POLŞALI AZƏRİ GƏLİNİ
VANDA RƏSULZADƏ
Polşa. Bütün dünya üçün aktual məkana çevrilən ərazi. Təəssüf, bu diyar tükürpədici dəhşəti ilə gündəmə gəldi.
Adam bu barədə
nəinki yazmaq, heç düşünmək
belə istəmir. Bunun bir adı
var - dəhşət.
Yenə Polşadan
danışırıq. Amma daha işıqlı mövzudan. Hansı
ki Azərbaycanla, bu xalqın yaratdığı ilk
cümhuriyyətlə birbaşa əlaqəsi olan bir
insanı tanıdırıq. Özü də böyük nəsilə
aid, başqa bir cümhuriyyət yaradıcısının ailəsinə
mənsub bir xanımı.
Bu materialları bizə
təqdim edən doktor Fərhad Tərlanova minnətdarlığımızı
bildiririk. Onun sayəsində tarixin qaranlıq məqamlarına
azacıq da olsa aydınlıq gətirmiş olduq. Və
sevinirik ki, bu dəyərli məlumatlar ilk dəfə olaraq
"Ədalət" qəzetində dərc olunur.
Leyla xanımı 1970-ci
illərdə tanıdım. Qızılırmak sokakda, indi
Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi
qatında qalırdı. Həmin küçəyə
köçdüyümüz gündən bəri hər
gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini
görərdik. Arıq, ağbəniz, gülərüzlü,
yaşlı, amma gözləri parıldayan bir qadındı.
Məhəllə əsnafı ona "madam" deyə xitab
edərdi. Ləhcəsindən türk olmadığı
anlaşılırdı. Sonra bir gün anam onu evimzə dəvət
etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim.
Zatən, özü də bir müddət sonra adının
Vandadan Leylaya dönüşməsinin hekayəsini
anlatmışdı. Sevgili qocası "Leyli və Məcnun"
əhvalatını danışmış və adının
Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan
Cümhuriyyətinin qurucusu və ilk cümhur başkanı Məmməd
Əmin Rəsulzadə.
Leyla xanımı
anlatmaq üçün ilk öncə Məmməd Əmin Rəsulzadədən,
Leyla xanımın deməyi ilə Emin bəydən söz etmək
gərəkəcək. Leyla xanımla
tanışlığımızdan ölümünə qədər
keçən bir neçə il ərzində söhbətlərimizdə
Emin bəy tez-tez mövzu olurdu. O sıralar Emin bəy
haqqında heç bir şey eşitməmişdim. İllər
sonra Sovetlər Birliyi yıxılıb Azərbaycan
Cümhuriyyəti yenidən qurulduğunda adı yenidən
gündəmə gəldi. Emin bəyin adını hər
eşitdiyimdə Leyla xanım ağlıma gəlirdi. Bu
günləri görsəydi nə qədər bəxtiyar
olacağını düşünürdüm. Rəsmi mənbələrdə
cümhuriyyətin yıxılmasından sonra Rəsulzadənin
Moskvaya gedişindən söz edilir. Moskvada Rəsulzadəyə
qalmağa ev verirlər, Şərq Dilləri İnstitutunda
fars və rus dillərindən dərs demək
üçün şərait yaradırlar. Moskvada keçən
2 il ərzində Stalin, Sultan Qaliyev, Ənvər Paşa kimi
şəxslərlə görüşləri olur. 1922-ci ildə
Bakıda gizli Müsavat Partiyasının fəaliyyətinin
üzə çıxması xəbəri gələndə
qaçmağa qərar verir. Araşdırma aparmaq bəhanəsiylə
Leninqrada gəlir, buradan bir qayıqla Finlandiyaya qaçır.
Leyla xanım mənə
Rəsulzadənin qaçışı ilə bağlı
bir hekayə anlatmışdı. Onun anlatdıqlarına
görə Rəsulzadənin mədəsində yara
varmış. Moskvada göz altındaykən xəstələnibmiş.
