlu bizə ki, illərin ideoloji basqısı altında dərbədər olmuş gerçək tariximiz, nəhayət, yerbəyer oldu, qardaş qanı ilə yazılmış bu şanlı səhifəni onun layiq olduğu şəkildə öyrənməyə, tədqiq və təbliğ etməyə başladıq.

Birinci Dünya savaşında kritik vəziyyətdə olmasına rəğmən Osmanlı dövləti 1917-ci ilin sonundan etibarən süqut etmiş çar Rusiyasının imperiya buxovlarından qurtulmağa çalışan türk xalqlarının istiqlala qovuşması üçün addımlar atmağa başlamışdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti və tarixi varislik məsuliyyəti

 

Prezident Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi (27 may 1998-ci il):

- Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində xalqımız dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur.

Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir.

Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar.

Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cümhuriyyətinin iki illk fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər.

Xalq Cümhuriyyətinin yaradıcıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 

 

Anar İsaoğlu

 

Ədalət.- 2010.- 20 aprel.- S. 5.