Balaca boy, ağbəniz, bığlı qəribə adam

 

Dünən121 yaşı tamam olan Çarli Çaplinin gözləri heç zaman gülməyib

Taleyin işinə baxın, Çaplin bir dəfə gizli şəkildə onun oxşarlarının müsabiqəsində iştirak edib, ancaq ona ikinci yeri veriblər

 "Mən yalnız özümü sevəndə başa düşdüm ki, kədər və əzablar yalnız öz şəxsi həqiqətlərimin əleyhinə yaşamağıma işarə imiş.

Bu gün bilirəm iki onun adı nədir: Özün kimi olmaq!

Mən yalnız özümü sevəndə başa düşdüm ki,kimisə necə dərindən incitmək olar-əgər ona öz şəxsi arzularını həyata keçirməyə məcbur etsən,əgər bunun zamanı hələ gəlməyibsə,o insan hələ buna hazır deyilsə və bu insan sənsənsə.

Bu gün bilirəm ki bu hiss necə adlanır: Özünə hörmət!

Mən yalnız özümü sevəndə başqa həyat arzulamağı buraxdım,çünki gördüm ki məni əhatə edən həyat bütün imkanları verib mənə.

Bu gün mən bilirəm ki, bu hiss necə adlanır: Kamillik!"

Bu sözlər ona aiddir. On illərlə bütün dünyanı güldürən dərdli adama. Çarli Çaplinə.

Yəqin ki, hamınız balaca boy, agbəniz, bığlı olan qəribə yerişli şlyapalı və çəlikli kişini tanıyırsınız. Bəli,bu,qeyri-adi hərəkətlərli ilə milyonları güldürən Çarli Çaplindir. O Çarli ki,hamımıza sevinc bəxş edib, bir anlıq olsada,qəlblərə gülüş məlhəmi qoyub.

Razılaşın ki, insanları ağlatmaq güldürməkdən qat-qat çətindir. O isə özü ağlaya-ağlaya bizləri güldürməyə müvəffəq olmuşdur. Bu baxımdan Çarlz Spenser Çaplin dünyanın ən xoşbəxt, eyni zamanda bədbəxt insanı sayıla bilər. Bir anlıq onun obrazını xatırlamağa çalışın. Görəcəksiniz ki, Çarli Çaplilinin gözləri heç zaman gülməyib.

Çarli Çaplinin 121 yaşı tamam olur... Dünyada hələdə Çaplin kimi elə bir aktyor yoxdur ki, şöhrətin zirvəsində yarım əsir qalsın. Aktyorlar bir-birini əvəz edir, məşhurluq gəlir-gedir, amma Çarli Çaplin tamaşaçının sevimlisi olaraq qalır. O, Çarli Çaplindir - ingilis kinoaktyoru, ssenaristi, bəstəkarı və rejissoru, universal kinematoqrafiya ustası, dünya kinosunun ən məşhur obrazlarından birinin - avara obrazının yaradıcısı.

 

İlk dəfə pişik şəklində

 

Çarli Çaplin 1889-cu il Londonda müzik-holl aktyorlarının ailəsində anadan olub. Onun valideynləri - böyük Çarlz Spenser Çaplin və Hanna Çaplin (səhnədə Lili Qerli kimi tanınıb) estrada aktyorları olublar. Çaplinin anası mahnılarla və rəqslərlə müxtəlif teatrlarda, o cümlədən tanınmış bəstəkarların, populyar operettaların müəllifləri Cilbert və Sallivenin antireprizlərində çıxış edib.

Çaplinin atası isə xoş bir baritonun sahibi olub. O, 1880-ci illərin ortalarında London müzik-hollarında çox məşhurluq qazanıb. Çaplinin atası dəfələrlə Avropa ölkələrinə qastrola çıxıb, Nyu-Yorkda da çıxış edib. Onun repertuarında özünün bəstələdiyi mahnılara da rast gəlmək olar. Lakin Çarlz Çaplinin səhnə karyerası faciə ilə qurtarıb: o, öz səsini itirib, anqajementindən məhrum olub, bundan sonra içkiyə qurşanıb və 1894-cü ildə London hospitalında vəfat edib.

Hanna Çaplin ərinin ölümündən sonra ağır xəstələnərək 1896-cı ildə ağlını itirib. Sid və Çarli qardaşları anaları ilə birlikdə Lambetdə işçi evinə göndəriliblər. Sonradan yetim və kasıb uşaqlar üçün məktəbə yerləşdiriliblər. Çarli və Sid dolanmaq üçün müstəqil şəkildə pul qazanmaq məcburiyyətində qalıblar.