Stalin bu xəstəlikdən əndişələnib. Rəsulzadə
öldüyü təqdirdə bunun təbii bir ölüm
olduğuna kimsəni inandıra bilməyəcəyindən və
Azərbaycanda baş verə biləcək bir üsyandan
qorxurmuş. Rəsulzadə Finlandiyada bir xəstəxanaya
yatırılır. Burda Rəsulzadə ingilis agentləri ilə
münasibət qurur. Ona xaricdə sürdürə biləcəyi
müstəqillik mücadiləsini dəstəkləməyi və
qaçmağı təklif edirlər. Və bunun
qarşılığında müstəqillikdən sonra
Bakı neftinin istismarında imtiyaz istəyirlər. Rəsulzadə
bu bazarlıqdan çox rahatsız olmasına rəğmən
şərtləri qəbul edir, bir gecə qayıqla xəstəxanadan
qaçırılır.
Emin bəyin xatirələri
ilə Leyla xanımın anlatdıqlarının niyə belə
fərqli olduğunu bilmirəm. Hərçənd Rəsulzadə
anılarında Tehranda "İrani-Nev" qəzetəsinin
redaktorluğunu edərkən ingilis səfirliyinin əsgəri
attaşesi Stoksla tanış olmalarını və
Rusiyanın əbədi müxalifi olan bu şəxsin Birinci Dünya
Müharibəsində Azərbaycandakı ingilis qüvvətləri
komandanının siyasi müşaviri olduğunu və o
dönəmlərdə görüşdüklərini də
deyir. Stalinin bu adama nifrət etdiyindən də söz edir.
Amma Sovetlərdən qaçışını anladarkən
ingilislərdən bəhs etmir. Başqa tərəfdən
Leyla xanım bu söhbətləri mənə
danışdığında yaşlı bir qadın idi. Ona
anladılanları yanlış xatırlamış ola bilər.
Anlatdıqları (daha sonra söz edəcəm) Pilsudskinin
"Rusiyadan qaçış" hekayəsinə də bir
az bənzəyir.
Rəsulzadə
Türkiyəyə gəlib Azərbaycanın müstəqilliyi
üçün siyasi çalışmalara başlayır. "Yeni
Qafqasiya", "Azəri türkü", "Odlu yurd",
"Bildiriş" jurnalları onun yönətimində dərc
olunur. Azərbaycan və Qafqaz haqqında biri fransızca, biri
də rusca kitablar yazır. Bu çalışmalar Sovetlər
Birliyini rahatsız edir. Stalinin tələbi üzərinə
o zaman ruslarla yaxın olan Atatürk Rəsulzadədən xaricə
getməsini istəyir. Onunla eyni taleyi paylaşan tatar lider Ayaz
İshaki ilə birlikdə Türkiyəni tərk edib
Polşaya gedirlər. Rastlaşdığım qaynaqlarda bu
köçün tarixi dəqiq deyil. 1927 ilə 31-ci illər
arasında dəyişir.
Leyla xanımın
anlatdıqları burda da bəzi fərqli mənzərələr
doğurur. Leyla xanıma görə, Emin bəy İngiltərədə
bir dərnək qurub siyasi çalışmalarını
sürdürür. Fəqət, ingilislərin nəzarətində
çalışmaqdan məmnun deyil. Fransaya gedir və Parisdə
"Journal Prometheus" adlı bir jurnal çap eləməyə
başlayır. Daha sonra Polşaya gedir. Rəsulzadənin nədən
Polşaya getdiyi Parisdə çıxartdığı
jurnalın adından da anlaşılır. O illərdə
Polşanın lideri olan marşal Pilsudski Rusiya və Sovetlər
Birliyi sərhədlərində yaşayan, amma rus olmayan
xalqların işbirliyini qura biləcək "Promethean"
proyektinin həyata keçməsi üçün
çalışmaqdaydı.
Hekayəmiz Pilsudski
haqqında qısa bir bilgi verməsini gərəkdirir. Polşanın
müstəqillik savaşının lideri və prezidenti Yozef
Pilsudski 1867-ci ildə Rusiyaya bağlı torpaqlarda zadəgan
bir ailədə doğulub. Polyak dilində
danışmağın yasaqlandığı qatı bir
ruslaşdırma proqramının həyata keçirildiyi bir
vaxtda müstəqillik tərəfdarı olan milliyyətçi
bir ailədən gələn Pilsudski Rusiyada
Narodovulçularla bağlı bir təşkilatın
üzvü olur və siyasi səbəblərlə universitetdən
qovulur. 19 yaşında çar III Aleksandra qarşı
uğursuz bir sui-qəsd səbəbi ilə tutulur və Sibirə
5 il sürgün edilir. Tutuqlanma səbəbi də maraqlıdır.