O, 1894-cü ildə beş yaşında olarkən, müzik-holl proqramında anasını əvəz edərək ilk dəfə səhnəyə çıxıb. 1898-ci ildə o, "Lankaşirli səkkiz oğlan" adlı uşaq rəqs qrupuna daxil edilib. Maralıdır ki, sonradan tənqidçilər Çaplinin filmlərini "film-bilet" adlandırıblar. 1901-ci ildə yeni il ərəfəsində "Lankaşirli oğlanlar" "Zoluşka" pantomimində çıxış ediblər - Çaplin pişik kostyumunda ilk dəfə tamaşaçılarını güldürməyə nail olub. 1901-ci lin yazında Çaplin "Lankaşirli oğlanlar" qrupundan ayrılır.

1903-cü ildə (14 yaşında olanda) Çaplinə teatrda daimi iş verilib və o, "Şerlok Holms" pyesində qasid Billi rolunu alıb. O vaxtlar Çarli ümumiyyətlə savadsız olub. Rolun mətni ona veriləndə bir neçə abzası ucadan oxumasını istəyəcəklərindən qorxub. Sonradan mətni öyrənməyə qardaşı Sidni kömək edib.

 

Hər gün 16 saat skripkada

 

Çaplin bir neçə il ərzində həm də varyetedə oynayıb. O, 16 yaşından etibarən hər gün 4-16 saat skripkada çalıb. Skripka dərslərini isə teatr dirijorundan və onun tanışlarından alırmış.

1908-ci ilin fevralında Fred Karnonun teatr müəssisəsində aktyor rolu alıb. Bu müəssisə bir sıra müzik-hollar üçün pantomima və sketçlər hazırlayırmış. Çarli tezliklə müəssisənin əsas aktyorlarından birinə çevrilir. Sonradan həmin tamaşaların bəzilərini ekran üçün adaptasiya edir.

1910-1912-ci illərdə Çarli Çaplin Karnonun truppası ilə birlikdə ABŞ-a qastrol səfərinə gedir. 1912-ci ilin yayında aktyor beş ay müddətinə vətəni İngiltərəyə qayıdır. 1912-ci il dekabrın 2-də isə Karnonun truppası ilə birgə ABŞ-a qayıdır və həmişəlik bu ölkədə qalır. Çıxışlardan birində kinoprodüsser Mak Sennet təsadüfən Çaplini görür. Çarlinin oyunu Makın xoşuna gəlir və o, Çaplini özünün "Kistoun Film" (Keystone Film) studiyasında işləməyə dəvət edir. 1913-cü ildə Çarli həftəyə 150 dollar məvaciblə "Kistoun Film" studiyası ilə müqavilə bağlayır

Çaplin əvvəllər sennetiyalı komediya-ekspromtlarını xeyli kobud üslubda təqlid etməyə çalışır. Lakin ona uğuru bu üslub deyil, əksinə, həmin üslubdan kənarlaşması gətirir. Tezliklə o, məşhur kinoaktyora çevrilir və öz ekran obrazını formalaşdırmağa başlayır.

Əvvəllər onun Cez personajı həyasız kələkbaz kimi görünsə də, tədricən bu obrazda tamaşaçının "Balaca avara" obrazında alışdığı lirika və istilik hiss olunmağa başlayır.

Çaplin 1914-cü ildə "Yağışa düşən" adlı ilk müstəqil filmini çəkir. O, filmdə aktyor, rejissor və ssenari müəllifi kimi çıxış edir.

 

150 dollar maaşdan 1 milyon dollarlıq müqaviləyədək

 

Çarlinin qazancı da get-gedə artmağa başlayır. Əgər 1914-cü ildə "Kistoun"da həftəyə 150 dollar alırdısa, 1915-ci ildə "Essanay Film" studiyasında o, həftəyə 1250 dollar və üstəlik müqaviləyə görə 10 min dollar alır. 1916-1917-ci illərdə Çarli "Mutual Film"də həftəyə 10 min dollar və üstəlik müqaviləyə görə 150 min dollar alır. 1917-ci ildə isə "First National Pictures" studiyası ilə 1 milyon dollarlıq müqavilə bağlayır və tarixdə ən bahalı aktyora çevrilir.

1922-ci ilə qədər Çarli Çaplinin şəxsi evi olmayıb. O, kirayə götürdüyü evlərdə, mehmanxanalarda və klublarda yaşayır. 1922-ci ildə isə Beverli-Hillsdə şəxsi evini tikdirir. Tikilən evdə 40 otaqdan əlavə, kinozal və orqan olub.

Çaplin şöhrətini səssiz kino ilə əldə edib. Bu səbəbdən də o, 1927-ci ildə səsli kino yaranmasına baxmayaraq, köhnə kinotexnikaya hələ 10 il sadiq qalır. Onun ilk tam səsli filmi 1940-cı ildə çəkilən və Hitleri tənqid edən "Dahi diktator" olub. Bu film həm də avara-Çarli obrazından istifadə edilən sonuncu film olur.

Çaplin "Honkonqdan Qrafinya" adlı sonuncu filmini 1967-ci ildə çəkib. Filmdə baş rolları Sofi Loren və Marlon Brando kimi aktyorlar oynayıblar.

1972-ci ildə məşhur aktyor ikinci dəfə "Oskar" mükafatı alır. Bunun üçün o, qısa müddətə ABŞ-a gedir. Aktyora məhdudlaşdırılmış viza verilir. 1975-ci il martın 4-də kraliça II Yelizaveta tərəfindən ona cəngavər statusu verilir.

Məşhur kinoaktyor Çarli Çaplin 1977-ci il dekabrın 25-də Veve şəhərindəki evində vəfat edib. 1978-ci il martın 2-də Çarlinin cəsədi qəbirdən çıxarılaraq oğurlanır. Cinayətkarlar tabutun qaytarılması üçün pul tələb edirlər. Polislər cinayətkarları yaxalayır və Çaplinin cəsədi 1978-ci ildə 17 mayda yenidən basdırılır.

Çaplin 4 dəfə evlənib və onun 11 uşağı olub. Onlardan bəziləri özlərini aktyor kimi sinayıblar. Onların arasında Ceraldina Çaplin daha böyük uğur qazanıb.

 

Dahinin həyatından maraqlı faktlar

 

- Çaplin "Böyük diktator" filmində ələ saldığı Hitlerdən cəmi 4 gün böyükdür.

- Çaplinin mavi gözləri olub.

- Çaplin solaxay olub. O, hətta skripkanı da sol əli ilə ifa edib.

- Çaplinin birinci maşını "Locomobile" şirkətinin istehsal etdiyi 49 min dollar dəyərində Locomobile avtomobili olub.

- Çaplinin sevdiyi idman növü boks olub. O, Verciniya Çerrill ilə ("Böyük şəhərin alovları" filmində əsas rollardan birinin ifaçısı) boks döyüşü zamanı stadionda tanış olub.

- Çaplinin sevdiyi rəqs növü isə tanqo olub. "Böyük şəhərin alovları" filmində Çaplin rinqdə döyüşü tanqo ilə "birləşdirib".

- Çaplin çəkdiyi filmlərdən 10,5 milyon dollara yaxın pul qazanıb.

- Çaplin bir dəfə gizli şəkildə onun oxşarlarının müsabiqəsində iştirak edib. Ona ancaq 2-ci yeri veriblər.

- Çaplinin filimlərinin çəkilişləri zamanı cəmi bir dəfə bədbəxt hadisə baş verib. "Sakit küçələr" filminin çəkilişi zamanı Çaplin özü zədə alıb.

- Çaplinin sevimli komediya aktyoru Benni Hill olub. Benni Hill 1991-ci ildə Çaplinin evini ziyarət edərkən, ona şousunun Çaplin tərəfindən toplanan böyük video kolleksiyası göstərilib.

- 20-ci illərdə Çaplinin pesonajı ("Balaca adam") Avropada "Şarlo" adı ilə məşhur olub.

Çarlz Spenser Çaplin 88 il ömür sürdü. Bu illərin səksənini o,sənətə həsr etdi. Onu tanıyanlar bilirdilər ki,Çarl özünə qapılan və daxilən dərdli olmuşdur.Təsadüf deyil ki,o,həmişə bu sözləri təkrarlayırdı":Durğunluq ölüm deməkdir.Həyat mübarizə olduğu üçün daim çalışıb-vuruşmalısan.Bu zaman insanlara yalnız və yalnız sevinc bəxş etməyə çalışmalısan".

 

 

Səbuhi

 

Ədalət.- 2010.- 17 aprel.- S. 9.