Sonradan ünlü bir antropoloq olan böyük qardaşı
Bronislav Pilsudski Leninin böyük qardaşı Aleksandr
Ulyanovla yaxın dost olublar və sui-qəsdi də birlikdə
planlayıblar. Yozef Pilsudski sürgündən sonra Polşa
Sosialist Partiyasına üzv olur. Və qeyri-leqal
"Rabotnik" jurnalını çap edir. Partiyanın
başqanlığına seçildikdən sonra sosialist və
milliyyətçi fikirləri daşıyan bir istiqamət
götürür. 1900-cu ildə yenidən tutulanda ruh
sağlığının pozulduğunu bəhanə gətirərək
bir xəstəxanaya yatır və burdan xaricə qaçır.
1904-cü ildə "Bojovki" adlı bir dəstə
yaradır, bombalamalar, soyğunlar, sui-qəsdlər edərək
silahlı mücadiləyə başlayır. Eyni il rus olmayan
bütün xalqların müstəqilliyini və təşkilatlanmasını
hədəfləyən "Promethean" layihəsini
hazırlayır. Bu layihə çalışmaları
İkinci Dünya Müharibəsinə qədər davam edir.
Pilsudski 12 minə çatan ordusuyla ruslara qarşı
savaşır və 1918-ci ildə qurulmuş müstəqil
Polşa Cümhuriyyətinin ilk dövlət başqanı
olur. 1921-ci ildə Konstitusiyanın qəbul olunması ilə
hakimiyyətini itirir, amma 1926-cı ildə hərbi
çevrilişlə yönətimi ələ keçirə
bilir. 1935-ci ildə, yəni ölənə qədər
Polşanı diktator rejimi ilə idarə edir.
Pilsudski Promethean hərəkatı
çərçivəsində imperiyanın rus olmayan
bütün xalqlarının liderləri ilə münasibət
qura bilmişdi. Azərilər də bu xalqların arasında
idi. 1926-cı ildə Pilsudskinin yenidən iqtidara gəlməsi
ilə layihə yenidən gündəmə gəlir. Rəsulzadənin
1927-ci ildə Polşaya köçməsi ancaq bununla
bağlı ola bilər. Rəsulzadənin yazı
yazdığı "Prometheus" adlı aylıq jurnal həmin
bu hərəkat tərəfindən Parisdə
yayılmaqdaydı. Pilsudski ilə Rəsulzadənin
Varşavada görüşdükləri də məlumdu.
Leyla xanımın
marşal Pilsudskinin qardaşı qızı olduğunu bir azəri
vebsaytından öyrəndim. Daha sonra Rəsulzadənin nəvəsi
Rəis Rəsulzadənin babasının həyatına dair
yazdığı yazıda Varşavada Pilsudskinin
qardaşı qızı Vandaya aşiq olduğunu və
birlikdə yaşadıqlarını yazdığını
gördüm. İnternetdə Rəsulzadənin həyatı
ilə bağlı məlumat verən çox saydı veb
saytlar var. Amma nədənsə heç biri Leyla xanımdan
söz etmirlər. Yalnız birində belə bir ifadəylə
rastlaşdım: "Məmməd Əmin Polşada
Pilsudskinin qardaşı qızı ilə yaşadı". Halbuki
Vanda ölənə qədər onunla birlikdə yaşayan
xanımı idi. Azərilərin Vandanın
varlığının bilinməsini çox da istəmədikləri
anlaşılır. Bunun səbəbi azəri millətçilərinin
babası Rəsulzadənin bir polyak qadınla evli
olmasımı, yoxsa ona dinini dəyişməsi
üçün basqı etməməsimi və ölənə
qədər xristian qalmasına izn verməsimi, bilmirəm.
(Ardı var)
BÜLƏNT DANIŞOĞLU
Ədalət.- 2010.- 17 aprel.- S. 5.